DOSTLARIN ƏN SADİQİ - - Rafael Hüseyn (+ViDEO)

DOSTLARIN ƏN SADİQİ - Rafael Hüseyn (+ViDEO)

https://www.facebook.com/groups/458090628035596/ 

 

Görəsən böyük Heydər Əliyevin həyatı boyu neçə dostu olub?
Söhbət belə nəhəng miqyaslı, ömrü boyu siyasətin və dövlət işlərinin qaynar axarında və mərkəzində qərar tutan bu qəbil müstəsna şəxsiyyətlərdən gedəndə nəinki miqdar göstərmək mümkündür, hətta bu suala müsbət cavab verməyin özü də tərəddüd doğurur. Axı keçilmiş yol açıqca söyləyir ki, bunca mürəkkəb simaların və nadir adamların onillərlə dövlət idarəçiliyinin üst qatında, "at belində" qala bilməsinin ümdə səbəblərindən biri bu olub ki, həmişə son dərəcə tədbirli hərəkət ediblər, ən yaxın sayılan insanları belə sona qədər özlərinə yaxın buraxmayıblar.
Hər halda onlarla başqaları arasında, hətta ən simsar bilinənlərlə belə ortada pərdə, məsafə daim saxlanıb.
Dünya siyasətçilərinin, tarixdə qalmış üstün liderlərin tərcümeyi-hallarını izləyin, əksərində bu baxımdan oxşar mənzərəyə şahid kəsiləcəksiniz.
O mənada qəti əminəm ki, böyük Heydər Əliyevin bütün ömrü boyu hamıdan yaxın, ən doğma, ən məhrəm dostu Zərifə xanım Əliyeva olub.
Bəlkə də sonacan sadiq, ən etibarlı, ən vəfalı, ən təmənnasız tək dostu!
Zərifə xanımla vida gününün kinoxronikası qalıb.
O hüznlü anların qəmli təəssüratlarını həmin mərasimdə iştirak edənlər də mənimlə bölüşüb.
Güclüdən güclü, iradəli, dəmir kimi möhkəm Heydər Əliyev o anlarda sarsıntı içərisindədir -- hönkür-hönkür ağlayır.
Zənnimcə, bu yalnız sevimli həyat yoldaşının itkisindən doğan acının, kədərin ifadəsi deyildi.
Həm də (və bəlkə də ilk növbədə) taleyin ona nəsib etdiyi ən əziz, ən əvəzolunmaz dostdan əbədi ayrılığın doğurduğu göynəyin, yanğının göz yaşları idi.
Zərifə xanım şərəfli bir nəslin övladı, müasir Azərbaycan tarixində silinməz izləri olan qiymətli bir ictimai xadimin -- Əziz Əliyevin qızı idi.
Nəslinə. soyadına, ata-babalarına layiq ömür yaşadı, təbabətdə sözünü deməyi bacardı, elmdə akademikliyə qədər ucaldı.
Lakin onu bütün başqa Azərbaycan qadınlarından seçdirən bir xüsusiyyət də var.
Azərbaycan dövlət müstəqilliyi enişli-yoxuşlu yollardan adlayaraq 1991-ci ildə yenidən bərpa olunandan sonra artıq 28-ci ildir ki, istiqlal içərisində yaşayırıq.
İstiqlal bir xalq olaraq varlığımız boyu qazandığımız sərvətlərin ən alisidir.
Dövlət müstəqilliyimizin son 28 ilinin 26 ili iki böyük dövlət rəhbərinin adı və fəaliyyəti ilə bağlıdır: Heydər Əliyev, İlham Əliyev.
Zərifə xanım bu iki prezidentin birinin həyat yoldaşı, digərinin anası olub.
Və aprelin 15-i Zərifə xanımın xatirə günüdür.
Xatirəsinə ən dərin ehtiramlar bəslədiyim bu unudulmaz insanla bağlı ötən illərdə bəstəkarlar Faiq Sücəddinov və Oqtay Rəcəbovla bir neçə nəğmə yazmışıq.
Zərifə xanımın növbəti anım günündə o nəğmələrdən ikisi bir daha səslənərək ruhunu şad etsin!

 

Zərifdən zərif.


Sözləri: Rafael Hüseynov
Musiqisi: Oqtay Rəcəbov.
İfa: Nurlan Növrəsli


Zəriflik


Sözləri: Rafael Hüseynov
Musiqisi: Faiq Sücəddinov
İfa: Azər Zeynalov və Rasim Balayev

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )