NİZAMİ GƏNCƏVİ İLK DƏFƏ SLOVAK DİLİNDƏ DANIŞDI - - Rafael Hüseyn (+FOTOLAR)

NİZAMİ GƏNCƏVİ İLK DƏFƏ SLOVAK DİLİNDƏ DANIŞDI - Rafael Hüseyn (+FOTOLAR)

https://www.facebook.com/groups/458090628035596/ 

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) danışdığı dünya dillərinin sırasına daha biri əlavə edilib. İndiyədək gəncəli mütəfəkkirin “Xəmsə”sinin bədii gözəlliklərini çex oxucularına çatdıran çoxlu tərcümələr vardısa da, hələ ki, slovak dilində Nizami əsərləri geniş həcmdə oxuculara təqdim edilməmşidi.
Bu günlərdə Bratislavada Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisindən seçmə parçalar slovak dilinə tərcümədə nəşr edilib. Yuray Şramkonun nəfis tərtibatında Slovakiyanın məşhur “İkar” nəşr evində buraxılmış bu kitab şairin əsərlərinə orta əsrlərdə çəkilmiş və Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində qorunan miniatürlərlə bəzənib. Nəşrin təşəbbüskarı və icraçıları Slovakiya Respublikasının Danubius universiteti, Azərbaycan Respublikasının Slovakiyadakı fəxri konsulluğu və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı museyidir. Nizaminin əbədiyaşar poeziyasını slovak dilinə Lubomir Feldek tərcümə edib. Kitab “Çesta laski” – “Sevgi yolu” adı altında işıq üzü görüb. Kitab, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynovun yazdığı “Nizami Gəncvinin yeni dönüşü” adlı müqəddimə ilə başlanır. Önsözdə deyilir ki, bəşəriyyətin ən müstəsna övladlarından olan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bütün əsərlərini keçmiş haqqında yazsa da, daim gələcəyə baxıb, gələcəkdəkilər üçün yaradıb. O özünün də, sözünün də uzun zamanlar boyu yaşayacağına inanır, ona görə də belə yazırdı:
“100 il sonra sorsan bəs o hardadır,
Hər beyti söyləyər: “Burda, burdadır!”.
Nizaminin dönə-dönə həyatda sübut olunmuş bu ümidi və ehtimalı növbəti dəfə doğrulur. Indi onun ölməz və solmaz sözləri vəfatından 800 il sonra Slovakiyada bir daha təsdiqləyir: “Nizami buradadır, sizinlədir!”. Nizami Gəncəvi slovak dilində danışmağa başlayan “7 gözəl”i ilə bir daha nümayiş etdirir ki, o, lap çoxdan dünya vətəndaşıdır, dünya şairidir. Azərbaycanlı olduğu qədər, həm də slovakların həmvətənidir. Çünki poeziya özü bir ayrıca Vətəndir. Neyləməli ki, insanlığın tarix boyu arzuladığı bərabərlik, qardaşlıq, həmrəylik hələ ki, yalnız bu “ölkə”də – söz sələtənətində bərqərar olub.
Akademik Rafael Hüseynov bu qəbil tərcümə və nəşrlərin xüsusi əhəmiyyətini vurğulayaraq Nizami poemasının tərcüməçisinin əməyini yüksək dəyərləndir: “Öz xalqına Nizami ilə görüşün sevincini bağışlayan görkəmli slovak ədibi və tərcüməçisi Lubomir Feldek slovak dilində yazan qələm sahibləri arasında ən çox tərcümə olunan 10 yaradıcıdan biridir. Əlbəttə, 10 nəfərdən biri olmaq şərəflidir. Lakin tək və ən birinci olmaq, təbii ki, ikiqat şərəfli qismətdir. Solvakiyanın və Azərbaycanın ədəbiyyat tarixlərində tək və ən birinci olmaq haqqını Lubomir Feldek Nizami Gəncəvinin öz ana dilinə çevridiyi “7 gözəl”i ilə qazanır”. Eyni zamanda akademik Rafael Hüseynov bu uğurlu bağlanğıcın davam etdirilməsini və Nizami Gəncəvinin digər məsnəvilərinin də slovak dilinə çevrilməsi səmtində səylərin davam etdirlməsini arzulayaraq bildirir ki, yəqin Nizami sözünün ləziz dadını hiss edən slovaklar gəncəli ustadın duyğu və düşüncə xəzinəsinin digər inciləri ilə tanış olmağı mütləq arzulayacaq. Üümid edirik ki, Lubomir Feldekin açdığı yolla yeni tərcüməçilər irəliləyəcək, Nizaminin 5 poemadan ibarət “Xəmsə”sindən “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İskəndərnamə”ni də gec-tez slovakların şeir süfrəsinə gətirəcəklər.
Nizami “Yeddi gözəl”inin slovak dilində nəşrinə Azərbaycan aliminin yazdığı müəqəddimədə bu da qeyd edilir ki, təcüməçi Lubomir Feldek “Xəmsə”dən yeni tərcümələr üzərində işini davam etdirir. Göstərilir ki, orta əsrlərdən XX yüzilə qədər həm Şərqdə, həm Qərbdə Nizami Gəncəvidən öyrənən, onun ədəbi yadigarlarından bəhrənən çox şairlər olub. Bu sırada böyük ingilis şairi və dramaturqu Vilyam Şeksprin də adı var. Lubomir Feldek V.Şekspirdən də slovak dilinə uğurlu tərcümələrin müəllifidir və həmin 16 gözəl tərcümə əsərinə görə o, 2018-ci ildə The British Ambassador’s Award mükafatın a layiq görülmüşdür.
Kim bilir bəlkə Nizamidən edəcəyi yeni tərcümələr slovak poeziyası və nəsrinin patriarxlarından olan Lubomir Feldekə Bakıdan azərbaycanlı dahinin ən yaxşı tədqiqatçıları, tərcüməçiləri və təbliğçilərinə verilən Nizami medalını da gətirəcəkdir?!
Akademik Rafael Hüseynov Nizami Gəncəvinin “Mən bunu söylədim, getdim, hekayət qaldı” misrasını iqtibas gətirərək “İlyas bin Yusif Nizami Gəncəvi. Sevgi yolu” kitabına önsözünü belə yekunlaşdırır: “Onun yaratdığı hekayətlər sadəcə bir abidə kimi qalmayıb, həm də yaşayır, nəfəs alır, ürəyi döyünür, yeni-yeni pərəstişkarlar qazanır və yaşadıqca da onları söyləyib getmiş Nizamini geri qaytarır, yeni zamanlar içində yaşadır. Bu əbədi missiyanı yerinə yetirməkçün Nizami hekayətləri indi Slovakiyaya gəlib, Nizamini burada da yaşatmaq və sevdirmək üçün gəlib!”
Nizami Gəncəvinin slovak dilində nəşr edilmiş kitabının Azərbaycanın Slovakiyadakı fəxri konsulu Cəlal Qasımovun təşkilatçılığı ilə may ayının sonlarında Bratislavada Dövlət Filarmoniyasında və “İkar” nəşriyyatında geniş təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !