Ulu öndərin tanımadan təşəkkür etdiyi tikinti rəhbəri, yazıçı-dramaturq Akif HƏSƏNOĞLU... - - Rəhman Orxan (+FOTOLAR)

Ulu öndərin tanımadan təşəkkür etdiyi tikinti rəhbəri, yazıçı-dramaturq Akif HƏSƏNOĞLU... - Rəhman Orxan (+FOTOLAR)

https://www.facebook.com/groups/458090628035596/ 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari müəllifi, vaxtilə məşhur "7-17" mahnı telemüsabiqəsinin sponsoru olmuş Akif Həsənoğlunun (Zeynalovun) həyat və yaradıcılığından bəhs edən "Milyonları xalq üçün xərcləyib, təmənna ummayan İNSAN" adlı kitabın təqdimatı keçirilib.

 

Bu, o Akif Həsən oğlu Zeynalovdur ki, 1991-ci ildə Azərbaycanın ən iri tikinti "maqnat"ının - 5 mindən çox işçisi olan "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyinin baş direktoru kimi o vaxtkı respublika rəhbərliyinin açıq və gizli qoruq-qadağalarına baxmayaraq, çətin və ağır blokada şəraitində qalan Naxçıvan Muxtar respublikasına kömək məqsədilə onun bütün rayonlarında xüsusi tikinti idarələri olan böyük Tikinti-təmir Tresti yaratmışdı. Çətin, ağır günlərini yaşayan Naxçıvanda Birliyin geniş və səmərəli fəaliyyətinə, Muxtar respublikaya göstərilən böyük köməyə görə Ulu öndər Heydər Əliyev Naxçıvan Milli Məclisinin sədri kimi həmin günlərdə Akif Zeynalova göndərdiyi məktubda ona xüsusi təşəkkürünü bildirərək yazmışdı: “Hörmətli Akif bəy! Mən sizi şəxsən tanımıram. Ancaq Naxçıvana tikinti materialları və yanacaqla, maşın-mexanizmlə göstərdiyiniz daimi köməyə görə sizə təşəkkürümü bildirirəm. Burda inşa etmək istədiyiniz kərpic zavodu isə bu gün Naxçıvana daha çox gərəkdir. Hörmətlə: Heydər Əliyev."

...Akif Zeynalov 1942-ci il oktyabrın 25-də Füzuli şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun məzunu olaraq Sumqayıta 22 yaşında - 1964-cü ildə (55 il əvvəl!) gənc mühəndis-mexanik kimi gələrək, o vaxt yenicə tikilməkdə olan nəhəng Kimya kombinatında əmək fəaliyyətinə başlamış, onun sex və istehsalatlarının işə salınmasında gənclik həvəsi ilə iştirak etmiş, öz istedad və bacarığı, işgüzarlığı və əməksevərliyi sayəsində artıq 30 yaşında - 1972-ci ildə bir-neçə müəssisəni birləşdirən “Kimyasənaye” İstehsalat Birliyinin baş mexaniki vəzifəsinə yüksəlmişdi.
Sonralar “Sumqayıtkauçuktəmirtikinti” Trestinin rəisi olan Akif Zeynalov ermənilərin Dağlıq Qarabağ iddiası ilə törətdikləri təxribatlar nəticəsində soydaşlarımızın qaçqınlıq, köçkünlük dövrünün başlayıb davam etdiyi 1988-90-cı illərdə özünün rəhbərlik etdiyi Trestə elindən-obasından didərgin salınmış 600 nəfərə qədər adamı (təkcə Sumqayıtda!) işə götürmüş, onların öz ailələrini dolandırması üçün münasib şərait yaratmışdı. O zaman hələ işğal edilməmiş, lakin çətin, ağır günlərini yaşayan sərhəd rayonlarına hər cür maddi-texniki yardımlar göstərmiş, onların əhalisini işlə təmin etmək məqsədilə həmin rayonlarda – xüsusilə də Laçında, Füzulidə, Qubadlıda, Cəbrayılda Birliyin 50-dən artıq təmir-tikinti idarəsini yaratmış, 1200-dən çox adamı işlə təmin etmiş, evsiz-eşiksiz qalmış yüzlərlə həmvətənimizə sığınacaq vermişdi. Xocalı qəsəbəsinə şəhər statusu verildikdən sonra orada aparılan geniş miqyaslı tikinti-abadlıq işlərində isə Akif müəllimin rəhbərlik etdiyi kollektivin də yüzlərlə işçisi işləmişdı.
Silahlı qarşıdurmaların, döyüşlərin gücləndiyi dövrlərdə Akif Zeynalov dəfələrlə sərhəd rayonlarında olmuş, Şuşaya, Laçına, Ağdama, böyüyüb boya-başa çatdığı Füzuliyə, həmçinin Xocalıya rəhbərlik etdiyi Trest tərəfindən həm silah və müəyyən texniki avadanlıq, həm də ərzaq və sairə alınmasına, aparılıb-çatdırılmasına maksimum köməklik göstərməyə çalışmışdı.
Akif Zeynalov Milli Ordumuzun yaradılmasına, onun silah-sursatla təmin edilməsinə, onlarla şəhid və döyüşçü, o cümlədən Azərbaycanın Milli Qəhrəmanları Əlif Hacıyevin, Yuri Kovalyovun ailələrinə, cəbhədə yaralanaraq müalicəyə ehtiyacı olanlara və s. təmənnasız yardımlar etmişdir. Uğursuz Daşaltı əməliyyatı zamanı həlak olmuş 40-dan artıq döyüşçünün hər birinin adının "fəxri işçi" kimi briqadaların tərkibinə daxil edilərək, onların ailələrinin iki ərzində "maaşla" - təqaüdlə təmin edilməsi bu gün də şəhid ailələri tərəfindən xüsusi minnətdarlıqla xatırlanır. Akif müəllim Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşan 50 nəfər milis işçisini isə (o vaxt polis yox, milis adlanırdı) inşaatçı kimi Birlikdə qeydə alaraq, onların hər birinin ailəsinə iki il ərzində aylıq maaş vermiş, Sumqayıtdakı 40 №-li məktəbin qaçqın, didərgin şagirdlərinə yeməklərin də iki il pulsuz verilməsini təmin etmişdi. O vaxtlar Sumqayıtın bir-neçə məktəbinin təmiri Birlik tərəfindən aparılmış, savab bir iş görülərək, Saray qəsəbəsindəki yeni, böyük bir məscidin layihələndirmə və tikinti xərcləri bütünlüklə həm Birliyin, həm də bir xeyriyyəçi kimi Akif müəllimin öz şəxsi vəsaiti hesabına ödənilmişdi. Respublikanın mədəniyyət işçilərinə qayğı, Türkiyədə, Almaniyada, Rusiyada, Ukraynada təhsil alan onlarla ali məktəb tələbələrin xərclərinin ödənilməsi də "Azmənzilsənayetikintitəmir" İB rəhbərinin diqqət mərkəzində idi.
O zaman hətta respublikanın ağır böhran içərisində olan bir çox müəssisə və büdcə təşkilatları da kömək üçün kifayət qədər gəlirli olan həmin Birliyə, onun səxavətli rəisi Akif Zeynalova üz tuturdular. O isə hamını hörmətlə qarşılayır, heç kəsi naümid qaytarmır, varını əsirgəmirdi.
Bəli, hər zaman özündən öncə doğma xalqını düşünən, imkanı daxilində və hətta imkanı "xaricində" onun problemlərinin həllinə bacardığı hər şeyi etməyə çalışan bu vətənpərvər, qeyrətli adam Azərbaycanın ən ağır, çətin dövründə öz üzərinə xeyriyyəçilik missiyasını götürərək, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Sumqayıtda ictimai-sosial obyektlərin - təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin təmirinə, respublika səviyyəli tədbirlərin keçirilməsinə və s. milyonlarla manat vəsait xərcləyirdi. Müqayisə üçün təkcə onu demək kifayətdir ki, təmənnasız xərclənmiş həmin külli miqdarda vəsait hesabına indi onlarla "göydələn", möhtəşəm şadlıq sarayları tikmək olardı. Ancaq Akif müəllim bunu etmədi, əvəzində minlərlə imkansızın, qaçqının, şəhid və döyüşçü ailələrinin qəlbində yalnız özünə məxsus olan "göydələnlər", "qalalar" ucaltdı... Təsadüfi deyil ki, çoxillik səmərəli fəaliyyətinə, bütün varlığı ilə bağlı olduğu Sumqayıtın və onun neft-kimya sənayesinin inkişafında xidmətlərinə görə o, ölkə rəhbəri tərəfindən "Azərbaycanın Əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
Ötən dövrün 90-cı illərinin sonlarında böyük tikinti "maqnat"ının rəhbəri, xeyriyyəçi kimi Akif Zeynalovun ən böyük və diqqətəlayiq xidmətlərindən biri də onun o zaman AzTV-də gənc istedadların üzə çıxarılmasında böyük rolu olan “7-17” telemüsabiqəsinin təşkilinə, iştirakçıların geyim və s.-lə təmininə göstərdiyi maddi və mənəvi dəstək idi. Müğənni kimi son illərdə böyük populyarlıq qazanmış İzzət Bağırov, Sevda Ələkbərzadə, İradə İbrahimova, Aynur Dadaşova və onlarla digər gənc istedadların üzə çıxarılmasında onun bir sponsor kimi xidməti az olmamışdır. Həmin müğənnilər bilavasitə həmin müsabiqələr zamanı aşkar edilmiş və onlar respublikada məhz o vaxtdan sonra tanınmağa başlamışdılar.
Akif Zeynalov respublikada ən böyük tikinti müəssisəsi rəhbəri olmaqla - "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyinin yaradıcısı və Baş direktoru kimi yüksək vəzifədə çalışmaqla yanaşı ədəbi yaradıcılıqla məşğul olmağa da vaxt taparaq, 10-dan artıq pyes, kino ssenarisi yazmışdır. Onun 5 pyesi Sumqayıt Dövlət Dram Teatrının və Bakının "Meydan" teatrının səhnələrində tamaşaya qoyulmuşdur. İstedadlı bir yazıçı-dramaturq kimi məhsuldar işləyərək, o, 1991-95-ci illərdə “Mənim ağ şəhərim”, “Yanmış evin nağılı”, “Dəfn” pyeslərindən sonra “Qara daş”, “Oğurlanmış xalça”, “Tənha payız yarpağı”, “Qocalar evində”, “Dünyaxanım ev axtarır”, “Dost qeyrəti” kimi pyeslər də yazmışdır.
Akif Həsənoğlunun ssenarisi əsasında Sumqayıt kimyaçılarının həyatı ilə bağlı "Mənim ağ şəhərim" adlı kəskin dramatik süjetli sənədli-bədii film də çəkilmişdir ki, orda əsas rolları 10-dan çox Xalq artisti, o cümlədən Həsən Məmmədov, Səyavuş Aslan, Amaliya Pənahova, Kamal Xudaverdiyev, Rafael Dadaşov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Məzahir Süleymanov, Arif Quliyev, hətta teatr və kino rejissorları Mərahim Fərzəlibəyov və Eldar Quliyev də oynamışlar. Həmin kəskin dramatik süjetli, həyatın acı reallığını əks etdirən filmə və Qarabağ mövzusundakı pyes və tamaşalara görə Akif Həsənoğlu 1995-ci ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülmüşdü. Dramaturqun “Yanmış evin nağılı”, “Qara daş” pyesləri əsasında hazırladığı ssenarilər də artıq ekranlaşdırılmağa hazırdır.
...İlk gənclik illərindən başlayaraq bütün həyatını Sumqayıtla bağlamış, onun neft-kimya sənayesinin inkişafına, xalqa ləyaqətlə, namusla xidmətə həsr etmiş Akif Həsənoğlu ilə bağlı bu faktlar onun həyat və yaradıcılığından bəhs edən "Milyonları xalq üçün xərcləyib, təmənna ummayan İNSAN" adlı kitabın təqdimat mərasimində səsləndirilmişdir.
Tədbirdə dramaturqun sənət dostları, onun pyesləri əsasında hazırlanmış tamaşalarda, həmçinin ssenarisi üzrə ekranlaşdırılmış "Mənim ağ şəhərim" filmində çəkilmiş aktyorlar, "Yanmış evin nağılı" pyesini Sumqayıt və Ağdam teatrlarında səhnələşdirmiş rejissorlar Ağalar İdrisoğlu və Nazir Rüstəmov, filologiya elmləri doktoru, professor Əmirxan Xəlilov, respublikanın Əməkdar müəllimi, şairə Ofelya Babayeva, şəhərin tanınmış ziyalıları Qadir Süleymanov, Zümrüd Baloğlanova, Süleyman Hüseynov, Rauf Zeyni və digərləri iştirak etmiş, dramaturq və onun əsərləri barədə fikirlərini söyləmişlər.
Hələ məktəb illərindən həyatını kitabla bağlayan, məktəb və kənd kitabxanasında oxumadığı kitab qoymayan, orta məktəbi qızıl medala layiq, institutu isə fərqlənmə diplomu ilə bitirən Akif Həsənoğlu tədbirdə ədəbi yaradıcılığa necə başlaması haqqında danışaraq bildirmişdir ki, onun bu sahədə ilk cəhdləri uğursuzluğa düçar olmuşdu. Hələ tələbəlik vaxtı yazdığı maraqlı bir hekayəni dostlarının təkidi ilə "Ədəbiyyat və incəsənət" qəzetinə apararkən ordakı əməkdaşlardan biri harada oxuduğunu xəbər almış, biləndə ki, o, texniki institutda təhsil alır, hekayəyə heç gözünün ucu ilə də baxmadan yersiz qısqanclıqdan irəli gələn laqeydliklə demişdi ki, "get öz işinlə məşğul ol, ədəbiyyat sənlik deyil". Belə etinasız cavabdan sonra ruhdan düşən gənc Akif bütün gücünü "öz işinə" - təhsilnə sərf etməli olur. Bir kimyaçı-mühəndis kimi Sumqayıtda işə başladığı ilk illərdə isə gənclik şəhərinin, çalışdığı yeni müəssisənin qaynar, maraqlı həyatı onu yenidən yazmağa sövq esir. Lakin ardını sonra yazmaq üçün yarımçıq saxladığı hekayəni özünün də xəbəri olmadan sədaqətli, eyni zamanda çox zarafatcıl olan tələbəlik dostu, həm də iş yoldaşı olan Ucal Qasımzadənin yazıb, "başa çatdırması" da onu çarəsiz edib, həvəsdən salır.
Yalnız tamaşaçı kimi vaxtaşırı Sumqayıt Dövlət Dram Teatrının tamaşalarına baxmağa gedərkən Teatrın baş rejissoru Mərahim Fərzəlibəyovla təsadüfi tanışlığı onun həyatını yeni məcraya yönəldir, özünə inamını gücləndirir, yazmaq həvəsini artırır. Və yaradıcılığa daha hekayədən yox, elə "böyüyündən" - birbaşa pyesdən başlayır (düzdür, ona kimi öz həyatından maraqlı hadisələri, düşüncələrini əks etdirən kiçik bir kitab da yazıb, nəşr etdirmişdi). Mərahim müəllimin "patronajlığı" ilə başlanan dramaturq debütü uğurlu alınır. Özünün də sıralarında olduğu Sumqayıt kimyaçılarının maraqlı, lakin çətin həyatlarından bəhs edən ilk səhnə əsəri - "Mənim ağ şəhərim" tamaşaçılar, bütün şəhər ictimaiyyəti tərəfindən elə böyük maraq və rəğbətlə qarşılanır ki, rejissor M.Fərzəlibəyov həmin əsəri ekranlaşdırıb, ona daha çox tamaşaçı kütləsini cəlb etməyi qərara alır. Və həmin qərar çox düzgün qərar olur. Çünki sovetlər dövründə bilərəkdən, qəsdən kimya poliqonuna çevrilmiş Sumqayıtın o vaxtkı gərgin ekoloji vəziyyətini, şəhər əhalisinin ağır sosial şəraitini ön plana çəkən, şəhərin kimya sənayesinin respublikadan daha çox "yuxarıların" - Moskvanın mənafeyinə xidmət etdiyini açıq-aydın göstərən həmin filmdən sonra şəhərin bir-çox zərərli istehsalat sahələri bir-birinin ardınca bağlanmalı olmuşdu.
Təsadüfi deyil ki, çəkilişindən 25 ildən də artıq vaxt keçməsinə baxmayaraq, qısaldılmış şəkildə göstərilən həmin filmə tədbir iştirakçıları böyük maraq və həyəcanla baxmışlar.
Diqqətəlayiqir ki, Sumqayıtı hər zaman abad, təmiz və yaraşıqlı - "Ağ şəhər" kimi görmək istəyən Akif Həsənoğlunun arzusu artıq dördüncü ildir ki, əfsanəvi bir şəkildə reallaşmaqdadır. Bunu tədbirdə iştirak etmək üçün paytaxtımızdan Sumqayıt Poeziya Evinə ilk dəfə təşrif buyurmuş hörmətli qonaqlar -Azərbaycanın Xalq artistləri Valeh Kərimov, Arif Quliyev, Əməkdar artistlər Əli Nur (Əlibala Nurəliyev), Almaz Amanova və digər sənət adamları da dönə-dönə dilə gətirdilər. Onlar Sumqayıtın daha da abadlaşması və gözəlləşməsi, müasirləşməsi sahəsində əldə edilən uğurlara, eləcə də bu şəhərdə yazıb-yaradan şair və yazıçılara füsunkarlığı ilə seçilən, romantik görkəmi, bəyaz gözəlliyi ilə xoş təəssürat yaradan, orijinallaığı və genişliyi ilə respublikada yeganə olan belə bir möhtəşəm şeir-sənət məbədini töhfə etdiyinə görə Sumqayıtın İcra Hakimiyyəti başçısı Zakir Fərəcova öz təşəkkür və minnətdarlıqlarını ifadə etdilər.


Tədbirin sonunda 55 ildir ki qoynunda yaşayıb-yaratdığı şəhəri bütün varlığı ilə sevən yazıçı-dramaturq Akif Həsənoğlu özünün şəxsində sumqayıtlıların doğma şəhərə olan məhəbbətini, payızda 70 illik yubileyi qeyd olunacaq Sumqayıtın büsbütün yeniləşərək, müasirləşərək, illərlə arzu etdiyi "Ağ şəhər"ə çevrilməsində sumqayıtlıların gərgin əməyini, böyük xidmətlərini əks etdirən "Milyonları xərcləyib, təmənna ummayan insan" kitabının müəlliflərinə və onu nəfis şəkildə çap etmiş "Azəri" nəşriyyatının kollektivinə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.


Rəhman ORXAN.
e-mail: rahman_orxan@mail.ru

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !