Gəlsən kəsər yağışlar... - - Orxan Bahadırsoy

Gəlsən kəsər yağışlar... - Orxan Bahadırsoy

Gəlsən kəsər yağışlar

 

Gör nə deyirəm sənə,
eşidirsən, yoxsa yox?
Vallah, avqust yaxşıdı,
Vallah, pisdi bu soyuq.

 

Sənsiz niyə yazılıb,
başı batsın bu ömrün!
Mən ölüm, düz deyirəm,
Darıxıram səninçün.

 

Gəl, biraz deyib-gülək,
biraz da yeyib-içək.
Darıxıb ölənlərin
qəbri üçün gül seçək.

 

Nərgiz – yox, yaz gülüdür,
yasəmən – o da olmaz…
qızılgül – xoşbəxtlikdir,
zanbaq - əlvandı biraz.

 

Lalə - yaman bənzəyir
darıxan adamlara.
Çölü qıpqırmızıdı,
içi isə qapqara.

 

Qulaq as, nə deyirəm,
bax, gör necə fikirdi?
Tezcə gəlməyin üçün
gözüm yol çəkir indi.

 

Bilirsən, narahatdı
bizim yollar, yoxuşlar.
Vallah, nəzir demişəm,
gəlsən, kəsər yağışlar...

 

                                                                                      ***

 

Heç kim yox idi

 

Sənə bir söz deyim, heç kimə demə:
mən çoxdan ölmüşəm, çoxdan, əzizim.
Ölü torpağımdan yığıb özümü,
bir var düzəltmişəm yoxdan, əzizim.

 

Səni də yaratdım lap Allah kimi,
yoxdan var elədim səni özümə.
Qurub zərrə-zərrə bəxtini yazdım,
mən düçar elədim səni özümə!

 

Onsuz da başıma nə gəlib mənim,
elə öz əlimdən gəlib həmişə.
Özümə ən böyük yaxşılığı və
ən böyük pisliyi mən eləmişəm.

 

Sən nədən qorxursan, nədən, əzizim?
İblisdən, şeytandan, kabusdan, cindən?
Mən məndən qorxuram, burax onları,
adam çıxarıram torpaq içindən.

 

Adam çıxarıram daşın içindən,
fəza boşluğundan, yol çuxurundan.
Ömrüm lap əvvəldən belə gətirdi,
qorxuram bu ömrün lap axırından.

 

Təbiət başqaydı, mizan başqaydı,
yaşayıb ölürdü mən bilən hər kəs.
Mən çoxdan ölmüşəm, amma ki, sağam,
ölüb yaşamağın adı nədir bəs?

 

Sənə dediyimi heç kimə demə,
demə öldüyümü, qoy bilməsinlər.
Mənim də anam var, atam var axı,
qoy ağlamasınlar, üzülməsinlər.

 

Mən dərd danışmağa bu yer üzündə
bir Allah bəndəsi gəzdim, yox idi.
Çıxıb göy üzünə tutdum ruhumu,
yox idi, yox idi, heç kim yox idi.

 

                                                                                  ***

 

Yaxşı yol

 

Mənim çəkim uyğun gəlmir yaşıma!
Hansı yara sağalmır ki?
Qaşıma!

 

Bu ayrılıq həsrət deyil, əcəldi!
İndi mənçün darıxırsan?
Əcəbdi!

 

Yaman solub ovsunlayan baxışın!
Şəkil-şəkil qocalırsan?
Nə yaxşı!

 

Mənsiz ömrün yorğun-yorğun əsnədi!
Elə bildin yaşayarsan?
Bəs nədi?

 

Sınıxmısan, sən ki belə deyildin!
Kömək etmir qürurun da?
Nə bildin?

 

Adam-adam dolur bütün çuxurlar!
Sən də çuxur axtarırsan?
Uğurlar!

 

Ümid yoxsa bitəcək bu intizar...
Bu yoxluğun adı nədi?
İntihar!

 

Hər ömürün çürümək var sonunda!
Sən istədin xoşbəxt olum?
Olum da!

 

Əvvəl-axır gələcəyəm, rahat ol!
Məndən əvvəl sən gedirsən?
Yaxşı yol! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )