Ağdam Teatrı yeni yaradıcılıq mərhələsində - - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

Ağdam Teatrı yeni yaradıcılıq mərhələsində - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

https://www.facebook.com/groups/458090628035596/ 

 

Məhəmməd Hüseynov: “Bizim ən böyük məqsədimiz Ağdam Dövlət Dram Teatrının keçmiş şöhrətini geri qaytarmaqdır”.


Ağdam Dövlət Dram Teatrı mənə ən əziz olan teatrlardan biridir. Belə ki, Moskvadakı Beynəlxalq Dövlət Teatr Sənəti İnstitutunun ( indiki Beynəlxalq Teatr Sənəti Akademiyası) rejissorluq fakültəsinin 4-cü kursunda oxuduğum vaxt 1985-ci ildə məni Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə həmin teatra quruluşçu rejissor vəzifəsinə göndərmişdilər. Həmin vaxta qədər isə 1976-cı ildən Sumqayıt Dövlət Dram Teatrında aktyor işləyirdim, həm də Sumqayıt Gənclərinin Xalq Teatrına rəhbərlik eləyirdim. Beləliklə, həmin illər- ömrümün ən əziz mənalı illərindən 4 ili məhz Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında keçib. Orada mən həmin illərdə quruluşçu rejissor, baş rejissor, baş rejissor-direktor ( bədii rəhbər-direktor) vəzifələrində işləmişəm. Dörd il müddətində teatrda 16 tamaşaya quruluş vermişəm. Rayon səviyyəsində 10 teatrlaşdırılmış kütləvi tamaşa hazırlamışam. Üzeyir Hacıbəyovun 100 illik yubileyinin də Şuşa şəhərində keçirilən teatrlaşdırılmış şənliyinin də ssenari müəllifi və quruluşçu rejissoru olmaq da o illərdə məhz mənim qismətimə düşüb. Həmin dörd ildə məndən başqa teatrın quruluşçu rejissorlarından, müəllimim, Əməkdar artist Həsən Əbluc, Eyvaz Vəliyev, Cahid Hilaloğlu, aktyorlar Nazir Rüstəmov, Siyavuş Sultanov da bir-birindən maraqlı 8 tamaşaya quruluş vermişdilər.
Bu teatr dövlət teatrı kimi yenidən bərpa olunduğu 1968-ci ildən başlayaraq respublikanın ən aparıcı teatrlarından biri olub. Çünki həmin teatrda Heydər Şəmsizadə, Rafiq Atakişiyev, Vaqif Şərifov, Ədalət Ziyadxanov, Məmmədkamal Kazımov kimi maraqlı baş rejissorlar, Məmməd Əmirov kimi yüksək təşkilatçı olan direktor işləyib. Onların hər biri bu teatr üçün çox böyük işlər görüblər.
Həmin vaxtı bu teatrda çox yüksək peşəkarlıq qabilliyyəti olan aktyorlar çalışırdı. Onlardan- qocaman aktyorlar, Əməkdar artistlər Narınc Məlikovanın, Qurban Mirzəyevin, Səkinə Süleymanovanın, o vaxtlar cavan olan- indiki Xalq artistləri Svetlana Həkimovanın, Fatma Mahmudovanın, Əməkdar artistlər Simuzər Namazovanın, Tofiq Qarayevin, Nazir Rüstəmovun, aktyorlar, aktrisalar İbrahim Yusifovun, Bəylər Nəcəfovun, Cəmilə Məmmədovanın, Siyavuş Sultanovun, Səyyaf Əlizadənin, Vaqif Qasımovun, Vəlyəddin Quliyevin, Elxan Mikayılovun, Xanirə İsgəndərovanın, indi hal-hazırda teatrda işləyən Əməkdar artistlər Aida Qasımovanın, Fəqumə Yusifovanın teatrın inkişafında xidmətləri daha çox olub. Eləcə də həmin vaxtı teatrın direktor müavini işləyən, dəyəli ziyalı Fəxrəddin Hacıbəylinin, ədəbi işlər üzrə rəhbər İsa Axundovun, baş rəssamlar Çingiz Abdullayevin, Elman Balakişiyevin, quruluş hissə müdiri Tufan Ağarzayevin böyük xidmətlərini də danmaq olmaz.
Belə böyük peşəkar aktyorlarla biz dünya və Azərbaycan klassik və müasir dramaturqlarının bir-birindən maraqlı əsərlərinə peşəkar səviyyədə quruluş vermişik. Azərbaycan teatr tarixinə düşən maraqlı tamaşalar hazırlamışıq.
Bütün bu işlərin başında isə həmin vaxtlar Ağdam rayonuna 9 il yüksək səviyyədə rəhbərlik eləmiş, birinci katib olmuş çox dəyərli ziyalı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatın, incəsənətin dərin bilicisi Sadıq Murtuzayev dururdu. Məhz onun böyük qayğısının, diqqətinin, köməyinin sayəsində həmin vaxtı Ağdam Dövlət Dram Teatrı respublikanın ən aparıcı teatrlarından biri olmuşdu. Bu teatr təkcə Ağdamın yox, bütövlükdə Qarabağın gözü və mədəniyyət qalası idi həmin vaxtlar. Teatrın hər tamaşasının ilk premyerasına Bakı şəhərindən başda məşhur alimlər Xudu Məmmədov, Rafiq Əliyev olmaqla çoxlu qarabağlı ziyalılar, alimlər, yazıçılar, şairlər, incəsənət xadimləri gəlirdi. Beynəlxalq teatr festivalı çərçivəsində, Nobel mükafatı laureatı Alber Kamyunun “Qismət” tamaşasına (tərcümə edəni Vaqif Əlivanlı) baxmaq üçün Moskvadan 5 nəfər teatr mütəxəssisi gəlib, bu tamaşanı yüksək qiymətləndirmişdi. Bu pyesə keçmiş Sovetlər Birliyində ilk dəfə məhz Ağdam Dövlət Dram Teatrında mənim müəllifliyimlə quruluş verilmişdi. Ağdamda teatr üçün Avropa standartlarına uyğun gözəl teatr binası tikilirdi. Əfsus ki, həmin illərdə gavur qonşularımız ermənilərin məkirli niyyətilə Qarabağ müharibəsini başlaması ilə çoxlu arzularımızı reallaşdıra bilmədik... Həmin vaxtı Azərbaycana rəhbərlik eləyən Əbdürrəhman Vəzirovun məkirli niyyətilə Sadıq Murtuzayevin Ağdamdan Abşerona birinci katib vəzifəsinə dəyişməsilə Qarabağ oyunu tam ermənilərin xeyrinə həll olundu...
1989-cu ilin yanvar ayından mən Ağdam teatrından Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına direktor vəzifəsinə dəyişildikdən sonra çox yaxşı ki, bu teatra rəhbərliyi Əməkdar artist Nazir Rüstəmova tapşırdılar. O, bizim başladığımız işi bir qədər də uğurla davam etdirib, teatrı Moskvaya qastrol səfərinə apardı. Orada moskvalı teatr mütəxəssisləri Ağdam Teatrının tamaşalarına yüksək qiymət verdilər. Teatrın repertuarına yeni-yeni əsərlər əlavə olundu. Ağdam işğal olunandan sonra bu teatrın da qara günləri başladı. Bu, ömrünün 4 ilini həmin məşhur teatra həsr eləyən yaradıcı insan kimi mənə də pis təsir eləyirdi...
İndi sevinirəm ki, artıq 5-ci ildir ki, teatra direktor Məhəmməd Hüseynov kimi bacarıqlı, təşkilatçı insan rəhbərlik eləyir. Tələbə yoldaşım, dostum Novruz Cəfərovun artıq ikinci ildir ki, bu teatra baş rejissor vəzifəsinə təyin olunması teatrda maraqlı bir dönüş nöqtəsi olub. Çünki Novruz Cəfərov həm yaxşı dramaturq, yüksək səviyyəli peşəkar aktyor və maraqlı rejissordur. Məhəmməd Hüseynovla Novruz Cəfərov əl-ələ verib, bu teatrın keçmiş uğurlarını geri qaytarmaq istəyirlər. Bzim də borcumuzdur bu iki yaradıcı insana əlimizdən gələn köməklikləri eləyək ki, onlar həvəslənsinlər və daha yaxşı işləsinlər.
Teatrın bugünkü qayğılarını və gördüyü işləri oxucularımızla bölüşmək üçün Məhəmməd Hüseynovla həmsöhbət oldum.
Qısa arayış: Məhəmməd Kazım oğlu Hüseynov 2 mart 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olub.1972-ci ildə həmin kənddəki orta məktəbi bitirib və Bakı Mədəni-Maarif texnikumuna daxil olub.1974-cü ildə həmin texnikumu bitirib və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. 1975-77-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib. 1978-ci ilin fevralından Ağdam rayonunun Əlağalı kənd Mədəniyyət evində bədii-rəhbər,1982-ci ildən isə həmin Mədəniyyət evinin direktoru vəzifəsində işləyib. Həmin illərdə qiyabi yolla Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-Maarif fakültəsini bitirib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibənin ilk günlərindən, yəni 20 noyabr 1991-ci ildən könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına daxil olub. Sıravi əsgərdən tabur komandirinin sosial-siyasi işlər üzrə müavini vəzifəsinə qədər yüksələrək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bir çox döyüşlərdə iştirak edib. Məhəmməd Hüseynov 1992-ci ilin yayında gedən döyüşlərdə ağır yaralanıb, müalicə alaraq sağaldıqdan sonra yenidən döyüşən orduya qayıdıb. 1993-cü il fevral ayının 13-də Azərbaycan teatrının Qarabağ döyüşlərində şəhid olmuş yeganə aktyoru-Ağdam Dövlət Dram Teatrının aktyoru Vüqar Əsgərovla birlikdə döyüşdə iştirak eləyib. Atəşkəs razılığından 2 il sonra, yəni 1996-cı ilin yanvar ayında ordu sıralarından zabit kimi ehtiyata buraxılıb. O, 1 oktyabr 2014-cü ildən Ağdam Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.
-Məhəmməd müəllim Ağdam Dövlət Dram Teatrının direktoru işlədiyiniz bu illərdə hansı işləri görübsünüz?
-Müharibə başlayana qədər Ağdamda zəngin eksponatları olan bir çox muzeylər, o cümlədən dünyada 2-ci, keçmiş SSRİ məkanında isə yalnız Ağdam şəhərində olan ,,Çörək muzeyi”, bir çox tarixi abidələr və digər mədəni-maarif müəssisələri və yaradıcılıq kollektivləri mövcud idi. Bunların da çoxunun əsasını həmin vaxtı Ağdama böyük uğurla rəhbərlik eləmiş Sadıq Murtuzayev qoymuşdu. Ancaq erməni vandalizminin nəticəsində bütün bu adı çəkilən maddi və mədəniyyət abidələri və kolektivlərinin hamısı demək olar ki, məhv edildi. Cəbhə xəttindən bu yana keçirdiyimiz yeganə abidəmiz Ağdam Dövlət Dram Teatrı olub. Çünki rayonumuzu digər kənd rayonlarından fərqləndirən əsas amillərdən biri də məhz bizim rayonda fəaliyyət göstərmiş və çox zəngin yaradıcılıq ənənələri olan Dövlət Teatrının olması idi. Keçən əsrin 70-80-ci illərində bu kollektiv respublikada fəaliyyət göstərən teatrlar arasında həmişə öz yaradıcılıq yolu və mükəmməl yaradıcı kollektivi ilə dərin hörmət sahibi olub. Amma məlum hadisələrdən sonra kollektivin bir çox kadr potensialı demək olar ki, dağılmış, bir çox istedadlı aktyorlar respublikanın müxtəlif regionlarında məcburi köçkün həyatı yaşamağa məhkum olmuşdur. Teatrın özü isə Bərdə şəhərində tamamilə yararsız, fəaliyyət üçün heç bir şəraiti olmayan bir binada məskunlaşmışdı. 2011-ci ildən isə indi rayonun inzibati mərkəzi olan Quzanlı qəsəbəsindəki Mədəniyyət evi əsaslı təmir edilərək, teatrın ixtiyarına verilib. Ancaq mən teatra rəhbərlik etməyə başladığım vaxta kimi teatrdakı uzun müddət fəaliyyətsizlikdən sonra cəmi 1 tamaşa və bir neçə kompozisiyadan başqa demək olar ki, ciddi bir dönüş görülməmişdi. Belə bir vəziyyətdə, yəni 2014-cü ilin oktyabrında rayon rəhbərliyinin tövsiyyəsilə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən teatra mən direktor təyin edildim. Kollektivdə ciddi nizam- intizam məsələsi, istedadlı gənclərin, təhsilli kadrların teatra cəlb olunması məsələsi işimizin əsas prioritetlərindən biri oldu. İlk işlərimdən biri teatra yeni baş rejissorun təyin edilməsilə bağlı Mədəniyyət Nazirliyində məsələ qaldırmaq oldu. Sənətə çox ciddi münasibəti, parlaq istedadı və bir çox digər müsbət keyfiyyətləri olan Əməkdar artist Sərvər Əliyev teatrımıza baş rejissor təyin edildi. Teatrda rayonun hörmətli ziyalılarının da üzv olduğu bədii şura yaradıldı. Bütün tamaşalar bədii şuranın çox qızğın müzakirəsi nəticəsində qəbul edildi. Hər il ən azı 4 tamaşa olmaqla ötən müddət ərzində 20-dən artıq tamaşa hazırlanaraq tamaşaçılara təhvil verildi. İşinə ciddi yanaşan, istedadı olan hər bir kəs bizimçün ən dəyərli insandı. Ümumiyyətlə sənət adamları, xüsusilə teatr sənətinə həyatını həsr etmiş insanlar mənim aləmimdə ruh insanlarıdır və onlara köməklik etmək lazımdır ki, öz işlərini parlaq formada göstərə bilsinlər. Bu gün teatrımızın çox mehriban və işgüzar kollektivi var.


-Ağdam teatrı nə vaxt bərpa olunub və indi teatrın neçə yaşı var?


Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun 9 aprel 2009-cu il tarixli, 57-06/91 nömrəli rəsmi məktubuna əsasən məlum olur ki, Ağdam Dövlət Dram Teatrının yaranma tarixi 1923-cü ildən qeyd olunub. Demək indi Ağdam teatrının 96 yaşı var. Amma teatr məlum olduğu kimi keçmiş SSRİ-də Azərbaycana qarşı aparılan qərəzli siyasətin nəticəsində 1948-ci ildən fəaliyyətini dayandırıb. 1968-ci ildə Azərbaycan SSR Nazirlər sovetinin qərarına görə Sumqayıt və Mingəçevir şəhərlərində Dövlət Dram Teatrlarının yaradılması, Ağdam Dövlət Dram Teatrının isə fəaliyyətinin pərpa edilməsi haqqında qərardan sonra teatr öz fəaliyyətini bərpa edib. Yenidən fəaliyyətə başlayan teatr kollektivi 1969-cu ilin mart ayının 26-sı və 27-si tarixlərində Bəxtiyar Vahabzadənin “Vicdan”, İlyas Əfəndiyevin isə “Sən həmişə mənimləsən”əsərləri ilə uzun fasilədən sonra artıq öz qapılarını geniş tamaşaçı kütləsinə açıb.


-Bu gün Azərbaycanda çoxlu dövlət teatrları olduğu bir vaxtda teatra
rəhbərlik etmək və həmin teatrı aparıcı teatrlardan biri səviyyəsinə qaldırmaq çox çətindir. Bütün bu problemli işləri siz necə həll edirsiz? Ağdam Dövlət Darm Teatrının məhz bu teatrların arasında uğur qazanması üçün
 hansı əsas işləri görürsüz?


-Ağdam rayonu özünün iqtisadi, sosial və mədəni inkişafına görə həmişə respublikamızın qabaqcıl rayonlarından biri olub. Lakin yuxarıda qeyd etdiyim kimi, bu gün məlum Qarabağ müharibəsi nəticəsində ərazisinin 80 faizə qədəri işğal olunmuş, demək olar ki, bütün infrastrukturu məhv olmuşdur. Ona görə də biz bir çox işləri yenidən və demək olar ki, sıfırdan başlamağa məcbur olmuşuq. Məsələn teatra münasibət məsələsində bu özünü daha parlaq göstərir. Mənim işlədiyim müddətdə elə bir tamaşamız yadıma düşmür ki, onun premyerasında rayonun rəhbərliyi iştirak etməsin. Hətta tamaşadan sonra müzakirələrdə iştirak edib öz fikirlərini bildirən məmurlarımız da çoxdur. Demək olar ki, bütün tamaşalarda tamaşaqabağı mənim 3-5 dəyqəlıik çıxışım olur. Burada izah olunur ki, teatr ciddi sənət növüdür. Bu sənəti qorumaq isə hər bir azərbaycanlının müqəddəs borcudur. Sevindirici haldır ki, teatrımıza daha çox ziyalılar gələr. Daim teatr tamaşalarına gələn gənc heç vaxt cəmiyyət üçün ziyanlı vətəndaş ola bilməz. Bundan əlavə hər bir vəzifəli şəxs də bilməmiş deyildir ki, dövlət teatrı həm də bir dövlət müəssisəsidir. Axı onun mənəvi tərəfləriylə yanaşı həm də dövlətə iqtisadi qazancı var. Bundan başqa həm də dövlətin mədəniyyətə bir strateji yanaşması olduğunu, cənab Prezidentimizin teatr sənətinin inkişafına həsr olunmuş Dövlət Proqramı, sərəncam və qərarları haqqında da tamaşaçılara məlumatlar veririk. Ona görə də teatra rayondakı idarə və müəssisə rəhbərlərinin münasibəti xüsusi əhəmiyyət kəsb edir.


- Direktorun ən əsas işi kollektiv arasında mehribançılıq yaratmaqla, işlək bir komanda yaratmaqdır. Bu sahədə hansı işləri görürsüz?


-Çox mehriban, səmimi və işinə vicdanla yanaşan bir kollektivimiz var. Hansı birimizin ailəsində şad və ya hansısa bir problem yaranarsa bu hər birimizə aiddir. Hər bir yeni tamaşanın uğurlu premyerası hamımızın iştirakıyla ən azı bir tort və çay süfrəsində qeyd olunmaqla kiçik bir bayram məclisini xatırladır.


- Kollektivin uğuru direktorla baş rejissorların birgə yaradıcılığı üstündə qurulur. Bu sahədə siz, rejissorlarla birlikdə hansı işləri görürsünüz?


-Yuxarıda qeyd etdiyim kimi mən direktor təyin ediləndən az sonra teatrımıza yeni baş rejissor da təyin edildi. Respublikanın Əməkdar artisti Sərvər Əliyev bir çox tamaşalar hazırladı. Onun sənətə və vəzifəsinə çox ciddi yanaşması nəticəsində teatrımızda çox böyük işlər görüldü. Kollektiv formalaşdı. Artıq ikinci ildir ki, teatrımızın baş rejissoru Əməkdar artist Novruz Cəfərovdur. O da artıq kollektivlə çox mehriban, səmimi və yaradıcı münasibət qurub. Sevindirici haldır ki, Novruz müəllim pedaqoq rejissordur. Belə bir insanın teatrın jaradıcılıq sahəsində başda olması aktyor və aktrisaların peşəkar kimi yetişməsinə çox köməklik eləyir. Onlarda öz işlərinə ciddiliyi, teatr sənətilə bağlı kitablar oxumaq, pyeslərlə tanış olmaq istəyini artırır.
Biz yaxşı bilirik ki, tamaşa kollektiv sənət fəaliyyətinin məhsulu olsa da onun əsas müəllifi rejissordur. Bəzən rejissorla yaradıcılıq mübahisəmiz də ola bilər. Amma bütün polemikalarda mənə görə son söz rejissorun fikridir. Yəni mən teatrın direktoru və bədii şurasının sədri olsam da mənə görə əksər hallarda rejissorun fikri əsas meyardır. Bu da teatrın işinin xeyrinə olur.


- Hər bir teatrın bel sütunu onun aktyor kollektividir. Sizin teatrda işləyən aktorlar haqqında nə deyə bilərsiniz? Onların arasında ali təhsilli aktyorlar çoxdurmu? Aktor kollektivi haqqında qısa da olsa məlumat verin.


-Yuxarıda qeyd etdiyim kimi rayonumuzun işğal edilməsi nəticəsində teatrın əsas kadr kontingenti də demək olar ki, dağıldı. Bir çox istedadlı, bütün həyatlarını Ağdam teatrının inkişafına həsr etmiş kadrlar, o cümlədən istedadlı aktyorlar respublikanın müxtəlif bölgələrində yaşamağa məcbur oldular. Amma onların yerinə özfəaliyyət kollektivlərindən və teatrın nəzdində fəaliyyət göstərən teatr- studiyadan yeni gənclər gəldilər. Bundan başqa hal- hazırda teatrımızda 6 nəfər aktyor ali təhsilli,10 nəfərədək kollec təhsillidir. İki nəfər Əməkdar artist fəxri adı olan aktrisamız var. Aida Qasımova və Fəqumə Yusifova.


- Sizin teatr həm də erməni işğalında olan bir rayonun və bütövlükdə Qarabağın mədəniyyətini təmsil edir. Bu işlərdə Azərbaycan Mədəniyyət Nazirliyinin sizə hansı köməklikləri olur?


-Neçə illərdir ki, bir çox teatrlarda olduğu kimi Ağdam Dövlət Dram Teatrının da nəzdində Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə teatr -studiya fəaliyyət göstərir. Bundan başqa bir çox maddi texniki bazanın mökəmlənməsində, o cümlədən texniki avadanlıqlarla teatrın təchiz olunmasında Mədəniyyət Nazirliyinin teatrımıza böyük köməklikləri olub. Nazirlik indi də əlindən gələni edir ki, teatrımız yaşasın və öz sözünü layiqincə desin.


-Aktyorun yaxşı işləməsi üçün ilk öncə ona qayğı olmalıdır. Sizin aktyorlara fəxri adların verilməsi, onların sosial vəziyyəti və əmək haqqı ilə bağlı işlər necədir?


-Hazırda biri baş rejissor olmaqla 3 nəfər Əməkdar artist adını daşıyan əməkdaşlarımız var. Əməkhaqqı məsələsinə gəldikdə isə şox böyük məmnuniyyət hüssülə qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz teatr və konsert birliklərində çalışan insanların əməkhaqqını 50 faiz qaldırmaqla bir daha mədəniyyət və incəsənətimizə, onun ən vacib sahəsi olan teatr sənətinə böyük dövlət qayğısını göstərmiş oldu. Bu, özü böyük tarixi hadisədi. Cənab prezidentimiz İlham Əliyevin bu sərəncamı bizi daha yaxşı işləməyə çox ruhlandırıb. Qarşımızda böyük cavabdehlik qoyub.


-Azərbaycan və xarici dramaturqlarının pyeslərini repertuara daxil edirsinizmi?


-Bəli. Azərbaycan dramaturgiyasının klassiklərilə yanaşı xarici ölkə ədəbiyyatının klassik nümunələrini də tamaşaya qoymuşuq. Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri”, “Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli Şah” , Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Cəfər Cabbarlının “Aydın” əsərlərilə yanaşı M. Mitroviçin “Gecə yarısı soyğun”, Şandor Perronun “Sehrbaz qadın”, V. Siqarevin ,,Ağ ölüm” və sairə tamaşalar bu son dörd ildə teatrımızda hazırlanıb. Hal- hazırda bu ilki repertuar planına xarici dramaturq Yan Soloviçin “Müəmmalı dilənçi” əsərini salmışıq.


- Bu mövsümdə hansı böyük işləri görməyi planlaşdırırsız?


-Gözlədiyimizə görə bu il məcburi köçkün həyatı yaşayan teatrların Bakı şəhərində festivalı keçiriləcək. Biz də bu mühüm tədbirə bir neçə tamaşa ilə, o cümlədən maraqlı dram əsərlərinin müəllifi olan baş rejissorumuz, Respublikanın Əməkdar artisti Novruz Cəfərovun “Buna da şükür” əsərinin tamaşası ilə qatılacağıq.


- Teatrın inkişafının bir yolu da qastrol səfərləridi. Azərbaycanın daxilinə və xarici ölkələrə qastrol səfərləri planlaşdırırsızmı?


-Bəli, növbəti yaradıcılıq ilində qardaş Türkiyəyə qastrol səfərinə getməyi planlaşdırırıq. Eləcə də Azərbaycanın bölgələrinə qastrol səfərləri nəzərdə tutmuşuq.Təki sağlıq olsun. Bizim ən böyük məqsədimiz Ağdam Dövlət Dram Teatrının keçmiş şöhrətini geri qaytarmaqdır. İnanıram ki, tezliklə buna nail olaqağıq. Çünki bu, təkcə mənim yox, bütövlükdə kollektivin arzusu və istəyidi.

 

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )