ATAYA ÇATDIRILAN XƏBƏR - - Rafael Hüseyn xatırladı.. (+FOTOLAR)

ATAYA ÇATDIRILAN XƏBƏR - Rafael Hüseyn xatırladı.. (+FOTOLAR)

https://www.facebook.com/groups/458090628035596/ 

 

Mayın 9-u Qələbə günüdür.
O, həmin böyük qələbəni gətirənlərdən olub.
Odlu cəbhələrdə dəfələrlə ölümlə üz-üzə qalıb, Vətənə səhhəti zədələnmiş halda qayıdıb, sonra yaşaycağı illər boyunca döyüşlərdə aldığı yaraların, müharibə sarsıntılarının ağrısını, bu sözün həm məcazi, həm də birbaşa mənasında, çiynində və ürəyində daşıyıb.
O, ilk gənclik çağlarından Azərbaycan radio və televiziyası ilə bağlı olub.
1938-ci ildə radioda işə başlayanda vur-tut 22 yaşı vardı.
1950-ci illərin başlanğıcında isə çox şərəfli ədəbi yol keçdikdən sonra yenidən Radioya qayıtdı, oraya rəhbərlik etdi, 1956-cı ildə fəaliyyətə başlayan Televiziyamızı quranlardan oldu.
Azərbaycan televiziyasının ilk illləri onun fədakar əməkləri, axtarışları, ideya və tapıntıları ilə bağlıdır.
O, gün-gün Azərbaycan televiziyasının tərcümeyi-halını yazmağa başlayanda bu studiyanın həyətində hələ teleqüllə yerinə qülləni müvəqqəti əvəz edən neft buruğu dikəlirdi.
Bu şirkətin – o vaxtlar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ilk sədri olmaq da onun da bəxtinə düşdü.
O, Azərbaycana solmaz şeirlər, köhnəlməz nəğmələr bağışlayan zərif ruhlu bir şair olub.
Və qısa bir ömür yaşayıb – cəmi 51 il.
Bu, arzuları və yolu yarımçıq qalmış görkəmli şairimiz və ictimai xadim Ənvər Əlibəylidir.
O, baharda dünyaya gəlmişdi, bir yaz günündə də dünyadan köçdü.
Qəfil ölüm Ənvər Əlibəylinin həyatına 1968-ci il mayın 7-də son qoydu.
Sovetlər dönəmində mayın 7-si radio günü kimi qeyd edilirdi və Ənvər müəllim də həmin gün rəsmi toplantıda edəcəyi çıxışa hazırlaşırmış.
Və şairin ürəyi son dəfə sancır, gözlənilmədən, bir an içində yol bitir...
Tale elə gətirdi ki, sonralar Ənvər Əlibəylinin oğlu Şahin və qızlarından biri –Şəlalə uşaqlıqdan onlara doğma olan, istəkli atalarının adını və ruhunu yaşadan Radio-Televiziyada çalışdılar.
Şahin istedadlı televiziya rejissoru idi və nə acı ki, onun da ömür yolu erkən qırıldı.
Şəlaləsə qəlbinə və ailələrinə son dərəcə əziz olan bu ünvandan, sevimli işindən özü istəməyərəkdən ayrılası oldu.
Sədr istəməmişdi ki, o, Teleradio şirkətində qalsın.
Çox da ki, Şəlalə bir-birindən gözəl, baxımlı verilişlər hazırlayırdı.
İddialı cılız məmur belə dəyərləri vecinə alan deyildi.
Amma daha acınacaqlı və dözülməz olansa bu idi ki, həmin üzdəniraq hikkə mərhum Ənvər Əlbəylinin də adını efir yasaqlıları sırasına qatmışdı.
Ənvər Əlibəyli haqqında nə radioda, nə televiziyada veriliş hazırlamaq olarmış.
Bu əcaib rəftardan xəbərim yox idi. Günlərin birində radioda “Axşam görüşləri” verilişinin bir buraxılışını Ənvər Əlibəyliyə həsr etmişdim. Veriliş hazır idi və mənə radiodan zəng vurdular: “Bəs xəbərin yoxdur, Ənvər Əlibəyli barədə heç bir veriliş efirə gedə bilməz?”.
Düzü, anlamadım. Niyə axı?
Rəhmətlik Ənvər müəllim, bildiyim dərəcədə, ipək kimi adam olub, hamıya yaxşılıq edib, radio-televiziya tarixində də silinməz izi qalır. O zavallının nə qəbahəti var?
Bəlli oldu ki, bu münaqişə çoxdan davam edirmiş.
Sədr, sabiq əməkdaşına olan qeyzini indi çörəyini yediyi, Azərbaycan Radiosunda bir sıra təqdirəlayiq ənənələrin təməlini qoymuş, Azərbaycan Televiziyasını yaradanlardan olan, bu idarədə can qoymuş mərhum Ənvər Əlibəyliyə də yönəldibmiş.
Səfər üstündəydim. Şirkətə gedərək məsələni nə şəkildəsə həll etməyə vaxt yox idi, gecə Parisə uçacaqdım.
Elə bu kimi səfərlərim vaxtı efirə getməkçün irəlicədən tədarük etdiyim ehtiyat verilişlərdən birini təqdim etdim.
Növbəti il yenə apreldə Ənvər Əlibəylidən veriliş hazırladım.
Təbii ki, radioda yenə məlum qadağaçının adını çəkərək etiraz etdilər: “Axı sənə demişdik ki, olmaz!”.
Mən də qəti tələb etdim ki, sədrin özünə deyin, veriliş mütləq gedəcək, ikinci yol yoxdur. Bu şirkətin borclu olduğu bir insana radiomuzun efirində yer verilməməsi mənəviyyatsızlıqdır.
Uzun çək-çevirdən sonra sədrin köməkçisi mənə telefon açdı.
“Deyir ki, yaxşı Ənvər Əlibəyli haqda veriliş getsin, amma ailədən danışan olmasın”.
Canımı dişimə tutub razılaşdım.
Və arxada qalan illərdə məndən başqa radio-televiziyamızda Ənvər Əlibəylidən digər hansısa verilişdə nə söhbət açan oldu, nə də aqibəti irəlicədən bildiklərindən, buna hər hansı cəhd edən.
...Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin yeni rəhbəri Rövşən Məmmədovla təyinatından sonra ilk görüşümüz 2019-cu il mayın 6-da oldu.
Görüşümüzdə məqsəd bir sıra yaradıcılıq məsələlərini müzakirə etmək, yeni verilişlər barədə danışmaq idi.
Lakin salam-kəlamdan sonra Rövşən müəllimdən ilk xahişim halallığın bərpa edilməsi, Ənvər Əlibəylinin unudulmamalı zəhmətlər çəkdiyi bu məkana qayıdışına kömək etməsi oldu.
Və ertəsi gün, mayın 7-də uzun ayrılıqdan sonra Ənvər Əlibəylinin qızı Şəlalə xanım illərcə çalışdığı, ona çox məhrəm olan bu məkana ilk dəfə qədəm basdı.
Şirkətin sədri vəzifəsini icra etməyə başladığı qısa vaxt kəsiyində hamıda razılıq oyadan bir sıra addımlar atmağa müvəffəq olmuş Rövşən Məmmədov Şəlaləni birbaşa kadrlar şöbəsinə yönəltdi...
...Mayın 7-si Ənvər Əlibəylinin anım günüdür.
1968-ci ilin 7 mayında bütün radio-televiziya işçiləri, mədəniyyət, ədəbiyyyat xadimləri, dövlət və hökumət yetkililəri bu səmimi, parlaq, qiymətli insanla vidaya toplaşmışdılar.
Xalq artisti Habil Əliyev o hüznlü günü xatırlayanda söyləyirdi ki, hamı kədər işində ayaq üstdə dayanmışdı, bircə mən əyləşmişdim. Çünki davamlı ürək ağrılarından şikayətlənən Ənvər hər ehtimala qarşı, haçansa onu ölümün gözlənilmədən yaxalaya biləcəyini də nəzərə alaraq vəsiyyət məktubu yazıbmış və zərfi, özünün həyatda olmayacağı gün açmaq şərti ilə yaxın dostu diktor Aydın Qaradağlıya veribmiş.
Həmin məktubdakı son arzularından biri bu imiş ki, dəfnində Habil “Segah” çalsın.
2019-cu il mayın 7-də Ənvər Əlibəylinin nigaran ruhu yəqin ki, toxtaqlıq tapdı.
Şəfəq mənə telefonla xəbər verdi ki, bizim ailəyə bundan böyük hədiyyə olmazdı ki, məhz atamızın xatirə günündə nəhayət ki, Şəlalə yenidən telestudiyanın qapısından içəri girdi.
Və həmin gün 2 bacı – Şəfəq və Şəlalə Əlibəylilər Fəxri Xiyabana yollanıblar.
Bu xəbəri atalarına da çatdırblar...
Bunu qəhərlənə-qəhərlənə Şəfəq özü mənə etiraf etdi...
Əlində imkan, səlahiyyət olanda ürək sındırmaq da asandır, qırılmış ürəyə məlhəm olmaq da...
Onu da çox görmüşük, bunu da.
Tarixin, vicdanın da öz məhkəməsi var!
Başqa məhkəmələrdən və istintaqlardan nə şəkildəsə qurtulmaq, gizlənmək, yayınmaq mümkünsə də, bu haqq divanı, bu ədalət tərəzisi hər bir xeyirxah və bədxah əməl sahibini gec-tez tapır.
Bütün bunları ona görə yazdım ki, ibrətdir, görk olsun, dərs olsun.
...Beləcə, 51 il ömür sürmüş Ənvər Əlibəylinin rurhu vəfatından düz 51 il sonra bir zamanlar onun əyləşdiyi kürsüdə oturan gənc bir insanın – Rövşən Məmmədovun
nəcibliyi sayəsində şad oldu.
Könül sevindirməyi bacaranlara şərəflər olsun!
...Bu isə Ənvər Əlibəylinin bütün dövrlər üçün təzə olan yadigar misralarıdır:

Süleymana qalmayan dünya
Sənə də qalmayacaq,
Deyilən bir məsəl-var
Dolaşır dodaq-dodaq.
Bu düzdür, biz gedəcəyik
Ancaq dünya yenə də
İnsanlara qalacaq.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )