GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN GERÇƏKLİK - - Əbülfət Mədətoğlu

GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN GERÇƏKLİK - Əbülfət Mədətoğlu

Hələ köhnə kişilərin zamanında belə bir fikir işlədilirdi ki, "ömür bir karvan yoludur". Təbii ki, bunu deyən kişilərin zamanında yolların sahibi karvanlar imiş. Daha dəqiq ifadə etsək, yollara iz salan, toz qoparan karvanlar imiş. İndi həmin o karvanlar bir xatirəyə çevrilib, bir nağıla çönüb və buradaca onu da əlavə edim ki, həmin o karvanlar yaxşı insanlar və yaxşı atlar kimi dünyanın xeyir-bərəkətini də özü ilə aparıbdı. Sürət əsri, elektrotexnika fontanı-püskürmələri dünyanın dadını, duzunu qaçırıb. Və təndirə yapılan çörəyin, nə bostandan dərilən tərəvəzin əvvəlki ətri, dadı qalmayıb. Düşünə bilərsiniz ki, yəqin biz insanların da damağının dadı qaçıbdı. Buna şübhə etmirəm, ola bilər. Axı indi insanların nə boy-buxunu, nə cüssəsi, nə də dizinin, qolunun gücü əvvəlki deyil. Bu yerdə adamları da qınamıram. Ona görə ki, ana südü "malış" olub, ana laylası da zarafatla desəm, "nu, poqodi". Və yaxud da analardan çox dayələrin oxuduqları genimizə, soy kökümüzə yeddi ağac uzaqdan gələn qeyri millətlərin sınıq-salxaq şəkildə dilimizə çevrilmiş nağılları...

Bəli, belə böyüyən uşağın da qazancı ancaq sürət ola bilər. Çünki yedikləri kimyəvi məhsullardı. Əgər yanılmıramsa, kimya elminin bir xüsusiyyəti də reaksiyalar, hüceyrələrin parçalanıb bölünməsi və s. və ilaxırdı. Deməli, kimyəvi reaksiyalar bizə sürət verir, amma istiqamət göztərilmir. Hara qaçacağımızı mənzilbaşına çatanda bilirik. Bu məqamda unudulmaz şairimiz Rəsul Rzanın bir misrasını xatırlatmaq ürəyimdən keçir. Böyük şair yazıb ki:

 

Adam var ki,
tut ayağından
at dalına -
ağzı hara düşə, düşə...

 

Bəli, indi bütün bu dediklərimin işığında məni daha çox çəkən ömür yolunun ləngərləri, dolayları və bir də bu ləngərli, dolaylı yolun sakinlərinin mənəvi durumu, mənəvi məsuliyyəti, mənəvi kimliyidi. Əslinə baxanda bu dediyim üç halın üçü də əslində hər birimizin özündə formalaşır, daha dəqiq desəm, formalaşmalıdır. Bu bir təbii zərurət olsa da, bir çox hallarda həmin üçlüyün bizdə tamlığını görə bilmirik. Necə deyərlər, biri olanda ikisi olmur, ikisi də olanda biri. Nəticədə bir qüsur, bir kasadlıq, bir şikəstlik yaranır. Bu şikəstlik də həyatımıza zaman-zaman nüfuz edir. Nəticədə həyatımız da qüsurlu olur, günümüz-güzəranımız da, hətta sevgimiz də. Belə olan halda suallardan qaçmaq mümkünsüz olur. Axı suallar ədalətli və yerində verilmiş... Elə qüsurlar da yerindədi, amma ədalətli deyil. Qüsurların yerində və ədalətsiz olması isə dediyim o yolların karvansız qalmasından, bizim meylimizi sürətə salmağımızdan qaynaqlanır. Bu yerdə yenə yadıma böyük Cəfər Cabbarlının bir misrası düşür:

 

- Öz cəzandı, çək, Balaş!

 

Hə, öz cəzamız olan kökdən uzaqlaşmaq, dəyərlərə laqeydlik, başımıza min bir olay gətirir və bu olayların davamlı olacağı da heç bir şübhəyə yer qoymur. Nəticədə zərbələr də bizə, xüsusilə ürəyimizə dəyir. Ürək demişkən... Söz-sözü çəkir və yadıma bir vaxtlar yazdığım "Ürəyimizə" şeirim düşür. Yazmışdım ki:

 

Şəhər yatır, işıqlar
Pərən-pərən, dağınıq...
Ömrün bax bu anında
İşıqlardan yaxınıq -
Ürəyimizə...


Yuxu görən uzaqda
Uzaq görən yerində...
Həsədi var bu anda
Göyün də, lap yerin də -
Ürəyimizə...


Səs işıqdan qaçaraq
Dua çatdırır göyə...
Ay sanki dil açaraq
Gülür, xoşbəxtsiz! - deyə
Ürəyimizə...


Gecənin bu çağında
Tanrım da yerə ensin...
Kimin nə var ağlında
Eşq duası tək desin -
Ürəyimizə!..

 

***
Neçə gündür bir suala cavab, bir məsələyə çözüm axtarıram. Əslinə baxsam bu məsələ də, bu sual da konkret halda mənə heç bir isti-soyuqluq yaşatmır. Yəni məsələ və yaxud sual bütövlükdə bir ictimai məzmun kəsb edir və insanın düşüncəsini, dözümünü, kimliyini, əqidəsini və ətrafa baxışını bir müstəvi üzərinə gətirir. Sən də o müstəviyə, yəni müstəvinin üzərində olana baxa-baxa düşünürsən:

- Bu nə deməkdi? Və bununla nəyi göstərmək iddiası qabardılır? Və ümumiyyətlə, bunlara ehtiyac varmı?

Hə, bir oxucu olaraq siz də maraqlana bilərsiniz ki, bu suallar nəyə işarədir, söhbət nədən gedir? Mən çox da dərinliklərə sizi çəkmədən elə özüm də alt qatlara enmədən birmənalı şəkildə deyə bilərəm ki, söhbət başqalarını avam, anlayışsız, türklər demiş, gerizəkalı hesab etməkdən gedir. Olanı, olmuşu, baş verəni daldalamaq, onu nəyəsə büküb başqa bir formaya salmaqla iz itirmək heç də ağıllı, çoxbilmiş olmaq demək deyil. Onsuz da dədələr demiş, "xoruzun quyruğu koldan görünür". Deməli, özünə zəhmət vermək burda faydasızdı. Düzü düz, olanı olduğu kimi demirsənsə, susmaq daha yaxşıdı. Onda hər kəs öz gördüyü kimi görər, öz anladığı kimi düşünər. Və necə deyərlər, babal da səndən yan keçib gedər, yəni günaha batmazsan.

Bax, elə mənim də baş verən olaylara, danışılan sözlərə, yayılan bilgilərə olan münasibətim də və onlardan doğan suallar da sonda gəlib həmin o milli lətifələrimizdən birində deyildiyi kimi, küftənin kələmə bükülüb dolmaya çevrilməsinə bənzəyir. Burda məzmun bir adda dəyişilir, bir də görüntüdə. Yəni bütün halda söhbət döyülmüş, çəkilmiş ətdən gedir.
Çox qəribə bir mənzərə yaranıb. Adamlar sanki özlərini gizlətməkdən, öz içlərini bükülü saxlamaqdan zövq alırlar. Amma unudurlar ki, bu özünü gizlətmə etimadsızlığa, etinasızlığa, soyuqqanlığa gətirib çıxarır. Nəticədə qarşılıqlı güvənc azalır, ortaya düşən soyuqluq bütün vücudu bürüyür və nəticədə də özünü gizlətmə özündən uzaqlaşmaya aparıb çıxarır. Belə bir halda da dərdin, kədərin əli-qolu açılır, sürəti artır və özündən, öz içindən uzaqlaşdırdıqların sənin hayına çatmır, sənə ən azı məsləhətçi ola bilmir. Və...

Və mənim də yadıma yenə özümün özümə yazdığım misralar düşür:

 

Gör nə qədər kədər var
Qalıb ortada, ortada...
Dünyaları olun dar -
Vallah, orda da, ordada...


Oxşamaq səbb alammır
Bir ümidə calamır...
Heç belə çabalamır -
Balıq torda da, torda da.


Düçünmə ki, dadacaq
Siqar kimi atacaq...
Tikan üstə yatacaq -
Qəlbim gorda da, gorda da...


Çöp qoymadın dil altda
Şeh üstədi, gül altda...
Xatirə var kül altda -
Qalan qorda da, qorda da...

 

***
Hər ötən gün özüylə birlikdə nələrisə aparır və yaxud da nələrisə gətirir. Deməli, boşalan dünyanın dolan tərəfi də, yəni çıxışı olduğu kimi, girişi də var. Və biz insanlar da bunu bilə-bilə əməllərimizdən çəkinmirik, başqasının haqqını mənimsəmək, başqasına quyu qazmaq, başqasının kədıərinə qol götürüb oynamaq adi bir hala çevrilir bizim üçün... Bu məqamda bizim necə, nə cür məxluq olduğumuz da ortaya çıxır?!..

Bəli, bu təəssüf doğuran məqamı ağıldan keçirməyin özü də əzabvericidi. Və mən bu əzaba qatlaşıb ömrüm boyu iştirakçısı olduğum, gözümün önündə baş vermiş və yaxud da barəsindıə eşitdiyim çox-çox halları, hadisələri xatırlayıram. Ürəyimin necə göynədiyini hiss edirəm. Və həmin anda ürəyimdə sənin də göynədiyini, sənin də sıxıldığını hiss edirəm. Həmin hissiyyat da məni məcbur edir ki, özümə çəkilim, özümə qayıdım... özümü öz günahlarımın ayağından asım. Ən böyük günahım olan sevginin önündə boynumda ağ kəfən dayanım...

... Hər bir yazısı ola bilsin ki, nəyisə təkrar edirəm, nəyəsə yenidən qayıdıram. Bunu günaha yazmayın. Heç qüsur da saymayın. Ona görə ki, öncə təkrar yaddın ömrünü uzadır, sonra da mən kimsəni deyil, özüm-özümü təkrarlayıram. Deməli, sözün bütün mənalarında mənim yazdıqlarım mənim yaşamımdı və mən də göz önündəyəm. Odur ki, göz önündə olanın gizlənməsi uğursuz bir cəhddir mənə görə. Gec-tez bu gizlənənin pərdəsi qalxacaq və kimin hardan çıxdığı bəlli olacaqdır. Ramiz Rövşənin təbirincə desək, gecə günəş doğsa, hər kəsin kimliyi gün işığında görünəcək...

Hə, bütün olanlara rəğmən mən də sözümü uzatmadan, eləcə olduğum və göründüyüm kimi, qarşınızda və Onun qarşısında dayanmışam. Dayandığım məqamda da sizə də ona da üz tutub deyirəm:

- Yəqin ki, bu mənzərə çoxunuza tanışdı. Elə Sən də bu mənzərəni göz önünə gətirə bilərsən. Mənim boynumdakı o iki arşınlıq ağ parçanın nı demık olduğunu anlayarsan və yadına düşər ki, bir vaxtlar sənə yazmışdım və sən də oxuyub demişdin ki... Nə dediyini bəyan etmirəm, amma nə yazdığımı yenidən dilə gətirirəm.


Səni düşünürəm, indiki anda
Həyat da, ömür də, hər an da sənsən...
Hələki ayaqda dayanan canda -
Döyünən ürək də, bir qan da sənsən...


Şəkillər önündə xəyala dalıb
Gördüm ki, arxada bir ömür qalıb...
Şair ürəyimi ovcuna alıb -
Oxşayan da sənsən, yaran da sənsən...


Mənim üz tutduğum, qiblə saydığım
Nəfəsin ömrümə nur tək yaydığım...
Bütün aydınlardan daha aydınım -
Sevgimə yaylaq da, aran da sənsən...


Nələr düşünürəm tək Allah bilir
Mən nələr çəkirəm tək, Allah bilir...
Nələr çəkdirirsən çək, Allah bilir -
Mənim and yerim də, Quran da sənsən...

 

Bəli, bu yazının mayasında mənim bir Allah bəndəsi olaraq düşündüyüm bir məntiq və bir sual dayanmışdı. O da bundan ibarətdir ki, biz İNSANıq. Bizi yaradan bizim ilkinliyimizlə yanaşı, kimliyimizi də müəyyənləşdirib. Belə olan halda yaxşılardan, yaxşılıqlardan, lap elə özümüz-özümüzdən niyə qaçırıq?

Əsrin adını sürət sözüylə şərəfləndirib hara tələsirik belə? İlkinlərdən, yəni yaranışda necə olublarsa, bu cür olanlardan süni, peyvənd yollarla, qazandıqlarımızın əsl mahiyyətində nələr dayanır? Bununla nə demək istəyirik? Robort Sofiyaları və daha nələri yaratmaq aramızdakı manqurtlardan guya çoxmu fərqlənir? Ümumiyyətlə, suallar çoxdu. Məntiq isə birdi. O da şəxsən mənə deyir:

 

- Özün ol, özün kimi ol!

 

Və mən də özümü, özüm olanın sevdalısıyam. Sən bu sevdadan və bu sevdalıdan hansı sürətlə istəsən də qaça bilməzsən. Çünki məni sevdalı edən mənim Tanrımdı. O Tanrının bir adı da SEVGİDİR!
www.adalet.az 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !