MUSA QULUZADƏ-80 - - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

MUSA QULUZADƏ-80 - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

https://www.facebook.com/groups/458090628035596/ 

 

Başqalarının uğuruna daha çox sevinən böyük ziyalı
(Portret cizgiləri)

 

Nəriman Həsənzadə: “Musa Quluzadə təpədən dırnağa qədər Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq bir vətəndaşdı”.

 

Tarixlər boyu biz, öz ziyalılarımızı, alimlərimizi, dərin təfəkkürlü insanlarımızı, xalqçün ömrünü şam kimi yandıran vətənpərvərlərimizi çox az təbliğ etmişik. Hətta elə olub ki, onların üstündən sükutla da keçmişik. Elə bu insanlar özləri də ürək genişliyindən, təvazökarlığından çox vaxt istəməyiblər ki, onları təbliğ eləsinlər. Amma fikirləşməyiblər ki, bu təbliğat onların özündən çox millətə lazımdı. Və həm də bizim düşmənlərimiz də oxuyub, bilməlidirlər ki, bizim belə yüksək təfəkkürlü insanlarımız var. Çünki həmin düşmənlərimiz çox vaxt öz millətindən olan milçəkləri fil səviyyəsinə qaldırıb, başqa millətlərə sırıyıblar. Amma biz... Bəlkə də bu ondan irəli gəlir ki, bizdə birlik olmadığına və çox vaxt da yerlipərəstlik, qohumbazlıq, tayfabazlıq kimi çürük xəstəliklər üstünlük təşkil elədiyindən biz, başqa bölgənin ağıllı insanının, uğurlarını görmək istəməmişik. Onu təbliğ etməyi özümüzə layiq bilməmişik.  Bəlkə daxilimizdə olan hikkə, paxıllıq, başqa həmvətənlimizin uğuruna sevinməmək kimi naqis cəhətlər və bizdə yaxşını görüb qiymətləndirməmək xəstəliyi gözlərimizin qarşısına qara pərdə çəkib?..
İkinci dəfə müstəqillik qazandığımız bu 28 ildə hələ də biz, məşhur insanlarımız kimi, tarixlər boyu bizə miras qalan çox işlərimizi də lazım olan səviyyədə dünya səviyyəsinə çıxara bilməmişik. Bu da ilk öncə biz yazarların günahıdır. Məhz buna görə mən hələ də böyük xidmətlərinə görə “kölgədə qalan” bir alimimiz, gözəl yazıçımız, məşhur pedaqoqumuz, həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə təmənnasız həsr eləyən böyük şəxsiyyətlə oxucuları daha yaxından tanış eləmək istəyirəm.
Qısa arayış: Musa Nizam oğlu Quluzadə 1939-cu ildə may ayının 20-də Masallı rayonunun Xıl kəndində, əməkçi ailəsində anadan olub. Orta məktəbin 7-ci sinfini əla qiymətlərlə bitirən Musa Quluzadə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. Baxmayaraq ki, həmin sahədə təhsil almağa heç bir həvəsi olmayıb, amma SSRİ rəhbərliyinin həmin vaxtı kənd təsərrüfatını yüksək səviyyədə təbliğ etməsi onu da məktəb yoldaşları ilə birlikdə həmin texnikuma aparıb. Amma yeniyetmə Musanın humanitar sahəyə əvvəldən böyük həvəsi olub. Texnikumu əla qiymətlərlə bitirəndən sonra fikri imtahansız ali məktəbə qəbul olmaq idi. Çünki o vaxtlar belə bir qanun vardı. Texnikumu əla qiymtlərlə bitirənlər ali məktəbə imtahansız qəbul olunurdular. Amma Musa Quluzadə texnikumu bitirəndə bu qanun ləğv olundu. Ona görə də ali məktəbə qəbul olmaq üçün bir imtahan verib, həmin imtahandan da “5” qiymət almaq lazım idi. O, məcbur olub ki, bir imtahan versin. Həmin imtahandan isə keçə bilməyib. Sonra hazırlıq kursuna gedib. Yüksək balla Azərbaycanın ən böyük ali məktəbinə, Dövlət Universitetinə qəbul olub. Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin axşam şöbəsində təhsilini davam etdirib. Artıq üçüncü kursdan gündüz şöbəsinə keçib. Elə universitetdə oxuyanda Musa Quluzadə ictimai işlərdə də məşğul olub. Çox sürətlə inkişaf etməyə başlayıb. Çünki həmin vaxtı Azərbaycanın ən yüksək təhsil ocağı olan Dövlət Universitetində də yüksək təfəkkürlü alimlər, professorlar dərs deyirdi. Həmin vaxtı universitet sözün həqiq mənasında bir gur yanan ocaq idi. Orada reallıq, ab-hava çox yüksək idi. Bu ali məktəb çoxlu tələbələr üçün əlçatmaz sayılırdı. Amma həmin professorlar Musa Quluzadənin savadına, təşkilatçılığına inanıb, ona əllərindən gələn köməklikləri eləyirdilər. Yerlibazlıq, qohumbazlıq, bölgəbazlıq kimi xəstəliklər həmin vaxtı Azərbaycan Dövlət Universitetində yox idi. Orada əsas meyar yalnız tələbələrin biliyi və təfəkkürü əsas götürülürdü. Musa müəllim hələ tələbə olan vaxtı onu kommunist partiyası sıralarına qəbul ediblər. Təhsilini başa vurduqdan sonra onu bu ali məktəbdə saxlamaq istəsələr də razılıaşmayıb. Artıq 1962-ci ildən bədii yaradıcılıqla məşğul olmağa başlayan Musa Quluzadənin iki hekayəsi həmin vaxtı Azərbaycan Radio müsabiqəsinin qalibi olub və radiodan səslənib. Bu da cavan yazıçıya özünə qarşı bir inam yaradıb. Həmin vaxtlardan da o, bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Sonra bir müddət Bilik Cəmiyyətində sədr müavini vəzifəsində də işləyib. Çoxlu mühazirələr oxuyub. Orada işləyə-işləyə Marksizm-Leninizm Universitetini də əla qiymətlərlə bitirib. Sonra bir müddət Əzizbəyov (indiki Xəzər) rayon partiya komitəsində işləyib. Daha sonra Musa Quluzadəni həmin dövrün sayılıb-seçilən elm müəssisələrindən olan Respublika Lenin Muzeyində elmi işçi kimi əmək fəaliyyətini davam etdriməyə dəvət eləyiblər. O, elmlər namizədə kimi elmi işini müdafiə eləyəndən az sonra şöbə müdiri təyin olunub və onun yüksək təşkilatçılığını, dərin savadını görüb muzeyin elmi işlər üzrə direktor müavini təyin ediblər. Musa Quluzadə düz 20 il bu təşkilatda işləyib. Amma bu işlə paralel çox gənc yaşlarından Azərbaycan Podaqoji İnstitutunda ( indiki Pedoqoji Universitet) axşam şöbəsində dərs deməyə başlayıb. Hətta o vaxtı tələbələrin çoxu ondan yaşca böyük idi. Buna baxmayaraq, onlar öz müəllimlərinin mühazirələrinə böyük həvəslə gəlir və ondan çox şeyi öyrənmək istəyirdilər. Həmin vaxtı Pedaqoji İnstitutun kafedra müdiri professor Zakir Şıxlinskini Azərbaycan Dövlət Universitetinə apardılar. O da Musa müəllimi Azərbaycan Dövlət Universitetinə dərs deməyə dəvət eləyib. Beləliklə, Musa müəllim həmin vaxtdan bir vaxtlar özünün təhsil aldığı bu ali məktəbdə tələbələrə tarix fənnini tədris eləməyə başlayıb. Əlbəttə, əsas iş yeri Respublika Lenin Muzeyi olmaq şərtilə. Artıq Sovetlər Birliyi və partiya sistemi dağılandan sonra 1991-ci ildə Musa müəllim Sosial İdarəetmə və Palitalogiya İnstitutunun ( indiki Prezident yanında Azərbaycan Dövlət İdarəçilik Akademiyası) tarix kafedrasında dosent kimi fəaliyyətini davam etdirib. Elə orada işləyə-işləyə doktorluq işini yazıb və müdafiə edərək, tarix elmləri doktoru olub. Hazırda akademiyada aspirantura, doktorantura şöbəsinin müdiri vəzifəsində işləyir. Lap cavanlıq illərindən müəllimlik sənətinə həvəsi olan Musa Quluzadə bu gün də özünün sevimli işində çalışır. O, tarix elmləri doktoru, professordur. Ona Azərbaycan Prezidenti tərəfindən Əməkdar müəllim fəxri adı verilib. Bütün bu illərdə özünün bədii yaradıcılığından da ayrılmayan Musa Quluzadə çoxlu hekayələr, povestlər, pyeslər, kinossenarilər yazıb. 1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Musa Quluzadə 12-dən çox bədii kitabın müəllifidir.
Bundan başqa Musa müəllim bir neçə elmi kitablar da yazıb. Bunlar- “Dinimiz dünən və bugün” (monoqrafiya), “ Müstəqil Azərbaycan Respublikasında din münasibətləri” , “Azərbaycanda dövlət və din münasibətləri” (1920-2000-ci illər), “Azərbaycan SSR-də dövlət və din münasibətləri” ( 1920-1991-ci illər), “ Azərbaycanın dövlətçilik tarixi” (dərslik) və başqa kitabları da Azərbaycan elminə layiqli töhfələrdir. O, 200-dən çox elmi və publisistik məqalələrin də müəllifidir. Musa Quluzadənin yazdığı esselər- “Xəzərim mənim”, “Kor Xəlil”, “Sərhədsiz quşlar”, “Kölgədə bitən... Kölgədə yaşayan” əsərləri hamının sevə-sevə oxuduğu esselər olmaqla Azərbaycanda esse janrında yazılan ən gözəl nümunələrdir. Musa Quluzadə həddindən artıq təvazökar insandır və çox vaxt istəməyib ki, onun haqqında yazsınlar. Amma bütün bunlara baxmayaraq, Əli Şirin Şükürlünün “ Mənəviyyat işığında”- Musa Quluzadə - 75, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Akif Bayramovun “ Musa Quluzadə - 70”, Yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “ Professor Musa Quluzadə - 77”, İdris Hacızadənin “Sözü ilə əməli vəhdət təşkil edən alim” oçerkləri, portret cizgiləri onun həyatının bəzi anlarını layiqincə işıqlandırıb. Əlbəttə, bu yazılar belə böyük alim, böyük şəxsiyyət, gözəl yazıçı, əsl ziyalı, müdrik insan, tariximizin dərin tədqiqatçısı haqqında çox azdır. Bu vaxta qədər onun haqqında daha çox yazılmalıydı. Amma Musa müəllim heç vaxt özünü təbliğ etməyib və etdirməyib. Bu da onun böyük ziyalılığından və təvazökarlığından irəli gəlir.
Çünki, Musa Quluzadə elə böyük şəxsiyyətdir ki, hər bir insan istiyər belə şəxsiyyətlə dostluq, yoldaşlıq eləsin. Onunla təmasda olsun, ağıllı məsləhətlərini, fikirlərini eşitsin və onun yüksək fəlsəfi düşüncəsindən bəhrələnsin. Bütün bunları da qələmə alsın. Amma Musa müəllim bunu istəməyib. Elə bununla da onun daxilində, təxəyyülündə olan çoxlu qiymətli fikirlər yazıya köçməyib. Mən isə qarşıma belə bir məqsəd qoymuşam ki, Musa Quluzadənin 80 illik yubileyilə bağlı onu yaxından tanıyan insanlarla, tələbələrilə təmasda olum və onun həyatının bütün maraqlı tərəflərini işıqlandırım. Çünki belə bir insandan, onun keşməkeşli həyatından, savadından, elmi təfəkküründən bizim gələcək nəsillərimiz çox şey öyrənə bilər. Gəlin onu da danmayaq ki, bu gün Azərbaycanımızda Musa Quluzadə kimi yüksək təfəkkürə, ağıla, savada, qərəzsiz mövqeyə malik, əsl müəllim olan, milli birliyə, dövlətə, dövlətçiyiyə və bütövlükdə həmvətənlərimizə təmənnasız xidmət eləyən insanlar heç də çox deyil. Bax, məhz bu cəhətlərinə görə hər bir insan istəyir ki, onunla dostluq, yoldaşlıq eləsin. Bu insandan çox şeyləri əxz eləsin. Çox sevindirici haldır ki, hətta Musa müəllim cəmi bir dəfə sinifə girib və cəmi bir dəfə mühazirə dediyi tələbələri belə onu unuda bilmir. Həmişə hörmətlə xatırlayırlar. Bu, hər müəllimə qismət olmayan böyük xoşbəxtlik, bir naxışdır.
Mənə elə gəlir ki, professor Musa Quluzadənin Azərbaycanda ən yaxın dostlarından biri və bəlkə də birincisi, müasir ədəbiyyatımızın canlı klassiki, xalqımızın çox sevimli əsl ziyalısı, böyük alimi, dünya və Antik ədəbiyyatın Azərbaycanda ən dərin bilicilərindən biri olan, hamının şəxsiyyətinə, istedadına pərəstiş elədiyi, Xalq şairi Nəriman Həsənzadədir. Nəriman müəllimlə, Musa müəllim uzun illərdir ki, dostluq, yoldaşlıq eləyirlər. Onlar bir-birini yarım sözdən başa düşürlər. Bu da dostluqda ən vacib şərtlərdən biridir. Daha doğrusu bir-birini yarım sözdən başa düşən insanlar əsl dost ola bilir. Nəriman müəllim ona “Musa qağa” yəni Musa qardaş deyir. Biz də onları həmişə dost, qardaş kimi qiymətləndiririk. Ona görə də belə qərara gəldim ki, Musa müəllimin 80 illik yubileyilə bağlı yazacağım silsilə yazıların birincisini elə Nəriman müəllimlə söhbət əsasında qurum. Qoy oxucularımız da Nəriman Həsənzadənin öz dostu ilə bağlı dediyi fikirlərlə, ürək sözlərilə ətraflı tanış olsunlar. Çünki Nəriman müəllimin dediyi sözlər, fikirlər və onların dostluğu inanıram bugünkü gənclik üçün bir örnək ola bilər.


-Nəriman müəllim siz həmişə dedyirsiniz ki, Musa müəllim mənim kiçik qardaşımdı. Ona görə də ona “Musa qağa” deyirsiniz. Bu dostluq necə yaranıb?


- Atalarımızın məsələ var: “ Bir müdrikə deyirlər qardaşını necə tanıyırsan?” Cavab verir ki, “hələ yol yoldaşı olmamışam, ona görə də heç nə deyə bilmərəm”. Amma tele elə gətirib ki, mən Musa qağa ilə yol yoldaşı çox olmuşam. İlk oncə onu vurğulayım ki, Musa qağa çox yaşı yazıçıdır. Onun bir-birindən maraqlı hekayələri, povestləri, pyesləri, kino ssenarisi var. Çox görkəmli bir alim, müdrik bir ailə başçısı, əsl müəllim, böyük ziyalı, böyük insan kimi mənim ona xüsusu hörmətim var. Ən azından biz iki həftədən bir görüşürük. Demək olar ki, hər gün zəngləşirik. Çünki insan tək yaşaya bilməz. Biz, köhnə kişilərik. Adət-ənənələr də bizə köhnə kişilərdən qalıb. Tarixlər boyu Azərbaycanda yaşca böyüyə hörmət olub. Bunu da həm Musa, həm də mən bilirəm. Bizim dostluğumuz Musa müəllimlə keçmiş Lenin, indiki Respublika Muzeyində işləyən vaxtlardan başlayıb. Həmin vaxtı Musa müəllim cavan alim, tədqiqatçı idi. Mən də arxiv materiallarını öyrənməkçün ora gedirdim. Çünki bütün əsas arxiv materialları, tarixi sənədlər orada toplanmışdı. Həmin vaxtı Musa müəllimin orada böyük hörməti vardı və həm də muzeyin direktor müavini idi. Sonra Musa müəllim İdarəçilik Akademiyasında öz işlərini davam etdirdi. Orada kafedra müdiri oldu. Yenə də biz onunla mütəmadi görüşdük. Təmasda olduq. Musa müəllimin gözəl ailəsi vardı. Çox təssüf ki, onun həyat yoldaşı, gözəl ziyalı, əziz bacımız Zenfira xanım üç ay bundan qabaq dünyasını dəyişib. Çox heyif ki, Musa qağamız da mənim kimi təkləndi. Ailə müqəddəs bir varlıqdır. Musa əlbəttə, bunun xiffətini çəkir və çəkməlidir də. Çünki həyat yoldaşı insanın arxası, dayağıdır. Mənə elə gəlir ki, insana ondan yaxın heç kim yoxdur. Çünki mən uzun illərdir ki, bunu yaşayıram. Bəzən dediyirlər ki, müsəlman ailəsində qadın gözə görünmür. Guya o, ikinci, üçüncü dərəcədi. Amma sən demə qadın övladdan da, atadan-anadan da insana ən əziz varlıq imiş. Bütün qohumlardan yaxınmış. Qadın həqiqətən də kişinin həyatıdır. Əsl dünyasıdır. Bax bu mənada Musa dünyasını itirib. Mən bu dərdi yaşayan insan kimi onu başa düşürəm ki, çox sarsıntı keçirir. Bu da təbiidir...
Amma nə etmək olar? Ömrü verən Allahdır. Biz, Böyük Yaradanın işlərinə qarışa bilmərik...
Musa Quluzadə çox böyük, tədqiqatçı alimdir. Bu yaxınlarda “Azad Azərbaycan” və “Təzadlar” qəzetlərində və saytlarda Musa müəllimin mart qırğını ilə bağlı çox dəyərli, lazımlı bir yazısını oxudum. Orada Musa müəllim bizə hələ də məlum olmayan çoxlu tarixi mənbələri açıb. 1918-ci il qırğınının xalqımızın həqiqətən də soy qırımı olduğunu tutarlı dəlillərlə sübut eləyib. Ermənilərin Azərbaycanda həmin vaxtı törətdiyi çoxlu cinayətlərin üstünü açıb. Biz tarixçilərimizdən belə sanballı yazıları çox gözləyirk. Musa müəllimin tələbələr və geniş oxucular üçün tariximizlə bağlı çox maraqlı bir kitabı da çapdan çıxıb. Bu kitab yüksək səviyyədə təbliğ olunmalıdır. Bu kitab bir daha sübut eləyir ki, o, çox yaxşı tədqiqatçıdı.


-Musa müəllimin başqa alimlərdə, ziyalılarda olmayan hansə xarakterik xüsusiyyətləri var? Siz bir dost və əsl ziyalı kimi onlardan hansıları deyə bilərsiniz?


-Musa qağanın ən böyük xarakterik xüsusiyyəti onun sadə, səmimi, alicənab olmasıdır. Az danışandı. Sözünün yerini bilir. O, heç vaxt özündən danışmır. Əslində başqalarının uğurlarından, qələbəsindən daha çox danışır. O, əsl alimdir. Çox yaxşı yazıçıdır. Çox təvazökardır. Fitri istedalı müəllidir. O, həm müəllimlər, həm də tələbələr arasinda böyük nüfuz sahidi. Musa Quluzadə təpədən dırnağa qədər Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq bir vətəndaşdı. Musa qağa sədaqət, düzlük simvoludur. Gözəl dost və əsl yoldaşdır. Həyat belədir ki, ailən də olsa, dostun yoxsa yaşamaq çox çətindi. O, əsl ziyalı, böyük alim, istedadlı yazıçı kimi müstəqilliyimizin ən böyük təbliğatçısıdır. Bax bütün bu cəhətlərin bir insanda cəmləşməsi, yalnız böyük şəxsiyyətlərə məxsusudur. Məhz ona görə də Musa Quluzadə Azərbaycan xalqının XX əsrin axırlarında və XXI əsrin əvvəllərində yetişdirdiyi çox böyük şəxsiyyətlərdən biridir.


- Dediniz ki, dostu yolda daha yaxşı tanımaq olur. Musa müəllimlə yol yoldaşlığınız olubmu?


-Həddindən artıq çox olub. İlk öncə onu vurğulayım ki, mən oğlum Nazimlə Musa müəllimin doğulduğu Masallıda bir neçə dəfə olmuşam. Onunla Cənub bölgəsinə getmişik. Orada Allah rəhmət eləsin onun həyat yoldaşı Zenfira xanım bizə bir neçə dəfə süfrə açıb. Övladları mənə əmi kimi çox hörmət eləyirlər. Oğlu Elçin Musaoğlu çox görkəmli kinorejissordu. Əməkdar incəsənət xadimidi. Heç vaxt yadımdan çıxmaz. Onun Musa Quluzadənin “Nabat” kino ssenarisi əsasında çəkdiyi kinofilmin Heydər Əliyev adına Respublika Sarayında premyerası idi. Mən də həmin premyerada Musa ilə yanaşı oturmuşdum. Kinofilm göstərilməmişdən əvvəl Elçin səhnəyə çıxdı və çıxış elədi. Sonda elan elədi ki, “əziz dostlar, sevimli tamaşaçılar, bu gün mənim atamın ad günüdür. Mən bu kinofilmimi ona həsr eləyirəm”. Bu sözlərdən elə bil ki, Musa qağa uçurdu. Mən həmin vaxtı Musa Quluzadəni təbrik eləyib dedim ki, “övladın dilindən ata ilə bağlı belə gözəl sözləri eşitməkdən müqəddəs heç nə yoxdur”. Bəli, onlar Zenfira xanımla üç belə gözəl, tərbiyəli, ağıllı övladlar böyüdüblər. Elçin Musaoğlunun çəkdiyi kinofilmlər Amerikadan, Yaponiyadan başlayaraq, bütövlükdə dünyada böyük uğurla nümayiş olunur. Bu qədər uğurları olsa da o, çox sadə oğlandır. O, Azərbaycan xalqının böyük-kiçik adət-ənənəsini yaşadan cavan ziyalısı olmaqla, Musa Quluzadənin də layiqili davamçısıdır.


-Musa müəllimlə Kuba səfəri yaddaşınızda necə qalıb?


-O vaxt biz Kubaya gedəndə Musa müəllim Azərbaycan Mərkəzi Komitəsindən bizim Kuba səfərinin rəhbəri idi. Biz, həmin vaxtı çox yaxşı yoldaşlıq elədik. Onu da deyim ki, biz həmin vaxt Kubaya könülsüz getdik, amma sevinə-sevinə qayıtdıq. Çünki fikrimiz hansısa kapitalist ölkəsinə getmək idi. Amma bizi Kuba Sosialist ölkəsinə apardılar. Lakin biz oranın insanlarına heyran qaldıq. Təsəvvür eləyin ki, orada insanlar kasıb yaşayırdılar, amma onların üzündə biz sevinc, şadyanalıq vardı. Orada biz əzilməmiş maşın görmədik. Evlər köhnə, yamaqlı idi. Amma xalqda böyük ruh yüksəkliyi, inam vardı. Çünki Fidel Kastro “ölüm ya olum” deyə döyüşlərə qalxmışdı. Və həmin azadlıq adasına müstəqillik qazandırmışdı. Özü də Amerika Birləşmiş Ştatları kimi çox güclü bir ölkənin qarşısından geri çəkilmədi və öz dövlətini qurdu. Orada kubalı qızlar hərbi, polis paltarı geyib, Vətəni qoruyurdular. Biz eşitdik ki, əvvəllər Amerikadan varlı adamlar Kubaya həmin qızlarla əyləncə üçün gəlirmişlər. Amma Fidel Kastro elə elədi ki, həmin qızlar hərbi və polis paltarını geyinib, həmin varlı amerikalılara divan tutub, öz Vətənlərinə gəlməyə qoymadılar. Bununla da Fidel Kastro həmin qızlara başa saldı ki, satılmayın. Özünü satmaq şərəfsizlikdir. Yalnız öz məhəbbətinizlə ailə qurun. Bununla o, insanlara ləyaqət, şəxsiyyət, müstəqillik gətirdi. Orada çox maraqlı işlər gördük. Azərbaycanı lazım olan səviyyədə təbliğ edirdik Musa müəllimlə biz. Heyif ki, biz Fidel Kastro ilə görüşə bilmədik. Yəqin planda yox idi. Gedəndə əli boş getmişdik, amma gələndə böyük çemodanlarla qayıtdıq. ( gülür) Bəli, həmin yol yoldaşlığında mən bir daha Musa müəllimin alicənablığını, insanpərvərliyini gördüm. Ümumiyyətlə biz onunla çox yol yoldaşı olmuşuq. Ayrı-ayrı respublikalara getmişik. Həmişə də mən Musa müəllimin böyük alicənablığını, gözəl yol yoldaşı olduğunu, Azərbaycanın uğurlarını həmin ölkələrdə necə yüksək səviyyədə, əsl sevilə təbliğ etdiyini görmüşəm.


-Musa müəllimin may ayının 20-də 80 yaşı tamam olacaq. Bu haqda ona bir dost və xalqımızın böyük ziyalısı kimi nə deyə bilərsiniz?


-Mən o yaşı artıq 8 ildir ki, keçmişəm. Rəhmətlik Bəxtiyar Vahabzadə deyirdi ki, hansı yaşa çatırsan görürsən ki, hələ heç nə yoxdur. Hələ istədiklərinin çox kiçik zərrəciyini reallaşdıra bilibsən. Musa müəllim indi ömrünün müdrik yaşına gəlib çatıb, amma onun hələ çoxlu arzuları, planları var ki, hələ də onları tam reallaşdıra bilməyib. Mən həmişə onda bir şeyə də heyran qalmışam. Heç vaxt heç kmin dalınca danışmayıb. Heç vaxt şikayət eləməyib. Həmişə təvazökar olub. Baxmayaraq ki, onun işlərində də problemlər var, amma o, heç vaxt onları dilinə gətirməyib. Mən inanıram ki, mənim Musa qağam həmişə belə də qalacaq. Bütün bu keyfiyyətlərinə görə onu tələbələri də çox sevir. Çünki Musa müəllim Azərbaycan tarixini gözəl bilir və bu tarixi tələbələrə yüksək səviyyədə başa sala bilir. Mənimlə də Azərbaycan Dövlət İdarəetmə Akademiyasında bir neçə dəfə görüş keçirilib. Həmin görüşlərdə də mən həm müəllimlərin, həm də tələbələrin Musa Quluzadəyə necə böyük hörməti, sevgisi olduğunu görmüşəm. Deməli, onun müəllim-tələbə əhatəsi çox genişdir. Musa müəllim Azərbaycanda Masallı ziyalılarının ən böyük təmsilçisidir. Mən, Masallıda da ona insanların necə böyük hörmət etdiyinin şahidi olmuşam. O, Masallı haqqında çoxlu maraqlı yazıların və tarixi tədqiqatların müəllifidir. Musa müəllim bir ziyalı ağsaqqal kimi öz elinə, torpağına çox bağlı, görüb-götürmüş insandır. O, əvzəsiz Azərbaycan ziyalısıdır. İstərdim ki, bu böyük ziyalılığı da həmişə qoruyub saxlasın. Çünki bu gün bizim əsl ziyalılara çox böyük ehtiyacımız var. Axı əsl ziyalı millətin görən gözü, düşünən beyni, danışan dilidir. Hətta Sovetlər quruluşunun ən çətin dövrlərində, repressiyanın tuğyan elədiyi vaxtlarda belə azərbaycanlı ziyalılar həmişə öz sözlərini lazım olan məqamda, lazım olan yerdə deyiblər. Bu gün bizim belə ziyalılara çox ehtiyacımız var. Həmin ziyalıların da əsas işi, ali məqsədi müstəqilliyimizin qorunması üçün iqtidar-müxalifət arasında bir dostluq körpüsü yaratmaq və milli birliyi möhkəmlətmək, Qarabağın tezliklə düşmənlərdən azad olunması üçün, xalqın sıx birliyini yaratmaqdır. Bunu bu gün hər bir ziyalı özünün müqəddəs borcu bilməlidir. Musa Quluzadə bu müqəddəs işdə örnək olan ziyalılarımızdandır.

 

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimidi

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !