I BEYNƏLXALQ CAZ FESTİVALININ KONSERTİ KEÇİRİLƏCƏK -

I BEYNƏLXALQ CAZ FESTİVALININ KONSERTİ KEÇİRİLƏCƏK

https://www.facebook.com/groups/250993438794052/ 

 

2019-cu il Ü.Hacıbəyli ad.Bakı Musiqi Akademiyası Beynəlxalq Caz Günü çərçivəsində özünün ilk layihəsi olan Beynəlxalq Caz Festivalını və Elmi-yaradıcılıq konfransını keçirir. Festival gənc ifaçıların müsabiqəsini, konsertləri, ustad-dərsləri və konfransı daxil edir.
7 may 2019-cu il Ü.Hacıbəyli ad.BMA-nın Opera Studiyasının səhnəsində Beynəlxalq Caz Günü çərçivəsində Festivalın kpnserti başa tutacaqdır. Konsertin iştirakçıları – gənc caz ifaçılarıdır.
Xatırladaq ki, Beynəlxalq Caz Günü – UNESCO-nun sülhməramlı səfiri, dünya şöhrətli cazmen Herbi Henkokun və təşkilatın sabiq baş direktoru İrina Bokovanın təşəbbüsü ilə yaradılmış və ilk dəfə 2012-ci ildə Parisdə həyata keçirilmiş ənənədir. Bu, geniş əhatəli ümumdünya forumudur ki, məşhur caz ulduzlarının iştirakı ilə konsertləri, görüşləri, müzakirələri, ustad dərsləri, kino təqdimatlarını və digər tədbirləri daxil edir və müxtəlif ölkələrdən qonaqları, cazsevərləri toplayır.
Forumun keçirildiyi ilk gündən başlayaraq Azərbaycan bu dünyəvi ənənəyə qatılmışdır. 2012-ci ildə keçirilən ilk forumda Azərbaycanı “Henkokun Dostları” proqramına daxil edilmiş azərbaycanlı gənc cazmen, respublikanın əməkdar artisti İsfar Sarabski və bəstəkar, pianoçu, “Bakustik Jazz” qrupunun rəhbəri, respublikanın xalq artisti Salman Qəmbərov təmsil etmişdir.
Baş tutacaq konsertdə Azərbaycan Respublikasının əməkdar artisti İsfar sarabski öz həmişəki həmkarları – bas-gitaraçı, respublikanın əməkdar artisti Ruslan Hüseynov və zərbçi Elvin Bəşirov ilə çıxış edəcəkdir. Konsert proqramına İ.Sarabskinin öz bəstələri və caz standartlarına improvizasiyaları səslənəcəkdir.


Nicat Aslanov – yeni nəslin ən gənc bendliderlərindən biridir. Onu maraqlandıran caz üslubları – caz klassikası, latinos və etno-cazdır. N.aslanov ölkəmizin bir çox səhnə və klublarında çıxış edir. Qafqaz Caz Festivalının (Tbilisi, 2016), Bakı Caz Festivalının (2017) iştirakçısıdır.


Nərmin Məmmədli – Azərbaycan İncəsənət və Mədəniyyət İnstitutunun tələbəsidir. Bakı Caz Festivalının (2018) və “I’m jazzman” müsabiqəsinin (2018) iştirakçısıdır. Cem-seyşn, caz konsertləri və tədbirlərində fəal iştirak edən gənc ifaçılardandır.


İsmayıl Məmmədli – Ü.hacıbəyli ad.BMA-nın fortepiano ixtisası üzrə məzunudur. Etno-caz cərəyanında çalışmağa başlayan ifaçılardandır. “Jazzeri Bands” konsertlər silsiləsinin iştirakçısıdır. Onun etno-caz qrupuna Xəyal Abbasov (nağara), Sultanhüseyn Rzayev (perkussiya), Nicat Bayramov (zərb alətləri), Nicat Paşazadə (bas-gitara) daxildir.


Pərviz Məmmədov – etno-caz cərəyanında çalışan daha bir gənc ifaçıdır. Ü.Hacıbəyli ad.Bma-nın fortepiano ixtisası üzrə məzunudur. “Jazzeri Bands” konsertlər silsiləsinin iştirakçısıdır. Tarzən İbrahim Babayev ilə birlikdə çıxış edərək müştərək etno-caz kompozisiyalarını ifa etmişdir. Onun etno-caz qrupuna İbrahim Babayev (tar), Turanə İsayeva (şeypur), Yusif Əlizadə (zərb alətləri), Elgün Babayev (kontrabas) daxildir. Bu günkü caz konsertində onlar “Onu demə, zalım yar” azərbaycan xalq mahnısına kompozisiya ifa edəcəklər.


Arslan Növrəsli – tar ifaçısı və bendliderdir. Onun etno-caz qrupuna zərb alətləri ustası İsgəndər Ələsgərov, basist saleh Məmmədov, pianoçu Tural Qasımlı daxildir. Qrup bir çox cazfestivallarda, o cümlədən Baku Jazz Festivalda (2006, 2014), IV Beynəlxalq Muğam Festivalında, İstanbul Caz Festivalında iştirak etmişdir. Arslan Növrəsli tar alətində ilk dəfə caz standartlarını, o cümlədən Əzizə Mustafazadənin kompozisiyalarını, eləcə də modal-caz üsulu tətbiq edən ifaçıdır.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )