Şəhid Adil Tatarovun xatirəsi doğulduğu kənddə yad edilib - (+FOTOLAR)

Şəhid Adil Tatarovun xatirəsi doğulduğu kənddə yad edilib (+FOTOLAR)

2018-ci ilin may ayında Naxçıvanda həyata keçirilən uğurlu hərbi əməliyyat zamanı şəhidlik zirvəsinə ucalmış əsgər Adil Tatarovun 20 yaşının tamam olması münasibəti ilə silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Müdafiə Nazirliyi, Ağstafa rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, hərbi qulluqçular, kənd sakinləri, təhsil aldığı kənd tam orta məktəbinin müəllim və şagirdləri, şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə “Vətən Uğrunda”, “Şücaətə görə” medalları ilə təltif olunmuş əsgərin məzarı və kənd şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə qırmızı qərənfillər düzülüb.
Ağstafa rayonu Qıraq Kəsəmən kənd tam orta məktəbində keçirilən mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Çıxış edən müəllim Turan Yaqubbəyov bildirib ki, bu kəndin gəncləri tarix boyu hərbi peşələrə böyük maraq göstərib, Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət ediblər. 100 il öncə onlarla gənc könüllü olaraq Xalq Cümhuriyyəti Ordusunun, eləcə də Qafqaz İslam Ordusunun sıralarına qoşularaq Bakıda, Qarabağda erməni daşnaklarına və bolşeviklərə qarşı müharibədə əsl qəhrəmanlıq nümunələri göstəriblər.
Böyük Vətən müharibəsi illərində qəhrəmanlıq ənənələri ilə seçilən Qıraq Kəsəmən kəndinin neçə-neçə igid oğlu faşizm üzərində qələbənin qazanılmasında canlarından keçərək Vətən tarixinə şanlı səhifələr yazıblar.
Ötən əsrin sonlarından başlayaraq bu günə kimi qıraqkəsəmənlilər Qarabağ uğrunda döyüşlərdə fəal iştirak edərək Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirilər. Kəndin 7 nəfər yetirməsi Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Onlardan biri də əsgər Adil Tatarovdur.
Nəzərə çatdırılıb ki, əsgər A.Tatarov yaşasaydı, onun 20 yaşı tamam olacaqdı. Ancaq o, elə bu yaşda, bu görkəmdə mübariz bir gənc kimi xatirələrdə, ürəklərdə yaşayacaq, gələcək nəsillərə nümunə olacaqdır.
Müdafiə nazirinin tapşırığına əsasən tədbirdə iştirak etmək üçün Ağstafa rayonuna ezam edilmiş Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamladıqdan sonra vurğulayıb ki, fevralın 1-də Azərbaycan Gənclər Gününə həsr olunmuş respublika toplantısı, ertəsi gün isə Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirildi. Hər iki toplantıda yenə də şəhidlərimiz ehtiramla yad edildi.
Qeyd olunub ki, dövlətimizin başçısı şəhid ailələrinə həmişə ali səviyyədə diqqət və qayğı göstərir, onların bütün problemləri vaxtında müsbət həllini tapır. Təkcə son bir ay ərzində şəxsən Prezident İlham Əliyevin iştirakı ilə bir neçə respublika səviyyəli tədbirlər reallaşıb, sərəncamlar verilib. Bütün şəhid ailələri kimi əsgər Adil Tatarovun da ailəsi daim diqqət mərkəzindədir.
Uğurlu Naxçıvan əməliyyatından bəhs edilərkən diqqətə çatdırılıb ki, son illər həm dövlətimizin, həm xalqımızın, həm də Azərbaycan Ordusunun həyatında bir çox əlamətdar hadisələr olmuşdur. Məhz Günnüt zəfəri 2016-cı il Aprel zəfərinin davamıdır. Bu uğurlu əməliyyatlar dövlətimizin iqtisadi gücünü, ordumuzun qüdrətini, peşəkarlığını, işğal altındakı torpaqları da azad etməyə hər an hazır və qadir olduqlarını, xalqın həyat tərzinin xeyli yaxşılaşdığını, xalqın ordumuza inamını göstərir.
Şəhid Adil Tatarovun iştirakçısı olduğu uğurlu əməliyyat zamanı uzun illərdir ki, düşmən nəzarətində qalan strateji yüksəkliklər azad edilib, on bir min hektardan çox ərazi nəzarətə götürülüb. Bu, düşmənə böyük sarsıdıcı zərbədir və təcavüzkar Ermənistan Azərbaycan Ordusunun bu qələbəsindən hələ də özünə gələ bilmir.
A.Qurbani əlavə edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Gənclər Gününə həsr olunmuş respublika toplantısında da Azərbaycan Ordusunun xidmətlərini yüksək qiymətləndirdi və böyük inamla "Azərbaycan əsgəri, zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır", - dedi. Azərbaycan əsgəri torpaqlarımızı düşmən əsarətindən xilas etmək, bayrağımızı Xankəndi, Şuşa, Laçında və digər əzəli yurd yerlərimizdə dalğalandırmaq arzusu ilə yaşayır.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal şəhidlərə göstərilən ehtiramı düşmənə maddi və mənəvi cəhətdən vurulan sarsıdıcı zərbə kimi dəyərləndirərək bildirib ki, şəhidin adı əziz tutulmasa, xatirəsi yad edilməsə, adı əbədiləşdirilməsə, döyüşlərdə sağlamlığını itirənlər, şəhid ailələri dövlət səviyyəsində hər cür qayğı ilə əhatə olunmasa, Vətən uğrunda canlarından keçməyə hazır olan igid oğullar yetişdirmək mümkün deyil. Bu iş isə ölkəmizdə prioritetdir və Azərbaycan bu istiqamətdə bütün ölkələrə örnək ola bilər.
Şair Barat Vüsalın “Mən ayağa qalxacam, yarama torpaq tökün” misraları ilə tamamlanan şeiri alqışlarla qarşılanıb.
Ağstafa rayon İcra Hakimiyyəti aparatının rəsmisi Əziz Məsmalıyev, rayon təhsil şöbəsinin işçisi, yazıçı-publisist Əli Cəfəroğlu, Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi, Aprel şəhidləri haqqında bir neçə kitabın müəllifi Güləmail Murad, müharibə iştirakçısı Mirzabit Hacıyev çıxış edərək şəhid adının yüksəkdə durduğundan, şəhidliyin ən uca zirvə olduğundan danışıb, şəhidlərimizin qisasını layiqincə alan Azərbaycan Ordusunun güc və qüdrətindən qürur duyduqlarını deyiblər.
Məktəbin direktoru Oruc Hüseynov, şəhidin müəllimləri Vüqar Vəliyev, Bəxtiyar Babayev, İzzət Məmmədov sevimli və unudulmaz şagirdləri haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söyləyib, “Günnüt zəfəri” videoçarxı nümayiş olunub, Gəncə qarnizonu Zabitlər Evinin “Vətən uğrunda” səyyar təşviqat dəstəsi bütün tədbirlər zamanı fəaliyyət göstərib.
Polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin adından məktəb kitabxanasına yüzdən artıq hərbi vətənpərvərlik mövzusunda kitab və albomlar hədiyyə edib.
Sonra şəhidin atası Əli Tatarov bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )