Cocuq Mərcanlı sakinlərinin Yel çərşənbəsi sevinci - + FOTOLAR (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Cocuq Mərcanlı sakinlərinin Yel çərşənbəsi sevinci + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri Novruz çərşənbələrinin üçüncüsünü - Yel çərşənbəsini böyük sevinclə qeyd ediblər.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Qayıdış" parkında keçirilən bayram tədbirində kənd sakinləri ilə yanaşı qonaqlar və N saylı hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Tədbir iştirakçıları Biləsuvar, Kürdəmir və Sabirabad regional mədəniyyət idarələrinin təşkil etdiyi dekorativ-tətbiqi sənət sərgisi, el sənətkarlarının əl işləri, rəsm əsərləri, milli mətbəx nümunələri ilə tanış olublar. Sərgidə bayram xonçaları, müxtəlif növ şirniyyatlar, səmənilər və xalça nümunələri nümayiş olunub.
Tədbirdə tonqal qalanıb, nağara ifaçılarının və rəqs qrupunun çıxışları, Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
Bayram şənliyində çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov cocuq mərcanlılıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb. Bildirib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlıda bayram tədbirinin keçirilməsi böyük rəmzi məna daşıyır. Bu bir daha göstərir ki, biz bütün işğal olunmuş torpaqlarımızı azad edəcəyik.
"1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və müasir hərb tariximizə azadlıq döyüşü kimi yazılan uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 kəndi ilə bərabər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Ermənistan işğalçıları qüvvələrinin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Ordumuz strateji əhəmiyyətli əraziləri nəzarətə götürdü. Nəticədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyat öz axarına döndü. Sakinlərin öz kəndində yenidən məskunlaşması doğma yurda böyük qayıdışın möhtəşəm başlanğıcı oldu. Bu qayıdış əsl qəhrəmanlıq salnaməsi, torpağa bağlılığın parlaq nümunəsidir”, - deyə nazir müavini bildirib.
Bayram tədbiri incəsənət ustalarının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinin, Cocuq Mərcanlı kənd tam orta məktəbinin “Vətənpərvərlər" qrupunun ifasında rəngarəng konsert proqramı ilə davam edib.
Bayram tədbirində iştirak edən Xalq Artisti Gülyanaq Məmmədova jurnalistlərə müsahibəsində deyib: "Bu torpağa gələndə çox kövrəldim. Mən bura gələndə evdə körpələrim dedilər ki, Zəngilan dağlarının şəklini çək gətir. Çünki onların nənəsi-babası bu torpaqlardandır. Bizim qəlbimiz hər zaman Qarabağımızla döyünür. Çox şadam ki, bu gün Cocuq Mərcanlıdayam. Mən söz verirəm ki, ansamblımla burada solo xonsert verəcəm".


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )