Dostuna güvəndi, indi bədəlini ödəyir... -

Dostuna güvəndi, indi bədəlini ödəyir...

Bankdan kredit götürən şəxs ortalıqda itib, zamin duran tanışı borcları ödəmək məcburiyyətində qalıb.


Minval.info xəbər verir ki, Xırdalan şəhər sakini Orxan Mahmudov yaxın tanışı Zaur İsmayılovun bankdan kredit götürə bilməsi üçün ona zamin durub. Z.İsmayılov isə borcunu ödəmədiyindən və onunla əlaqə saxlamaq mümkün olmadığından O. Mahmudov tanışının əvəzinə borcu vermək məcburiyyətində qalıb. Bununla əlaqədar Xırdalan sakini saytımıza müraciət edib.

 

“Zaurla birgə işləyirdik. Münasibətlərimiz yaxşı olduğundan xahişini yerə salmadım. Amma borcunu ödəmədi. İndi isə mən onun kreditini ödəmək məcburiyyətindəyəm. Onunla əlaqə saxlamağa çalışsam da, mümkün olmadı. Qohumlarına zəng vurdun, Zaurun ölkəni tərk etdiyini bildirdilər və Qazaxıstana getdiyini söylədilər. Onu heç yerdən tapa bilmirəm”, – Mahmudov qeyd edib.


Kredit borcu alan Zaur İsmayılov

 

 

Bir müddət sonra Orxan Zaur İsmayılovun ailə üzvləri ilə əlaqə saxlayıb:

 

“Atası rəhmətə getdiyindən telefonla anası ilə danışdım. O, oğlunun Gürcüstanda olduğunu söylədi. Anasının doğru-yalan danışdığını öyrənmək üçün yaşadıqları ünvanı soruşdum, amma mənə bu barədə məlumat vermədi. Rəsmi qeydiyyatda olduğu mənzildə qalmır. Kirayə yaşadıqları ünvanın yerini öyrənmək mümkün olmadı”.



Minval.info Zaurun anası Gülarə İsmayılova ilə əlaqə saxladı. O, mətbuatdan zəng vurduğumuzu bildikdən sonra “xəstəyəm, xəstəxanadayam, belə şey etməyin, oğlumun özü ilə danışın” deyərək dəstəyi asmaq istədi. O, “oğlunuzun Gürcüstanda olduğunu söyləmisiniz. Bu, belədir” sualına “bəli” cavabını verərək telefonu qapatdı.

Hüquqşünas Əkrəm Həsənov

Mövzu ilə bağlı minval.info-ya münasibət bildirən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, kredit borcuna zamin duran şəxs hər bir halda cavabdehdir: “Hər iki şəxs birgə olaraq məsuliyyət daşıyırlar. Zamin duran şəxs ondan tutulan məbləği öz növbəsində borc alandan tələb edə bilər. Bunun üçün məhkəmədə iddia qaldırılmalıdır. Borclunun ölkədən çıxa bilməsinə gəlincə, bu, mümkündür. Yalnız məhkəmənin qərarı ilə həmin şəxsin ölkədən çıxışına qadağa qoyula bilər. Əgər həmin şəxs ölkədən çıxıbsa, faktiki cəhətdən heç nə etmək mümük deyil. Ona görə də dəfələrlə vətəndaşlara bildiririk ki, zamin durmaq çox ciddi məsələdir”. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )