“Dualarda yaşayan şəhidlər” - (+FOTOLAR)

“Dualarda yaşayan şəhidlər” (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, aprelin 4-də Bakı Slavyan Universitetində (BSU) Gənc Yaradıcılar Klubunun təşkilatçılığı ilə Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş “Dualarda yaşayan şəhidlər” adlı anım mərasimi keçirilib. Mərasimdən öncə BSU-nun müəllim heyəti və Tələbə Gənclər Təşkilatının (BSU) üzvləri II Fəxri Xiyabanda yerləşən Aprel şəhidlərinin məzarlarını ziyarət ediblər.
Anım tədbirinin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva aprel ayında baş vermiş hadisələri yaxın tariximizin həm kədərli, həm də qürurverici səhifəsi adlandırıb. O bildirib ki, aprelin 1-dən 2-nə keçən gecə qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri erməni təxribatına layiqli cavab verərək, uğurlu əks-hücum əməliyyatı keçirib, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Nurlana Əliyeva deyib: “Aprel döyüşlərindən sonra Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir. Bizim əsgərlərimiz, zabitlərimiz sübut etdilər ki, Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hər an hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan ordusu Ermənistanın uzun illər öz ordusu haqqında uydurduğu miflərin yalan olduğunu bir daha sübut etdi”. Rektor 2016-cı ilin aprel ayının 4-də Fizuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan BSU-nun məzunu Vüqar Süleymanovun xatirəsini yad edib, şəhidə Allahdan rəhmət diləyib. N.Əliyeva nitqinin davamında dövlət tərəfindən ordumuz üçün yaradılan şəraitdən söz açıb. O bildirib ki, hərbi sıralarımızda nizam-intizam hökm sürür, ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Rektor YAP Qadınlar Şurasının sədri kimi aprel döyüşlərindən sonra cəbhə xəttində əsgərlərlə görüşündən söz açıb, Azərbaycan əsgəri üçün yaradılan şəraiti qürur hissi ilə ifadə edib. O qeyd edib ki, ordumuzun ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlarla, hərbi texnika ilə təmin edilməsi Prezident İlham Əliyevin Azərbaycan ordusuna göstərdiyi dəstəyin bariz nümunəsidir. Sonra N. Əliyeva üzünü gənclərə tutaraq onlara öz tövsiyələrini verib. O, vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalandığını bildirib. N.Əliyeva bu gün ölkəmizdə hökm sürən sabitliyin, əmin -amanlığın əvəzsiz bir nemət olduğunu vurğulayıb, gəncləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birliyə səsləyib. O, gənclərə yad ideologiyalara, yabançı düşüncələrə uymamağı tövsiyə edib.

Sonra Aprel şəhidlərinə həsr olunan video-çarxın nümayişi olub.

Nümayişin ardından çıxış edən Qarabağ müharibəsi veteranı, BSU-nun Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov aprel döyüşləri zamanı Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb. S.Məmmədov qeyd edib ki, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Lələtəpə əməliyyatını Azərbaycan xalqının qəhrəmanlıq rəmzi adlandıran S.Məmmədov Aprel döyüşlərini müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biri kimi dəyərləndirib.

Sonra ekrandan Prezident İlham Əliyevin Aprel döyüşləri ilə bağlı nitqi dinlənilib.

Söz alan BSU-nun məzunu, gənc jurnalist Xəyal İbrahimzadə “Aprel döyüşləri -qələbəyə gedən yol” adlı məruzəsində Aprel döyüşləri zamanı cəbhə xəttində hazırladığı reportajı tədbir iştirakçılarına təqdim edib. X.İbrahimzadə gəncləri sosial şəbəkələrdə ordumuzla bağlı yayılan şaiyələrə inanmamağa, dəqiq olmayan informasiyaları yaymamağa səsləyib.

Aprel döyüşlərinin canlı iştirakçısı, həmin döyüşlərdə cəbhə xəttində əsgərlik edən Nizaməddin Babazadə döyüş təəssüratlarını iştrakçılarla bölüşüb. O deyib: “Döyüşlər zamanı təmas xəttinə yaxın yerləşən kəndləri təhlükəsizlik üçün boşaltmaq məqsədilə gedərkən gördüm ki, vətəndaşlarımızda nə qədər milli ruh var. Onlar nə qədər qorxmaz insanlardırlar ki, atəş altında qalaraq öz doğma evlərini, kəndlərini tərk etməmişdilər”.

BSU-nun tələbəsi İradə Cəfərovnın “Aprel döyüşlərində qazanılan uğur” adlı məruzəsində BSU-nun məzunu, şəhid Vüqar Süleymanov haqqında geniş söhbət açıb, şəhidin xatirəsini yad edib.

Sonra iştirakçılar BSU YAP Gənclər Birliyinin Aprel döyüşləri haqqında 13 dildə hazırladığı video-çarxı izləyiblər.

Tədbir Gənc Yaradıcılar Klubunun tərcümə fakültəsi üzrə fəal tələbələrinin vətənpərvərliklə bağlı bədii kompazisiyasının təqdimatı ilə davam edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )