Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti olmayıb və olmayacaq - - Rufiz Qonaqov

Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti olmayıb və olmayacaq - Rufiz Qonaqov

https://www.facebook.com/groups/604248139738662/ 

 

Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti olmayıb və olmayacaq

Bu gün Azərbaycanın xarici siyasətində əsas prioritet ölkənin ərazi bütövlüyünü təmin etmək, tez bir zamanda Ermənistan-Azərbayacan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdır. İşğalçı Ermənistan isə beynəlxalq hüquqa əhəmiyyət vermir, onları kobud şəkildə pozur, dünya ictimaiyyətinə sayğısızlıq nümayiş etdirir. Dövlətimizin başçısı cənab İlham Əliyev bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini belə vurğulayır. Ona görə də Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman əsas vəzifə kimi qarşıya qoyulur.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunaraq münaqişənin həlli ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik olmadığını qeyd etdi: “Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur”.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq: “Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək”.

Politoloq Rufiz Qonaqov sözgedən məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə həm ölkə, həm dünya ictimaiyyəti, həm də kütləvi informasiya vasitələri üçün böyük maraq doğuran fikirlər səsləndirdi: “Cənab Prezident bildirdi ki, heç zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti olmayıb. Biz bilirik ki, Azərbaycanın ərazi bütövlüyü prinsipi bütün dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bununla da işğal altında olan ərazilərimiz Azərbaycanın əzəli və tarixi torpağı kimi göstərilir. Bu gün Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, Avropa Şurasının, Avropa Birliyinin, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatların işğalçı Ermənistan və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələri göz önündədir”.

Politoloq onu da qeyd etdi ki, çıxışı zamanı cənab Prezident bildirdi ki, Ermənistanın yeni hökuməti buraya separatçı rejimi cəlb etməklə status-kvonunu qoruyub saxlamaq istəyirdi: “Lakin bütün bunlara son qoyuldu. Çünki ATƏT-in Minsk qrupunun martın 9-da olan bəyanatında açıq-aşkar göstərildi ki, burada iki tərəf var Ermənistan və Azərbaycan. Sözsüz ki, Ermənistan işğalçı ölkədir. Azərbaycanın əraziləri isə Ermənistan tərəfindən işğal edilib. Bununla da artıq bu məsələyə, Ermənistanın hiyləgər mövqeyinə də son qoyuldu. Əlbəttə ki, burada başqa cür də ola bilməzdi. Çünki qeyd olunduğu kimi, heç kəs Dağlıq Qarabağı bir müstəqil ölkə kimi tanımayıb və tanıya da bilməz. Bu, sadəcə olaraq, Ermənistanın orada yaratdığı separatçı bir rejimdir. Bu baxımdan hər kəs bilir ki, Azərbaycan yalnız Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Prezident İlham Əliyevin də son iclasda səsləndirdiyi fikirlər bir daha onu göstərdi ki, kimlərsə bunu imitasiya edərək səsləndirirlərsə hansısa daxili, xarici qüvvələr və yaxud da xaricdə olan erməni diasporunun təsiri altında olan qüvvələr bunu birdəfəlik bilməlidirlər ki, heç bir zaman Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti olmayıb və bundan sonra da olmayacaqdır”.

 

Mənsumə Babayeva, “İki sahil”

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )