KİV DF də islahatlardan geri qalmamalıdır - - Azər Həsrət

KİV DF də islahatlardan geri qalmamalıdır - Azər Həsrət

Son günlər Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) qəzetlərə maliyyə yardımı taktikasını dəyişməsi geniş müzakirə edilir. Bəzən iddia edilir ki, bunu məqsədli şəkildə edirlər ki, qəzetlər çöksün. Hətta onu da iddia edənlər var ki, bu maliyyə kəsildikdən sonra qəzetlər qapanmalı olacaq. Elədirmi? Əlbəttə deyil. Sadəcə vaxtı çatıb, artıq yeni şərtlər çərçivəsində hərəkət etmək lazımdır. Ona görə də KİV DF uyğun qərar qəbul edib. Burada onu da nəzərə almaq lazımdır ki, KİV DF-nin bu yanaşması Prezident İlham Əliyevin apardığı sürətli islahatların da ruhuna tam uyğundur. Hətta deyərdik ki, KİV DF bu islahat qatarından geri qalsaydı tənqid edərdik.

KİV DF-nin son qərarı həm də bu qurumun ötən illər ərzində gördüyü işlərə, səbəb olduğu nəticələrə nəzər salmaq üçün fürsət oldu. Biz geriyə baxanda bir daha əmin olduq ki, bu qurumun fəaliyyətə başlaması Azərbaycan Prezidenti İlham Əliyevin mediaya dəstəyi şəffaflaşdırmaq və daha səmərəli mərhələyə yüksəltmək istiqamətində atdığı ən uğurlu addımlardan biridir. Ayrı-ayrı layihə və ideyaların dəstəklənməsi, indiki informasiya kirliliyi dövründə medianın milli maraqlara xidmətinin daha da həvəsləndirilməsi baxımından KİV DF çox faydalı işlər görüb. Eyni zamanda ayrı-ayrı qəzetlərin bu maliyyə dəstəyindən çox səmərəli istifadə edərək yeni texnologiyaların tətbiqində ciddi irəliləyişlərə nail olması da diqqətdən qaçmamalıdır.

Biz onu da müşahidə edirik ki, KİV DF-nin mövcudluğu, işini hesabatlı şəkildə qurması müxtəlif maraqlı tərəflərin mediaya təsir imkanlarını azaldıb. Nəticə də odur ki, media müstəqilliyini məhz öz dövlətimizin dəstəyi sayəsində daha da möhkəmləndirib. Bu gün Azərbaycanda milli maraqlara və dövlətçiliyə xidmət edən qəzetlərin möhkəmlənməsi KİV DF vasitəsilə edilən yardımlar hesabına mümkün olub.

Təsəvvür edək ki, 2009-cu ildə KİV DF qurulmamış olaydı. Heç şübhəsiz hazırda möhkəm ayaqlar üzərində duran qəzetlərin əksəriyyəti yəqin ki, heç meydanda olmayacaqdı. Sadəcə maliyyə sıxıntısı üzündən qapanacaq və xeyli sayda jurnalist həmkarımız da işsiz qalacaqdı. Lakin KİV DF-nin fəaliyyətə başlaması onların daha 10 il rahat şəkildə fəaliyyətini davam etdirməsinə və yeni dövrün tələblərinə uyğunlaşmaq üçün zaman qazanmasına səbəb oldu.

KİV DF-nin fəaliyyəti həm də ona səbəb oldu ki, qəzetlər keyfiyyət yarışına qoşuldular. Artıq hər bir qəzet həm məsuliyyət hissini artırır, həm də digərlərilə yarışda uduzmamaq üçün daim axtarışda olurdu.

İndi isə bu mərhələ arxada qalıb. Yeni dövrdür, tələblər yenidir. Media bu tələblərə uyğunlaşmalıdır. Eyni zamanda mediaya dövlət dəstəyi zamana uyğunlaşdırılmalıdır. KİV DF-nin qəzetləri dəstəkləməklə bağlı yeni yanaşması da bundan qaynaqlanır. Bizcə, belə yanaşma ən doğru yanaşmadır.

Bundan sonra nə olacaq? Bundan sonra da Azərbaycan dövləti Azərbaycan mediasına dəstəyini davam etdirəcək. Lakin yeni şərtlərə uyğun, zamanın tələbləri çərçivəsində. İndi yeni texnologiyalar əsridir. Heç bir sahənin, o cümlədən medianın bu texnologiyalardan istifadədə axsamağa ixtiyarı yoxdur. Nəzərə alaq ki, Azərbaycanda hər şeyin ASANlaşdırılması prosesi də çox sürətlə və uğurla gedir. Elektron hökumət quruculuğuna şəxsən cənab Prezidentin özü ciddi önəm verir. Belə bir şəraitdə medianın dövlət tərəfindən maliyyələşdirilməsi də zamanın ruhuna uyğunlaşdırılmalıdır ki, KİV DF son addımıyla bunu etdiyini göstərmiş oldu.

 

Azər HƏSRƏT, Azərbaycan Respublikasının Əməkdar jurnalisti 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )