«Xocalının səsi» qəzetinin 300-cü sayı işıq üzü görüb - - Əflatun Amaşov təbrik etdi

«Xocalının səsi» qəzetinin 300-cü sayı işıq üzü görüb - Əflatun Amaşov təbrik etdi

Müasir dövr Azərbaycanının ən uzunömürlü mətbuat orqanlarından biri olan «Xocalının səsi» qəzetinin 300-cü sayı işıq üzü görüb. Bü münasibətlə nəşrin kollektivini təbrik edir, onların hər birinə yaradıcılıq uğurları arzulayırıq.

«Xocalının səsi» qəzetinin fəaliyyətə başlaması ilə Xocalının ayrıca rayon stutusu əldə etməsi eyni vaxta təsadüf edir. 1991-ci il ümumən elə bir dövr idi ki, insanlar həm keçmiş sovet stereotiplərindən uzaqlaşmaq, həm də Azərbaycan dövlətini qurmaq əzmini özündə yaşadırdılar. Belə bir zaman kəsiyində xocalılılar eyni zamanda yeni yaradılmış rayonun simasını formalaşdırmaq barədə düşünür, böyük zəhmətə qatlaşırdılar. «Xocalının səsi» mətbuat meydanına bu işin ideoloji-mənəvi tərəflərini təmin etmək istəyindən irəli gələrək atıldı.

1992-ci ilin fevralında Xocalı rayonunun erməni işğalçıları tərəfindən zəbt olunması nəşrin fəaliyyətinə təsirsiz ötüşmədi. Xocalı tariximizin faciə yaşantısı, dərd-əzab simvolu, XX əsrin insanlıq əleyhinə olan ən böyük cinayətinə şahidlik etmiş yurd yerimizdir. Bu, heç şübhəsiz, qəzetin yaradıcılıq dəst-xəttini müəyyənləşdirən başlıca amildir. «Xocalının səsi» isə nəinki Xocalı, ümumilikdə Qarabağ həqiqətlərini geniş ictimaiyyətə bənzərsiz nümunələrlə çatdırmağı hədəf seçən və istəyinə nail olmağı bacaran mətbuat orqanıdır. Fəaliyyətdə olduğu 28 ilin məziyyətləri qarşıya qoyulmuş məqsədin qüsursuz yerinə yetirildiyini söyləməyə əsas verir.

«Xocalının səsi» əməksevər insanların peşəkar mətbuat ənənələrinə söykənərək Vətən, dövlət maraqları naminə birləşdikləri tribunadır. Nəşrin 300-cü sayının işıq üzü görməsi məhz onların fədakarlıqlarının nəticəsidir. İnanırıq ki, fədakarlığın gətirdiyi qürur və fəxarət hissi «Xocalının səsi»ni daha əlamətdar günlərə daşıyacaqdır.

Ən böyük amal qələbədir. Bu gün qəzetin kollektivi onun üçün mətbuat səngərində mübarizə aparır. Arzu edirik ki, 300-cü sayın gətirdiyi sevinc payı düşməndən azad olunmuş Xocalıdan yaradıcılıq məhsulları təqdim etmək sevinci ilə əvəzlənsin.

Bir daha «Xocalının səsi» qəzetinin rəhbərliyini və əməksevər kollektivinin hər bir üzvünü nəşrin 300-cü sayının işıq üzü görməsi münasibəti ilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı diləklərimizi çatdırmaqdan məmnunluq duyuruq. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )