Çingiz Abdullayevə ritorik suallar - - Bahəddin Həzi

Çingiz Abdullayevə ritorik suallar - Bahəddin Həzi

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Kitab oxumağı çox sevsəm də, bu adamın bir kitabını yarıya qədər birtəhər oxudum. Bir sözlə, mənim yazıçım deyil. Ancaq bu, Gingiz Abdullayevin ölkənin ədəbi və ictimai həyatındakı yerindən heç nə azaltmır; onu sevənlər, oxuyanlar çoxdur. Kitab mağazalarında əsərləri ən gözəgəlimli yerlərədə düzülüb. Özünə, qələminə bəslədiyim olmasa da, onu oxuyan insanların seçiminə hörmətim var. Məsələ bunda da deyil.

Çingiz Abdullayev mənim yadımda daha çox bir kitab mağazasının açılışında, indiki meyarlara görə, radikal çıxışı və “Cəhənnəmə getmək istərdim; orda maraqlı kişilər, maraqlı qadınlar var” kimi ifadə olunan axirət gözləntisi ilə qalıb. Bu günlər İçərişəhərdə baş verənlərlə bağlı isə tarixə yazılacaq daha bir söz söyləyib: “Mən Bakını qorumaq üçün mitinqə də çıxaram”.

Bu yerdə məndə bəzi suallar yarandı: birdən Bakı üçün mitinqi müxalifət təşkil eləsə, Çingiz Abdullayev bəyənmədiyi o müxalif liderlərlə tribunada yanaşı duracaqmı?! Ancaq başlıca məsələ heç bu da deyil. Bu günə qədər Bakı sağdan sola, soldan sağa talan edildi, tarixi binalar söküldü. Camaatı öz evlərindən süpürüb atdılar, yerində satış üçün binalar, idman meydanları, əyləncə məkanları tikdilər. Adamlar dəstə-dəstə kütləvi aksiyalar keçirdilər. O aksiyalarda həmin “bakılılar” dediyi adamlarla yanaşı bizim əməkdaşlarımız da fiziki və mənəvi təzyiqə məruz qaldılar. Ancaq bir dəfə də görmədim ki, Çingiz Abdullayev, onun kimi başqa əbədi “ədəbi generalitet” səsini ucalda. Yenə də camaatla birgə döyülən, polis bölmələrinə aparılan, təzyiqlərə məruz qalan jurnalistlər oldu. Və yaxud həmin o İçərişəhərdə guya birinci dəfədir ki, tarixi abidə dağıdılıb yerində biznes layihəsi ucaldılır?! Bu günə qədər Çingiz Abdullayevi əlində etiraz plakatı ilə kimsə hardasa görüb?! Ümumiyyətlə, niyə bu tipli adamlar təkcə Bakıda və yalnız daşın-divarın harayına çatırlar?! Elə həmin bu Bakıda hüquqları pozulan, səsi boğulan, əmlakı yağmalanan, sərvəti talanan insanlar da yaşayır axı. Buna qarşı da dəfələrlə mitinqlər olub. Hansımız, hansı ziyalılarımız o mitinqlərə getdi ki, indi bir qala divarına görə mitinqə çıxaq?! Doğrusunu danışmaq lazımdır. Saxta pafos, yalançı məhəllə qəhrəmanlığı nömrələri keçmir artıq.

Söz açılmışkən deyim; bir dəstə adam var, “Bakı, bakılılar” deyib yaxasını cırmaqla məşğul olur. Guya rayondan gələnlərin Bakını pis günə qoymağından danışırlar. “Şəhərə gəlmisiniz, adam kimi yaşayın” deyənlərin adamlığına mənim şübhəm var. Hətta bir ara çox absurd, siyasi dəbli deyimlə desək, anoloqu olmayan bir qərar da vermişdilər: rayon maşınları Bakıya buraxılmasın. Rayonların çıxışlarına bununla bağlı xəbərdarlıq bildirişləri də yapışdırmışdılar. Adam utanıb yerə girirdi. Sonra bunun biabırçılıq olduğunu anlayıb qərarı üzüsulu, səssizcə geri oxudular. Metropolitendə işləyən bir xanım da guya bu nəqliyyat növünü rayondan gəlmiş sərnişinlərin pis günə qoyduğunu yazmış, ciddi etirazlara səbəb olmuşdu (hərçənd nə fərqi var, köhnə vaqonları təzə boyaqla boyayıb gözümüzü boyayaraq büdcədən pul oğurlayan adam Kəlbəcərdən gəlib, yoxsa Bakıda böyüyüb?!) İndi də bir aktyor daha çıxıb, yenə də Bakını “rayonlulardan qorumaq” üçün Matrosovsayağı sinəsini topun lüləsinə dirəyib.

Mən deyim ki, bu da qorxulu bir separatizm cəhdidir; millətin bir yarısını o biri yarısına qarşı qoymaq, cəmiyyətin bir hissəsinin adından siu-istifadə edərək o biri hissəsini aşağılamaq çox təhlükəli meyllərdir. Dövlətimiz və ziyalılarımız bunun qarşısında durmalıdır. Kökü Qazaxdan gəlmiş, özü Bakıda böyümüş mərhum Vaqif Səmədoğlu “Bəxt üzüyü” pyesində: “Bakıda heykəli olanların çoxu rayondan gələnlərdir” deyə bu meyllərə gülmüşdü. Eyni adlı filmdə də bu var. Çünki bir çoxları o qədər milli köklərindən ayrı düşüblər ki, bəzən ayrıca “Bakinets” milləti yaratmaq kimi sərsəm ideyalarla da yüklənirlər. İngilisin, fransızın, farsın – kimin desəniz, gəlib Bakıda min oyundan çıxmağına dözənlər, həmin bakılıların ayaqlarının altından neftimizi sümürüb aparanların öz ayaqqabılarını bayrağımızla silməyinə, milyardlarımızın xaricə daşınmasına səssiz qalanlar nədənsə rayondan gələnlərin konfet kağızını yerə atmağını faciəyə çevirirlər. Şübhəsiz, bu şəhər bizim evimizdir, onu təmiz saxlamaq boynumuzun borcudur. Ancaq bəs o “Torqovı” dediyiniz mərkəzdə, həmin o İçərişəhərdə ərəblər fərqinə varmadan yoldan keçən qız-gəlinlərimizə sataşanda, yediklərini, yemədiklərini küçələrə səpələyəndə, heç səsiniz gəlmirdi. Onda niyə mitinqə çıxmırdınız?! Ərəblər ki Yardımlıdan, yaxud Goranboydan gəlməmişdilər.

Maraqlıdır ki, bu mənəvi separatçılığı bəlkə özləri də dərindən anlamadan körükləyənlər Azərbaycan adından çıxış edirlər; Azərbaycan yazıçısı (hətta xalq yazıçısı), Azərbaycanın əməkdar artisti-filan. Yaxşı, necə olur ki, kitab satdırıb, film şəkdirib pul qazanmaq lazım gələndə Azərbaycan adından çıxış edirsiniz, amma gerçəkdə Azərbaycanın problemləri sizin üçün ən yaxşı halda Bibiheybət çıxışında, Qurd qapısında və Biləcəri enişində bitir?! Bəs Qarabağ işğal olundu, orda da tarixi abidələr dağıdıldı, bütöv şəhərlər, kəndlər viran oldu və düşmənin əlində əsir-yesirdir, Çingiz Abdullayev və o birilər nə vaxt mitinqə qoşulmuşdu?! Nəsə xatırlamağa çalışdım, alınmadı.

Necə olur ki, Bakıdan gedib rayonlarda meşələrı çəpərləyib parket sexləri quranları, kəndlilərin pay torpaqlarını zorla və ya ən yaxşı halda pulla (dəyər-dəyməzinə) əlindən qoparıb alanları, bulaqların suyunu öz villalarındakı hovuzlara, hotel-motellərinə, restoranlarına çəkib camaatı susuz qoyanları, kəndlərdə mal-qaranın otlaqlarını qamarlayıb özlərinə istixanalar tikənləri… görməzdən gəlirik?! Heç rayonda yaşayan insanlar: “Bakıdan gələnlər rayonları yaman günə saldı” demir. Deyənləri də damlayırlar. Bax, problem odur. Ona niyə səsimiz çıxmır, Çingiz Abdullayev?!

Mənim üçün “şəhərli-rayonlu” bölgüsü yoxdur. Bir millət var, ölkə var. Hətta bu millətin sərhədləri bu ölkənin sərhədlərindən çox genişdir. İçərişəhər də, Əsgəran qalası da, Azıx mağarası da, Çıraqqala da, Gülüstan da, Qobustan da… hamısı bizim üçün qiymətlidir. Bizi biz edən, bizi birləşdirən dəyərlərimiz var. Başda ana dilimiz kimi dəyər var. Mərhum ziyalımız, böyük ədibimiz İsmayıl Şıxlının zamanında parlament tribunasından müdrikcəsinə dediyi: “Bizi ayıran nöqtələri deyil, bizi birləşdirən nöqtələri tapmalıyıq” sözləri hər zaman xatırlayıram. Bu bir cümlədə olan hikmətli çağırış hamımızadır…

 

bizimyol.info

Bahəddin Həziyev

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !