SEVİMLİ NƏĞMƏNİN OXUNMAYAN BƏNDİ - - Rafael Hüseyn (+ViDEO)

SEVİMLİ NƏĞMƏNİN OXUNMAYAN BƏNDİ - Rafael Hüseyn (+ViDEO)

https://www.facebook.com/groups/458090628035596/ 

 

Rauf Hacıyevin o nəğməsi ilk dəfə Rəşid Behbudovun ifasında səsləndi.
Sonra bu nəğməyə ürəyini qoyaraq onu təkrarsız məlahətldə Mirzə Babayev canlandırdı.
Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların...
Tezliklə mahnını digər müğənnilər və ardınca da az qala bütün xalq oxudu. Mahnının hamınınkılaşmasında bütün başqa məziyyətlərlə yanaşı bir mühüm səbəb də vardı. Orta məktəblərdə nəğmə dərslərində şagirdlərə öyrədilən seçmə mahnıların sırasında bu da yer alırdı və böyüklər kimi uşaqlar da onu həvəslə oxuyurdular.
1960-cı illərdən bəri yurdumuzu tərənnüm edən onlarla, yazlərlə uğurlu nəğmələr yaransa da, Rauf Hacıyevlə Ənvər Əlibəylinin “Azərbaycanım”ı köhnəlmir, sevilməkdə, səslənməkdə, məclislər bəzəməkdə davam edir.
Bu mahnının musiqisi də, sözləri də yalnız onu oxuyanların deyil, təxminən elə bütün azərbaycanlıların yaddaşındadır. Yəni bu nəğmə lap çoxdan xalqınkılaşıb. Lakin az adama bəllidir ki, bu 2 bəndlik mahnının yazılmış, di gəl, oxunmayan bir bəndi də var.
Yəqin ki, ikisinin də fikri bu məsələdə yekdil olmuşdu.
Həm bəstəkar, həm şair şeirin bəlkə də ən təsirli olan bəndini kənara qoymağı daha münasib saymışdılar. Çünki yaxşı anlayırdılar ki, lap özləri saxlasalar da, senzura həmin bəndi qayçılayacaq, lap qalsa belə, həmin sətirlərin ucbatından mahnının hər kəsə eşidilməsinin yolu qapanacaq.
1950-60-cı illərdə Azərbaycanın tarixi taleyinin ən düyünlü məsələsi, ikiyə bölünməkliyimiz haqqında açıq danımaq, yazmaq olmurdu. Xüsusilə Bəxtiyar Vahabzadənin “Gülüctan” poeması təqribən yarımgizli şəkildə, “Şəki fəhləsi” qəzetində Mərkəzdən xəbərsiz, yerli redaktorun cəsarəti sayəsində çap edilib yayılandan, poema əl-əl gəzməyə başlayandan sonra Cənub mövzusu bir az da qapalılaşmış, siyasi cəhətdən çox xatalı olmuşdu.

Sənə şirin arzum deyim, diləyim deyim,
Havam deyim, suyum deyim, çörəyim deyim,
İki yerə parçalanmış ürəyim deyim.
“Yurdum, yuvam, məskənimsən, Azərbaycanım”,
Al bayraqlı vətəminsən, Azərbaycanım!

Ənvər Əlibəyli şair olsa da, onun sərbəstlik dərəcəsi müasiri olan başqa şairlərin azadlıq həddindən əsaslı şəkildə fərqlənirdi. Televiziya və radio komitəsinin rəhbəri kimi o, siyasi vəzifə daşıyırdı. Günün şərtlərinə görə aydındır ki, hər sözünü daha ehtiyatlı dilə gətirməli, yazılarında ideoloji tələblərə daha səliqəli riayət etməli idi.
Bütün bunları bilə-bilə belə yazmışdı. Yazdığı anda da yəqin ki, anlayırdı bu təhər yazmaq siyasi baxımdan məqbul deyil.
Ancaq o, şair idi, əsl şair idi və onu idarə edən başlıca qüvvə ürəyi, duyğuları idi.
Ənvər Əlibəylinin radio-televizya illərinin bir başqa parlaq yadigarı da Azərbaycanın ikiyə bölünməsinin onun daim qəlbində daşıdığı ağrılardan olmasına işarə edir.
1964-cü il oktyabrın 15-də Azərbaycan efirində öz məxsusi çağırtısı ilə yeni bir radiostansiya fəaliyyətə başladı: “Araz”.
Bu niyyətin gerçəkləşməsinin ilk səbəbkarlarından biri isə Ənvər Əlibəyli idi.
Musiqili, ədəbi-bədii verilişlər, zövqlü konsert proqramları, müəyyən saatlarda səslənən qısa xəbərlərdən ibarət bu kanal tezliklə ən dərin rəğbətlər qazandı.
Və ən vacibi – illərin təcrübəsi sübut etdi ki, məhz “Araz” adına uyğun əhəmiyyətlidən əhəmiyyətli bir vəzifəni yerinə yetirməyi, musiqimizin sənətimizin, ədəbiyyatımızın qanadlarında sərhədlərin ən qapalı çağlarında otaylı butaylı Azərbaycanı qovuşdurmağı, daha yaxın etməyi bacarıb.
Köhnə cənubluların mənə söylədiyi bu xatirələr riqqət oyadır – 1960-70-ci illərdə Təbriz bazarında həmin “Araz” radiosundan səslənən ədəbi verilişlər, ən müxtəlif ifaların yazıldığı kasetlər satılarmış.
Bu kasetlər ana dilində məktəbi, dərsliyi, kitabları, radio-televiziyası olmayan cənublulardan ötrü bunların hamısı demək idi.

İnsanlara
Lazım olan insan
Tək qalmaz heç bir zaman.
İstəmərəm ömrümdə
Bircə gün də tək qalam.
Yaşamaq istəyirəm
O qədər –
Nə qədər ki,
İnsanlara lazımam!

...Ənvər Əlibəylilylə ayrılıqdan yarım əsrdən də artıq vaxt keçir.
Vur-tut 51 il yaşayıb. Ömrünün yeni başlanan 52-ci ilinin də cəmi 5 həftəsini.
Qurub-yaratmaq, yurduna faydalar vermək eşqi ilə dolu bir insan üçün qısadan- qısa ömür.
Amma yoxluğundan yarım əsr keçsə də o, tək deyil!
Hər gün, hər an sevimli Azərbaycanı ilə birgədir.
Və yaşayır!
Çünki insanlara lazımdır!
Xalqın doğmasına, həyatımızın ayrılmaz parçasına çevrilmiş nəğmələri, şeirləri ilə o bu gün də gərəyimizdir, bütün sabahlarda da hamımıza məhrəm olacaq.
...Və bir arzum da var – o vaxt, Sovet dövründə Rauf Hacıyevlə Ənvər Əlibəylinin məşhur “Azərbaycanım”ının həmin ixtisara salınmış bəndi qayıtsın yerinə.
İndi ki bizə o bəndi oxumağa, mahnıya qataraq mətni bütövləşdirməyə mane olan yoxdur.
Daha böyük bütövləşmələr isə elə belə-belə qəlpələrdən, böyük amala aparan müqəddimələrdən başlanır!..

 

Aprelin 14-də saat 21.30-da və aprelin 16-da saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” unudulmaz şairimiz Ənvər Əlibəylinin xatirəsinə həsr ediləcək.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !