Gülərüz insan haqqında yazı - - Azər Həsrət

Gülərüz insan haqqında yazı - Azər Həsrət

https://www.facebook.com/groups/458090628035596/

 

Bəzən elə insanlara rast gəlirik ki, onları sadəcə görmək belə kefimizi duruldur. Hey istəyirik ki, bu insanlarla birlikdə olaq, hardasa təsadüfən rastlaşaq, bir-iki kəlmə kəsək, şansımız gətirsə, lap birlikdə işləyək. Ki, hər gün görə bilək belə insanları.

Hələ bu cür insanlar görüb-götürmüş, təcrübəli olanda onlara daha çox ehtiyac duyuruq.

Özümü çox təcrübəli və çox da yaşlı biri saymasam da həyatda belə adamlarla qarşılaşdığım az olmayıb. Görmüşəm, kampaniyalarında olmağa şad olmuşam o insanların. Belələrindən biri də Vidadi Xəlilovdur.

Biz onunla xanımım Almaz Həsrətin vasitəsilə tanış olmuşduq. Onlar birlikdə işləyirlər. Almaz xanım bu işıqlı insan haqqında həmişə xoş sözlər deyir, işdən gələndə mütləq onun da salamını mənə çatdırır. Əlbəttə, belə bir insanın kimliyi şəxsimi istər-istəməz maraqlandırmalı, məni onunla görüşə cəlb etməli idi.

 

Biz ilk dəfə Vidadi müəllimlə onun 75 illik yubileyində görüşə bildik. Sağ olsun, bizi birlikdə dəvət etmişdi. Həvəslə qatıldıq yubiley tədbirinə. Keçmiş təhsil naziri Misir Mərdanov da daxil günümüzün ən sayılıb-seçilən elm və sənət adamlarının qatıldığı tədbirdə bizə də yer ayrılması könlümüzcə idi.

 

2017-ci ilin dekabrına təsadüf etmiş o yubiley tədbirindən sonra Vidadi müəllimi bir də iş yerində ziyarət edib sadəcə söhbət eləmək keçmişdi könlümdən. Həm də o cür insanın iş yerini görmək maraqlı idi. Ona görə də vədələşdik, bugünlərdə bu işıqlı insanı Təhsil İnstitutundakı iş otağında ziyarət etdim.

Gülərək, həvəslə qarşıladı məni. Bir az da utandım ki, şəxsən özü heç bir təkidimə baxmayaraq mənə çay süzdü. İş günü yeni başlasa da çox gümrah, enerjili görünməsi elə mənim də yuxudan ayılmağıma vasitəçi oldu.


Gülərüz insanla xoş bir gündən xatirə şəkli

 

Biz xeyli söhbət etdik. Musiqidən danışdıq, dildən danışdıq. Qarşımda oturan şəxs sözün bütün anlamlarında ağsaqqal, ziyalı, pedaqoq idi.

Milləti düşünür Vidadi müəllim. Ən adi insanları düşünür, ölkənin taleyini düşünür. Gəlmiş keçmiş elm və sənət adamlarına sayğılıdır. Onların xatirəsini hələ də ayaqda tutur.

Kimləri xatırlamadıq biz qısa söhbət əsnasında? Akademik Mehdi Mehdizadə, bəstəkar Süleyman Ələsgərovdan tutmuş günümüzün sənət ulduzları Səkinə İsmayılova, Mənsum İbrahimov, Arif Babayevə qədər böyük insanlar haqqında danışdıq.

Muğamdan danışdıq, milli musiqidən söz açdıq bu işıqlı şəxsiyyətlə. Ana dilimizə edilən hücumları dilə gətirdik.

 

Mən, nisbətən gənc və müqayisədə xeyli təcrübəsiz biri olaraq Vidadi müəllimlə söhbəti özüm üçün fürsət bildim. Maarifləndim xeyli. Və sevindim. Sevindim ki, bu şəxsiyyəti – işıqlı insanı şəxsən tanıyıram, onunla üzbəüz oturub söhbət edirəm.

 

Təvazökar insandır Vidadi müəllim. Bir az da yaxşı mənada köhnə kişidir. İş otağına göz gəzdirəndə bunu görməmək, sezməmək mümkün deyil. Buranı hətta kiçik bir muzey də adlandıra bilərik.

Divarlarda müxtəlif şəxsiyyətlərin şəkilləri asılıb. Bir tərəfdə qrammofon valları qalaqlanıb. Hamısı işləkdir. Patefon da öz yerində. Digər tərəfdə kasetli iri bir maqnitofon var.

Kitablar, qəzetlər, müxtəlif təsvirlər də nəzərdən qaçmır. Balaca bir otaqdır, amma nəhəng bir yer təsiri bağışlayır. Yəqin ki, Vidadi müəllimin aurası, bir də keçmişə sayğılı olub yeniliklərə açıqlığıdır bu darısqal otağın belə nəhəng təsiri bağışlamasına səbəb.

Xeyli söhbət etdik. Vaxtımız uçub getdi. Xəbərimiz belə olmadı. Ayrıldıq, mən işimə yollandım. Bakının tıxaclarından keçib birtəhər özümü iş yerimə çatdırdım.

 

Həmin günüm çox şən keçdi. Özümü çox çevik, həvəsli, yaradıcı hiss etdim. Əslində, hər gün beləyəm. Amma o gün daha qıvraqdım, daha çevikdim. Sadəcə Vidadi müəllimlə görüşüb kəlmə kəsmək şəxsimi bir qədər də motivə etmişdi.

 

Hə, oxucu sual edə bilər ki, kimdir axı bu Vidadi müəllim? Heç şübhəsiz, belə sual verəcək şəxslərin sayı az olar. Hər nə qədər olmasa bu təvazökar və gülərüz insan yetərincə tanınan birisidir. Amma yenə də kimdəsə o sualın yarana biləcəyini nəzərə alıb Vidadi müəllim haqqında qısa bilgiləri təqdim etməyi gərəkli sandım.

Vidadi Cəmil oğlu Xəlilov 25 dekabr 1942-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. Pedaqogika üzrə elmlər doktoru, professordur. Azərbaycan Respublikasının Əməkdar müəllimi, Rusiya Pedaqoji və Sosil Elmlər Akademiyasının həqiqi üzvüdür.

 

1977-ci ildə Azərbaycan SSR-in “Qabaqcıl maarif xadimi” adına layiq görülüb. 1982-ci ildə isə “SSRİ maarif əlaçısı” kimi yüksək dəyərə layiq bilinib. Elə həmin il “Respublika Lenin komsomolu mükafatı laureatı” adını qazanıb. 1997-ci ildə “Akademik Mehdi Mehdizadə mükafatı laureatı”, 2006-cı ildə isə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” kimi fəxri adlara layiq görülüb.

 

Vidadi müəllim bu zəngin həyatında musiqi, təsviri incəsənət, estetika, estetik tərbiyə üzrə 40 adda monoqrafiya, proqram və dərslik, 200-dən çox məqaləyə müəlliflik etmişdir.

Sözardı: Vidadi müəllim həm də bir ailə başçısı, ata olaraq gözəl əsərlər müəllifidir. Bu gün Azərbaycanda və ondan kənarda tanınan, milli geyim məsələlərimizdə həssaslığıyla seçilən modelyer Gülnarə Xəlilova da bu gözəl insanın övlad əsərlərindən biri, ailəmizin yaxın dostudur.


Vidadi Xəlilovun 75 illik yubileyindən. Dekabr, 2017. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !