Yaqub Mahmudova həsr olunmuş kitabın təqdimatı olub - (+FOTOLAR)

Yaqub Mahmudova həsr olunmuş kitabın təqdimatı olub (+FOTOLAR)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” adlı kitabın təqdimatı keçirilib.

 

Tarix İnstitutundan verilən məlumata görə, kitabın ideya müəllifi və tərtibçisi tarixçi alim Güntəkin Nəcəflidir. Kitab Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun anadan olmasının 80 illiyinə həsr olunub.

 

Milli Məclisin deputatı Fəzail İbrahimlinin aparıcılığı ilə keçən tədbirdə 1980-ci illərin sonu - 1990-cı illərin əvvəlində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində təhsil alan tələbələr iştirak edib.

 

Fəzail İbrahimli bildirib ki, Yaqub Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı olub: “Onun yetirmələri arasında tarixçi alimlər, yüksək vəzifəli məmurlar, diplomatlar və başqaları var. O mənim də müəllimim olub. ADPU-nun Tarix fakültəsində mənə dərs deyib”.

 

Tədbirdə Yaqub Mahmudovun yetirmələri – tarixçi alimlər Güntəkin Nəcəfli, Sevinc Ruintən, Rəsul Hüseynli, Dilavər Əzimli və başqaları bildiriblər ki, o, ölkəmizdə yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynayır. Onun bilavasitə elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorlarından ibarət tarixçilər məktəbi formalaşıb.

 

Qeyd olunub ki, 1989-cu ildə Yaqub Mahmudovun təşəbbüsü və Tarix fakültəsinin fəal iştirakı ilə fövqəladə vəziyyətin hökm sürdüyü zaman BDU-da Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları və onların fəaliyyəti qadağan edildiyinə görə, 1989-cu ildə fakültənin 70 illik yubileyi böyük çətinliklə baş tutub. Dekan olarkən Yaqub Mahmudovun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudovun təşəbbüsü ilə Sovet İttifaqı Kommunist Partiyasının Tarix fakültəsindəki ilk partiya təşkilatı buraxılıb. O, milli azadlıq hərəkatının mərkəzlərindən olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib.

 

G.Nəcəflinin tərtibçisi olduğu kitabda yazılıb ki, Yaqub Mahmudov 20 Yanvar faciəsi ərəfəsində Tarix fakültəsinin tələbələrini qorumaq məqsədi ilə imtahanların vaxtını irəli çəkib. O zaman Tarix fakültəsinin tələbələrindən yalnız 1 nəfər xəsarət alıb.

 

Bildirilib ki, Yaqub Mahmudovun Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsində mühüm xidmətləri var. Ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.

 

Akademik sonda tədbirin təşkilatçılarına təşəkkür edərək qeyd edib ki, tariximizə sahib çıxmalıyıq: “Tarixinə sahib çıxan xalq yenilməzdir. Tarixinə sahib çıxmayan xalq isə məhvə məhkumdur”. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )