Fələyin yazdığını yaza bilsəydim... - - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

Fələyin yazdığını yaza bilsəydim... - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

Fələyin yazdığını yaza bilsəydim...


(Elegiya)


“Yaşadığın ölkənin vətəndaşlarına qarşı biganəlik, həmin ölkəyə qarşı xəyanət qədər eynidir”. Bir vaxtlar hansısa ağsaqqaldan eşitdiyim bu sözləri gündəliyimə yazmışam. Bu yazını işləyəndə, gündəliyimi vərəqləyəndə və bu sözlərə rast gələndə gördüm ki, Şahmarla bağlı yazacağım yazının sarı simi, ali məqsədi elə bu sözlərdir… Ona qarşı yüksək rütbəli məmurların biganəliyi…
Onunla düz 43 il idi ki, peşəkar teatr adlı sirli-soraqlı bir sənət dünyasında birlikdə yol gedirdik. Cavanlıq illərindən bu sənət aləmində gör nə qədər enişli-yoxuşlu, çətin yollar keçmişdik. Acılı-şirinli xatirələr yaşamışdıq…
Əfsus ki, keçən ilin fevral ayının 16-da biz, Şahmarı əbədilik itirməklə birgə addımladığımız həmin yol da qırıldı… Özü də 66 yaşı tamam olandan 3 gün sonra…
Əgər yaşasaydı bu ilin fevral ayının 13-də 67 yaşı tamam olacaqdı. Əfsus ki, indi biz onun ad gününü özü olmadan yad edəcəyik. Fevral ayının 16-da isə dünyasını dəyişməsinin il dönümünü… Nə tez gəlib keçdi bu bir il ay Şahmar?..
47 il idi ki, biz dostluq edirdik. Sağlığında onun haqqında portret yazısı da yazmışdım. Yaradıcılığı, oynadığı rollar, quruluş verdiyi tamaşalar, çəkdiyi kinofilmlər haqqında da ressenziyalarım çap olunmuşdu. Ürəyimdə, içimdə ağlaya-ağlaya Şahmar dünyasını dəyişəndə “O, duyğulu könüllərin Allah vergisi idi” adlı elegiya da yazdım.
47 il dostluq, yoldaşlıq etdiyin, uzun illər bir teatrda işlədiyin, belə maraqlı sənətkar, gözəl aktyor, rejissor, dramaturq, yazıçı, ssenarist haqqında yazmaq ölümündən sonra doğrudanda çətindir. Baxmayaraq ki, onu da bilirəm Şahmarı məndən yaxşı tanıyan yoxdur. Deməli, onun haqqında da mən yazmalıyam. Çünki biz təkcə tələbə yoldaşı yox, həm də yataqxanada bir otaqda yaşamışdıq. Kazım Abdullayev, Şahmar və mən bir qazandan çörək yemişdik. Tamaşalarda tərəf müqabili olmuşduq. Uzun illər birlikdə qastrollara getmişdik. Yol yoldaşı olmuşduq. Bir-birimizə can deyib, can eşitmişdik. Övladlarımız bir-birini indi də doğmaları kimi qarşılayır. Onun uşaqları mənə əmi deyir, mənim uşaqlarım da onu əmi kimi dəyərləndirir və hörmət eləyirdi.

 

Əziz dostum Şahmar!


Uzun müddət idi ki, fikirləşirdim sənin haqqında yazacağım bu yazı o birilərə oxşamasın. Yazı masamın arxasında, kompüterin qarşısında əyləşib, sənin teatr, kino sənəti aləmində keçdiyin yolu bir daha kino lenti kimi xatırlamağa, beynimdən keçirməyə çalışıram. Əlbəttə, hər şeyi ən kiçik detallarına kimi yazsam, çox böyük və maraqlı bir roman yazmaq olar. Çünki sənin maraqlı ömür yolun olub. Onsuz da “Sərhədsiz dünyamız” romanımda sənin həyatın haqqında çox geniş yazmışam. Orada qeyd eləmişəm ki, sən həm öz sağlamlığınla və həm də düşmənlərinlə vuruşa-vuruşa, çox böyük inamla, səbrlə bu sənət aləmində addımlamısan. Yaradıcılığın boyu çox uğurlu işlər görübsən. Həm aktyor və həm də rejissor sənəti sahələrində öz sözünü layiqincə deyibsən. Hətta yazıçılıqda, dramaturgiyada da özünü sınayıb, yaxşı uğurlar qazanıbsan. Həmin romanda sənin yaradıcılığını geniş təhlil eləmişəm. Allahın köməkliyilə “Sərhədsiz dünyamız” kitab bu il çap olunacaq. Oxucular sənin sənətkarlığınla orada daha yaxından tanış olacaqlar… Eləcə də sənə olan haqsızlıqlar orada lazım olan səviyyədə yer alıb…
Amma indi yadıma salıram 1971-ci ilin iyun ayını. O vaxt biz Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə imtahan verirdik. Sən orta məktəbi bitirib imtahan verməyə gəlmişdin. Mən isə hərbi xidmətdən qayıdıb gəlmişdim. İmtahanların gedişi vaxtı tanış olduq. Elə ilk söhbətimizdən bir-birimizə qanımız qaynadı. Öyrəndim ki, sən 1952-ci ildə Kürdəmirdə anadan olubsan. Həmin il ali məktəbə imtahan verməyə gələnlər çox idi. Bir yerə otuz nəfər imtahan verirdi. Amma cəmi iyirmi altı nəfər götürəcəkdilər. Özü də sənət imtahanlarını Azərbaycan teatr sənətinin böyük karifeyləri Rza Təhmasib, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov və başqaları götürürdü. Həmin il biz ali məktəbə qəbul olduq. Sən Adil İsgəndərovun, mən isə Mehdi Məmmədovun sinifinə. Sənət dərslərimiz ayrı olsa da, başqa fənləri bir yerdə keçirdik. Sənət üzrə kurs imtahanlarına- etüdlərə, tamaşalardan parçalara və tamaşalara isə bütövlüklə kursumuzla baxırdıq. Sən elə birinci kursdan oynadığın etüdlərlə, tamaşalardakı rollarınla maraqlı aktyor olacağını sübut etməyə başlayırdın. Adil İsgəndərovun sənə inamı çox idi. Həm də artıq ikinci kursdan Azərbaycan Dövlət Televiziyasında müxtəlif ədəbi-dram və estrada verlişlərində oynadığın rollar, müəllif və aparıcı olmağın artıq səni papulyarlaşdırmışdı. Tamaşaçıların sevimlisi etmişdi. Yadımdadır ki, hətta küçədə oğlan və qızlar sənə yaxınlaşıb, avtoqraf alırdılar…
Ali təhsilimizi başa vurandan sonra təyinatla Şəki Dövlət Dram Tetrını yaratmağa getdik. Amma altı aydan sonra, yəni 1976-cı ilin yanvar ayından Hüseyn Ərəblinski adına Dövlət Dram Teatrının dəvəti ilə hər ikimiz Sumqayıta işləməyə gəldik. Yataqxanada Kazım Abdullayev, sən və mən bir otaqda qaldıq. Burada dostluğumuz bir az da möhkömləndi. Bu teatra bizi işə götürən Xalq artisti, dəyərli ziyalı Vaqif Şərifovun quruluşunda ilk oynadığın rol İsgəndər Coşqunun “Komsomol poeması”nda ( Səməd Vurğunun eyni adlı əsəri əsasında) Şahsuvar rolu həm teatr rəhbərliyi və həm də tamaşaçılar tərəfindən yaxşı qarşılandı. Həmin ilin dekabr ayında sən ordu sıralarına xidmətə çağrıldın. Əsgərlik etdiyin ilk ayda, andiçmə mərasimindən bir nesə gün əvvəl qəzaya düşdün. Üstünə dəmir-beton pilitə düşmüşdü. Səni çox çətinliklə həmin dəmir-beton pilitənin altından çıxarmışdılar. Yaşamağına ümid çox az olub. Amma xasiyyətində olan inadkarlıq və həkimin məşhur İlizarovun sayəsində, hər şeyə qalib gəlmişdin. Sən üç illik müalicədən sonra sağaldın. Lakin ayağındakı yaraları tam sağaltmaq mümkün olmadığından, ömürlük əlil qaldın. Ayağında olan şikəstliyə baxmayraq, istedadlı aktyor olduğuna görə 1980-ci ildən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi səni yenidən teatra qaytardı. Sən yenidən doğma teatrında səhnə fəaliyyətini davam etdirdin. Bir-birindən maraqlı rollar oynadın. Oynadığın bu rollar təkcə tamaşaçılar tərəfindən yox, həm də teatr mütəxəssisləri tərəfindən böyük əks-səda doğurdu. Bu rollarından- “Dost əli”də Həmid, “Adamın Adamı”nda Fağır Bağır,”Bütün Şərq bilsin”də Jandarm, “Dəyirman”da Temir müəllim, “Bayramın birinci günü”ndə Rüstəm, “İtirilmiş məktub”da Sərxoş vətəndaş, “Müfəttiş”də Qumarbaz və “Dribaş adamlar”da Aristarx daha maraqla qarşılandı. Bu rollarınla sən özünü teatr sənətinin əsl sənətkarı kimi sübut elədin.
1989-cu ildən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına mən rəhbərlik etməyə başlayandan, sənin rejissorluğa həvəsinin olduğunu görüb, bir neçə tamaşaya quruluş verməyinə şərait yaratdım. 1991-ci ildə mən teatrın janrını dəyişdirib Musiqili-Dram Teatrı edəndən sonra, sənin istedadın daha da çiçəkləndi. Çünki sənin çox məlahətli səsin vardı. Yükək peşəkarlıqla xalq mahnılarımız ifa edirdin.
Hazırladığın tamaşalara yüksək peşəkar quruluş verdiyini görüb, 1992-ci ildə səni Moskvaya iki illik ali rejissorluq kursunda oxumağa göndərdim. Bütün maliyyə xərclərini də Mədəniyyət Nazirliyi yox, teatr və mən özüm çəkdim. Məşhur rejissor Leonid Yefimoviç Xeyfisin kursunda təhsil aldın. O da sənin gələcəkdə maraqlı rejissor olacağına inanırdı.
Kurs tamaşası kimi Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasına quruluş verdin. Bu tamaşa respublika teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən çox maraqla qarşılandı. Bunun ardınca Akif Həsənoğlunun “Dəfn”, Feyruz Məmmədovun “Anasının gül balası”, Əvəz Mahmud Lələdağın “Qorxaq” və eləcə də özünün yazdığın “Gəlin açıq danışaq”, “Gülməyəsən neynəyəsən”, “Sehirli açar”, “Dünyanın qurtaracağındakı ev” tamaşalarına quruluş verdin. Hətta mənimlə birlikdə Əbdürrəhim bəy Haqverdiyev“Ağa Məhəmməd Şah Qacar” əsəri və Jan Keverin “ Xacə şah” romanı əsasında Çingiz Ələsgərlinin işlədiyi “Ağa Məhəmməd Şah Qacar” tamaşasına quruluş verdik. Bu tamaşaların da hamısı çox yaxşı alındı və tamaşaçılar, teatr mütəxəssisləri tərəfindən bəyənildi.
Mən Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri-direktoru vəzifəsindən işdən çıxandan sonra sən də küsdün teatrdan. Dörd il ümumiyyətlə teatr sahəsindən ayrılıb, mətbuat sahəsində çalışdın. Sonra 2001-ci ildən taleyini Lider Televiziyası ilə bağladın. Orada işə düzəldin. Səkiz il orada işlədiyin müddətdə bir-birindən maraqlı on doqquz bədii və sənədli filmlər çəkdin. Bu filmlərin də hamısı respublika ictimaiyyəti tərəfindən çox maraqla qarşılandı. Bunlardan- “Ağ dünya”, “Özümüz”, “Pirlər”, “Ötən əsrdən gələn adam”, “Oxu tar”, ”Yastı balaban”, “Udun nağılı”, “Həsrətli gözlərin rəsmi”, “Mirzə Cəlil- Ömrün qürub çağı”, “Həmidə xanım Cavanşir” və başqaları təkcə Lider televiziyasının yox, Azərbaycan televiziya tarixinə yazıldı. Sən bu illərdə rejissorluğla birlikdə aktyorluq sənətini də davam etdirdin. Çoxlu bədii kinofilmlərə də çəkildin. On beş kinofilmdə bir-birindən maraqlı rollar oynadın. Bunlardan- “Fəryad” da Boris, “Yay gününün xəzan yarpaqları”nda Müavin, “Qəzəlxan”da Şair, “Fatehlərin divanı”nda Şaman, “Hökmdarın taleyi”ndə İrəvan xanı, “Seçim”də Professor, “Qraf Kristovski”də Yunan, “Hüseyn Cavid”də Abdulla Şaiq və başqaları. Hər biri, bir-birindən maraqlı rollar, obrazlar idi.
Sən 43 illik teatr və kino fəaliyyətində, Azərbaycan sənəti üçün əlindən gələni etmişdin. Özünün yüksək teatr və kino mütəxəssisi olduğunu sübut etmişdin. Həm aktyor və həm də rejissor kimi, tarixə düşən işlər görmüşdün. Amma nə etmək olar ki, yuxarıda əyləşən məmurlar sənin bu peşəkarlğını, yüksək sənətkarlığını görmədilər və qiymətləndirmədilər... Sənə fəxri ad vermədilər. Sənin həm 60 illik, həm də 65 illik yubileylərini keçirməyi Mədəniyyət Nazirliyi də, Sumqayıt şəhər rəhbərliyi də, hətta çalışdığın teatrın rəhbərliyi də unutdu. Sənin kimi bir peşəkar sənətkar onların yadına düşmədin…
Dostum, mən bilirdim ki, sən heç vaxt fəxri ad ardınca qaçaq sənətkar olmamışdın. Hətta bu gün çoxlu fəxri ad alanlar sənin sənətkarlığının yanında diletantdırlar. Hətta özləri bəzən utanıb, sənin yanında fəxri adları olduğunu dillərinə belə gətirmirdilər. Bu haqda söz düşəndə də sən həmişə bu sözləri deyirdin: “ Bütün fəxri adlar boş şeydir. Məgər Mirzə Ələkbər Sabirin, Mirzə Cəlilin, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və onlarca başqalarının məgər fəxri adı olubmu?” Bəli. Mən də səninlə şərikəm. Tarixdə fəxri ad yox, sənət və sənətkarlıq yaşayır. Sən də özünün oynadığın rollarınla, çəkdiyin kinofilmlərlə və quruluş verdiyin tamaşalarla nə qədər ki, Azərbaycan incəsənəti var, əbədi yaşayacaqsan. Amma bir danılmaz, əsl həqiqət də var ki, sənətkar insan, öz sağlığında öz qiymətini dövlət tərəfindən alanda onunçün yaşamaq da maraqlı olur.
Amma sənə həyatda ən çox təsir eləyən, əsəbiləşdirən sənə qarşı olan biganəlik idi. Bax sən, bunu bağışlamırdın. Axır vaxtlar teatrda sənə imkan vermirdilər ki, tamaşa da hazırlayasan. Qarşına ayrı-ayrı əngəllər qoyurdular…
Sənə qarşı olan bu biganəliklə bağlı mən hətta yazmaq da istəyirdim. Lakin sən buna razılıq vermədin. Çünki sən böyük insan idin. İstəmirdin kimlərsə buna görə cəzalansın. Bax, beləcə təkliyə çəkilib, “ürəyini yeyirdin”. Həmin ürək də sənə olan biganəlik dərdinə dözmədi… 66 yaşından 3 gün keçəndən sonra əbədi dayandı… Görəsən sənə pislik eləyən, sənin haqqını vaxtında verməyən adamlar, həmin vaxtı bir vicdan əzabı keçirdilərmi?..
Bilmirəm. Bunu onların öz öhdəsinə buraxıram... Amma onu deyə bilərəm ki, təkcə Sumqayıt teatrı yox, Azərbaycan teatrı sənin kimi sənətkarı itirməklə çox şey itirdi. Çünki sənin kimi Allah vergisi olan sənətkarlar dünyaya az-az gəlir.
Heyif ki, biz, sənin ailə üzvlərin, qardaş-bacın, qohumların, dostların fevral ayının 13-də sənin 67 yaşını sənsiz yad edəcəyik. Fevral ayının 16-da isə dünyanı dəyişməyinin bir ili günü səni yenə də yada salıb çox heyfislənəcəyik. Qəmlənəcəyik. Nə deyim, Tanrının yazdığı bu yazıya… Böyük Xəyyamın təbirincə desək, “Fələyin yazdığını yaza bilsəydim aman, onu öz arzumla, məramımla yazardım təzədən”.

 

Dostun- Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi