Qanunsuz yolla gətirilən tütün məmulatı və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb - (+FOTO)

Qanunsuz yolla gətirilən tütün məmulatı və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb (+FOTO)

Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli
miqdarda tütün məmulatı və spirtli içkinin realizə edilməsinin qarşısını alıblar.
DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Hüquqpozmalarla
mübarizə şöbəsinə Qazax-Bakı istiqamətində hərəkət edən "Daewoo" markalı sərnişin
avtobusu ilə üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün
məmulatı və spirtli içkilərin Bakı Beynəlxalq Avtovağzalı istiqamətində daşınması və
naməlum şəxsə satılacağı barədə məlumat daxil olub.
Bu məlumat əsasında Bakı Beynəlxalq Avtovağzalı ərazisində əməliyyat tədbiri
keçirilib. Əməliyyat qrupunun üzvləri avtobusun salon və baqajına ilkin baxış
keçirərkən, həqiqətən avtobusda 3 ədəd karton qutuda və 23 ədəd sellofan torbada
üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatı və
spirtli içkilərin olduğu müəyyən edilib.
Sorğu-sual zamanı avtobusun sürücüsü tütün məmulatı və spirtli içkilərin Qazax
şəhərində tanımadığı şəxs tərəfindən ona verildiyini və Xırdalan şəhərindəki Bakı
Mühəndislik Universiteti yaxınlığında Qərib adlı şəxsə təhvil verilməli olduğunu
bildirib.
Beləliklə, əməliyyat tədbiri sonra sözügedən ünvanda davam etdirilib. Avtobus həmin
ərazidə dayandıqdan bir neçə dəqiqə sonra ora "Lada" markalı minik avtomobili
yaxınlaşıb. Həmin avtomobili idarə edən şəxs avtobusun salon və baqajında olan tütün
məmulatı və spirtli içkiləri götürərkən saxlanılıb.
Daha sonra DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində 3 ədəd karton qutuya və 23
ədəd sellofan torbaya təkrar baxış keçirilib. Bu zaman üzərində Azərbaycan
Respublikasının aksiz markası olmayan cəmi 73.800 ədəd müxtəlif markalı siqaret
və hər biri 1 litr həcmində cəmi 30 ədəd müxtəlif adda spirtli içkilər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )