"Nəsimi ili" çərçivəsində "Kitab günü" keçirilib - (+FOTOLAR)

"Nəsimi ili" çərçivəsində "Kitab günü" keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilir. Prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkəmizdə "Nəsimi ili" elan olunaraq Nəsiminin həyat və yaradıcılığına həsr olunan silsilə tədbirlər keçirilir.

Mayın 3-də paytaxtın Nəsimi rayonunda yerləşən Zabitlər bağında "Mən oxudum, sən də oxu" devizi altında Ədliyyə Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə "Kitab günü" keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və məsul əməkdaşları, Yazıçılar Birliyinin, vətəndaş cəmiyyətinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri, yerli sakinlər, tələbələr və məktəblilər iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aynur Sabitova, Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov, Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev və Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək Nəsiminin 650 illik yubileyinə həsr olunan "Kitab günü"nün əhəmiyyətindən danışıblar.

Bildirilib ki, ölkə Prezidentinin 2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilməsi haqqında Sərəncamı ölkəmizdə humanitar fikrə, ədəbiyyatımıza göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Bu münasibətlə keçirilən silsilə tədbirlər Nəsimi irsinin öyrənilməsi və təbliği baxımından müstəsna önəm kəsb edir.

Çıxış edənlər Ədliyyə nazirliyi tərəfindən cəzaçəkmə müəssisələrinin kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə aksiyanın keçirilməsi təşəbbüsünü humanist addım kimi dəyərləndirərək "Kitab günü" çərçivəsində toplanmış 4 minə yaxın müxtəlif bədii, publisistik və digər elmi kitabların cəmiyyətimizin həssas təbəqəsi olan azadlıqdan məhrum edilmiş şəxslərin istifadəsinə verilməsini alqışlayıblar.

"Kitab günü"ndə həmçinin, gənclərin mütaliə marağının artırılması məqsədilə "Müasir İnnovasiyalar Liseyi"nin şagirdlərinin iştirakı ilə fləşmob təşkil olunub. Tədbir musiqili-bədii proqramla davam edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )