“Diqlas” təzminatını onun sahibi ödəməlidir… - - Azər Həsrət

“Diqlas” təzminatını onun sahibi ödəməlidir… - Azər Həsrət

www.facebook.com/groups/1110444829106515/

 

Dedim yazmayım. Lakin yazmayanda da olmur. Biz susduqca bəzi adamlar üstümüzə gəlir. Biz lütfkarlıq edirik, vətəndaşımızın faydası üçün gərəkli olanların edilməsinə çağırırıq, dövlət də səsimizi eşidir. Lakin bəzi adamlar bunu dövlətin geri çəkilməsi, qorxması kimi qələmə verib siyasi xal toplamağa çalışır. Halbuki hər kəs anlamalıdır ki, dövlət vətəndaşının faydası üçün çalışır. Çünki bu, onun borcudur. Yəni dövlət elə vətəndaş üçün vardır və öz insanına faydası toxunmayacaqsa dövlət deyil demək…

 

“Diqlas” Ticarət Mərkəzinin yanması olayından danışıram. Hardasa 200 nəfərin oradan gündəlik çörək qazandığı deyilir. Bilmirəm, dəqiqdir, ya yox. Heç önəmli də deyil. Önəmli olan odur ki, dövlət bu olayda vətəndaşın yanında oldu. Dövlətin rəhbəri – Prezident İlham Əliyev şəxsən ilk andan zərər çəkmiş insanlara bir yardım yolu aramağa başladı, qısa müddətdə də qərar verdi. Bəyan edildi ki, Azərbaycan dövləti vətəndaşlarına dəymiş zərərin qarşılığını ödəyəcək. Bunun üçün maliyyə də ayrıldı. Komissiya quruldu, dərhal də işə başlanıldı.

 

Kənardan müşahidə edirəm bütün bunları. Baş verənlərin yaxından-uzaqdan mənə birbaşa dəxli yoxdur. Ancaq ictimai rəylə işləyən birisi kimi prosesi izləmək, insanların dərdinə mənən də olsa şərik çıxmaq vəzifəmdir deyə düşünürəm. Ona görə də qısa bir dəyərləndirməmi təqdim etmək qərarına gəlmişəm.

 

Dövlətin – Prezident İlham Əliyevin yanğının dərhal ardından lütfkarlıq etməsini təqdirlə qarşılayıram. Hər zaman olduğu kimi bu dəfə də ölkəmin başçısı vətəndaşa dəyər verdiyini sözdə deyil, əməldə göstərmiş oldu. Özü də çevik bir şəkildə.

Zərərçəkənlərə təzminat ödənilməsi qərarını da təqdir edirəm. Belə də olmalıdır. Dövlət zərər çəkmiş vətəndaşına arxa-dayaq durmalıdır. Bunu da vətəndaşı olduğum dövlət edir. Sağ olsun.

Və bunların ardından təqdir edə bilməyəcəyim bəzi məqamları da dilə gətirməyi gərəkli sayıram.

Ticarət mərkəzindəki dükanı yanmış bəzi vətəndaşlarımız ilk andan siyasi-şantaj bəyanatları verməyə başladılar. Bir növ dövlətə dov gəlməyə çalışdılar ki, bax, əgər bizə yardım əli uzatmasan müxalifətçilik edəcəyik. İndi sual olunur: bu adamların dərdi siyasi müxalifətçilikdir, yoxsa yanmış ticarətlərinin bir yolla təzmin edilməsi? Məncə onların dərdi ələ düşən fürsətdən sadəcə olaraq faydalanıb kimlərinsə dəyirmanına su tökməkdir…

İkincisi, bu olaydan sui-istifadə meylləri sezilir. Özü də dükanı yanmışların bunu etməyə çalışdığı sezilir. Yəni hər şeyin yanıb getdiyini düşünən alverçilər çalışır ki, şişirdilmiş rəqəmlərlə dövlətdən daha çox pul qoparsın. Burada dövlətin diqqətli olması lazım. Əgər vətəndaş vicdanlı davrana bilmirsə, dövlətin ədaləti həlledici olmalıdır.

Üçüncüsü, dövlətin dəymiş zərəri təzmin etməsi, yuxarıda da qeyd etdiyimiz kimi, normaldır, təqdir olunasıdır. Lakin burada ortaya bir sual çıxır: məgər dövlət dükanı yananların qarşısında hansısa öhdəlik daşıyırmı ki, adamlara təzminat ödəsin? Ümumilikdə, bəli. Dövlət hər bir vətəndaşın qarşısında öhdəlik daşıyır. Lakin əgər vətəndaş da öz üzərinə düşənləri yerinə yetirirsə. İndiki halda biz görürük ki, ticarət mərkəzində işləyənlər bu məsələdə zəif durumdadır. Onlar həm sığorta, həm də yanğın təhlükəsizliyi məsələsində üzərlərinə düşəni etməyiblər. Yəni özləri özlərini müdafiəsiz qoyublar. Belə bir durumda, əslində, dövlətin onlara hansısa təzminat ödəməsi sadəcə mümkün deyil.

Amma görürük ki, Azərbaycan dövləti hətta belə bir durumda da vətəndaşına əl uzadır. Dövlətin pulu hesabına bu insanların zərəri təzmin ediləcək. Bəs, dövlətin pulu hardan gəlir? Vətəndaşların vergilərindən!

 

İndi bir suala da cavab tapmağa çalışaq: hansısa bir vətəndaş qanunlar çərçivəsində yaşayır, nəticədə dövlətə vergi verirsə, başqa bir vətəndaş qanuna-filana məhəl qoymadan alverçi təfəkkürüylə özünə zərər edirsə, niyə qanunlarla yaşayan vətəndaş o alverçinin zərərini təzmin etməlidir?

 

Məncə, bizim nizam-intizamlı vətəndaşlarımızın hesabına formalaşan büdcəni nizam-intizama hər addımda arxa çevirənlərə xərcləmək doğru deyil.

Belə yanaşmayla heç də cənab Prezidentin iradəsini şübhə altına almaq fikrində deyiləm. Yuxarıda da qeyd etdim: onun bu təzminat qərarını təqdir edirəm. Deyəcəyim başqa məsələdir.

 

İndi ki, dövlət alverçilərin zərərini təzmin etmək qərarı verib, bunu o “Diqlas”ın sahibinin hesabına etmək ən doğrusu olardı. Bəli, oranın sahibi necə ki, dövlətin qanunlarına illərdir tüpürüb, yanğın təhlükəsizliyi və sığorta məsələlərini davamlı şəkildə qulaq ardına vurub, indi də zəhmət çəksin qarşılığını ödəsin! Niyə mənim vergi ödəyən vicdanlı vətəndaşım hansısa ticarət mərkəzinin vicdansız sahibinin bu dövlətin qanunlarına tüpürməsinə görə pul ödəməlidir?

 

Hələ mən o “Diqlas”ın tikilməsinə icazə verənləri demirəm. Hər kəs yaxşı xatırlayır ki, “Diqlas”ın yerində çoxillik ağaclar vardı. Heç bir etiraza məhəl qoymadan o ağacları kəsdilər, yerində də bu mərkəzi tikdilər. İllərdir oradan milyonlar qazanırlar. İndi buyursunlar, qazandıqlarından bir az ayırıb o alverçilərə təzminat ödəsinlər!

Hər kəs əməlinə görə hesab verməlidir! O “Diqlas”ın orada tikilməsinə izn verənlər, həmin mərkəzi orda tikənlər, hazır mərkəzi sığorta etdirməyənlər və yanğın təhlükəsizliyi tələblərini inkar edənlər! Bu məsələlərdə adı keçən hər kəs məsuliyyətə cəlb edilib cəzalandırılmalıdır ki, dövlət bu yaramazlara görə zərər görməsin.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )