ONU ANMAQ MƏSUDLUĞU VƏ MƏSULİYYƏTİ - - Rafael Hüseyn yazır.. (+ViDEO)

ONU ANMAQ MƏSUDLUĞU VƏ MƏSULİYYƏTİ - Rafael Hüseyn yazır.. (+ViDEO)

İtirilmiş zamana, o fövtə verilmiş vaxt ərzində yarana biləcək incilərə heyf!
Allahın sevib seçdiyi, öz nurundan pay əta etdiyi dahinin işıqla dolu əsərlər doğurmağa, dünyanı və millətini daha göyçək, daha yaşamalı edəcək əsərlər yaratmağa sərf edəcəyi illəri, ayları, günləri, saatları səksəkə, həyəcan, vahimə içərisində yaşamağa məcbur olduğu dövrana yazıq!
Dahilərin küncə qısnadıldığı, sarsıntı və məşəqqətlərə düçar edildiyi hər zaman kəsiyi qapqara rəngdədir və iblisin təntənəsi anlarıdır.
Keçmişdə, indi və bütün yaxın-uzaq gələcəklərdə bizdə və dünyanın hər yerində parlaq zəkalara bəd nəfsləri, dar gözləri, kirli ürəkləri ilə bədxahlıqlar etmiş, edən və edəcək məlunların lənətlərini Uca Tanrı əskik etməsin!
1907-ci ildən başlayaraq hər il ən azı bir opera və operetta yazan, neçə dəyərli mahnı, romans bəstələyən, sıra-sıra qiymətli məqalə qələmə alan yazan Üzeyir bəy 1920-ci ilin apelindən, bolşeviklər gələndən sonra susur.
Daha dəqiqi – susmağa vadar qalır!
Əli iş-gücdən soyuyur.
Çünki hər gecə və hər səhər həbs olunmaq, sürgün edilmək, güllələnmək təhlükəsi onu qarabaqara izləyirdi.
Təzə hökumətin düşmən deyib məhv etdiklərinin əksərindən Üzeyir bəy və ailəsi bu cəzalara daha artıq uyğun gəlirdi.
Şura hökuməti bəy-xan nəsillərinin kökünü kəsirdi, köklü-köməcli nəsillıri məhv edirdi, Azərbaycan Xalq Cümhuriyyətinə xidmət etmişləri aradan götürürdü, üstün ziyalıları, görkəmli şəxsiyyətləri, cəmiyyətdə, xalq arasında böyük nüfuzu olanları dənləyib gedər-gəlməzlərə urcah edirdi.
Üzeyir bəy sovetin devirdiyi müstəqil Azərbaycan dövlətinin himnini yazmışdı, həmin cümhuriyyətin ən fəal təbliğçilərindən olmuşdu, qardaşı Ceyhun Fransada siyasi mühacirətdə idi.
Hər saniyə həbs edilməsinə meydan açan nə qədər desən belə əsaslar varkən o zavallı necə rahat yaşayaydı, son dərəcə aydın və yaxın olan can qorxusunu necə unudaydı, hər şeyi itirmək ehtimalı göz önündəykən nə təhər işləyəydi, nədən ilham alaydı?!
Yalnız 1937-ci ildə elə hökumətin təklifi ilə “Koroğlu”nu yazandan və bu əsər də 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Ongünlüyündə Stalinin diqqətini cəlb edərək təriflərinə layiq görüləndən sonra sanki bir durulma yaranır, xatalı buludlar Üzeyir bəyin başı üzərindən çəkilir.
Qısa müddətdə ona həmin çağlar hər sənətkar üçün şöhrətin zirvəsi sayıla biləcək SSRİ xalq artisti adını da verirlər, “ləkəli” biqorafiyasına baxmayarq sovet liderinin birbaşa göstərişi ilə Sovet İttifaqı Kommunist Partiyasının Nizamnamə tələbinə məhəl qoymadan namizədlik stajı keçməmiş birbaşa partiya üzvlüyünə də götürürlər, deputat da edirlər, akademik də seçirlər, təzə mənzil də bağışlayırlar, maşını da, vəzifəni də əsurgəmirlər.
Hətta Parisdə siyasi mühacirətdə olan qardaşı Ceyhun bəylə yazəşmasına da rüsxət verilir.
Həmin dekada əsnasında Stalin Azərbaycan nümayəndə heyəti ilə görüşərkən Üzeyir bəydən: “Qardaşınız necədir, neyləyir oralarda?”, – soruşmuşdu, Üzeyir bəy: “Xəbərim yoxdur, heç bir əlaqə saxlamırıq”, – demişdi və Stalin də gözlənilmədən qayıtmışdı ki, hər halda qardaşınızdır,əlaqə saxlamaq lazımdır.
Və elə Bakıya qayıdan kimi yazışmalarına şərait yaradılmışdı, Üzeyir bəy Parisə, Ceyhun bəyə məktub yollamışdı, cavab da almışdı.
(Təbii ki, bu yazışmaların başlanmasına icazə verilməsi səbəbi dövlətin Üzeyir bəyə xüsusi məhəbbəti ilə bağlı deyildi. Belə təsəvvür etmək olar ki, o dövrdə Kremlə Fransadakı siyasi mühacirətlə hansısa bağlantıların olması gərəkmiş.
Bir zamanlar mən SSRİ Dövlət Təhlükəsizlik Komitəsində saxlanan “Tam məxfi” qrifi altındakı 30 cildlik “Avropadakı Azərbaycan siyasi mühacirəti” adlı işin bəzi fraqmentləri ilə arxivdə tanış olmuşam. Eynən belə bir iş Türkiyədəki siyasi mühacirətimizlə də əlqadər aparılırmış.
Hər hərəkətləri nəzarət altında idi. Aralarında, ətraflarında da ordan bura məlumat ötürənlər vardı).
Açılan pəncərə, yaradılan nəfəslik sayəsində daxili toxtaqlıq tapan Üzeyir bəy bir neçə ilin ərzində neçə-neçə solmaz, həmişə millətlə qalacaq əsərlər yaradır.
Və 1947-48-ci illərdə yenə qara buludlar alır Üzeyir bəyin başının üstünü.
Artıq yaşı 60-ı keçmişdi. Daha səhhət əvvəlki səhhət deyildi ki, dözsün, sınmasın, qorxunc, məkrli siyasi həmlələrə tab gətirə bilsin.
Yenə əli işdən-gücdən soyuyur.
Şəkər başlayır onu içəridən didməyə.
Yaranmalı olan neçə yeni əsər doğulmadan elə qəlbindəcə ölür.
Mərkəzi Komitənin oçağkı Birinci Katibi Mircəfər Bağırov elə Rəsul Rzanın “Qızıl gül olmayaydı” poemasında sərrastca tapdığı “Mircəllad” epitetinə tam layiq vücuddur.
Kim nə deyir desin, kim belə məxluqları vaxt sovuşandan sonra mələkləşdirməyə nə qədər çalışırsa çalışsın – tarixi saxtalaşırmaq, olmuşları çəhrayı rəngə boyayaraq nabələd insanlara sırımaq keçməyəcək!
Tarixin mıhkəməsindən qurtulmaq mümkünsüzdür!
Üzeyir bəyi dirigözlü öldürüblər!
Ömrün son parçasında hər dəfə Mərkəzi Komitəyə çağırılanda, Mircəlladla hər görüşdən, hər telefon söhbətindən sonra bu dahi insan o dünyanı göürb qayıdırmış.
Ehtimal edirəm ki, qəfildən Üzeyir bəyə münasibətin belə kəskin sərtləşməsi Ceyhun bəylə, onun xaricdə sovetlərin xoşuna gəlməyən fəaliyyətlərinin artması ilə əlaqədar olub.
Digər tərəfdən də 1948-də bütün SSRİ boyu repressiyaların yeni bir dalğasının gerçəkləşdirildiyi də bəllidir.
Güman edirəm ki, Üzeyir bəyə təzyiqlər Ceyhun bəyə “özünü yığışdır!” xəbərdarlıqları idi.
Və Üzeyir bəy davam gətirə bilmir. Səhhət etibarsız çıxır.
Millətin ən nadir dühası 1-2 ilin içərisində göz önündəcə əriyib sönür.
…Xatırlayıram rəhmətlik Şəmsi Bədəlbəylinin mənə söylədiklərini.
Deyir iclalardan birində Üzeyir bəy kürsüdə idi, danışırdı və birdən Bağırov hirslə onun sözünü yarımçıq kəsdi. Hikkəylə dilləndi ki, sənə bu qədər şərait yaratmışıq, işləmirsən.
Üzeyir bəyin əlində qalın qara bir dəftər vardı. Göstərdi ki, baxın, işləyirəm, “Füruzə” operasını yazıram.
Mircəfər ikrahla çımxırdı: “İşləyir bu! Keç otur!”.
Üzeyir bəyə fikir verdim, rəngi ağappaq ağarmışdı, əli əsirdi.
Mən onu dünyanın ən güclü insanı sayırdım. Mircəfər o boyda şəxsiyyəti hamının qarşısında belə mağmun vəziyyətə saldı.
Bir neçə gün sonra Üzeyir əmini yoluxmaqçün evlərinə gəlmişdim. Bilirdim ki, sağlamlığı laxlayıb, xeyli nasazdır. Amma onu düşündüyümdən də ağır vəziyyətdə gördüm. Rəngi tamam avazımışdı, sınıxmışdı, zorla danışırdı.
Ürəyim ağrıdı…
Üzeyir bəyin həyatının son 2 ilində üzləşdiyi, gün-gündən şiddətlənən müdhiş mənəvi terror haqqında mənə hələ 1970-ci illərdə memar Qəzənfər Əlizadə, müğənni Yavər Kələntərli, maestro Niyazi və bir sıra başqaları da elə əhvalatlar söyləyiblər ki, yada saldıqca indi də qəlbim göynəyir.
…Dinləyirəm Üzeyir bəyin musiqisini…
Nə ilahi gözəllik, nə doyulmaz ülviyyət, nə cazibəli sənət, nə qədər solmaz, köhnəlməz bir miras!
Bu tükənməyən möcüzənin sahibi bizik, Azərbaycandır, millətimizdir!
Bu əbədi sevinc, zövq, heyranlıq çeşməsini bizə bağışlayan Üzeyir bəydir!
Böyük AZƏRBAYCANLI ÜZEYİR BƏY!
Onun yazdıqlarının hamısı millət duaları kimidir!
Hər dəfə Üzeyir bəyi dinləmək, Üzeyir bəyi anmaq, Üzeyir bəy haqqında düşünmək daxilən saflaşmaq, ruhən təmizlənmək fürsətidir!
Millətin bu müqəddəs balasını minnətdarlıqla yad etmək elə sidq ürəklə ibadət etməyə bərabər savab əməldir!
Üzeyir bəyin son mənzili Fəxri Xiyabandadır.
Siz həmin məzarı axırıncı dəfə haçan ziyarət etmisiniz?
Bizə məhəbbətini yadigar qoyub getmiş o pak yurddaşımıza, əziz Üzeyir bəyə hamımızın ehtiram borcumuz var!

 

Mayın 19-da saat 21.30-da və mayın 21-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin xatirəsinə həsr ediləcək. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !