AZƏRBAYCAN MİLLİ KİTABXANASINDA GÖZLƏNİLMƏZ GÖRÜŞ -

AZƏRBAYCAN MİLLİ KİTABXANASINDA GÖZLƏNİLMƏZ GÖRÜŞ

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin anadan olmasının 65 illiyi münasibətilə “Asif Rüstəmli-65” adlı kitab sərgisi açılıb.


Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin, Asif Rüstəmlinin müəllifi olduğu kitab və monoqrafiyalar, ön söz yazdığı, redaktoru olduğu kitablar və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək."

 

***

 

"..."AZƏRTAC"ın bu məlumatını oxuyanda dərin xəyala daldım. Desəm ki, gəncliyim bu kitabxanada keçib - yəqin ki mübaliğə olmaz. Mən həmişə oxu zalında yorulanda bu sərgi salonuna gəlib klassiklərin əsərlərini seyr edər, nadir və yeni nəşrlərlə tanış olardım. Burada kitablarla qısamüddətli tanışlıq mənə güc verər, yorğunluğu çıxardar, yenidən oxu zalına qayıdardım. O vaxt gənc olsam da oxu zalında, xüsusilə Nadir kitablar fondunda mənə OXUCU - deyə müraciət olunardı. Sərgi salonunda isə keçirilən görüşlərdə iştirak edərdim. 1970-ci illərin əvvəllərində Mirzə İbrahimov, Rəsul Rza, Səttar Bəhlulzadə, Süleyman Rüstəm, Süleyman Rəhimov, Sokrat Musayev və digərlərini ilk dəfə bu sərgi salonunda yubiley tədbirləridə görmüşdüm.


Bir vaxtlar klassiklərin əsərləri nümayiş etdirilən stendlərdə indi öz əsərlərimi görürəm... Doğurdanmı indi növbə mənə çatıb? Təəccüb və heyrətlə sərgidə nümayiş etdirilən kitabları, jurnalları nəzərdən keçirirəm. Bunların bir qismi nadirəyə çevrilib, heç mənim arxivimdə də yoxdur... Bəzi kitablar oxunmaqdan bəlkə də cildi bir neçə dəfə dəyişdirilib, tanınmaz hala düşüb... Sərgi salonunun işçilərindən kimsə məni tanıyır... yaxınlaşıb salam verir. Az vaxtda məni əhatələrinə alırlar. Xatirə şəkli çəkdirmək istəyirlər... 65 yaşıma əlvanlıq gətirən bu gözlənilməz görüşün, yubiley sərgisinin yaratdığı hisslər, duyğular unudulmazdır. Bu unudulmazlığı sürpriz kimi mənə yaşadan Milli Kitabxananın direktoru, professor Kərim Tahirliyə və onun peşəkar, zəhmətsevər əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm" 

Asif Rüstəmli

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )