Bizimkilər - - “Şəkillərə olan həvəs məni fotojurnalistikaya gətirdi” (+FOTOLAR)

Bizimkilər - “Şəkillərə olan həvəs məni fotojurnalistikaya gətirdi” (+FOTOLAR)

 Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı Azpress.az saytının fotoqrafı Rüstəm İsmayılovdur.


İsmayılov Rüstəm Fərman oğlu 1980-ci il sentyabrın 20-də Bakıda anadan olub. 1997-ci ildə Xətai rayonunda 263 nömrəli məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinə qəbul olunub.
2005-ci ildən etibarən Azpress.az saytında çalışmağa başlayıb. 2010-cu ildə müəllifi olduğu fotoşəkilləri "Azərbaycan" adlı vətənpərvər mövzulu kitabda dərc olunub. 2012-ci ildə "Baharın 60 anı" fotosərgisi keçirilib. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mətbuatın 140 illik yubileyi ilə əlaqədar bir sıra diplom və mükafatlarla təltif edilib. Bakıda keçirilən I Avropa Oyunları zamanı müəllifi olduğu “Qürurverici anlar” adlı fotosu Art Consul Azərbaycan beynəlxalq birliyi tərəfindən birinci yerə layiq görülüb.
2015-ci ildə Gənclər Fondunun dəstəyi ilə Norveçin paytaxtı Oslo şəhərində “Norveçdə Azərbaycan günləri” adlı fərdi fotosərgisi keçirilib.

 

- Necə oldu ki, fotojurnalistikanı seçdiniz?


- Fotojurnalistikaya məni şəkillərə olan marağım gətirdi. İlk olaraq jurnalist kimi fəaliyyətə başlamışam. Daha sonra isə yolum hal-hazırda çalışdığım Azpress.az saytından düşdü.
Azpress.az saytında ilk olaraq təsisçi-redaktor Rasim Sadıxovla tanış oldum. Onun öz dövrünün ən yaxşı fotojurnalisti olması, görkəmli şəxsiyyət Heydər Əliyevlə birgə çalışması, Qarabağa səfəri zamanı çəkdiyi şəkillər, bir sıra dövlət qurumlarının mətbuat xidmətində olan fəaliyyəti fotojurnalistika tarixinə vurduğu möhürün bariz nümunəsidir. Rasim müəllimlə tanışlıqdan sonra onun fəaliyyəti və gördüyü işlər haqda daha yaxından maraqlanmağa başladım. Və bu məni işləməyə daha çox həvəsləndirdi. Rasim müəllimin əl işləri məni hər zaman heyran edib. Uşaqlıq illərimdən bəri onun əl işlərinin vurğunu olmuşam. Rasim Sadıxov mənim üçün hər zaman bir nümunədir.

- Foto çəkərkən daha çox hansı məqama diqqət yetirirsiniz? Əsas olan nədir?


- Bu, əsasən tədbirin ümumi gedişatına bağlı olan məsələdir. Daha çox rakurslara diqqət yetirirəm. Öncəliklə auditoriyaya nəzərə yetirirəm, hər detala fikir vermək lazımdır ki, heç nə gözdən yayınmasın. Bunun üçün maksimum diqqətli olmaq lazımdır. Bundan sonra isə işə başlamaq olar. Təbii ki, burada tədbirdə iştirak edən insanların da siması, görünüşü və tədbirin digər detalları başlıca rol oynayır.


- Bu sahədə özünüzə rəqib kimi görürsünüz? Hansı həmkarlarınızın işini bəyənirsiniz?


- Həmkarlarımla aram yaxşıdır, onları hər zaman dəstəkləyirəm, hər bir fotojurnalistlə dostam, bu işə yeni başlayanlara da öz bildiklərimi öyrədirəm.
Hər kəs fərdi olaraq uğurludur. Hər bir fotojurnalistin öz dəsti-xətti var, bu, hər bir sahədə belədir. Mən bu sahədə ən böyük dəstəyi öncə qeyd etdiyim kimi. Azpress.az saytının təsisçi-redaktoru Rasim Sadıxovdan almışam. Və hər zaman da onun dəstəyini hiss edirəm, günü bu gün də belədir.
O ki qaldı rəqib məsələsinə, rəqiblər hər zaman var. Çünki, rəqibsiz mümkün deyil. Onların sayəsində insan daha çox inkişaf edər və irəliyə addımlayar. Tənqidlərə də bu cür yanaşmaq lazımdır. Fərdi inkişaf üçün hər zaman öz üzərində çalışmalısan.

- Uğurlarınız da daha çox kimə və nəyə borclusunuz?


- Uğurlarımın əsas payı çalışdığım və mənə doğma olan Azpress.az saytına məxsusdur. Orada öyrəndiklərimi hər zaman fəaliyyətimdə tətbiq edirəm. Bu mənə görə xüsusi bir amildir.
Bu məsələdə sosial şəbəkələrində rolu az deyil təbii ki. Amma sosial şəbəkələrin olmadığı dövrdə mən Azpress.az saytından çox şey öyrənmişəm. Bu gün məni bir fotojurnalist olaraq sosial şəbəkələrdə tanıyan insanların sayı durmadan artır. Mən fotojurnalist kimi bir çox məşhur və rəsmi simalarla çalışıram. Bura siyasi liderlərdən tutmuş incəsənət nümayəndəsinə qədər hər kəs daxildir. Sadə vətəndaşlar tərəfindən işimlə bağlı hər zaman xoş sözlər eşidirəm. Bu mənə görə çox böyük bir uğurdur.

 

 

- Gələcək hədəfləriniz nədən ibarətdir?


- Hədəflər və qarşıya qoyulan məqsəd daim irəliləmək, sabah bu günkindən yaxşı olmaq, daha çoxunu etmək üçün, daha artığını bacarmaqdır. Əsas missiyam genişmiqyaslı dövlət tədbirlərini işıqlandırmaq, öz üzərimə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməkdir. Gələcəkdə fotojurnalistika ilə bağlı fərdi fotosərgimi həyata keçirtməyi düşünürəm. Bu sahənin inkişafı üçün əlimdən gələn hər şeyi etməyə çalışıram və heç nəyi əsirgəmirəm. İşimə sevgim bu peşədə uğur qazanmağımın əsas simvoludur. Deyə bilərəm ki, bu gün Azərbaycan da fotojurnalistika çox inkişaf edib. Fotoqraflar, fotojurnalistlər öz üzərində çox çalışırlar, daha yaxşını etməyə can atırlar, əziyyət çəkirlər. Təbiidir ki, burada dövlətimizin də, dövlət başçımız cənab İlham Əliyevin də göstərdiyi diqqət və qayğını qeyd etməmək olmaz. Hər şey yaxşıya doğru dəyişir.

 

 

- Hansı məşhurların fotosunu çəkmisiniz?

 

- Bir çox məşhurun şəkillərini çəkmişəm. Arxivim şəkillərlə doludur. Çəkdiyim şəkillər maraqla qarşılanıb. Ölkə prezidentinin, Mehriban xanımın şəkillərini də çəkmişəm. Nazirlərin, ölkəyə gələn tanınmışların bir çoxunun şəklini çəkmişəm.

Modern.az

 

 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )