“İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans - (+FOTOLAR)

“İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 11 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasına həsr edilən “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov qeyd edib ki, 2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı olmasının, sosial-iqtisadi islahatların reallaşdırılmasına malik olmasının, innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır.
Ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri, tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Əqli Mülkiyyət Agentliyinə verilmiş və Agentliyin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılmış, yeni Nizamnamələri təsdiq edilmişdir. Nəticədə əqli mülkiyyət sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış yığcam vahid dövlət qurumu yaradılmışdır. Yaradılmış dövlət strukturunun tərkib hissələri Əqli Mülkiyyət Agentliyi başda olmaqla zamanın çağırışlarına uyğun olaraq səmərəliliyin artırılması məqsədi ilə Respublika Elmi-texniki Kitabxanası istisna olmaqla, publik hüquqi şəxs qismində çıxış edirlər.

Dövlət başçısının rəhbərliyi altında sahə üzrə aparılan institusional islahat nəticəsində çalışan dövlət qulluqçularının sayının 43 nəfər azaldılaraq, il ərzində 1 milyon 100 min manatdan artıq vəsaitə qənaət etmək imkanı yaradılmış, dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərinin əməyi maliyyələşdirildiyini, Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirildiyini bildirib.
Agentliyin qarşısında duran əsas vəzifələrin müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmli hüquqların idarə edilməsi və kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkil edilməsi, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsi olduğu qeyd edilərək, bununla yanaşı, ərazisi azalmış, müxtəlif əlverişsiz yerlərə səpələnmiş, fondlarının müəyyən hissəsi itirilmiş və yarasız vəziyyətə salınmış, nəticədə istifadəçilərini və nüfuzunu itirmiş Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulmasının əhəmiyyəti vurğulanmışdır.

Bu vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip kimi cənab Prezidentin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etməkdə, cəsarətlə keçirilən tədbirlərinə dəstək olmasında, elmi-tədqiqat nəticələrindən kommersiyalaşma potensialı olan texnologiyaların seçilməsi və tətbiqində olduğu bildirilmiş, əqli mülkiyyəti investisiyaların cəlb edilməsi və innovasiyaların həyata keçirilməsində fəal aktora çevirmək, öz-özlüyündə abstrakt vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər sırasında yerini tutmaq, bir sözlə, əqli mülkiyyəti və innovasiyalı inkişaf cütlüyünə məxsus olan emercent effektivliyinə nail olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Təsadüfi deyil ki, yaşadığımız texnologiyaların sıçrayış dövründə və innovasiyaların “rəqəmsal imperativ” zamanında innovativ inkişaf tədqiqatlar nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir. Odur ki, tanınmış mütəxəssislərin fikrinə əsasən, “gələcəkdə əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının texnologiyalar tərəfindən getdikcə daha çox diqtə ediləcəyi və onu idarə etməsi qaçılmazdır”. Bununla da texnologiyaların patentin mövcud landşaftına kardinal təsiri və öz növbəsində əqli mülkiyyətin buna qarşı çıxmaması, əksinə, ona uyğunlaşması vurğulanmalıdır.

Sənaye mülkiyyəti ilə bağlı olan Patent təşkilatı yalnız öz maraqları ilə kifayətlənməməli, fəaliyyətinin təhlilini özünə aid göstəricilər əsasında qurmamalı, ixtira və patent aktivliyini innovasiyalı proseslərə təsiri ilə ölçməlidir və onun fəaliyyəti bu istiqamətə yönəldilir.

Daha sonra göstərilmişdir ki, Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini təkmilləşdirmək səylərimiz real iqtisadiyyatda mütləq dövlət yardımına söykənməyən avtonom, müstəqil hərəkətverici qüvvələri oyadılmasındadır, belə ki, həmin qüvvələr real iqtisadiyyatı innovasiya tipli iqtisadiyyata çevirməyə qadir ola bilsin və bu səbəbdən ixtira fəaliyyəti elə stimullaşdırılmalıdır ki, yaradılan biliklərin real satılan məhsullara çevrilməsi təmin edilsin.

İnnovativ iqtisadiyyatda innovasiyalar istehsalatın əsas faktoru kimi əsas iqtisadi resursa – intellektual kapitala söykənir və varlığın, zənginliyin yaranma mənbəyi texnoloji, intellektual və informasiya rentasından irəli gəlir. Bu amillərə Əqli Mülkiyyət Agentliyi öz payına düşən töhfələrin verilməsinə yönəldilir.

Xüsusi vurğulandı ki, 2018-ci il Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, “Təsisatlar” altindeksində “Əqli mülkiyyət hüquqlarının qorunması” göstəricisi üzrə Azərbaycan 36-cı yerdə qərarlaşıb və MDB məkanında liderdir. Bununla belə, irəliyə baxaraq, ehtiyatlarımızı istifadə etməliyik. Belə ki, Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik reytinqində “Patent ərizələri” və “Əmtəə nişanlarına ərizələr” göstəricilərinə görə Azərbaycanın müvafiq olaraq, 87-ci və 101-ci yeri tutduğu diqqətə çatdırılaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni yaradılmış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görüldüyü bildirildi.

Cənab Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda vurğuladığı kimi, “gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir” və Əqli Mülkiyyət Agentliyi bir dövlət qurumu kimi bu göstərişi layiqincə yerinə yetirməlidir. Əqli Mülkiyyət Agentliyi Müəllif Hüquqları Agentliyi kimi fəaliyyət göstərdiyi dövrdən başlayaraq, indiki yeni imkanlarla davam edir. Belə ki, Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə hazırladıqları “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli Layihə”ni göstərmək olar. Həmin Layihənin icrası ilə bağlı 2017-ci ildə Agentliyin iştirakı ilə Təhsil Nazirliyi və ÜƏMT arasında Birgə Bəyannamə imzalanmış və bir neçə beynəlxalq konfrans və seminar keçirilmişdir.

ÜƏMT-nin Baş direktoru cənab Frensis Qarrinin cari ilin 2018-ci il 4-6 iyun tarixlərində Azərbaycan Respublikasına rəsmi səfər Proqramı çərçivəsində keçirilən “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda keçirilmiş beynəlxalq konfrans və “Qeyri–maddi aktivlər və qlobal dəyərlər zənciri: İqtisadiyyat innovasiyaların faydalarından necə yararlanır?” mövzusunda regional seminar, universitet və elmi-tədqiqat institutlarında yaradılmış startapların nailiyyətlərini nümayiş etdirən sərgi xüsusi qeyd edilməlidir. Qeyd olunan sərgidə 21 startap-layihə nümayiş etdirilmiş, onların 16-ı yerli universiteti, 2-si özəl şirkəti, 3-ü AMEA-nı (Yüksək Texnologiyalar Parkı) təmsil etmişdir.
18 dekabr 2018-ci il tarixində ÜƏMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ÜƏMT və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə keçirdikləri “Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regiona təsiri: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı” mövzusunda beynəlxalq konfransın və Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunan sərginin təşkil olunduğu və həmin beynəlxalq tədbirin xüsusi əhəmiyyətinin yeniləşən islahatçı ölkə – Azərbaycanın müasir simasını dünyaya, beynəlxalq ekspert cəmiyyətinə nümayiş etdirməsində olduğu bildirilib.

Xüsusi olaraq qeyd edilib ki, dövlət başçısının vergi islahatları çərçivəsində startaplar mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni üfüqlər açır. Belə ki, mikro və ya kiçik sahibkarlıq subyekti olan fiziki şəxslər “startap” şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirdən 3 il müddətinə gəlir vergisindən, hüquqi şəxs kimi fəaliyyət göstərən həmin subyektlər isə 3 il müddətinə əldə etdikləri mənfəət vergisindən azad olunurlar.

Əqli Mülkiyyət Agentliyinin qarşısında duran funksional vəzifələrin dövlət başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə formalaşdırıldığından və əqli mülkiyyətin bu siyasətin təsirinə və innovativ inkişafa adekvat xidmət etməsindən ibarət olduğu, həmin vəzifələrin icrasının üç amil nəzərə alınmaqla həyata keçirildiyi bildirilmişdir:

• ali təhsil və elm sistemində radikal transformasiya nəticəsində 3.0 (təhsil, tədqiqatlar və biliklərin kommersiyalaşması) universitetlərin yaranması, burada texnologiyaların kommersiyalaşması və transferinin ön plana çıxarılması;

• KOS-ın iqtisadi rolunun və innovasiya imkanlarının artırılması, burada əqli mülkiyyət siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması;

• əqli mülkiyyətin yeni fəaliyyət konteksti ilə bağlı onun dəyişmiş rolunun nəzərə alınması, sərvətlərin yaranma mərkəzinin maddi aktivlərdən qeyri-maddi aktivlərə, intellektual kapitala yönəlməsi və investisiya axınlarının əqli mülkiyyətə istiqamətlənməsi.

Qeyd olunanlarla əlaqədar Agentlik tərəfindən Azərbaycanın Uzunmüddətli Əqli mülkiyyət Strategiyasının hazırlanması; ixtiraçılara dəstək məqsədilə beynəlxalq patent qeydiyyatı PCT sisteminin təşviqi və dövlət tərəfindən xərclərin bir qisminin ödənilməsi, həmçinin ölkəmizin patent alınmasını sadələşdirən Patent Hüququ Müqaviləsinə (PLT) qoşulması və Texnologiyalara və İnnovasiyalara Dəstək Mərkəzinin yaradılması və tezliklə fəaliyyətə başlaması; universitetlərdə, elmi-tədqiqat institutlarında və KOS subyektlərində IP ofislərin yaradılması, mövcud ofislərin isə tezliklə texnologiyaların kommersiyalaşması və transferi ofislərinə çevrilməsı; elm və sənaye arasında bağlantı, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün Texnologiyaların Kommersiyalaşdırılması və Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzlərinin, o cümlədən Əqli Mülkiyyət Agentliyinin nəzdində yaradılması; “Made in Azerbaijan” brendinin təşviqi, “Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi” çərçivəsində qorunan yerli əmtəə nişanlarının xərclərinin qismən dövlət hesabına ödənilməsi, kütləvi istehsal olunan və fərdi toxunan xalçalarımız üzərində Azərbaycana aid loqonun ilmələrlə toxunmasına dəstək verilməsi və qeydiyyata alınması; şəffaflığı təmin etmək, patent, əmtəə nişanlarının sifarişçiləri və ekspertiza və digər xidmət aparanlarla kontaktsız münasibət qurmaq məqsədilə ASAN tipli “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” “PƏNAH” rəqəmli informasiya sisteminin yaradılması işlərinin başlanması; rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüququ ilə qorunan obyektlərin istifadə edilməsinin idarəetmə sisteminin tətbiqi bağlı bir sıra tədbirlərin artıq həyata keçirildiyi, yaradılan strukturların biznes-layihələrinin hazırlandığı diqqətə çatdırılmış və bunların fayda verəcəyinə ümid edildiyi bildirilmişdir.
 

 

******

Ölkəmizdə aparılan iqtisadi islahatlar çərçivəsində elmi tədqiqat nəticələrinin praktiki tətbiqi və kommersiyalaşdırılması, universitetlərdə və elmi tədqiqat müəssisələrində aparılan tədqiqat işlərinin nəticəsi olaraq yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması üzrə ölkəmizdə aparılan işlərə dəstək məqsədi ilə il ərzində kreativ iqtisadiyyat, əqli mülkiyyətin iqtisadi inkişafda rolu, texnologiyaların transferi və kommersiyalaşmaya dəstək mərkəzlərinin yaradılması və s. istiqamətlərində iş aparılmış, bu mövzuları əhatə edən 7 (onlardan 4-ü beynəlxalq, 3-ü milli) konfrans, regional seminar keçirilmiş, universitetlərdə və elmi-tədqiqat müəssisələrində yaradılan yeni startaplar arasından seçilmiş uğurlu startapların nailiyyətlərini nümayiş etdirən 2 sərgi təşkil olunmuşdur.

 

******

 

Ölkəmizdə aparılan islahatlar çərçivəsində müvafiq qanunlara dəyişikliklər edilməsi barədə 8 qanun qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin əqli mülkiyyət sahəsi ilə bağlı 16 fərmanı və 7 sərəncamı imzalanmış, Nazirlər Kabinetinin Əqli Mülkiyyət Agentliyinin fəaliyyət sahəsinə aid 14 qərarı qəbul olunmuşdur.

Azərbaycan Respublikası ÜƏMT-nin “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə müvafiq bəyanatlarla qoşulmuşdur. Müqavilə Azərbaycan Respublikasına münasibətdə 24 dekabr 2018-ci il tarixdən qüvvəyə minmişdir. Müqavilə ilə nəzərdə tutulmuş yeni hüquqi çərçivə kor və digər görmə əlilliyi olan şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat verir, belə şəxslər üçün əsərlərin əlçatımlı formatlarda çatışmazlığının aradan qaldırılmasına və bu nüsxələrin transsərhəd mübadiləsinə imkan yaradır.

 

******

 

Ötən il əqli mülkiyyət hüquqları obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizası və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatına dair Əqli Mülkiyyət Agentliyinə ixtiraya dair 171, faydalı modelə dair 41 iddia sənədi, 16 beynəlxalq iddia sənədi (PCT) və 39 Avrasiya iddia sənədi daxil olmuşdur.
İddia sənədlərinin ekspertizası nəticəsində20 Avrasiya iddia sənədi, 14 PCT iddia sənədi, 145 müsbət nəticə haqqında bildiriş, 53 ilkin ekspertiza sorğusu, 5 iddia sənədi üzrə kargüzarlığın dayandırılması haqqında bildiriş, 2 baxılmaqdan imtina haqqında bildiriş,14 müxtəlif növ bildiriş göndərilib, 182 axtarış aparılıb.

Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi və ona dair Protokol çərçivəsində daxil olan bildirişlərin sayı 2639 olmuşdur. Hesabat dövründə 3041 iddia sənədi üzərində ekspertizası aparılmışdır. Onlardan 214 əmtəə nişanının qeydiyyatına dair ilkin imtina qərarları tərtib edilərək ÜƏMT-yə göndərilmişdir. Yerli iddiaçılar tərəfindən əmtəə nişanlarının beynəlxalq qeydiyyatna dair 8 əmtəə iddia sənədi ilə müraciət daxil olub. Onlardan 4 əmtəə nişanının ilkin ekspertizası aparıldıqdan sonra ÜƏMT-yə göndərilib, 4 əmtəə nişanı hal-hazırda ilkin ekspertiza mərhələsindədir.

Haaqa sistemi vasitəsi ilə Sənaye nümunələrinin beynəlxalq qeydiyyatına dair 130 bildiriş sənədi daxil olmuşdur. Onlardan 111-nin üzərində ekspertiza başa çatdırılaraq müsbət qərar qəbul edilmişdir. 2 sənaye nümunəsinin qeydiyyatına dair imtina qərarı qəbul edilərək Beynəlxalq Büroya göndərilmişdir. Hal-hazırda 17 bildiriş üzrə ekspertiza işləri davam etdirilir.

 

******

 

2018-ci il ərzində Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə 2973 müraciət və ərizə daxil olmuşdur. Sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 64 pa¬tent qeydiyyata alınmışdır. Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair 16 patent qeydiyyata alınmışdır. Onlardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınmışdır. Onlardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur.

Müvafiq Dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınmışdır. Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur.

Coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 12 şəhadətnamə milli hüquqi şəxsin adına qeydiyyata alınmışdır.

Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 246, şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 586, əmtəə nişanlarına dair 270 və patentlərə dair dəyişikliklər edilməsi haqqında 5 bildiriş qeydiyyata alınmış, 11 dublikat, 38 çıxarış verilmiş, 670 bildiriş göndərilmişdir.
Sənaye mülkiyyəti obyektləri üzrə 95 müqavilə qeydiyyata alınmışdır. Onlardan 82-si əmtəə nişanları üzrə hüquqların, 1-i ixtira üzrə hüquqların verilməsinə, 12-si əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.

Sənaye mülkiyyəti obyektlərinin hüquqi statusu və onlar haqqında sonrakı dəyişikliklər, müəlliflər, iddiaçılar və hüquq sahibləri haqqında, sənaye mülkiyyəti obyeklərinə dair hüquqların, onlardan istifadəyə dair lisenziya müqavilələrinin verilməsi və bu sahəyə dair digər reyestrə daxil edilmiş məlumatlar “Sənaye Mülkiyyəti” rəsmi bülletenində dərc edilmişdir.

 

******

 

İl ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 574 Şəhadətnamə verilmişdir, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 16 Şəhadətnamə verilmişdir. Bununla yanaşı, hesabat ilində 15 müqavilə qeydiyyatdan keçirilmişdir. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2019-cu il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 12122 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilmişdir.

 

******

 

Hesabat dövründə müəllif hüququna əsaslanan kreativ sənayenin 2017-ci il üzrə milli iqtisadiyyat sahələrinə dair faktiki statistik göstəriciləri və dövlət büdcəsi rəqəmləri təhlil edilmiş, müəllif hüququna əsaslanan milli iqtisadiyyat sahələrində istehsalın həcmi müəyyən olunmuş və bu sahələrin ölkə üzrə ümumi daxili məhsulda xüsusi çəkisi hesablanmışdır. Müəyyən edilmişdir ki, ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı getdikcə artmaqdadır. Son 10 ildə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı 2007-ci ildə 3,2%-dən 2018-ci ilin 1 yanvarına olan vəziyyətə görə 5,1%-ə çatmış və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir. 2017-ci ildə Azərbaycanda müəlliflik hüququna əsaslanan sahələrdə istehsalın həcmi 3549,1 mln. manat təşkil etmişdir.

 

******

 

Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” il ərzində müəlliflərin, digər hüquq sahiblərinin və sahibkarların istifadəsində olmuş, onların əqli mülkiyyət məsələləri üzrə 1500-dən artıq müraciət və sorğusuna baxılmış, qaldırdıqları məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində köməklik göstərilmiş, əqli mülkiyyət, o cümlədən sənaye mülkiyyəti obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 21 iş üzrə 40-dan çox məhkəmə iclasında iştirak edilmiş, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 20-dək ekspert rəyi hazırlanmış, maarifləndirmə tədbirləri keçirilmişdir.

Struktur islahatları çərçivəsində Agentliyin İdarə Heyətinin sədrinin 12 noyabr 2018-ci il tarixli 109 nömrəli əmri ilə Əqli Mülkiyyət Agentliyində Apellyasiya şurası yaradılmış və tərkibi təsdiq edilmişdir. Şuranın fəaliyyəti dövründə daxil olmuş ərizələr üzrə bütün işlər (işlərin bəziləri birləşdirilib) baxılması üçün təyin edilmiş və buna dair bildirişlər göndərilmişdir. 2018-ci ildə Apellyasiya şurasına 119 müraciət daxil olmuşdur. Onlardan 118-i Apellyasiya şurasının funksional fəaliyyəti, 1-i isə əmtəə nişanının geniş tanınmış hesab edilməsi ilə bağlı qaydaların izah edilməsi ilə əlaqədar olmuşdur. Tam və ya qismən təmin edilmiş ərizələrin sayı 25, rədd edilmiş ərizələrin sayı 10, baxılmamış saxlanmış ərizələrin sayı (geri götürülmüş ərizə) 3, işə baxılması təxirə salınmış ərizələrin sayı 33 olmuşdur.
Görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 25%-ə, audio-video məhsul bazarında 90%-dən 60%-ə, proqram təminatında 96%-dən 74%-ə düşmüşdür.

 

******

 

2018-ci ildə hüquqi maarifləndirmə məqsədi ilə Agentliyin təşkilatçılığı və iştirakı ilə 10 beynəlxalq və milli tədbir keçirilmiş, universitetlərdə və elmi-tədqiqat institutlarında yaradılan startapların nailiyyətlərini nümayiş etdirən 2 sərgi təşkil olunmuş, KİV-lərdə 300-ə yaxın informasiya, maarifləndirici və təbliğat xarakterli material dərc edilmiş, TV və radio kanallarında çoxsaylı veriliş və süjetlər göstərilmiş, bu tədbirlərdə əqli mülkiyyət məsələlərinə dair 80-ə yaxın prezentasiya və məruzə edilmiş, Agentliyin fəaliyyət sahəsi üzrə müxtəlif adlarda ümumilikdə 1800 nüsxədən artıq kitab, kitabça, prezentasiya və digər maarifləndirici materiallar çap edilərək, tədbirlər zamanı təbliğat vasitəsi kimi paylanmış, həmçinin Agentliyin nəşrlərindən ibarət xüsusi sərgilər təşkil edilmişdir.

 

******

 

Mədəniyyət nümunələrimizin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinə qarşı mübarizə tədbirləri çərçivəsində “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilmiş, çoxsaylı çıxışlar edilmiş, “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya “Armeniya” ərazisinin həqiqi sakinləri haqqında” Azərbaycan, rus və ingilis dillərində kitab hazırlanmış, erməni nümunələri kimi qələmə verilən xalq mahnılarımızın və müəllif əsərlərinin, o cümlədən “Aman Tello” xalq mahnısının Azərbaycan xalqına məxsusluğunu elmi, tarixi, etimoloji və hüquqi baxımdan təsdiq edən arayış hazırlanmış və KİV-lərdə yayılmış, erməni saxtakarlıqlarını ifşa edən “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Армянский геноцид” или армянский террор?”, “Моральный террор: против нематериального и материального культурного наследия”, “Öz-özünü təkzib edən “erməniçiliyin müəllif hüququ”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ”, “Fövqəladə hallar və əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər” (Azərbaycan və ingilis dillərində), “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm..., mənimsədim” kitabçası (Azərbaycan, rus, ingilis və fransız dillərində) təkrar çap edilərəkil ərzində Agentliyin keçirdiyi tədbirlərdə xarici qonaqlara, nümayəndələrə və tədbir iştirakçılarına paylanmışdır.

 

******

 

Hesabat ilində “Elektron xidmət” bölməsi vasitəsi ilə xidmətlər göstərilmiş, müəlliflərin 20 müraciəti əsasında 15 əsər qeydiyyatdan keçirilmiş və Əsərin qeydiyyatı haqqında 15 Şəhadətnamə verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2018-ci il tarixli 537 nömrəli Qərarının 1-ci hissəsi ilə Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə - “Elektron xidmət növlərinin Siyahısı”na dəyişikliklər edilmiş və Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən elektron xidmətlərin siyahısına daha 7 elektron xidmət əlavə edilərək, belə xidmətlərin sayı 12-yə çatdırılmışdır. Hazırda Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanasının göstərdiyi xidmətlərin bir hissəsinin Elektron Hökumət portalında fəaliyyət göstərməsi üzrə işlər aparılır və yaxın vaxtlarda bununla bağlı təkliflərin müvafiq qaydada təqdim edilməsi planlaşdırılır.

Bununla yanaşı, sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı elektron xidmət vasitəsi ilə 1242 müraciət daxil olmuşdur.

 

******

 

Əqli mülkiyyət sahəsində fəal beynəlxalq əməkdaşlığın, o cümlədən ÜƏMT ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verilmiş, Agentliyin nümayəndə heyəti ÜƏMT üzv-dövlətlərinin Baş Assambleyasının Cenevrə şəhərində 24 sentyabr – 2 oktyabr tarixlərində keçirilmiş 58-ci toplantısında iştirak etmiş, nümayəndə heyətinin rəhbəri tədbirdə çıxış etmiş, Agentliyin nümayəndələri ÜƏMT-nin Hökumətlərarası və Daimi Komitələri çərçivəsində keçirilən tədbirlərin iştirakçısı olmuş, ÜƏMT çərçivəsində qəbul edilən beynəlxalq müqavilələrin hazırlanması və qəbul edilməsi prosesində iştirak etmişlər. Hazırda Azərbaycan Respublikası ÜƏMT-nin fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik olan Koordinasiya Komitəsinin, həmçinin Proqram və Büdcə Komitəsinin üzvüdür. Azərbaycan nümayəndəsi “ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsi”nin Assambleyasının vitse-prezidenti vəzifəsində təmsil olunur.

ÜƏMT ilə qurulmuş hərtərəfli və faydalı əməkdaşlığın təsdiqi olaraq, bu nüfuzlu beynəlxalq təşkilatın Baş direktoru cənab Frensis Qarrinin 2018-ci il 4-6 iyun tarixlərində ölkəmizdə rəsmi səfər Proqramı çərçivəsində onun yüksək rütbəli dövlət rəsmiləri ilə görüşləri keçirilmiş, Azərbaycan Respublikası Hökuməti ilə ÜƏMT arasında əməkdaşlıq üzrə yeni Anlaşma Memorandumu imzalanmış, Memorandumun icrası ilə bağlı 2018-2021-ci illər üçün Fəaliyyət Planı müəyyən edilmişdir.
Hesabat ilində Avrasiya Patent Təşkilatının İnzibati Şurasının növbəti iclasında ölkəmizin namizədinin Avrasiya Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunması barədə qərar qəbul edilmiş, Agentliyin nümayəndələri ölkə xaricində keçirilən 20-dən artıq beynəlxalq tədbirdə iştirak və çıxış etmiş, dövlətimizin beynəlxalq əlaqələri ilə bağlı 102 sənəd layihəsinə dair təklif və rəy hazırlanaraq müvafiq qaydada təqdim edilmişdir.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )