Kərim Kərimli şəhid ailəsinin qazının kəsilməsindən danışdı... -

Kərim Kərimli şəhid ailəsinin qazının kəsilməsindən danışdı...

AZpress.AZ xəbər saytı Kərim Kərimlinin şəhid ailəsinin qazının kəsilməsi haqqında yazdığı məqaləsini təqdim edir:
Goranboy rayon qaz idarəsinin işçiləri (idarənin düzgün adı başqa cürdür) rayonun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı şəhərindən məcburi köçkün, Xocalı şəhidi Abdulla Həmzəyevin həyat yoldaşı Mehriban xanımın və sağ qalan ailə üzvlərinin yaşadığı evin qazını kəsiblər. Aldığımız məlumata görə şəhid ailəsinin xeyli borcu yığılıb.
Lakin buna baxmayaraq hesab edirik ki, qışın günü, Aşağı Ağcakənd kimi soyuq bir yerdə başçısı (Mehriban xanım) əlil və xəstə, üzvlərinin də hamısı xəstə olan və əsasən Xocalı köçkünlərindən ibarət qəsəbədə yaşayan bir ailənin qazını kəsmək ən azı sadistlikdir. Vətən, o cümlədən Goranboy, xalq, o cümlədən Goranboy rayonundakı qaz idarəsinin rəhbər və işçiləri, həmçinin onların ailələri uğrunda "Xocalı gecəsi"ndə canından keçmiş bir şəhidin dul qalmış fədakar həyat yoldaşının və ailəsinin qışın indiki Aşağı Ağcakənd şaxtasında qazını kəsmək isə qışın bu dəhşətli şaxtasında Mehriban xanımı ailə üzvləri ilə birlikdə Xocalıda girov götürüb bilə-bilə donduran cəllad ermənilərlə həmrəy olmaq, onların 1992-ci ilin fevralında Xocalıda törətdikləri cinayətə 2019-cu ilin yanvarında Goranboyda şərik olmaqdır!
Ancaq bircə məsələdə şübhəm var. Axı 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Mehriban xanımın Xocalı soyqırımının dünyanı lərzəyə gətirən sədaları altında uşağı doğulmuşdu (əfsuslar ki, eləcə doğulan gündən aldığı zərbələr, tapdığı xəstəlik uzun müddət davam etdi və qızcığaz 19 yaşında dünyasını dəyişdi). Terrorçu və quldur erməni cəlladları Mehribanı və uşaqlarını girov götürüb şaxtada ayaqyalın, başıaçıq avtomatların lüləsi altında qabaqlarına qatıb aparanda Mehribanın bir-iki saat əvvəl doğub adyala bükdüyü və qucağına alıb sinəsinə sıxdığı körpə adyalın arasından sürüşüb qarın içinə düşmüş, təzəcə doğmuş ananın ağrıdan, soyuqdan, qorxudan, dəhşətdən... uşağın qarın içinə düşməsindən xəbəri olmamışdı. Sonradan körpəni qarın içindən Rusiyadan gəlmiş qadın müxbir taparaq qaçıb azərbaycanlı qadınların cansız əşyalar kimi qalaqlandığı maşının yanına gəlmiş və uşağın anasını tapıb körpəni ona vermişdi.
Şübhəm odur ki, yəqin Goranboyun qaz işçiləri də düşünüblər ki, Xocalının fevral şaxtasında Mehribanın və ailəsinin başına o müsibəti gətirən ermənilərə nə oldu ki, bizə də nə olsun?! Bir də fikirləşiblər ki, yəqin, axı Mehriban və onun balaları bu cür şaxtada odsuz-ocaqsız qalmağa öyrəncəlidirlər. Ona dözüblərsə, buna da dözərlər.
Sonralar Mehribanın başına gələn bu müsibətlərdən dünyanın müxtəlif mətbuat orqanları xeylli yazılar dərc etdi. Mehriban haqqında filmlər çəkildi, verilişlər hazırlandı...
İndi isə o daha heç kimə lazım deyil...
Onun ailəsinin qazını kəsmək olar...
Nə olsun ki, Xocalı köçkünüdür?
Nə olsun ki, ŞƏHİD XANIMIDIR?!
Nə olsun ki, hökumət ona dövlət büdcəsindən şəhid ailəsi kimi ayda 254 manat pul ödəyir?!!
Nə olsun ki, əlildir və işsizdir?!!!
Nə olsun ki, qazsız orada heç çay qaynatmaq da mümkün deyil?!!!
Nə olsun ki, Mehriban Goranboyun qarlı dağlarından, heybətli meşələrindən odun qırıb daşımaq iqtidarında deyil, hazır odun almağa da heç qəpiyi də yoxdur?!!!!
Nə olsun ki...
Suallar çoxdur!
Cavab verən lazımdır!!! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )