"Ayaks" bir daha sübut etdi ki, futbolda hər şey pulla həll olunmur - - Tahir Süleymanov

"Ayaks" bir daha sübut etdi ki, futbolda hər şey pulla həll olunmur - Tahir Süleymanov

https://www.facebook.com/groups/604248139738662/ 

 

Hamı "Ayaks"dan danışır. Son bir ayda iki dünya nəhəngini möhtəşəm qələbələri ilə sıradan çıxarıb. Çünki, "Ayaks"ın özü bir nəhəngdir. Tək futbol yox, ilk olaraq beyin nəhəngi...

Hər kəs meydanda son nəticəni görür. "Ayaks" bir daha sübut etdi ki, futbolda hər şey pulla həll olunmur. Düzgün qurulmuş sistem, futbolu bilənlər, bacaranlar sayəsində Avropa standartlarına görə pullulara baxanda, daha az vəsaitlə maksimuma da nail olmaq mümkündür...

Bu, o demək deyil ki, "Ayaks"ın vəsaiti yoxdur. Klubun titul sponsorları ilə yanaşı 20-ə yaxın müxtəlif şirkətlərlə tərədaşlıqları, əməkdaşlıqları var. Hətta Hollandiyanın ən böyük gündəlik nəşri "De Teleqraaf" klubun rəsmi media-tərəfdaşıdır. Bizim isə köklü klublarımız dağılır, dağıdılır, "Futbol+" can verir...

Bacarıqlı futbol adamları klublara rəhbərlik edəndə nəticəsi də olur. Van der Saar 2016-cı ildən "Ayaks"ın baş direktorudur, kollektivi, klubu idarə edir. Mark Overmars isə idman direktorudur. Peşəkar futbolu ruhuna, iliyinə qədər bilən insanlar. Üstəgəl də rəhbər, idarəçilik qabiliyyətləri...

"Ayaks"ın gənclər komandası ötən mövsüm 20 komanda arasında Hollandiya birinci divizionun qalibi olub. Azərbaycandakı kimi klubları aşağı liqada çıxış etməyə məcbur etmirlər, heç cəza da vermirlər. Bu, sırf klub strategiyasının əməyidir. Divizionda çıxış edən klubların 3-4-ü köklü klubların gənclər komandalardır. Yəni, "tülpan"lar (zambaqlar) ölkəsində yuxarıdan üzü aşağı futbol mexanizmi kanveyer kimi çalışır...

"Ayaks"ın uğuru tək futbol nəticələri deyil, Avropa futbolunda pulla düşünənlər üzərində düşüncə, təfəkkür qələbəsidir. Futboldan bixəbər, hər şeyi pula bağlayanlara tərs, tutarlı bir sillədir. O sillənin əks-sədası, təsiri Azərbaycana da aiddir, gəlib çıxmalıdır...

Böyük futbolda vəsaitin, şəraitin olması mütləqdir. Maliyyə, yarıtmazların, futbolu dərindən, sistemli şəkildə bilməyənlərin əlində olanda isə, futbol faciəsi baş verir. Ölkəmizdə olduğu kimi...

Azərbaycan xalqının, dövlətinin, iqisadiyyatının, futbolumuzun kifayət qədər potensialı var. Problem beyinlərdə, işə yanaşmada, təfəkkür dərinliyinin olmamasında, yadların futbolda "futbol" oynamasındadır...

Düşünək, doğru yol gedək ki, Azərbaycanda da əsl böyük futbol olsun!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )