Qayıdacaqsınız! Hamınız əli qandallı qayıdacaqsınız! - - Deputat Elşən Musayev xəbərdar etdi

Qayıdacaqsınız! Hamınız əli qandallı qayıdacaqsınız! - Deputat Elşən Musayev xəbərdar etdi

www.facebook.com/groups/1110444829106515/

 

Əslində Paşinyanın Xankəndini hər dəfə “mesaj ünvanı” seçməsi olduqca müəmmalıdır. Adamın (əgər adam demək mümkünsə) Dağlıq Qarabağa etdiyi 3 səfərin üçü də məhz Xankəndi üzərindən reallaşıb. 2 səfər seçki öncəsi, biri də indi. Üstəlik, lap qısa müddət ərzində. Səbəb bu məkanda hava limanının var olmasıdırmı? Xeyr. İstəsə quru xətlə də rahatca gedib-gələr. Səbəb Təhlükəsizlik Şurasının növbədənkənar iclasıdırmı? Yenə, xeyr. Zatən bütün heyət İrəvandan gəlib. Saakyanın, qondarma rejim təmsilçilərinin isə rəsmi qiyafədə de-yuri təmsil olmaq lüksu yoxdur. Onlar ancaq “gətir-götür”, qonaqlıq işlərinə baxırlar. Səbəb həqiqətən sərhəd zolağında saxta, imitasion güc göstərmək, sinə gərməkdirmi? O da xeyr. Paşinyanın elə gücü olsa birinci iqtisadiyyatla bağlı verdiyi vədləri yerinə yetirər, ölkəni iqtisadi blokadadan çıxarar, sonra keçər səngərə...

 

Demək ki, daha ciddi məsələlərdən, mətləblərdən iz azdırılır. İlk ehtimal provokasiyadır.

 

Əvvəla, rəsmi heyətin Xankəndinə təyyarə ilə düşməsi təsdiqlənsə də, Paşinyanın bölgəyə quru xətlə gəlməsi bir çox mənbələrin xəfiyyə məlumatları sırasındadır. Məlum provokasiya ona hesablanıb ki: əsəbləri tarıma çəkilən Azərbaycan ordusu təyyarəni nişan alır (Eynən türklər rus təyyarəsini vurduğu kimi) və müharibə yeni, proqnozlaşdırılmamış müstəvidə alovlanır. Özü sağ qalan Paşinyan isə həm yaramaz komandasından qurtulur, həm illərdir bizim xeyirimizə gedən danışıqlar puç olur, həm Beynəlxalq arenada erməninin saxta-məzlum obrazı yaradılır, həm də paytaxtdakı ciddi qarşıdurmalar, artıq İrəvanın dövlət qurumlarına qədər siraət edən itaətsizlik bumu səngiyir.

İkinci səbəb - qondarma rejim daxilindəki, daha dəqiqi, Qarabağ klanındakı əsas söz sahiblərinin Xankəndində qərarlaşmasıdır. Məhz onlarla Paşinyan arasında olan fikir ayrılığının nəticəsidir ki, Petrosyan, Köçəryan və Sarkisyanla bağlı həlledici qərar qəbul edilmir. Hərçənd, Paşinyan və Sarkisyan arasında inqilabın gedişində ən son görüş zamanı qeyri-rəsmi “centlimen sazişi” bağlanmışdı. Ki, hakimiyyət qansız verilsə, Sarkisyana toxunulmayacaq. Amma görünən budur, Paşinyan verdiyi vədə sahib çıxmaq niyyətində deyil. Düzdür, Sarkisyanla bağlı hələ sadəcə dindirmə, üzləşdirmə səpkili istintaq hərəkətləri aparılır, amma heç şübhəsiz, Xankəndində cəmlənən “güc”lərdən “hə” cavabı alınsa, onu da Köçəryanın gününə salacaqlar. Ayrıca, Qarabağda döyüş strategiyası ilə bağlı erməni tərəfin bütün məxfi şifrəli kəşfiyyat məlumatları da məhz həmin “güc”lərin əlindədir. Onlar isə hələ də son “xaç atası” olaraq Sarkisyanı qəbul edirlər və unutmaq lazım deyil ki, Sarkisyanın ilk dəfə dindirilməsindən dərhal sonra cəbhə bölgəsində 5 komandirin 2 gün ərzində öz əsgərləri tərəfindən qətlə yetirilməsi faktı da Xankəndində reallaşıb. Yəni, Paşinyanın məlum “güc”lərlə dil tapmadan Sarkisyana qarşı istənilən həmləsi, dermarşı cəbhə provokasiyası ilə nəticələnəcək. Mesaj budur. Paşinyan da mesajın fərqindədir və eyni adlı səbəbdən hər dəfə məkan olaraq Şuşa, Kəlbəcər, Laçın deyil, məhz Xankəndi seçilir. Məhz “Konsey”in olduğu məkan.
Üçüncü ehtimal – ilk bölüm daxilində qeyd etdiyim kimi dolayı formada deyil, məhz birbaşa anlamda paytaxtdan iz azdırma cəhdidir. Olsun ki, Paşinyanın inqilabını stimullaşdıran qüvvələr mayanın bu qədər tezcə batmaması üçün “B” planı hazırlayıblar. Çünki Ermənistan faktiki olaraq yeni inqilabın astanasındadır. Formula episentri olaraq da “erməni icması” düşünülüb ki, ATƏT-in Minsk Qrupu da daxil münaqişənin nizamlanmasında birbaşa təyinatı olan bütün qurumlar necə deyərlər mövzuya “fransız” qalsınlar. Yəni, bu icmanın tələbidir, biz onları dinləməyə, fikirlərini dəyərləndirməyə məcburuq. Hərçənd həmin qrupa daxil ölkələrin hansınınsa bu məsələdə fərdi təşəbbüsü olsa belə, yenə təəccüblənmək lazım deyil və..hətta ehtimal edilən məlum durumda da 2 sual öz cavabını mütləq axtaracaq: 1) Bəs Dağlıq Qarabağ müstəqil idi, onların işinə qarışmırdınız? 2) Erməni icması Xankəndindən savayı heç yerdə toplaşa, fikir çatdıra, rəy formalaşdıra bilmirmi?

Dördüncü ehtimal – müxtəlif proseslərin eyni mərkəzdə birləşmə sinxronluğu ilə bağlıdır. Diqqət edin: “Lazarev” klubu durduq yerdə, hansısa “gözəgörünməz” qüvvənin əli ilə yenidən aktivləşir. Daha dəqiqi, aktivləşdirilir. (Baxmayaraq ki, fərqli xətdir, Paşinyanın özünü belə heçə sayır, köhnə klannın kurasiyasında-patronajlığındadır, amma hər nəysə, hər nədirsə - var, mövcuddur və Azərbaycana qarşı yönəlib) Paralel fonda sapı özümüzdən olan baltalar beynəlxalq təşkilatların düzənlədiyi tədbirlərdə təcili iştiraka yönləndirilir – o tədbirlərə ki, türk və azərbaycanlı adının hədəfə alınması birbaşa panel predmetidir. (Leyla Yunus Paşinyanın Qarabağ səfəri ilə eyni gündə Avropa Parlamentinin binasında “ermənifobiya” haqda geniş bir məruzə ilə çıxış edib. Qeyd edib ki, mənim mənsub olduğum ölkədə 10 yaşlı qızlara xristianın, erməninin zalım, qorxunc obrazı aşılanır) Digər istiqamət isə özündə sosial şəbəkələrdəki yaramaz-destruktiv fəaliyyəti ehtiva edir. (Artıq hətta MirZƏLİnin belə qrantı kəsilmir, qəpiyinə qədər ödənilir. Sadəcə, təlimat dəyişib: ancaq Qarabağ haqda danışılmalı, Azərbaycan əhalisinin orduya, hərbə biganə münasibəti barədə saxta rəy formalaşmalıdır. Hər halda qara ünsür Vidadinin: “Qarabağda döyüş başlasa silahı erməniyə yox, özümüzkülərə tuşlayacam” – deməsi sadəcə sıradan bir şizofrenikin beyin məhsulu kimi qiymətləndirilməməlidir. Burada məqsəd məhz bu manqurtun timsalında saxta fikir formalaşdırmaqdır. Ki, guya hamı belə düşünür. Burada açıq ssenarist dəsti-xətti var. Burada açıq məkr var. Yoxsa 72 internet kanalı, 12 portal sanki bu çıxışa bəndmiş kimi dərhal məlum hissəni birnəfəsə götürüb tirajlamazdı)

Nəhayət, adı keçdi deyə bir-iki kəlmə də Leyla Yunus haqda deyim, ürəyim boşalsın. Bu adamın quyruğu qapı arasında qalanda, iki saata aldığı vizası bir işə yaramayanda, məhkəmədə bütün fəaliyyəti ifşa olunanda “içəridən” bol-bol üzrxahlıq mesajları, müraciətləri göndərirdi. Yazıq görkəmi almışdı. Başındakı “kosınka”nı da elə bağlayırdı, sanardın, məşhur konfet obrazı – “Alyonuşka”nın məsumluğu çöküb bunun simasına. Həmin ərəfədə Azərbaycanın siyasi elitasında qərarlaşanlar haqda demədiyi tərif, demədiyi xoş söz qalmadı. Ardınca, ay ömrümün sonudur, ay təzyiqim 220-dən düşmür, ay balamı görmədən öləcəm, ay dad-bidad, yalvarışlar, imdadlar...

Amma ölkədən çıxan kimi oldu şir, pələng, canavar. “Kasınka” çıxdı, saç getdi “ukladka”ya. Təzyiq düşdü. Ölüm, övlad, tərif, imdad unuduldu. Yenə qayıtdı öz obrazına - erməni qanından, erməni xislətindən formalaşan genetik obrazına! Dublikatından imtina edib əslinə doğru yön aldı. “Şərəfsiz qiyafə”sini yenə əyninə geyindi. Maska cırıldı. Dili açıldı!
1992-də də açılmışdı həmin dil. Yenə erməni “bacı -qardaşlar”ının xeyrinə, səmtinə. Bəli, diqqətli olun: Leyla Yunus o adamdır ki, indi rəğbət bəslədiyi ermənilərlə müharibənin ən şiddətli vaxtında Müdafiə Nazirliyində “Analitika və İnformatika” şöbəsinə rəhbərlik edib və...

Leyla Yunus o adamdır ki, beynəlxalq tədbirdə rusca sərrast danışdıqdan sonra jurnalistin “öz dilinizdə niyə məruzə etmirsiniz?” - sualına: “mən azərbaycanca yalnız söyüş söyə bilirəm” – cavabını verib!

Leyla Yunus o adamdır ki, hüquq müdafiəçisi qismində indiyə qədər müdafiəsinə qalxdığı 27 nəfərin 26-sı(!) ermənidir!

***

Azərbaycanın suyu-çörəyi sənin burnundan gəlsin. Bağışlanası, günahından keçiləsi namərd deyildin sən. Sənin kimi millət xainləri vətənin günəşinə, havasına da həsrət qalmalıdır, çiçəkləri, ağacları da dəmir barmaqlıqlar arasından görməlidir. Bu dövlətin humanizmindən maksimum yararlandın. Ona görə ayağın yer aldı, ona görə Avropa Parlamentinin binasında, tinlərində rahatca lövbər saldın, ona görə öz millətinə, öz vətəndaşına şər atmağı bacardın. Amma bax Fəxrəddin Abbaszadəyə və dərs al. Bax “Quska”ya, dərs al. Bax xaricdə kükrəyib, Bakı hava limanından içəri keçən kimi dovşana dönənlərə, dərs al. Qayıdacaqsınız hamınız. Sən də, Vidadi də, Orduxan da, Tural da... Hamınız əli qandallı qayıdacaqsınız!

Mütləq qayıdacaqsınız....!!!!!

 

Elşən Musayev, Milli Məclisin deputatı 
musavat.com

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )