«Azərikimya» İB ilə ADNSU-nun əlaqələri genişlənir - (+FOTOLAR)

«Azərikimya» İB ilə ADNSU-nun əlaqələri genişlənir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, martın 12-də SOCAR-ın «Azərikimya» İstehsalat Birliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

“Azərikimya” İB-nın aparıcı mütəxəssislərinin də iştirak etdiyi görüşü giriş sözü ilə açan «Azərikimya» İstehsalat Birliyinin Baş direktoru İmran Arzumanzadə qonaqları səmimi salamlamış və növbəti dəfə belə bir təşəbbüsdə olduqları üçün ADNSU-nun rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Qonaqlara təqdimat vasitəsilə «Azərikimya» İB-nin Etilen-polietilen zavodunada həyata keçirilən yenidənqurma və modernizasiya layihələri, perspektiv planlar haqqında məlumat vermiş, kadr hazırlığı məsələləri, respublikamızın aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr və bu qarşılıqlı faydalı əməkdaşlığın ali təhsil ocaqlarına, kimya sənayesinə, ümumilikdə isə respublikamıza verəcəyi töhfələrdən söhbət açmışdır.

Qeyd olunmuşdur ki, “Azərikimya” İB-nin ADNSU ilə birbaşa əməkdaşlığı 2015-ci ildə ilk dəfə Universitetin 5 nəfər tələbəsinin Birliyin vasitəçiliyi ilə əvvəlcə “Etilen-Polietilen” zavodunda, sonra isə Türkiyənin Petkim Petrokimya Holding A.Ş.-də ödənişsiz yay təcrübəsində iştirakı ilə başlamışdır. Bu əlaqələr sonrakı illərdə də davam etdirilmişdir.

Ümumilikdə isə, 2015-2018-ci illər ərzində “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunda ADNSU-nun 19 tələbəsinin və 9 məzununun ödənişli, 200 nəfər tələbəsinin isə ödənişsiz istehsalat təcrübəsi təşkil edilmişdir. Bu təcrübələrin və qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunda işlə təmin olunan və müvəffəqiyyətlə çalışan ADNSU məzunlarının sayı da kifayət qədərdir. Hazırda universitetin 119 nəfər müxtəlif ixtisaslardan olan tələbəsi Etilen-Polietilen zavodunda ödənişsiz istehsalat təcrübəsi keçir.

Səmimi qəbula, tələbələrə göstərilən diqqət və qayğıya görə «Azərikimya»nın rəhbərliyinə minnətdarlığını ifadə edən Mustafa Babanlı ADNSU-da həyata keçirilən islahatlar haqqında geniş məlumat vermişdir. Bu islahatların daha faydalı xarakter alması üçün “Azərikimya” İB-nin mütəxəssislərinin davamlı olaraq universitetin auditoriyalarında çıxışlarının, tədris proqramlarının, həmçinin müdafiə mövzularının hazırlanmasında yaxından iştirakının vacibliyi vurğulanmışdır.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki tərəfdən işçi qrupun yaradılması və birgə fəaliyyət Proqramının hazırlanaraq həyata keçirilməsi təşəbbüsü irəli sürülmüş və bu istiqamətdə işlərə start verilməsi üçün ümumi razılığa gəlinmişdir.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )