Beriyanı həbs edən iki marşal... - (+FOTOLAR)

Beriyanı həbs edən iki marşal... (+FOTOLAR)

 O, Stalinlə ilk dəfə 1945-ci ildə Kremldə Qələbə münasibətilə keçirilən ziyafətdə görüşüb. Ancaq bu görüşə qədər Stalin onu “hücum generalı” adlandırıb. Hərbi araşdırmaçıların qənaətinə görə, marşal Kirill Moskalenko peşəkar və səriştəli hərbçi olmaqla yanaşı, həm də şanslı bir adam olub. O, 1941-45 müharibəsi illərində ən ağır döyüş əməliyyatları zamanı heç kimin gözləmədiyi nəticələri əldə edib, komandanlıq həmişə ona güvənib...

Kirilll Moskalenko 1902-ci ildə Donetsk vilayətində anadan olub. Dörd illik kənd məktəbində təhsil aldıqdan sonra Maarif nazirliyinin nəzdində fəaliyyət göstərən peşə məktəbində oxuyub. Vətəndaş müharibəsi başlananda yaşının az olmasına baxmayaraq, könüllü olaraq ordu sıralarına qoşulub. Müharibə bitdikdən sonra sıravi Moskalenko həyatını hərbi işə bağlayıb. Xarkovda hərbi məktəbi və Dzerjinski adına hərbi akademiyanı bitirib.

Almaniya-SSRİ müharibəsi başlanana qədər artıq general-mayor rütbəsində olan Moskalenko ölkənin müxtəlif bölgələrində hərbi hissə və birləşmələrin komandiri vəzifəsində çalışıb.

Müharibə Kirill Moskalenkonun bütün hərbi istedadını, bacarığını üzə çıxarıb. Qafqazdan Praqaya qədər döyüş yolları keçən general iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Moskalenko icraçı deyil, təşəbbüskar hərbçilərdən sayılıb. O, mütəmadi olaraq özü tərəfindən hazırlandığı hərbi əməliyyatlar haqqında Moskvaya, baş qərərgaha məlumat verib, icazəsini aldıqdan sonra həmin əməliyyatları uğurla həyata keçirib. Təsadüfi deyil ki, Dövlət Müdafiə Komitəsinin iclaslarında Moskalenkonun adı müsbət mənada tez-tez hallanıb.

Müharibədən sonra bir neçə hərbi dairədə komandan vəzifəsində xidmət edən Moskalenko daha yüksək vəzifəyə, Moskava Hərbi Dairəsinin komandanı vəzifəsinə təyinat alıb və ordu generalı rütbəsi marşal rütbəsi ilə əvəz olunub.

Marşal Moskalenko təkcə keçdiyi döyüş yolları, yüksək təltifləri, marşal rütbəli hərbçi olması ilə deyil, həm də Beriyanı həbs edən şəxs kimi yadda qalıb...

26 iyun 1953-cü il tarixində baş verən hadisənin təfərrüatları uzun illər gizli saxlanılıb. Nikita Xruşov verdiyi müsahibələrdə, yazdığı xatirələrində həmin gün, Lavrenti Beriyanın həbs olunduğu tarix haqqında böyük həvəslə söhbət açıb və bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

İyunun 29-da səhər saatlarında köməkçisi Moskalenkoya təcili Kremldə, Xruşovun qəbulunda olmağı çatdırıb. Moskalenko hərbi qaydaya uyğun olaraq bu haqda müdafiə naziri Bulqaninə məruzə edib. Bulqanin ona əvvəlcə nazirliyə gəlməyi tapşırıb. Beləliklə, hələ iş günü başlamamış Bulqanin və Moskalenko nazirlikdə görüşüblər. Sonra Bulqanin Moskalenkonu Kremlə göndərib. Aradan beş-on dəqiqə keçməmiş Bulqanin öz müavinini, Jukovu kabinetinə dəvət edib. Nazir keçirdiyi həyəcandan Jukovla əllə görüşməyib. Yerində əyləşəndən sonra qalxıb yenidən Jukova əl uzadıb. Bulqanin cəhd etsə də, görüşün məqsədini Jukova açıqlaya bilməyib, tez qovluğunu götürərək üzünü Jukova tutub:

- Georgi Konstantinoviç, biz təcili Kremlə getməliyik.

Həmin gün Kremldə Xruşovun təşəbbüsü ilə Mərkəzi Komitənin rəyasət heyətinin (siyasi büronun) və həm də Nazirlər Sovetinin birgə iclası keçirilməsi planlaşdırılıb. Əvvəlcədən sövdələşməyə görə məhz bu iclasda Beriyanın həbs edilməsi nəzərdə tutulub. Bu işin kim tərəfindən icra olunması ciddi müzakirə olunub. Bununla bağlı Xruşovla Jukov arasında məxfi söhbət olub. Jukovun bu işə cəlb edilməsi də təsadüfi olmayıb. Çünki hələ Stalinin dövründə Beriya Jukovu aradan götürmək istəyib və aralarında kifayət qədər böyük konflikt yaranıb. Bunu nəzərə alan Xruşov Beriyanın həbsini Jukova həvalə etməyi qərarlaşdırıb. Jukov isə bu təklifi belə cavablandırıb:

- Kimisə həbs etmək mənim vəzifə funksiyalarıma aid deyil, amma mən Beriyanı böyük məmnunniyyətlə həbs edərəm.

Bu razılıqdan sonra təbii ki, belə bir sual da ortaya çıxır. Bəs Moskalenko niyə bu işə cəlb olunub? Bəli, Xruşov Moskalenkonu ehtiyat variantı kimi bu həbsə cəlb edib. İkinci bir tərəfdən isə, sərt xarakteri ilə fərqlənən Jukova çox da etibar edilməyib. Hətta Jukovun həbs prosesindən sonra başqa tədbirlərə də əl ata biləcəyi ehtimal olunub.

Elə həmin səhər Jukov Xruşovun kabinetindən çıxdıqdan sonra Malenkovun kabinetinə keçib. Malenkov onu təlimatlandırıb, iclas zalında ikinci zəngi çaldıqdan sonra onun içəri girməsini və Beriyanı həbs etməsini Jukova anladıb. Malenkov Jukova bütün detalları xatırladıb:

- Yoldaş Jukov, Beriya fiziki cəhətdən güclüdür, o hətta güləş növləri üzrə peşəkardır. Bu işin öhdəsindən gəlmək çətin olmayacaq ki?

- Xeyr, mən də rus kəndlisinin balası kimi uşaq vaxtı kənddə çox dalaşmışam.

Sonra Moskalenko ilə söhbət aparılıb. Moskalenko tapşırığın icrasına tərəddüd etməsə də soruşub:

- Bu prosesdə daha kim iştirak edəcək?

Malenkov Jukovun adını çəkib, sonra ondan əlavə qüvvələrin gəlməsini xahiş edib. Moskalenko daha dörd nəfər tabeçiliyində olan və inandığı hərbçilərin də gələcəyini söyləyib. Malenkov dörd nəfərin az olduğunu söyləyib:

- Beriyanın mühafizə qrupu sayca çoxdur və hamısı peşəkardır. Bunu nəzərə alırsınızmı?

- Bəli, mənimlə birlikdə olanlar ən ağır döyüşlərdən keçiblər.

Beləliklə, iclas başlayıb. Beriyanın da həmin iclasda çıxışı nəzərdə tutulub. İclasın birinci hissəsindən sonra Malenkov Nazirlər Sovetinin üzvlərini buraxıb, iclasın yalnız büro üzvləri ilə davam edəcəyini söyləyib. Bu ərəfədə Moskva Hərbi Dairəsi şəhəri tam nəzarətə götürüb, Daxili İşlər Nazirliyinin (Beriya həmin dövrdə bu qurumun rəhbəri olub) tabeliyində olan hərbi hissələrin qarşısına tanklar yeridilib. İclasın ikinci hissəsi başlanıb. Malenkov əlinin altındakı zəng düyməsini iki dəfə basıb. Jukov zala daxil olaraq Beriyaya yaxınlaşıb:

- Qalxın ayağa, siz həbs olunursunuz!!!

Ancaq Beriya ayağa qalxmağa macal tapmamış Jukov onun qolunu buraraq qandallayıb və Beriyanın yerə düşən eynəyini çəkməsi ilə əzik-əzik edib. Moskalenko isə bu anda iclas zalının gözləmə otağında olan Beriyanın mühafizəçilərini “sakitləşdirib”. Axşam saat 10-a qədər Beriya Kremldə saxlanılıb. Sonra onu xüsusi avtomobildə Moskalenko ilə birlikdə Moskva Hərbi Dairəsinə göndəriblər. Məhz Xruşovun təşəbbüsü ilə Beriya Moskva qarnizonuna göndərilib. Xruşov Moskalenkoya etibar edib.

Beriyanın “uğurlu” həbsinin əsas icraçıları olan Jukov və Moskalenko arasında sonralar xoşagəlməz münasibətlər yaranıb. 1957-ci ildə Xruşov Jukovu vəzifədən uzaqlaşdıranda Moskalenko da Jukova qarşı çıxıb. Bu qarşıdurmada Jukov Moskalenkonun cavabını belə verib: “Sən məni nədə günahlandıra bilərsən? Sən həmin Moskalenkosan ki, dəfələrlə mənə deyirdin, hakimiyyəti öz əlinə götür, sözsüz ki, mən sənə qulaq asa bilməzdim, çünki mən şərəfimi itirə bilməzdim...”

Sonralar Kirill Moskalenko SSRİ Müdafə Nazirliyində nazir müavini, inspeksiya rəisi və digər yüksək vəzifələrdə çalışıb.

O, 1985-ci ildə 83 yaşında vəfat edib, Moskvada Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !