Səni kimə tapşırım... - - Əşrəf Veysəlli

Səni kimə tapşırım... - Əşrəf Veysəlli

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Səni kimə tapşırım

 

Səni kimə tapşırım,
Harda bəsləyim səni,
Sarı simə tapşırım,
Tarda bəsləyim səni.

 

Gəzdirim pərdə- pərdə,
Dinləsin göy də,yer də.
Çahargahda, şüştərdə
Şurda bəsləyim səni.

 

Bu saf,təmiz eşqimiz
Ay kimi,günəş kimi.
Qon gözümə yaş kimi,
Nurda bəsləyim səni.

 

Ürəyim dar qəfəsdə,
Can üstə,son nəfəsdə...
Bir salamat yer göstər,
Orda bəsləyim səni.

 

***

 

" Ayaqlarım- öküzlərim",
Doğmalarım,ekizlərim.
Darta bilmir fərsizlərim,
Hərəsi bir yana çəkir.

 

Kimsə məni soraq alıb,
Könlümü bir maraq alıb...
Dərd əlinə daraq alıb,
Saçlarıma şana çəkir.

 

Qəm yoludur mənim yolum,
Qan ağlayır sağım,solum.
Allahıma qurban olum,-
Məni imtahana çəkir.

 

***

 

Bu  Dağların

 

Göylərində bulud kimi
dola adam bu dağların.
Nəğməsini ürəyiylə
çala adam bu dağların.

 

Yolu düşə yaz çağında,
isinə gül ocağında .
Sığlnaraq qucağında
qala adam bu dağların.

 

Gözəllikdən göz isinə,
doaqlarda söz isinə.
Dərman bilib,qadasını
ala adam bu dağların.

 

Dağlar-gözəlliyin tacı,
şəlalələr- gümüş saçı,
Heç olmasa bir ağacı
ola adam bu dağların.

 

Yorulmasa yoxuşunda,
yuyunmasa yağışında,
çiçək kimi ağuşunda
sola adam bu dağların.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )