Taleyi Dağıstanla bağlanmış həmyerlimiz - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

Taleyi Dağıstanla bağlanmış həmyerlimiz Ağalar İDRİSOĞLU (+FOTOLAR)

Taleyi Dağıstanla bağlanmış həmyerlimiz
( Portret cizgiləri)

 

Sevda Bəybalayeva: “Azərbaycandakı tanınmış ədəbiyyat, incəsənət işçiləri, ziyalılar illərlə bizi arayıb, axtarmır”.

 

Dağıstan mənimçün Azərbaycan qədər əzizdir. Çünki ömrümün üç ilini 1997- 2000-ci illəri orada yaşamışam və bir vaxtlar yaratdığımız Azərbaycan-Dağıstan Beynəlmiləl Estrada Teatr Truppasına rəhbərlik etmişəm. Orada millətindən asılı olmayaraq, özümə çoxlu dostlar tapmışam. Onlarla bir qismət çörək kəsmişəm. Bu kollektivdə həm Azərbaycandan və həm də Dağıstandan olan bir qrup peşəkar incəsənət xadimləri böyük həvəslə Dağıstan xalqlarının qarşısında maraqlı çıxışlar ediblər. Bu haqda mən dəfələrlə yazışam və hətta bununla bağlı “Sərhədsizdünyamız” adlı kitab da yazmışam. Həmin kitab artıq çapa hazırlanır. Dağıstandakı həmin kollektivdə bir vaxtlar bizimlə çalışan və kamançada peşəkar ifası, oxuduğu Azərbaycan, Ləzgi, Türk, Dağıstan xalqlarının başqa dillərində oxuduğu mahnıları böyük alqışlarla qarşılanan çox istedadlı bir xanım da vardı. Sevda Əşrəf qızı
Bəybalayeva. Bu yaxın vaxtlarda çox istedadlı şairə-müğənni Zeynəb Dərbəndlinin sayəsində mən, yenidən onunla əlaqələri bərpa edə bildim. Ona görə də Sevda xanımla telefon bağlantısı etdik. Onun uğurlarına çox sevindim. Belə qərara gəldim ki, onunla çoxminli oxucularımızı da yaxından tanış edim.
Qısa arayış: Sevda Əşrəf qızı Beybalayeva 1972-ci il avqust ayının 31-də Quba şəhərində anadan olub. 1989-cu ildə Quba şəhər 2 nömrəli tam orta məktəbi və 5 illik musiqi məktəbinin kamanca sinfini bitirib. Elə həmin il də Dərbənd Musiqi Kollecinə daxil olub. 1993-cu ildə kamanca ixtisasi üzrə kolleci bitirib. 2012-2017-ci illərdə Dağıstan Dövlət Universitetində incəsənət fakültəsinin teatr və kino aktyorlugu şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə isə1993-cü ildən Dağıstan Ləzgi Dövlət Musiqili- Dram teatrinda və eyni zamanda Dərbənd Azərbaycan Xalq teatrında başlayıb. Hər iki teatrda musiqi hissə müdiri işləyib. Sonra öz işini Dağıstan Azərbaycan Dövlət Dram Teatrinda davam etdirib. 2005-ci ildə Dağıstanın Əməkdar artisti fəxri adına layiq görülüb. 50-dən artıq tamaşaya musiqi tərtibatı verib. Bir neçə naģıl tamaşaya musiqi bəstələyib. O, Rusiya Fedorasiyası Teatr Xadimləri İttifaqının üzvüdür.


- Sizin musiqilə məşğul olmağınız, mahnılar oxumağınız kökdən gəlirmi? Sizin nəslinizdə bu sahələrlə məşğul olan olubmu?


-Bəli. Musiqiyə incəsənətə həvəs mənə nəsildən gəlmişdir. Anam musiqi təhsili almasa da dünya klassiklərindən tutmuş Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərini əzbər bilir. Dayım tar müəllimi idi, xalam Düriyyə Rəhimova Dağıstanın Xalq artisti, gözəl müğənni və aktrisa olub. Ona görə də uşaq yaşlarımdan musiqi canıma-qanıma hopub. Anam musiqini cox sevsə də ona imkan yaratmayıblar ki, oxusun və bu sahədə təhsil alsın. Onun arzusu ürəyində qaldığına görə həmin arzusunu məndə reallaşdırmaq istəyib. Kicik yaşlarımdan məni musiqi məktəbinə apardı və kamanca sinfinə qoydu. Mən də bu yolla musiqi aləmınə ilk addımlarımı atdım.
Uşaqlıq illərim heç vaxt yadımdan cıxmaz. Anam xalça toxuyurdı. Mən və bacılarım da ona kömək edirdik. Bu işlə məşgul olanlar bilirlər ki, xalça toxumaq çox üzüntülü və vaxt aparan bir işdi. Amma anam elə edirdi ki, biz, darıxmayaq. O başlayırdı Üzeyir Hacıbəyovun romanslarından oxumağa, biz də qoşulurdıq ona. Üç romansı oxuyunca xalçanın bir cərgəsi dolurdu.
Mən musiqi məktəbinə qəbul olanda artıq o əsərləri əzbər bilirdim. Məktəbi bitirdikdən sonra musiqi təhsilimi Dərbənd Musiqi Kollecində davam etdirdim.


-Niyə məhz Dərbənddə?


- Çunki Düriyyə xalam orada yaşayırdı. Atam, anam da məni ona etibar etdilər. Və bununla mənim gələcək taleyim həll olundu. Dediyim kimi mənim Dərbəndə xalamın yanına gəlməyim tale yoluma bir cığır açdı. Kolleci bitirdikdə məni təyinatla işləməyə Dağıstan Ləzgi Dövlət Musiqili-Dram Teatrına göndərdilər.Tale elə gətirdi ki, həmin ili mən ailə həyatı da qurdum. Həyat yoldaşım da Düriyyə xalamın nəvəsi oldu. Beləliklə, mənim taleyim ömürlük Dağıstana bağlandı.
Əmək fəaliyyətim Ləzgi teatrında başlandı. İşə qəbul olundugum gun həm də ilk qastrol günüm oldu. Onu da deyim ki, Duriyyə xanım 25 il bu teatrın səhnəsində bir- birindən maraqlı, yaddaqalan obrazlar yaratmışdı. Ləzgi xalqının ən sevimli mügənnisi və aktrisası olmuşdu. Sonralar həyat yoldaşı Dərbənd Azərbaycan Xalq teatrının rejissoru, Dağıstanın Əməkdar artisti Nəsir Haşımoğlu rəhmətə getdiyinə görə o, Xalq teatrına rəhbərliyi də öz üzərinə götürmüşdü. O, Səid Rüstəmovun “Durna” musiqili komediyasını tamaşaya qoymagı planlaşdırmışdı.Tamaşanın musiqiləri klavirdə idi. Bu işi də reallaşdıran musiqi təhsili olan adam lazım idi. Düriyyə xanım klaviri mənə göstərib dedi: “Qızım, bacararsanmı?” Mən də qorxmadan dedim: “Bacararam”.
Ləzgi teatrında işləməyimə baxmayaraq, imkan tapıb Xalq teatrının da məşqlərinə gəlirdim və musiqiləri həm aktyorlara həm də musiqiçilərə öyrədirdim.
Nəhayət tamaşanı canlı musiqiylə göstərdik və böyük alqışlarla qarşılandı.
1948-ci ildə bağlanmış Azərbaycan Dövlət Dram Teatrı həmin Xalq teatrının truppası əsasında bərpa olundu və mən də Ləzgi teatrından cıxıb xalamın yanına gəldim. Bu günə kimi də Dagıstan Azərbaycan Dövlət Dram Teatrinda calışıram. Bir müddət də sizin yatadığınız Azərbaycan –Dağıstan Beynəlmiləl Estrada Teatr Truppası ilə Dağıstanın çoxlu bölgələrində maraqlı qastrol səfərlərində olmuşuq.


- Sizin teatrda musiqili tamaşalar hazırlanırmı? Bu tamaşalarda siz aktyorlara hansı köməklikləri edirsiniz?


-Teatrımız dram teatrı olsa da aktyorlarımızın musiqi istedadı çox olduğuna görə bu, musiqili tamaşalar da qoymağa imkan verir. Sadalamaq istəyirəm; “Arşın mal alan”, “O olmasın bu olsun”, “Ər və arvad”,”Xanuma”,”Hicran”,
”Ulduz”, ”Qaynana” kimi maraqlı musiqili tamaşalara teatrımızda peşəkar quruluş verilib. Əlbəttə ki, musiqi nömrələrini aktyorlara mən öyrədirəm. Onlar sözlərə tam hazır olduqdan sonra musiqilər tamaşaya yerləşdirilir.
-Teatrın inkişafı rejissorların və aktyorların birgə, maraqlı işlərinin sayəsində yüksək olur. Bütün bu illərdə Dağıstan Azərbaycan Dövlət Dram Teatrında hansı rejissorlar tamaşalara quruluş verib?
-Teatrın ilk illərində Xalq artisti Düriyyə Rəhimova bir neçə tamaşaya maraqlı quruluş verib. Sonrakı illər ərzində teatrımızda işləmiş rajissorlar-fasiləsiz işləyən teatrın quruluşçu rejissoru, Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova başqa olmaqla zaman-zaman Azərbaycandan gəlmiş və burada tamaşalara quruluş vermiş, işləmiş rejissorlar- Əməkdar artist Nazir Rüstəmov, Xalq artistləri Vaqif Əsədov, Agaxan Salmanlı, Valeh Kərimov, Dağıstan Respublikasının Əməkdar artisti və Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Laləzar Huseynova, Əməkdar artist Sərvər Əliyev daha yaxşı tamaşalar hazırlayıblar.
Dagıstan rejissorları- Dağıstan Respublikasının Xalq artisti Skandarbek Tulparov, Dağıstan Respublikasının Əməkdar artisti Əlisultan Batırov, Moskvanın Turandot Teatrının rejissoru Vladimir Jukov da teatrımızda maraqlı tamaşalar hazırlayıblar. Ustad dərsləri keçiblər. Onların sayəsində teatrımızda çox yaxşı aktyor truppası var. Bu aktyor truppası ilə də klassiklərdən tutmuş müasir dramaturqların əsərlərinə kimi çox maraqlı tamaşalar hazırlamaq olar.
-Tetrınıza yeni direktor təyin olunub. Onun işindən razısınızmı?
-Əlbətəə, çox razıyıq. Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi, dəyərli ziyalı Firdovsi Əsgərov böyük uğurla teatrımıza rəhbərlik edir. O, teatra rəhbərlik edəndən sonra bizim teatra qarşı həm Dağıstan rəhbərliyinin və həm də tamaşaçıların münasibəti yaxşılığa doğru çox dəyişib. Firdovsi müəllim yaradıcı heyyətə də yaxşı münasibətlə yanaşır. O, çalışır ki, teatrın bütün kollektivinə lazım olan bütün şəraiti yaratsın ki, kollektiv böyük həvəslə işləsin. Hal-hazırda isə teatrımızda Azərbaycanın Əməkdar artisti, İrəvan Dövlət Dram Teatrının baş rejissoru Sərvər Əliyevin quruluşunda Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tamaşasının son məşqləri gedir. İnanıram ki, bu tamaşa da tamaşaçılar tərəfindən çox maraqla qarşılanacaq. Tezliklə, teatrımızın binasının tikilməsi məsələsi də reallaşacaq. Biz, gələcəyə böyük nikbinliklə baxırıq. Bu il Rusiya Fedorasiyasında “Teatr ili” elan olunub. Bununla bağlı Rusiyada çoxlu tədbirlər keçiriləcək. Ömrünü teatr sənətinə həsr edən sənətkarlar yada düşəcək. Onlarla bağlı maraqlı tədbirlər keçiriləcək. Artıq bizim teatr da Dağıstanın Xalq artisti Düriyyə Rəhimovanın 90 illik yubileyini keçirməyə hazırlaşır. Onun haqqında xatirə kitabının çap olunması da planlaşdırılıb.


-Dağıstan çoxmilləti respublikadır. Orada Azərbaycan müsiqisinə münasibət necədir?


-Bütün dünyada olduğu kimi Dağıstanda da Azərbaycan musiqisini çox sevirlər. Bizim musiqini sevməməkmi olar? Hec bir xalqın musiqisi Azərbaycan musiqisi qədər rəngarəng deyil. Dağıstanda tanınmış elə bir müğənni yoxdu ki, repertuarında Azərbaycan mahnısı olmasın. Son illər daha çox dəbdədir ki, dağıstanlılar sevdikləri Azərbaycan mahnısını tərcümə edib öz dillərində oxuyurlar.
- Sizi Dağıstan xalqları öz şənliklərinə, tədbirlərinə, toylarına dəvət edirmi? Orada Azərbaycan musiqisinə münasibət necə olur?
-Əlbəttə, biz də başqa xalqların toy şənlıklərinə dəvət olunuruq və gedirik. Mən orada Azərbaycan müsiqilərini oxuyanda həmişə sürəkli alqışlarla qarşılanıram. Dağıstan çoxmillətli bir respublikadır. Hansı bir toy şənliyinə getsəniz orda bütün dillərdə mahnılar eşidə bilərsiz. Ümumiyyətlə Dağıstan musiqisi özünəməxsus koloritlidir və eyni zamanda hər xalqın da özünəməxsus musiqisi var. Onları birləşdirən əsas kök də Lezginkadı. Amma bununla belə Dağıstan bəstəkarları musiqi təhsilini məhz Bakıda almaq istəyirlər və sözsüz ki, onlar Azərbaycan musiqisindən bəhrələnirlər. Çünki Azərbaycanda əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulan bəstəkarlıq məktəbi çox möhtəşəmdir.
-Dağıstan musiqiçilərilə dostluq əlaqələriniz necədir?
-Dağıstan musiqiçiləriylə dostluq əlaqələrimiz cox yaxşıdır. Belə ki, lazım olanda bir- birimizə mahnıların sözlərini göndəririk. Çox yaxın münasibətdə olduqlarım ləzgi mügənniləri- Dağıstan Respublikasının Xalq artisti Farizat Zeynalova, Dağıstan Respublikasının Əməkdar artisti Ruslan Pirverdiyev, Tabasaran mügənniləri- Dağıstan Respublikasının Əməkdar artistləri Məryəm Qazıyeva, Abdulla Mirzəkərimov və başqalarıdır.


-Dağıstanın Əməkdar artisti olan belə bir peşəkar, maraqlı musiqiçi niyə Azərbaycanda lazım olan kimi tanınmır? Bunun səbəbi nədir?


-Çox maraqlı sual oldu. Özüm də fikirləşirəm bu niyə belədi? Tanınmaqçün özünü tanıtmalısan. Ən başlıcası konsert fəaliyyətiylə geniş məşğul olmaq lazımdır. Mətbuatda, radio-televizyada yüksək reklamlar etmək lazımdır. Mənsə ailəyə çox bağlı qadınam. 3 övladımın və həyat yoldaşımın qulluğunda dururam. Onlarla bağlı bir problem olsa, uşaq xəstə olsa mən o saat konsertdən imtina edə bilirəm. Hətta studiyada səs yazımını belə təxirə salaraq, mutləq evdə, ailəmin yanında olmalıyam. Həm də başqa demək istəmədiyim səbəblər var ki, ona görə də Dagıstandan kənara cıxmamışam.
Teatra da çox baglıyam. Orda da işim çoxdur.Yalnız musiqi tərtibatıyla məşgul deyiləm. Bütün səs yazılarına şəxsən mən baxıram, konsert proqramlarını hazırlayıb və aparıcılıq da edirəm. Bəzən ilham gəldkdə tamaşalara musiqi də bəstəliyirəm. Bir necəsini sadalaya bilərəm. Uşaqlarçün üç nagıl-tamaşaya- “Bir daha etmərəm”, “Qızıl cücə”, “Şir Vaska” və böyüklərçün iki tamaşaya “Subaylarınızdan görəsiz”, “Taleyin oyunu” əsərlərinə də musiqini mən yazmışam.
Bunlarla, bu ağır işlərlə bərabər bir ictimai işim də var. Teatrımızın Həmkarlar Təşkilatının sədriyəm və çalışıram ki, teatrımızın işçilərinin sosial məsələlərini lazım olan kimi qoruyum. Onlara bu sahədə köməkliklər edim. Amma onu da vurğulayım ki, mən Azərbaycanla nəfəs alıram. Çünki həyatımın uşaqlıq və yeniyetməlik illəri Azərbaycanda, doğma Qubada keçib. İndi də ora gedəndə həyatımın ən əziz ülvi illəri yada düşür və kövrəlirəm.


-Ailədə sizin sənətinizi davam etdirən varmı?


-Bəli. Oğlum Nazim Bəybalayev Dərbənd Musiqi Kollecinin tar sinifini bitirib. O, həm də yaxşı rəssamdır. O, indi Azərbaycan Dövlət Milli Konservatoriyasında tar sinifində təhsil alır. Böyük qızım da Musiqi məktəbində xor dirijoru sinifində təhsil alır. Kiçik qızım da rəqslə məşğul olur. Ailəmizin üzvlərinin hamısı incəsənətlə məşğul olurlar. Yeri düşdükcə Bakıya gəlib, oğlum Nazimi yoluxuram. Bakıda bir neçə dəfə qastrolda da olmuşuq. Bakı çox gözəl şəhərdir və mən, bu şəhərdə gəzməkdən böyük fəxarət duyuram.


-Azərbaycanda bir musiqiçi kimi tanınmaq istəmirsiniz?


-Niyə ki. Əlbəttə, çox istəyirəm bir musiqiçi və müğənni kimi Azərbaycanda da tanınım. İstəyirəm ki, Azərbaycan televiziyaları Dağıstanda yaşayan musiqiçiləri də öz proqramlarına dəvət etsinlər. İnanıram ki, biz onların proqramlarına böyük maraq, baxımlılıq gətirə bilərik. Çünki Azərbaycan televiziyalarını Dağıstanda da izləyənlər çoxdur. İnanıram ki, mənim, eləcə də Dağıstan Respublikasının Xalq artisti Farizat Zeynalovanın, Dağıstan Respublikasının Əməkdar artisti Ruslan Pirverdiyevin, Tabasaran mügənniləri- Dağıstan Respublikasının Əməkdar artistləri Məryəm Qazıyevanın, Abdulla Mirzəkərimovun və başqalarının çıxışları Azərbaycanda da maraqla qarşılanar.
Çünki Azərbaycan da çoxmillətli respublikadır. Orada da ləzgilər, talışlar, tabasaranlılar, tatlar, udinlər, yəhudilər, rutullar, avarlar, darginlər, laklar, saxurlar, Məhsəti türkləri və başqa millətlər çox yaşayır. Baxmayaraq ki, Azərbaycanla Dağıstan bir-birilə qonşudur, dinimiz birdir. Uzun əsirlər, dostluq, mehribanlıq şəraitində yaşamışıq. Elə təkcə Dağıstanda başqa millətlərlə böyük dostluq, qardaşlıq əlaqəsində olan 200 minə qədər azərbaycanlı yaşayır. Amma neyçünsə Sovetlər Birliyi dağılandan sonra dağıstanlılarla- azərbaycanlılar mədəni əlaqələrdə bir-birimizlə çox uzaqlaşmışıq. Azərbaycandakı ayrı-ayrı millətlərdən olan tanınmış ədəbiyyat, incəsənət işçiləri, ziyalılar illərlə bizi arayıb, axtarmır. Dağıstana gəlib, bizimlə ədəbiyyat və incəsənt sahəsində görüşlər keçirmirlər. Bax bu da bizə pis təsir edir. Bilirsiniz ki, bütün dünyada insanların bir-birilə ən böyük təması mədəni əlaqələrdir. Bu da, dostluq körpüsünün başlanğıcı və möhkəmlənməsidır. İnanıram ki, Azərbaycanda yaşayan ziyalılar mənim bu sözlərimdən sonra yaxşı-yaxşı fikirləşəcəklər və onlarda böyük dostluq, qardaşlıq əlaqəsində olan, başqa millətlərin bu dostluğa, mehribançılığa həsəd aparacağı çoxmillətli Dağıstana qarşı onlarda maraq artacaq. Atalarımız da deyib ki, “dostluq, qardaşlığın başlanğıcıdır”.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !