Yer Elmləri Bölməsinin Büro iclası keçirilib - (+FOTO)

Yer Elmləri Bölməsinin Büro iclası keçirilib (+FOTO)

 AZpress.AZ xəbər verir ki, yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin Büro iclası keçirilib. Tədbirdə Büro üzvləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər. Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib.

Akademik Fəxrəddin Qədirov bildirib ki, iclas SOCAR-ın Elm Fondu tərəfindən elan edilən 2017-ci ilin qrant müsabiqəsinin qalibi olmuş və başa çatmış layihələrin müzakirəsinə həsr olunub. Vurğulayıb ki, bölməyə daxil olan elmi müəssisələrin əməkdaşlarının qalibi olduğu 5 qrant layihəsi başa çatdırılıb.
Sonra müvafiq qrant layihələrinin rəhbərləri görülən işlərlə bağlı təqdimatlarla çıxış ediblər. AMEA Neft və Qaz İnstitutunun Böyük dərinliklər geofizikası şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Namaz Yusubov bildirib ki, rəhbəri olduğu "Az dərinliklərdə baş verən geodinamik proseslərin neft-qaz yataqlarının yaranmasında rolu" adlı qrant layihəsi üzrə tədqiqatlar başa çatdırılıb. Vurğulayıb ki, layihə çərçivəsində seysmik məlumatların və quyu geofiziki tədqiqat nəticələrinin kompleks interpretasiyası əsasında Maykop çöküntü toplanma hövzəsinin parametrləri və palçıq vulkanizminin inkişaf etdiyi ərazinin hüdudları dəqiqləşdirilib. Ərazidə baş verən palçıq vulkanizmi ilə əlaqədar proseslərin Reley-Teylor qeyri-dayanıqlılığı prinsipinə uyğun mexanizmlə tənzimləndiyi əsaslandırılıb.
Fond tərəfindən qalib elan olunan növbəti layihə "Azərbaycanda metanolun və karbamid gübrəsinin istehsalında xammal kimi istifadə edilən təbii metan qazı (CH4) əvəzinə iri sənaye obyektlərindən atmosferə atılan karbon qazının (CO2) tutularaq yığılması və istifadə edilməsinin elmi-texniki, iqtisadi əsaslarının işlənməsi və təkliflərin hazırlanması"dır. AMEA Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekologiyası şöbəsinin müdiri Fəxrəddin Kərimovun rəhbəri olduğu bu layihə çərçivəsində metanolun və karbamid gübrəsinin istehsalında ilkin xammal kimi istifadə edilən metan (CH4) qazına qənaət etmək üçün atmosferə atılan karbon qazının tutulub texnoloji prosesə cəlb edilərək istifadəsi təklifi verilib.
Akademik Fəxrəddin Qədirovun rəhbəri olduğu "Arxeoloji abidələrin aşkarlanması və ilkin tədqiqində kiçik dərinliklər geofizikasının tətbiqi metodunun və texnologiyasının hazırlanması, Muğan düzü timsalında (2018-2019)" adlı qrant işidə başa çatdırılmış layihələr sırasındadır. Akademik bildirib ki, layihə çərçivəsində arxeogeofiziki üsulları Muğan düzü arxeoloji abidələri timsalında tətbiq edilərək təcrübədən keçirilib və gələcəkdə ölkə ərazisində istifadə etmək üçün metodologiyası işlənilib. Natiq Azərbaycan ərazisində ilk dəfə "Preventiv arxeologiya"nın geofiziki üsullarının neft və qaz kəmərlərinin, neft-qaz yataqlarının, inşaat qurğularının xətər yetirə biləcəyi mühüm arxeoloji obyektlərin öncədən aşkarlanması və tədqiqi üçün baza yaradıldığını, bu məqsədlə Azərbaycanın arxeoloji mənzərəsinin araşdırıldığını diqqətə çatdırıb.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Çökmə hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik Əkpər Feyzullayevin müsabiqəyə təqdim etdiyi və qalib olduğu "Yeraltı qaz anbarlarının (YQA) istismarında sürətli flüid-dinamik proseslər və onların ətraf mühitə təsiri (az dərinlikli geofiziki və qazgeokimyəvi tədqiqatları əsasında)" layihəsi başa çatdırılıb. Alim bildirib ki, Qalmaz YQA-da aparılmış kompleks geofiziki və geokimyəvi tədqiqatlar zamanı alınan nəticələr anbarın istismarı zamanı qaz itikisinin azaldılması məqsədilə qüsurlu quyuların vaxtında aşkar edilməsi və bərpasının prioritet məsələlərdən olduğunu bir daha təsdiqləyib. Nəticələrin müqayisəli təhlili göstərir ki, ən çox qaz sızmaları strukturun tağ hissəsində müşahidə olunur və bu sızmalar sırf texniki xarakterli yox, texniki-texnoloji xarakterli hesab olunmalıdır. Ə.Feyzullayev sözügedən anbardan atmosferə ayrılan və ətraf mühitə zərər verən qaz itkilərini minimuma endirmək üçün ilk növbədə anbara qazın vurulmasının texnoloji rejiminin optimallaşdırılmasına, həmçinin mövcud və ləğv edilmiş qüsurlu quyuların bərpasına ehtiyac olduğunu vurğulayıb.

Müsabiqənin qalibi olan digər iş SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun nanaotexnologiyalar üzrə müşaviri, texnika elmləri doktoru Eldar Şahbazov rəhbəri olduğu "Qazmada və hasilatda mürəkkəbləşmələrin qarşısının alınması və layların neftvermə əmsalının artırılması məqsədilə nanostrukturlu sistemlərin işlənməsi və tətbiqi" layihəsidir. Mövzu ilə bağlı çıxış edən alim bildirib ki, Bakı və Abşeron arxipelaqlarında dərin neft və qaz quyularının qəza və mürəkkəbləşmələrsiz qazılması istifadə olunan heterogen sistemlərin struktur-mexaniki, kolloid-kimyəvi xassələrindən xeyli asılıdır. Uzun illər ərzində ölkəmizdə və xaricdə qeyd olunan istiqamətlər üzrə çoxsaylı elmi-tədqiqat işlərinin aparılmasına baxmayaraq, problemin aktuallığı hazırda da diqqət mərkəzindədir. Yer təkinin daha böyük dərinliklərində həyata keçirilən qazma işlərinin keyfiyyətinin və səmərəliyinin artırılması üçün yerli və xarici təcrübənin araşdırılması vacibdir.

Təqdimatlardan sonra alınan nəticələr müzakirə olunub, suallar cavablandırılıb. Bölmə başa çatdırılmışqrantlarla bağlı müvafiq qərar qəbul edib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )