HƏMİŞƏ ÇİÇƏK KİMİ - - Rafael Hüseyn yazır..

HƏMİŞƏ ÇİÇƏK KİMİ - Rafael Hüseyn yazır..

https://www.facebook.com/groups/458090628035596/ 

 

Köhnə dostum, hələ tələbəlik çağlarımda, indi xeyli uzaqlarda qalmış 1970-ci illərdə Azərbaycan Televiziyasında hazırladığım ilk verilişlərin rejissoru olmuş əziz Solmaz xanım Həmzəyevaya təşəkkür edirəm ki, onun həmişəki kimi səmimi yadasalması səbəb oldu ki, mən də bu gecə istəkli Roza xanım haqqında bəzi düşüncələrimi bölüşüm.

Sevimli Roza xanım həmişə adına bənzəyib, bu gün də elədir və həmişə də belə olacaq – bir çiçək kimi!
Səsi və çöhrəsi də həmişə işıq, mehribanlıq, məhrəmlik saçan Roza xanıma üst-üstə qalanan illər bir ayrı gözəllik də bağışlayıb.
Bu gün Roza xanım həm də rəmzdir, yaddaşdır.
Efirimizin bütün Azərbaycan insanlarının ömrünün sevimli parçası, ailələrin simsarı, yaxını olduğu çağların, 1960-70-ci illərdəki romantika, axtarışlar, sabaha ümidlərlə dolu televiziyamızın rəmzi.
Roza xanıma münasibətdə Azərbaycan boyu bu gün də yaşayan və təbii ki, onu ekranlardakı mütəmadi görsənişlərindən daha yaxşı xatırlayan orta, yaşlı nəsilin ürəyində qabarıq şəkildə var olan məhəbbətin ilk səbəbi, əlbəttə ki, yüksək peşəkarlıqdır (söz yox, nostalji də, ömrün keçmişdə qalan qayıtmaz illərinin xiffəti də var. Axı Roza xanım onlara həm də özlərinin gəncliklərini xatırladır).
Sənətinin kamil ustası olmaq, efir kimi riskli –illərcə qazandığın hörməti, nüfuzu, etibarı bircə anda itirmək təhlükəsinin daim pusquda dayandığı bir məsul meydanda heç vaxt büdrəməmək çox çətin qazanılan xoşbəxtlikdir.
Bu səadət Roza xanıma nəsib olub!
Çünki həyatı boyu bir an da məsuliyyət hissini itirməyib.
Yalnız ekranda, kamera qarşısında, səhnədə olanda deyil, küçələrdən keçəndə, xeyir-şər məclislərinə qatılanda, şəhər nəqliyyatına minəndə də o özünü daim mikrofon, kamera qarşısında, səhnədə olan kimi ləyaqətli, nümunəvi aparıb.
Ömrü boyu və bu gün də onun içərisində müdam bir cavabdehlik duyğusu nəbz kimi vurub və vurur– heç vaxt dilə gətirməsə də, yaxşı anlayır ki, o, Azərbaycan televiziyasının, efirinin simvollarından biri kimi qalır və qavranılır.
Bunu sonadək dərk eləyərək və bəlkə də lap elə intuitiv olaraq həyat, davarnış, münasibət tərzi ilə həm də hər an Azərbaycan televiziyasının onun üçün son dərəcə doğma, əziz olan adını,şərəfini, hörmətini qoruyur.
Əgər Azərbaycanın bütün radio və televiziyalarında çalışanların hər biri efir məkanımızın canlı, həmişəgözəl klassiki Roza xanım Tağıyevadan bu dərsi, bu ibrəti alaraq yaşayıb-işləsəydilər hamımız nə bəxtiyar olardıq!
Və heç kəsin də dilindən efirimizdəki hansısa şitliklər, səviyyəsizliklər, zövqsüzlüklər barədə bicə kəlmə də olsun giley-güzar eşidilməzdi.
...Hərdən Azərbaycan Radiosunda Roza xanımın çoxdankı deyil, lap son illərə aid səs yazılarını eşidirəm.
Həm valeh oluram, həm sevinirəm.
Sevinirəm səsin qocalmamasına, əvvəlki məlahətini, ritmini, ahəngini, təravətini saxlamasına.
Çünki diktor səsinin də hər kəs üçün haçansa gələn bir ixtiyarlaşma həddi olur ki, bu, adama ahıl xanəndənin qaçan, xırıldayan avazı ilə xaric boğazlar vura-vura oxuması kimi xoşagəlməz təsir bağışlayır.
Səs qocaldısa, gərək zamanındaca aralanmağı bacarasan.
Roza xanımın səsi, ifası həmişəyaşıl ağaclar və güllər kimi əvvəlki cazibəsini hifz edib, üstəlik, ustalığa illərin artırdığı müdriklik də qovuşub.
Cavanlar baxsınlar, dinləsinlər, örnək götürsünlər!
Axı örnək götürüləsi canlı klassiklərimiz, yaşayan tarix olan mahirlərimiz barmaqla sayılacaq qədər azdır.
Roza xanım və onunla eyni illərdə Azərbaycan efirində fəaliyyət göstərmiş, diktorluğu yüksək sənət məqamına çatdırmağı bacarmışlardan öyrəniləsi çox şeylər var.
Həm sənət, həm insanlıq baxımından!
Roza xanımın necə dəyərli, sevgiyə və sayğıya layiq bir insan olduğunu bilməkçünsə onunla heç illərlə təmasda bulunmağa da ehtiyac yoxdur.
Nurlu çöhrəsinə baxın, ürəkdən gəlib ürəklərə yönələn doğma, həlim səsinə qulaq asın.
O gözəl camal, o gözəl səs deyəcək ki, dostların, həmkarların, yaxından tanıyanların və bütün Azərbaycanınkı olan xalq artisti Roza xanım Tağıyeva necə adamdır!
Adı kimi — çiçək kimi!..
Amma bu adın başqa anlamları, ayrı yozumları da var — dost, duyğusal, yaradıcı, diqqətcil, fəal, qəlbən səxavətli, günlə ayaqlaşan...
Hamısı da nəcib Roza xanıma çox yaraşır!..

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !