Kamran Nəzirli Rusiyanın xalq yazıçısı İrina Yevgenyevnanın yaradıcılğından yazdı... -

Kamran Nəzirli Rusiyanın xalq yazıçısı İrina Yevgenyevnanın yaradıcılğından yazdı...

İrina Yevgenyevna Rakşa Rusiyanın xalq yazıçısıdır, akademik və kinodramaturqdur, məşhur rus rəssamı, “Oskar” almış mərhum Yuri Rakşanın arvadı, tanınmış rəssam Anna Rakşanın anasıdır. Hazırda Moskva şəhərində yaşayıb yaradır. İrina Yevgenyevnanın maraqlı həyat tarixçəsi var. Yeniyetməlik və gənclik çağlarını Altayda keçirib. Yazıçı Rusiyanın və keçmiş Sovetlər Birliyinin bir çox tanınmış sənət və ədəbiyyat adamlarının, o cümlədən, Mixail Svetlov, Pasternak, Simonov, Vasili Şukşin, Mustay Kərim, Qaysın Quliyev, Vasil Bıkov, Astafyev, Nosov, Bulqakov, Tarkovski, Naqibin, Tahir Salahov və Yuri Kazakovun... yaxın əhatəsində yaşayıb, onlarla ailəvi dost olub. İrina Rakşanın senariləri əsasında “Mosfilm” və “Belarusfilm” kinostudiyalarında çoxsaylı sənədli və bədii filmlər çəkilib. O, bir çox məşhur romanların (“Yolüstü qarşılayın”, “Bütün aləm”, “Sibir povestləri”, “Canavar ovu”, “Bugün hansı gündür”, “Sirlər mücrüsü” və s.) müəllifidir, dəfələrlə dövlət mükafatlarına , orden və medallara layiq görülüb. 1995-ci ildə alimlərin qərarıyla planetlərdən birinə rusiyalı yazıçının adı verilib: “İrinara”.
Biz İrina Yevgenyevna ilə məktublaşırıq. Bu yaxında ondan aldığım məktub məni çox təsirləndirdi;məktubda Bakı ilə bağlı xatirələrindən, keçmiş bakılı dostlarından yazmışdı; xəbər tutanda ki, onun tanıdığı bəzi yazıçılarımız artıq həyatda yoxdur, çox kövrəldi. Növbəti məktubunu da mənə göz yaşları içində yazıb. Mən ona əsərlərinin birini dilimizə çevirmək istədiyimi bildirmişdim. Nəhayət, uzun sükutdan sonra İrina Yevgenyevna mənə daha bir isti məktub yolladı və xahiş elədi ki, onun ən çox sevdiyi yazısını – ailəvi dost olduqları Vasili Şukşinə həsr etdiyi hekayəsini tərcümə edim. Hekayəni oxudum, çox işıqlı və təsirli əsərdir. Onu məmnuniyyətlə “AZpress.AZ”Portalının Ədəbiyyat səhifəsinə təqdim edirəm.


Kamran Nəzirli,
Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü

 

***

 

Makinada yazı

 

V. Şukşinin əziz xatirəsinə

(hekayə)


Nəhayət, Puşkin meydanındakı yaş divarın üstündə elan lövhəsi gördü:”Makinada yazı, 4-cü mərtəbə, mənzil 8, Korneyeva N.V., giriş həyətdəndir”. Alçaq alaqapıdan keçib quyunu xatırladan həyətə girdi, uşaqların səs-küyü qarı ərimiş həyəti başına götürmüşdü. Bir anlıq dayanıb blokların qapılarına baxdı, tövşüyə-tövşüyə şayba dalınca qaçan uşaqlardan soruşdu:
- Səkkizinci mənzil hansı qapıdı?
- Birinci ön qapı, - uşaqlardan biri arxaya boylanmadan xokkey ağacıyla suyun içindəki şaybaya zərbə endirdi.
O, iri ön qapının adamsız və əydəmli pilləkənləriylə cəld yuxarı qalxdı. Mərtəbələr arasındakı hündür pəncərələr tozluydu, pişik iyi verirdi. Köhnə evlər xoşuna gəlmirdi. O, Moskvanı belə təsəvvür eləmirdi, özü də şəhərin tən ortasında yerləşən köhnə evlər heç ürəyincə deyildi. Bayaq küçədə gəzərkən çamadanı gah sağ, gah da sol əlinə ala-ala düşünürdü - görəsən, bu qapıdan da eyni şeyləri eşidəcək: “Yox, yox, cavan oğlan. Mənim öz müştərilərim var, özü də işim çoxdu. Mən kənar adamlar üçün yazı yazmıram. Gedin Tverskoya. Bəlkə orda tapdınız...”. Tverskoyda isə ona belə cavab vermişdilər: ”Nə danışırsız, canım, bu gün? İşim başımdan aşır!..Tələsirsiz? Hə, elə indi hamı tələsir. Zəmanə belədir!”
Aşağıda blokun qapısı açıldı. Kimsə pilləkənlərlə yuxarı qalxırdı. Səkkiz nömrəli qapının böyründə müxtəlif rəngli düymələr vardı. Şarovlara zəng üçün düyməni bir dəfə, Qoldberqlərə iki dəfə, Skoryatinlərə üç dəfə basmaq lazım idi. Ayrıca bir düymə də vardı: “Yalnız Miskin üçün”. Görünür, burda heç Korneyeva yaşamır. O, əmin olmaq üçün siyahını bir də oxumağa başladı, birdən səs eşitdi:
- Kimi istəyirsiz?
Beretli qadın yuxarı qalxırdı; qara palto geyinmişdi, əlində ərzaq dolu torba vardı.
- Mənə Korneyeva lazımdı.
Qadın dayandı, oğlanın əyalət adamlarına məxsus tüklü və qulaqlı papağını, paltosunu və xəz çəkmələrini gördü.
- Bağışlayın, siz kimsiniz?
- Şulqin,- cavab verdi.- Yazı yazdırmaq istəyirəm. Daha doğrusu, makinada yazdırmaq...
- Həəəə....- qadın etinasız-etinasız pilləkənləri qalxıb qapıya yaxınlaşdı. – Mən o lövhəni ordan götürmək istəyirəm. Orda... düzü... lövhə qaykalarla bənd edilib... çətindi, - deyə əl çantasını eşələməyə başladı. - Bilirsiz, Korneyeva yoxdu. Bizi isə tezliklə köçürəcəklər burdan. Hansısa kommersiya firması bütün mənzilləri alıb...
Oğlan təəssüfləndi.
- Bilmirsiz, buralarda daha harda makinada yazırlar...
- Yox, bilmirəm, bilmirəm,- qadın, nəhayət, açar topasını çıxarıb ingilis qıfılını açmağa çalışdı.
Oğlan çamadanını yerdən qaldırdı, artıq gözləməyə dəyməzdi.
- Bilirsiz...- qadın yenə açarı qıfıla salmaq istədi, qurdalamağa başladı, əsəbləşirdi, açarı sala bilmirdi. - Bilirsiz...Korneyeva yoxdu. Yanvarda öldü. Kreşenyedə.
Oğlan bilmədi nə cavab versin. Bir an dayandı, sonra pilləkənlə üzüaşağı düşmək istədi.
Birdən qadın ona tərəf döndü:
- Onu tanıyırdınız? Sizin üçün nəsə yazmışdı?
- Yox-yox,- oğlan çiyinlərini çəkdi.- Sadəcə, mənə onu məsləhət gördülər.
- Ahhhh,- qadın kədərlə ah çəkdi. - O hər şeyi bacarırdı, hər şeyi. Axxxx, bu lənətə gəlmiş açar...
Oğlan bir qədər narahat oldu.
- Verin mən kömək edim,- təklif etdi.
Qadın açar topasını oğlana uzatdı.
- Zəhmət olmasa, sarımtıl açardır, hər dəfə bax beləcə əziyyət çəkirəm açanda...
Oğlan açarı alıb heç güc sərf eləmədən qıfıla taxdı.
- Buyurun.
- Sala bildiniz? Ola bilməz...
Qıfıl şaqqıldadı və qapı açıldı.
- Ay, çox sağ olun.
- Boş şeydi.- oğlan dilucu dedi və tələsik pilləkənləri endi.

O tərtəmiz pilləkənləri düşüə-düşə fikirləşirdi: indi hara getsin? Axı Moskvada makinada yazı yazdırmaq üçün hansısa bir idarə, ya kontor olmalıdı, ya yox? Axı adam bu işdən ötrü elə bütün günü ora-bura qaça bilməz!? Hələ onun ayrı işləri də var axı, bircə günlüyə gəlib. Üçüncü mərtəbəyə çamışdı ki, arxadan səs eşitdi:
- Bura baxın, cavan oğlan, - qadın yuxarıdan aşağı boylandı.- Məsləhət görürəm ki, Tverskoya gedəsiz.
- Orda olmuşam artıq, - oğlan yuxarı baxdı.- Hər yanı dolaşmışam...
Hər halda, qadının diqqəti ona bir qədər səmimi göründü.
- Bəs indi neyləyəcəksiz?
- Özüm də bilmirəm. Allaha təvəkkül...- gülümsədi.
- Yazınız çoxdu?
- Nə?- başa düşmədi.
- Necə yəni, nə? Deyirəm, mətn çoxdu? Makinada yazılası mətn...
- Bir elə çox deyil... Dəftərçədi, bircə dəftər.
- Onda qalxın...- qadın hökmlə bildirib içəri girdi.
Deyəsən bəxti gətirdi axı! Dördüncü mərtəbəyə uca-uca qalxdı, açıq qapıdan içəri girdi. Qaranlıq dəhlizdən soğan, toz və köhnə ayaqqabı iyi gəlirdi. Sonunca dəfə belə kommunal evləri ha vaxt gördüyü də yadına gəlmirdi. Hətta yaşadığı Sibirdə beləsinə rast gəlməmişdi.
- Keçin, keçin içəri, xahiş edirəm, – uzaqdan qadının yumşaq səsi gəldi. - Dünən lampam yanıb.
Oğlanın ayağı nəsə bərk bir şeyə ilişdi.
- Gəlin bura,- qadın qaranlıqdan çağırdı.- Bura, bura keçin, səs gələn tərəfə. İndi qapını açaram.
Bir az aralıdan tutqun işıq gəldi; o, işıq gələn tərəfə yeridi. Onun gözləri ala-bula çaldı, otaq basırıq idi - müxtəlif vecsiz şeylərlə doluydu: qızılı çərçivəyə salınmış şəkillər, güllü boşqablar, şüşə qablar və vazalar hər tərəfə səpələnmişdi, royalın, bufetin, mizin üstündə də çoxlu qab-qacaq və dəyərsiz şeylər vardı.
“Bu qədər lazımsız şey nəyə lazımdı axı?” düşündü. Bütün bunların arasında ciddi bir şey – mizin üstündəki xəritə gözünə sataşdı. Köhnə dəbli otaqda Yerin iki yarımkürəsi mavi gözlər kimi işgüzar və ciddi görünürdü.
- Əyləşin,- qadın harasa dolabın arxasına keçdi. - Yəqin sizə istidir; başınıza da isti papaq qoymusuz...Yeri gəlmişkən, hardansız?
Oğlan susdu. Qadın papağa işarə vuran ilk adam deyildi.
- Düzü, mən makinaçı deyiləm. İndi hamı kompüterdə yazır.- qadın dolabın arxasından dilləndi, - hər halda, əlyazmanı göstərin, - dolabın arxasından çıxdı, tamam başqa görkəmdə, tamam cavan, yəqin elə onun yaşıdıdır, ağ bluzda. Dəstələnmiş qara saçları hardasa onun ilk məktəb müəlliməsini xatırladırdı. - Niyə döşəməyə əyilib qalmısız? Götürün, bu da stul.
Oğlan istədi qabağa yeriyib stulu götürsün, lakin dayandı, qorxdu ki, şüşə qablara toxunub sındıra bilər.
- Yox, zəhmət çəkməyin,- deyə dəftərini qadına uzatdı.
Qadın mebellərin arasından yüngülcə keçib yaxın gəldi.
- Bilsəydim Moskvada makinada yazdırmaq belə müşküldü, elə öz idarəmdə verərdim yazardılar.
- Öz idarən? Hardadı ki? – qadın dəftəri açıb vərəqlədi.
- Aktaş. Altayda. Bəlkə eşitmisiz?
Qadın oğlanı məyus etmək istəmədi.
- Deyəsən eşitmişəm... radioda.
- Hə, hə...Ötən ay vermişdilər bizdən. Qalmaqal olub bizdə yaman. Elektriklərə borc vermişik, onlar da bizə borc veriblər. Nəticədə əmək haqqımızı vermirlər. Acından ölsən belə veclərinə deyil.
- Xəttiniz anlaşıqlıdır.
- Mən də elə onu deyirəm də. Aydın şəkildə deyirəm. Onlar isə yox ki, yox!
- Mətn də texniki deyil.
- Texniki deyil, - qadının üzündəki ifadələri qısqanclıqla sezdi.- Nəsə... bunlar şeirdi. - Qızardı. Lakin qadın heç qımıldanmadı da, saçlarını sığalladı, sonra oğlanın sualedici nəzərlərini sezdi, ciddi tərzdə dedi:
- Çox yaxşı. Qoyun qalsın. İki gündən sonra gələrsiz. Üç nüsxədə lazımdı?
- İki gündən sonra?- başa düşmədi.- Mənə bu gün lazımdı.
Qadının üzü dərhal Tverskoydakı o qadının üzü kimi sərtləşdi.
- Siz nə danışırsız, canım, bu axı qeyri-realdı...- çantadan çörək, pendir və süd şüşəsini çıxarmağa başladı. – Burda qırx səhifə var, mən də makinaçı deyiləm. Sadəcə, sizə kömək eləmək istədim.
- Onda verin bura,- oğlan cəld irəli yeridi,- verin!
Dəftərçəni götürdü.
- Elə bildim, siz həqiqətən...- çamadanı açdı.
- Hirslənməyin,- qadın dedi.- İki günə heç kompüterdə yazan da razılaşmaz...Heç kim razı olmaz buna.
- Eybi yox, bunsuz da olar....- oğlan dəftəri çamadana qoydu.
- Axı siz indi neyləyəcəksiz? Ayrı yolunuz da yoxdu...
Gördü ki, dikdaban ayaqqabıda olan dümdüz ayaqlar onun yanında durdu.
- Eyb etməz...- donquldandı.- eyb etməz! Birtəhər keçinərik. Allaha təvəkkül...
- Doğurdanmı heç yerdə yoxdu? Birinci dəfədi belə adam görürəm. Di yaxşı...dayanın, - qadın əlini uzatdı.- Çalışaram. Sabah dərsim yoxdu. Tez söz vermirəm, amma axşam saat doqquz üçün zəng vurun.
Oğlan rahatlaşdı, ayağa durmadan aşağıdan yuxarı səliqəli, ağappağ şəhər qadınına baxdı.
- Bu də mənim telefonum, - qadın royalın üstündəki kağıza yazıb verdi. - Yalnız anama görə edirəm bunu. O sağ olsaydı götürərdi. Makinaçıydı. Hər zaman hamını yola verirdi. Hamıya kömək edirdi.
Oğlan inamsız-inamsız qadının arxaınca dəhlizə çıxdı. Ona elə gəldi ki, indi dəhliz işıqlıdır. Yuxarıda tavandan lampa yanırdı. Küncdə, asılqanlar arasında kimsə kürəyini divara dayayıb telefonla danışırdı. “Bu da sənin Moskvan, belə Moskva da olur!” düşündü. Qadın qapını açıb oğlanı qabağa buraxdı, pilləkəndə dedi:
- Zəng vurun, Jenyanı soruşun,- gülümsədi.- Bu qulaqlı papaqda sizə isti deyil?
- Siz dəftəri itirməyin,- incimiş halda cavab verdi.- Belə marmot papaq hər bir sibirli üçün qürur hissi və dəyərdir! Heç vaxt dəbdən düşməz!
Qadın isə dəcəl qızlar kimi qəfil güldü və qapını örtdü. Onun gülüşü mərtəbələrə yayıldı.
“Mənim papağıma sataşmağına bir bax! Nə başı çıxır papaqdan! Barnauldan güclə tapmışam!”.

O bahalı mağazaların ecazkar vitrinlərini, Yuri Dolqorukinin heykəlini ötüb enli, işıqlı və bahar təravətli küçə boyu teleqraf binasına doğru, addımlayırdı. Altayda hardasa qar vardı, burda isə asfalt demək olar ki, quruydu, ağacların böyür-başında çərçivəyə salınmış çəmənliklər işıldayırdı. Moskvada olmağı neçə dəfə arzulamışdı – Aktaşda işləyəndə, hələ ondan qabaq Tomskda oxuyanda, daha əvvəllər isə Altayın Setovka kəndindəki yeniyetməlik çağlarında arzulamışdı Moskvanı. Moskva haqqında oxumuşdu, bilirdi, filmlərdə görmüşdü. Müxtəlif şeylər eşitmişdi. Amma öz gözləriylə görməmişdi, bu şəhəri öz ayaqlarıyla gəzməmişdi! Meydanda heykəlin ətrafında göyümtül tox göyərçinlər eşələnirdilər. Onlar Moskvanın əsasını qoyan adamın heykəlinin çiyninə çox asanca qonurdular. Altayda isə çöl göyərçinləri olur, daha çox ağ rəngdədir. Belə göyərçinlərdən bir cütü otura təzə şümlanmış torpağın üstünə, sən də tamaşa edəsən!
Mossovetin ətrafında nəhəng binalar ucalırdı. Oğlan o binaları sevinclə seyr edirdi. Bunalar belə olar! Bunlar onun xoşuna gəlirdi. Görəsən, o binalarda kimlər yaşayır? Ora bax, pərdəli pəncərələr, nəfəslik də açıqdır. Görünür, orda yaşayan bərk gedəndir, ya da sadəcə layiqli adamdır. Bəlkə də, misal üçün, nazir, ya da deputatdır. Birdən, işdir, gedib qapının zəngini bassan, misal üçün tanış olarsan, çay süfrəsi arxasında öz işlərindən danışarsan, ya da gündəlik həyat qayğılarından bəhs edərsən. Və onlar da çox böyük maraqla sənə – həyatın dibindən gəlmiş adama-texnikə qulaq asarlar. Lap elə Aktaşdakı kimi – hansı evə girsən, sevinərlər. Lakin bu nataraz düşüncələr onu kədərləndirirdi. Moskvada hər şey ona yad və soyuq görünürdü; Moskvada hər şey ona, onun taleyinə yad idi.
Yoldan ötüb-keçənlər tələsir, parıldayan xarici maşınlar şütüyürdülər. O, Moskvanı sevirdi, Moskva isə onu sevmədi. Buna görə çox məyus oldu, hardasa bu hiss onun qəlbini ağrıtdı. Moskva heç bilmirdi ki, o var! O, mövcuddur! Vasili Şulqin adında bir adam yaşayır, Aktaş mədənindən gələn adam! O adam Moskvanın səkilərini hərlənir, meydanlarını dolaşır, onun paytaxta qarşı öz iddiaları və tələbləri var. İddialar artıq olmuşdu! Redaksiyada şeirini götürmədilər. Heç oxumadılar da. Dedilər: əlyazma şəklində mətn ümumiyyətlə qəbul etmirik, yalnız makinada yazılmış olsun! Onun sevimli Mayakovskisinin muzeyi bağlıydı. Əsas məsələ isə buydu ki, nazirlikdə borc və maaş məsələsini həll etməkdən imtina etdilər. Və sənədləri də qəbul etmədilər. Dedilər ki, bütün məsələlər yerlərdə həll olunur. Bəs yerlərdə həll olunmursa, necə? Bu ezamiyyətə onu ümidlə göndərmişdilər. Baş mühəndis Laşkov özü gəlmədi, onu göndərdi, cavan mütəxəssis kimi ona ümid bəslədi. Yəqin ki, mədəni bağlamazlar. Əmək haqlarını da verərlər. Amma sən saydığını say, gör fələk nə sayır! Vasya məmurların yanında oldu, onları başa salmağa çalışdı, sübut-filan etmək istədi. Bütün kabinetlərdə sənədləri ortaya qoydu. Sonra əlini ürəyinə qoyub kağızları geri götürdü: “Verin bura!” Və liftlə daha yuxarıların yanına qalxdı. On altıncı mərtəbədə növbəti kabinetdən çıxanda dəhlizdə özünü pis hiss elədi, tutuldu və birdən gözü pəncərəyə sataşdı. Bu iri, işıqlı pəncərədən mavi səmalı gözəl Moskva görünürdü - nəhəng, dinc, uzandıqca uzanan şəhər. Qeyri-adi mənzərə onu heyran etdi, dərhal inciklikləri unutdu, pəncərə şüşəsinə lap yaxın gəldi, əlləriylə ona toxundu, uzun müddət beləcə qaldı, aşağılara baxdı. Görünür, quşlar bax beləcə şəhərin başı üzərində uçuşurlar, çəpəki, ya da yalqız, yuxarıdan tüstünü, dumanı, qarla örtülmüş meydançaları, maşın axınlarını, insanları... görürlər. Sonra yenə şöbələri gəzdi. Bu dəfə artıq mübahisə eləmirdi, hər dəfə tərtəmiz pəncərələrə baxırdı, düşünürdü: ”Burda adamlar burda necə işləyirlər axı? Bayırda belə gözəllik ola-ola adamlar xırda və adi məsələləri necə həll edə bilirlər axı?” Nəhayət, ona dedilər: “Üçüncü ongünlükdə komissiya gələ bilər”. Əlbəttə, üçüncü ongünlük pis oldu, amma yenə nəsə oldu ki. İndi Aktaşa, Laşkova zəng vurmaq qalır, soruşsun ki, bundan sonra necə hərəkət eləsin.
Burda evdəki kimi iri addımlarla yerimək olmazdı. O hər dəfə kiminsə çiyninə toxunur, ya da qarşıdan gələn adama ilişirdi. Və bu insan selinə baxıb təəccüblənirdi: gör nə qədər adam boş-bekar gəzir! Bu hələ tək bircə küçədədir. Bəs bütün Moskvada necə? Bəs mağazalarda veyillənən adamlar? Bazarlarda nə qədər adam var! Əlbəttə, tutaq ki, təqaüdçüləri çıxdıq, onlar layiqli istirahətdədir. Amma bax, o it küçüyü ilə gəzən xala hələ işləyə bilər axı! Lap elə onların mədənində! Özüyçün sakitcə giriş qapısında oturardı, çay içərdi, xeyri də dəyərdi... Bəs qalan camaat necə? Budur, qara millətdən olanlar! Qafqazdan gəliblər. Görün nə qədərdilər! Yellənə-yellənə gedirlər özləriyçün, qrup-qrup yığışırlar...Özü də bu gün bazar ertəsidir! Bunlar nədi, məzuniyyətdədi hamısı? Şəhərin bütün tənbəllərini yığıb basmaq lazımdı iş yerlərinə! Onda elə ölkəyə də xeyir olar!
Vasya Şulqin mərkəzi teleqraf binasını uzaqdan dərhal tanıdı. Tutqun iri bir binadır, kəlləsində göy qlobus fırlanır, təpəgöz kimidi sanki. Vasya özündən razı halda pilləkənləri qalxmağa başladı.

Jenya ağır yazı makinasını pəncərə qabağından götürüb mizin üstünə qoydu, çexolu çıxartdı. “Kontinental” – anasının köhnə və sevimli yazı makinasıydı. Ona muzeylik əşya da demək olardı. Jenya barmaqlarını makinanın klavişlərinə toxundurdu. Gör bu makinada nə qədər yazılar yazılıb-pozulub, təzədən yazılıb! Müxtəlif məqalələr, materiallar. Hətta anam nə vaxtsa yazıçı Yuri Kazakovun diplom işini də burda yazıb! Doğrudur, bu çoxdan olmuşdu, Jenya hələ uşaq idi, yazıçını heç tanımırdı da. Lakin anası yazıçıyla həmişə fəxr edirdi, sonralar onun bütün kitablarını mağazalardan axatarırdı.
Gündüz olsa da, Jenya stolüstü lampanı yandırdı. Kağız çıxartdı. Yadına düşdü ki, sonuncu dəfə o, üçüncü rüb üçün məktəbin tədris planını yazmışdı. Qəhvəyi dəftəri vərəqlədi. Birinci səhifədə qalın hərflərlə yazılmışdı: ”V. Şulqinin şeirləri”. Qəribə adamdı lap! Sonra hər səhifəyə görə müəllifdən nə qədər alacağını, ü üstəlik ev kirayəsini vermək üçün öz cibindən nə qədər əlavə qoymalıdır – onu da hesabladı. Və makinanın karetinə ilk səhifəni üç nüsxədə yerləşdirdi.

Teleqraf binası təmiz və işıqlı idi. Şüşə kabinələr uzun cərgə boyu par-par parıldayırdılar. Tez-tez görünməyən qadın səsi gəlirdi: “Nalçik-iyirmi ikinci kabinə!”, “Bakı-on yeddinci!”, “Qrozno-altıncı!” Görünür, oralara çox asan düşmək olur. İçəri çox istiydi. O qadın, nədir adı... hə, hə, Jenya, düz dedi papaq barədə...
Oğlan papağını çıxarıb çamadana qoydu. Laşkovla telefonda danışmaq üçün çox gözləməli olacaqdı. Bəlkə bir saat, ya da iki saat. Aktaşla rabitə əlaqəsi çoxpilləli idi. Sənin üçün Bakı deyil e! Burda gərək əvvəlcə Barnaulla bağlanasan, sonra Qornoaltaysk, daha sonra isə Aktaşdakı yuxulu telefonçu Lyusya uzun-uzadı zənglərlə baş mühəndisi yuxudan durquzmalıdır. Bizdə texnika belədir də, Altay tamam başqa meridiandadır, orda indi hamı yatıb, yalnız dağlarda hələlik mədən uğuldayır və işləyir. Halbuki o, elə bil heç kimə lazım da deyil!
“Bakı- səkkizinci kabinə!”. Buna noolub, yaman tez-tez Bakını çağırır. Aktaşda isə Laşkov arvadını yuxudan durquzmasın deyə ayaqlarının ucunda gəlib dəhlizdə telefonun dəstəyini götürəcək, adəti üzrə deyəcək: “Eşidirəm!”. Ona gecə-gündüz zəng vururlar. Mədən mədəndir! Bu tərəfdən də qəfildən zəng - Moskva! Və o da sevimli Vasyanın – gənc mütəxəssisin səsini eşitcək sevinəcək. Bu mütəxəssis isə ona üzücü xəbər verəcək. Bu zaman Laşkov az qala telefonda ağlayacaq. “Vasya, bu necə ola bilər axı? Necə yəni, üçüncü ongünlükdə? Camaata bu gün lazımdı maaş!..” Sonra xahiş edəcək: “Sən belə elə, təcili Burakovun yanına get. O kömək edər”. Vasya da boğula-boğula cavab verəcək:”Elə həmin Burakov dedi ki, üçüncü ongünlükdə...” Telefonçu Lyusya da o tərəfdən qulaq asacaq, həyəcan keçirəcək. Ax, Lyusya, Lyusya, sənin bu ahların, zillənmiş baxışların olmaya da... Bütün saç düzümünü təzələyir, dırnaqlarını əcayib laklayır, köhnə kürkdə də gəzib-dolanır. Yeməkxanada, ya da küçədə qarşılaşanda dərhal qızarır, baxışlarını da gizlədir. Yaxşı ki, qızarmağı yadırğamayıb... Gülməli qızdır...

...Otaqdan yazı makinasının ahəngli taqqıltısı gəlirdi. Büllur çilçırağın salxımları astaca titrəyir, tavanın altında cingiltili səslər çıxarırdılar. Jenya yaylığını çiyinlərinə salıb sürətlə yazırdı - klavişlərə baxmırdı, sətirlərdən gözünü çəkmədən gərgin halda yazırdı:

Qışda Çuy dağının buz yollarında
Günəş boylananda toy-bayram olur.
Aprel - yasəməndi, küknardı, şamdı,
Yayda havamıza ağ güllər dolur.

Jenya yazırdı və getdikcə daha çox həyəcanlanırdı. Şeirlər istedadla yazılmışdı, obrazlı ifadələr vardı, adamı ruhlandıran şeirlər idi. İşqılıydı. Sətirlər bir-birinin dalınca qaçırdı. Şkafın şüşəsi arxasında isə anasının çinidən düzəldilmiş yapon suveniri yellənirdi, sanki otağa uzaq Altayın ətirli küləyi girmişdi, əsirdi.

Pəncərədən baxıram,
Quşlar nəğmə oxuyur,
Səssiz baxçanın yenə
Sükunəti pozulur.
Mən də ağ kağızlara
Bağlamışam özümü.
Axşam düşənə kimi.
Bayırda uşaqlar da
Ağac budaqlarını
Gah sındırıb atırlar,
Gah çıxırlar ağaca,
Almalar lampa kimi
Səpələnir baxçaya...


Səhifə qurtarandan sonra Jenya dayandı, başladı acgözlüklə dəftərçənin o biri səhifələrini oxumağa. Nəhayət, makinaya təzə kağız qoydu, bu dəfə dörd nüsxə elədi. Yenə başladı gözü dəftərdə yazmağa:

Moruq, qarağat kolu,
Bağ-bağatı bürüyür.
İyun yağışı yağır,
Yarımca saat tökür.
Sonra göy qurşağı da
Üfüqdə belin bükür...

Qapı döyüldü. Jenya əllərini aşağı sallayıb bir anlıq tərpənmədi. Qapını yenə aram-aram döydülər.
-Hə, hə, gəlirəm,- qadın durub çilçırağı yandırdı.
Qapı açıldı, təqaüdçü qonşu Miskin içəri boylandı - qara eynək taxmışdı, elmlər namizədiydi.
-Ooo, məşğulsuz? Siz Allah, bağışlayın, qazdan ötrü gəlmişəm...- yaşlı adam qaimə kağızını və xırda pulları royalın üstünə qoydu.- Skoryatinlər ödədilər, Qoldberqlər isə yox! Vallah, bilmirəm neyləyim onlarla. Bəlkə elə birdəfəlik İsraildə qalmaq istəyirlər?
- Bu saat, bir dəqiqə, - Jenya çantasına sarı yürüdü.
-Qolderberqlərə görə də ödəməliyik. Hər qonşuya eyni məbləğ düşür...- Miskin eynəyini düzəldib əlavə etdi.- Sonra özlərindən çıxarıq...
-Qonşular niyə verməlidi axı? Qazdan istifadə edirlər məgər...
Miskin əlini yellətdi.
-Qayda belədi, Yevgenya Palna, qayda-qanun var axı...Hərə öz payına düşən hissəni verməlidi... Bax, Laleçka gələndə...
-Yaxşı, yaxşı, götürün, bu da mənimki...
Kişi əvvəlcə stolüstü lampaya, sonra yuxarıya, çilçırağa boylandı.
-Nədi, bayramdı bəyəm, bolluğa düşmüsüz? Əməlli-başlı çıraqbandı ki...
Qadın da istehzayla cavab verdi:
-Bilmirsiz? Bəzən adi gündə də bayram olur.
Miskin də gülümsəyərək təzim elədi.
-Hə, noolar, Yevgenya Palna, noolar, üzr istəyirəm, bağışlayın...- deyib qapının dalında gözdən itdi.

Qadın bir qədər fikrə getdi, sonra işığı söndürdü. Lampaları təzədən yandırdı, əvvəlcə birini, sonra nə düşündüsə, o birini də yandırdı, qoy ikisi də yansın! Yox, qoy dördü də yansın! Qoy Miskinin acığına evdə çıraqban olsun!

Şulqin telefon kabinəsindən tər-su içində çıxdı. Hər şey onun təxmin etdiyi kimi baş verdi. Bircə fərq bundaydı ki, Lyusya baş mühəndisi evində yatdığı yerdə yox, mədən idarəsində tapdı. Laşkov da telefonda ağlamadı, Vasyadan heç nə xahiş eləmədi, onu dilə tutdu ki, daha yubanmasın, tez qayıdıb gəlsin - tətil və aclıqla bağlı məsələni həll etməlidirlər. Şulqin anlayırdı ki, aclığa başlasalar çox dərinə getmiş olarlar. Yəni, bizə xas olan iş deyil.
Şulqin indi Moskvadan heç qayıtmaq istəmirdi.

Tverskoyda artıq axşam düşmüşdü, pəncərələrdən və küçə dirəklərindən işıq gəlirdi. Şaxtalı havaydı. Bu gün səhər mehmanxanadan çıxanda Vasya taksiylə elə bu küçəylə getmişdi, düz Mayakovskinin ev muzeyinə. O, Taqansk meydanında sakit bir döngədə taksidən düşəndə muzeyin qarşısındakı səkidə bir az gözlədi, çamadanı yerə, ayaqlarının böyrünə qoydu. İkimərtəbəli çəhrayı rəngli muzey çox rahat yerdəydi, ona demək olar ki, zamanın sərt silkələnmələri toxunmamışdı. Dəmir çəpərlər arasında büzüşmüş ağaclar soyuqdan əsirdilər. Şairin ev muzeyi haqqında Vasya hər şeyi bilirdi. Bəlkə də hər şeyi yox, amma elə hər şeyi, yəni, o zamanlar kitabxanlardan nələrisə oxumaq mümkün idi, hamısını oxumuşdu və bilirdi. Budur, indi bu ev özü onun qarşısındaydı, ona tünd pəncərələrdən baxırdı. Bayırda yaz soyuqluğu vardı, hava tutqun idi. Erkən duranlar evin böyür-başından ötüb-keçirdilər. Onların addım səsləri döngədən aydın eşidilirdi. Vasya həyətə girdi, bağlı qapı üstündəki şüşənin altında yazını oxudu: “Çərşənbə, cümə axşamı, şənbə, saat 12-dən 20-yə kimi”. Bu gün isə bazar ertəsiydi. Vasya qapıdan aralandı, üzünü evə döndərib onun yatan pəncərələrinə baxdı, elə bil pəncərələr evin gözləriydi. İkisi ikinci mərtəbədə, ikisi də, bax, o tərəfdəkilər, şairin iş otağının pəncərələriydi. Vasya bilirdi ki, o otaqda stol var, hansı kreslolar var, stolun üstündə yaşıl stolüstü lampa var. Vasya bilirdi ki, şair o stola əyilib necə şeirlər yazırmış, öz sevgilisiylə necə danışır, necə pıçıldaşırmış. O yaşıl lampa da gecələr necə yanırmış, pəncərədən yaşıl işıq düşürmüş, sanki akvariumdan işıq gəlirmiş kimi.
Evin qabağındakı qara cökələr böyümüşdü, zərif budaqları boz səmaya qalxmışdılar. Vasya onlara baxırdı və birdən elə bil Mayakovskinin özünü gördü. Şair küləyə qarşı durmuşdu, çılpaq ağacların arasındaydı, büzüşərək əllərini paltosunun ciblərinə salmışdı. Şair Vasyanın iki addımlığında durmuşdu sanki, donmuş çiçək ləkinin yanındaydı, külək onun paltosunun yaxalıqlarını yellədirdi. Bax beləcə, onlar ikisi də dalğın-dalğın durub bir-birinə baxırdı - Vasya isti, qalın tüklü papaqda, əlində də çamadan, onun kumiri Mayakovski isə, bir qədər hündürdə, qara qranit postamentin üstündə.
Tverskoy küçəsindən müxtəlif markalı maşınlardan gələn işıq seli axışırdı. Vasya düşündü ki, yemək lazımdır, bütün günü naharsız ötüşüb. Lakin indi restoranlar çox bahadır, kafelər də ağzına qədər doludur, buna görə də kafeyə girsə uzun çəkəcək. Vasyanın gecə üçün başqa planları da vardı. O, mehmanxana otağındakı qonşusunu xatırladı, qastronoma girib tələm-tələsik dilimlənmiş xarici kolbasa, pendir, bir şüşə də “Moskovski” arağı aldı. Otaq yoldaşını hələ əməlli-başlı görməmişdi – səhər çıxanda o, yatmışdı. Bircə bunu gördü ki, kişinin qəşəng, təzə qara diplomat çantası var. Kaş onunku da olaydı! Amma o cür çantanı axtarmağa vaxt yox idi, həm də pulu lap az qalmışdı. Nazirlikdən məyus halda çıxanda saat 0.20 dəqiqəyə bilet aldı...


Ərzaqları ciblərinə dürtüb “Sentralnaya” mehmanxanasına tələsdi. Otaq yoldaşı stol arxasında oturmuşdu, yaşlı, dazbaş dayday idi, əynində qırmızı toxunma yun köynək vardı, Vasyanı görən kimi çox sevindi.
-Hə, gəlib çıxdın? Keç otur. Əyləş görüm, fəhlə baba, bir loxma çörək ye. Səhər necə çimib qurulandığını eşidirdim.
Daydayın qabağında Vasyanın aldığı dilimlənmiş eyni kolbasa, pendir və “Moskovski” araq şüşəsi vardı. Vasya gülümsəyərək özünküləri də çıxarıb ortaya qoydu.
-Bunlar da əlavədi!- papağını çıxartdı, şarfını açmağa başladı.
-Papağın pis deyil a, adamın lap paxıllığı tutur! Amma biz cənublular üçün yaramaz.- deyə kişi stəkanlara araq süzdü.- Hə, deməli, tanışlığımızın şərəfinə? Familyam Qavrilovdur.
Stəkanlar cingildədi.
-De görüm paytaxtda işlərin necə getdi? Bir şey alındımı?
-Yox... Burda yarım qabsız heç nə alınmaz.- Vasya iştahla yeməyə girişdi, açıb-ağartmaq istəmədi.- Mən birinci dəfədi oluram burda.
-Yox əşşi?!-Qavrilov təəccübləndi.- Mənsə, qardaş, bir neçə həftədir burdayam. Artıq bütün növbətçiləri tanıyıram. Qızları da.
-Hə, sizə həsəd aparmaq olar. Mənimsə vaxtım çox azdı. Heç bilmirəm hara gedim.
-Çox nahaq!- dayday cib bıçağıyla kolbasadan kəsdi.-Paytaxdan gərək mədəni şəkildə istifadə eləməyi bacarasan. Başa düşürsən? Bax, bizdə bir Sısoyev var. Moskvaya gəzmək üçün gəlir. Firmanın pullarını kazinolara səpələyir. Ya da qızlara...Çox təhlükəlidir. Axı aravadı var.
O yenə cib bıçağıyla pendirdən götürdü.
- Mənsə, payataxdan özüməməxsus şəkildə istifadə edirəm. Mədəni şəkildə. Sənə də məsləhət görürəm. Budur, bax...- cibindən bir topa bilet çıxartdı, ağ, mavi biletlər. - Bunları saxlayıram. Hamının gözünə soxacam. Buyurun, bu “Maritsa”, bu “Slujanki”dir. Bu isə kölgələrin Teatrı. Başa düşürsən? Aktyorlar görünmür, sadəcə kölgələri görünür. Təsəvvür edirsən bu nə deməkdir! Eh!!!- qəhqəhə çəkdi.- Sabaha isə iki biletim var, biri səhər, biri axşam.- Qəfil soruşdu:- Sənə birini –“Jizel”i verə bilərəm, axşamadır. Hə, nə deyirsən?
-Yox, lazım deyil,- Vasya qonşusunun üzünə baxmadan yeyə-yeyə cavab verdi.
Qavrilov təvəccöhlə oğlana baxdı.
-Deməli, incəsənəti sevmirsən, eləmi? Amma nahaq yerə! Axı sən, məncə, tərs adama oxşamırsan?- yenə hansısa bir kağış çıxartdı.- Bax, bu da “tamaşadır”. Özü də əyləncəli. Bir saatı yüz dollar. Bir gecəsi üç yüz dollar. Parisdəki kimi. Burda hətta portret və telefonçik də var. Hər axşam qapının altına soxurlar. Əvvəlki zamanlar olsaydı buna görə bilirsən nə edərdilər? Hə, bax.... bunu... bunu da saxlayıram.- kağızı cibinə qoydu.- Di, yaxşı, gəl bunu işçək incəsənətin şərəfinə.
Qavrilov Vasyanın cavan üzünü süzərək mehribancasına gülümsədi.
Vasya isə artıq ayağa durmuşdu, bıçağı salfetlə sildi.
-Hara belə?
-Bir balaca işim var. Makinaçının yanına getməliyəm.
Qavrilov göz vurdu.
-Deməli, sənin də öz Parisin varmış, hə? Di get, get, yaxşı yol, amma ehtiyatlı ol a! -deyə kişi özünə araq süzdü, əlavə etdi.- Ehtiyatlı olanı Allah da qoruyur!
Vasya geynuib çamadana sabun və diş farçasını yerləşdirən zaman dayday danışırdı.
-Təsəvvür edirsən, bu gün firmada bir dostumu gördüm. Deyir, axı mən eşitmişdim sən ölübsən? Hə, necədir, xoşuna gələr belə şey? Mənsə gör nə dedim: yox, brat, keçməz bu, Qavrilovlar ölmürlər. Hələ səni də ötəcəyəm. Anladın?- yenə cib bıçağıyla kolbasadan götürüb ağzına qoydu.

Jenya yazdığı bütün nüsxələri ayrı-ayrı səhifələr üzrə səliqəylə royalın üstünə düzdü. Birinci, ikinci, üçüncü...nüsxə, üstdən də qəhvəyi dəftərçəni qoydu. Dördüncü nüsxəni isə ehmalca stolun gözünə qoyub gizlətdi, özü üçün. Saat artıq doqquzu göstərirdi. Qadın həyəcanla qapı arxasından gələn səsləri dinləməyə başladı. Telefon susurdu. Cəld xalatını soyundu, şəp-şəpləri ayağından çıxartdı, paltar dolabına sarı yeridi. Əvvəlcə istədi xırda xəzləri olan boz donunu geyinsin. Yox, bu, oğlana həddən artıq təmtəraqlı, ya da dəbdəbəli görünər. Ən yaxşısı elə qara dondur, ağ yaxalığı da var. Lakin bu don onu çox arıq göstərirdi. Bəlkə mavi donu, hə? Qadın başladı dolabdakıl paltarlarını seçməyə, elə bil kitab vərəqləyirdi. Və mütləq tuflilərini də geyinməlidir, dikdaban ayaqqabısını. Bu onu daha qamətli, boylu-buxunlu göstərər. Axır ki, qara donunu çıxartdı, üstünə tutdu, servantın şüşəsində özünə baxdı. Zahiri görkəminə görə Jenya bir o qədər gözəgəlimli, yaxud cəzbedici qadın deyildi. Bu onun qadın kimi nadir xüsusiyyətlərindən idi. Bəzən Jenya özünü sevmirdi. Öz boynunu, çiyinlərini, qara saçlarını, hətta qulaqlarını belə görməkdən xoşu gəlmirdi. Ümumiyyətlə, o, anasına çəkmişdi. Anası isə ona həmişə təskinlik verərdi:”Jeneçka, əsas odur ki, sümüklərin olsun, bədəndəki ət artacaq”.
Jenya servantın şüşəsində özünə həyəcanla baxdı, əynindəki hər şey yaxşı görünürdü. Qara? Bəlkə elə boz yaxşıdı? Və birdən öz fonunda servantdakı şüşənin arxasındakı anasının köhnə çini “yaponçikini” gördü. “Yaponçik” ona baxırdı və sanki narazı-narazı başını bulayırdı:”Ayıb deyil sənə, kişidən ötrü dəridən-qabıqdan çıxırsan?”. Və Jenya birdən-birə özünü itirdi, pörtdü və düşündü: ”Doğurdan e, axı niyə belə edirəm? İndi oğlan zəng vuracaq, mənim isə axmaq bir görkəmim var! Bu paltar, bu üz-göz...”

Oğlan isə zəng vurmurdu. O, zəngisiz gəlirdi. Onun üçün artıq köhnəlmiş “Makinada yazı” elanını ötüb alaqapıdan həyətə girdi - quyunu xatırladan həyətə. Susqun gecəydi. Ayaqları altında yalnız buz parçaları ahənglə xırçıldayırdı. Vasya nəsə narhat idi. Deməli, indi bu naməlum qadın onun şeirlərinin hər sətrini oxuyub, demək olar ki, onun qəlbinə baxıb. İndi yəqin, qadın onun hər bir düşüncəsinə və hissinə bələddir. Axı nə üçün o, bütün bunları etdi? Şeirlər, əlbəttə, zəif idi, aydındı. O şair-filan da deyil. Mayakovski onun yazdıqlarını istehzayla zibil yeşiyinə tullayardı. Bunları Aktaşda mühəndis Laşkov və onun arvadı dinləyə bilərdi, gecələr səhərədək oturub qulaq asa bilərdilər, bir də, kənd, ya da evindəkilər. Bəs niyə ona elə gəldi ki, redaksiyada onun şeirlərini bəyənəcəklər? Burda belə dəftərçələrdən o qədər var ki! Bütün ölkədən göndərirlər! Elə özü də gördü- dolabların gözü qovluqlarla doluydu. Bütün gözlər tutulmuşdu! Hər halda, indi o, dəftərçəsini və kağızları götürəcək, pulunu verəcək və düz Altaya, vəssalam! Moskvadan tez çıxıb getsəm yaxşıdı! Ona kimsə elə düz demişdi: “Moskvada yaşamaq mümkün deyil, orda yalnız gəzəsən gərək!” Doğurdan da burda, bu fanilikdə insan görünmür.
Vasya qapı ağzında papağını çıxartdı, zəngi qarasına basdı. Qapını əlində tava Miskin açdı; kişi eynəyinin altından ciddi tərzdə oğlanı xeyli süzdü. Arxadan həyəcalı qadın səsi gəldi.
-Mənim yanıma gəlib, mənim yanıma. Gəlin, keçin içəri.
Miskin təəccüblə yol verdi.
Vasya qadının dalınca otağa girdi, şeirlərinin necə təsir etdiyini qadının üz-gözündən anlamaq istədi. Lakin qadın əvvəlki ağ bluzda və yumşaq şəp-şəpilərdə mebellərin arasınca qıvraq-qıvraq addımlayır, oğlana baxmamağa çalışırdı. Deyəsən, gözlərini gizlədirdi ondan və Vasya dərhal anladı ki, işlər xarabdı.
-Buyurun, hazırdı. Hamısı da üç nüsxə.
Onlar royalın sağ və sol tərəfində qarşı qarşıya durmuşdular. İkisinin də əksi royalın üstünə düşmüşdü.
-Əlbəttə, səhvlər də ola bilər,- qadın yumşaq səslə dilləndi,- amma siz oxyun, mən imkan eləmədim təzədən oxumağa. Otuz səkkiz səhifə alındı.
Vasya döşəməyə əyilib yenə çamadanını açdı. Qapı aram-aram döyüldü.
-Yevgenya Palna! Qəhvədan!
-Gəlirəm, gəlirəm!- qadın tələsik çıxdı.
Vasya kağızları və dəftərçəni yerbəyer etdi. Bu kağızlardan çamadan az qala şişdi.
-Budur, bu da çay, gəlin çay içək,- qadın göründü.
“Mənə yazığı gəlir”, Vasya düşündü. “Qrafoman kimi yazığı gəlir mənə!”
-Laızm deyil. Təyyarənin vaxtına az qalıb.
Jenya həyəcanla soruşdu:
-Uçuş saat neçədədir?
-Birə iyimi dəqiqə işləmiş.
Qadının sevincdən üzü nurlandı.
-Hələ çox qalıb ki! Paltonuzu çıxarın, indi sizə tünd çay dəmləyərəm. Ətirlidir.- əlindəki çayniki yırğaladı.- Sibirdə yəqin belə tünd çaya çifir deyirlər, hə?
Vasya papağını götürüb:
-Zəhmət çəkməyin,- dedi.-Pulunuzu bura qoydum.- Susdu. Gördü ki, qadının əlləri birdən-birə boşaldı, o yerindəcə quruyub qaldı, tamam ruhdan düşdü. - Əslində, hə, vaxt var hələ.- Oğlan qımıldandı.- Sadəcə, yaxşı deyil e. Axı mən sizin üçün yad bir adamam. Necə deyərlər, küçədən keçən.
Qadın yumşaq səslə cavab verdi:


-Daha yad deyilsiz! Yadınızdadırsa, şeirlərinizin birində deyirsiniz: ”yaşıl-çəhrayı günlər ötüb keçir həyatın üstündən...tozağacı qabığından düzələn qutudur onlar – kötük altında qalıblar...” Ya da ayrı bir şeirdə deyirsiniz:” Bayırda uşaqlar da ağac budaqlarını gah sındırıb atırlar, gah çıxırlar ağaca, almalar lampa kimi səpələnir baxçaya...” Vasya ilk dəfəydi ki, öz şeirini başqasının dilindən eşidirdi. Bu elə qəfil və elə xoş oldu ki! Ona dərhal istilik gəldi, hündür otaqdakı lazımsız və dəyərsiz şeylər arasında özünü rahat hiss elədi. Bu evin kiçik xanımı isə qab-qacaq cingildədirdi.
-Bu çay Koreyadan gəlib, yasəmən gülüylə birgə. Əminəm ki, beləsindən içməmisiniz. Mənim rəfiqəmin əri operatordur. Hər yanı gəzir. Rəfiqəm də məni çayla təmin edir. İndi belə çaydan burda da almaq olar. Bu isə xüsusi gətirilmədir.
Onlar çilçırağın altındakı dairəvi mizin arxasında oturub çay içirdilər. Çaydan doğurdan da gül iyi gəlirdi. Qeyri-adi və zərif dadı vardı. Heç çifirə də bənzəmirdi. Əlbəttə, kim bilməsə də, Vasya bunu yaxşı bilirdi.
-Bu stəkandan çoxdandı heç kim çay içməyib,-Jenya həzin-həzin gülümsədi. Vasya gümüş altlıqlı stəkanı əlləri arasında tutmuşdu, ev sahibəsinin heyranedici, zərif, hətta füsunkar səsinə qulaq asırdı. -Dünyanı gəzən adamlara paxıllığım tutur. Mən heç yerdə olmamışam. Bir dəfə nə vaxtsa Kaluqa məktəbində təcrübədə olmuşam.- Qadın oğlan üçün mürəbbə tökdü. – Ötən yay öz uşaqlarıma söz vermişdim ki, Volqaya gedəcəyik, gedə bilmədim. Anama görə. O, çox xəstəydi.
Qadının əlləri balacaydı, çevik idi.
-Mənim iyirmi iki şagirdim var. Hətta onların bileti üçün sponsor da tapmışdım.
-Yəqin məktəbdə müəllimlərin vəziyyəti çətindir?
-Hə, baxır da... Hər halda, indi hamı üçün çətindir. İndiki uşaqlar da çətin uşaqlardır. Əksəriyyəti siqaret çəkir. Bu yaxınlarda kimsə Avroasiyanın xəritəsini cırıb. Toplantı çağırmaq lazım olacaq. Əlbəttə, bilirəm bunu kim edib. Qoy özü boynuna alsın. Elə qoçaq və narahat oğlandır ki! Ailəsi yaxşı deyil, yola getmirlər. -Güldü. – Amma çox bacarıqlı oğlandır. Bir dəfə inşa yazırdıq. Bilirsiz nə yazmışdı?
Qadın durub pəncərəyə sarı yeridi, küncdəki topa dəftərlər arasından birini götürüb vərəqlədi.
-Budur, baxın görün nə yazıb. “Peçorinin pessimizmi, onun müqəddəslərə ədəbsiz yanaşması, soyuq şəkkaklıq fəlsəfəsi haqqında mətbuatda dolğun qeydlər dərc olunub”. Təsəvvür edirsiniz? Heç bir dənə də səhvi yoxdur!
-Mən də çox nadinc olmuşam,- Vasya bic-bic gülümsədi, qaşıqla çayını qarışdırdı.- Özü də pis oxumuşam. Nədənsə, Avroasiya uşaqlıqdan mənə sarı rəng kimi görünür, belə də, donqar dəvə kimi, masmavi dənizin ortasında uzanan donqar dəvə.
Qadın dalğın-dalğın stolun arxasına keçib oturdu. Oğlan qadını süzdü və birdən gördü ki, qadının qara saçları və bluzu çox yaraşır ona. O - sadəcə gözəldir.
-Bilirsiz uşaqlar məni məktəbdə necə çağırırlar?- güldü.- Yevqeşa! Hə, hə, Yevqeşa.
Vasya əli ilə royalı işarə elədi.
-Yəqin royalda yaxşı çalırsınız?
-Yox, çalmıram. – Qadının üzü ciddiləşdi. – O bir xatirədir. Anam çox gözəl çalırdı. Sizə istisini süzümmü?- qadın çini çayniki qaldırdı.
-Hə, hə, əlbəttə, - Vasya canlandı.- Çay əladır. Birinci dəfədi beləsini içirəm.
(Qadın çayı qeyri-ixtiyari süzürdü). Ümumiyyətlə, Moskva mənim xoşuma gəldi,- oğlan qadının diqqətini cəlb etmək, onu canlandırmaq istədi.- Sizdə heyvanları çox sevirlər, lap əllərində gəzdirirlər. Özüm görmüşəm.
Qadın isə susurdu. Oğlan əlavə elədi:
-Belə getsə, itlər yeriməyi yadırğayacaqlar.
-Siz məgər heyvanları sevmirsiz? Mənsə, istəyirəm pişik saxlayam. Birini tapacam əvvəl-axır. Pul verib almayacam. Dostları pulla almırlar.
-Adi pişik istəyirsiz? – oğlan üz-gözünü qırışdırdı.-Yooox, yaxşı olar delfin saxlayasız. İndi delfinləri də öyrədirlər. İstəyirsiz sizə Alatydan qar bəbiri göndərim? Bağlamada yollayım? Əlbəttə, dərisini deyirəm.
-Yox, - qadın tutuldu.-Mənim ovdan zəhləm gedir. Ovçuları da görməyə gözüm yoxdu. Heyvanları vuranda, ya da onlara güllə atanda televizoru dərhal söndürürəm. Yoxsa bütün günü ürəyim ağrıyar.
Qadının arxasından Yerin iki yarımkürəsi görünürdü, kürələr otağa, düz onlara baxırdılar. Hardasa bax orda, sağ tərəfdə, qəhvəyi nöqtədə onun Altayı, onun mədəni və kəndi yerləşirdi - Vasyanı gözləyirdilər.
Vasya Şulqin qalxdı.
-Hə, vaxtdı.- qadına həzin-həzin gülümsədi. Hər halda, burdakı fiqurlarda, çini qablarda, bu mənasız və lazımsız əşyalarda və qədim rahatlıqda böyük bir gözəllik vardı. Qadın da ayağa durdu. Fincan cingildədi. Qadın həyəcanla soruşdu:
-Bə elə belə də gedirsiz, hə? Bəs şeirləriniz?
Oğlan qapıya yaxınlaşdı, çalışdı ki, ayağı heç nəyə ilişməsin.
-Şeirlər? Ciddi deyirsiz?- tüklü papağını yellətdi.- Şeir vaxtıdı bəyəm? Bizdə indi “təbii fəlakət”dir- mədənimizi bağlamaq istəyirlər, maaşımızı vermirlər. Siz isə “şeir” haqqında düşünürsüz. Boş şeylərdi hamısı.
Qadın onun geyinməyini həyəcanla izləyirdi.
-Yox, mən ciddi deyirəm. – cəld cavab verdi.- Şeirlərinizi redaksiyaya göstərmək lazımdı. Mütləq göstərmək lazımdı. Məncə, bu şeirlər həqiqi şeirlərdir. Sizin istedadınız var, vergi verilib sizə. Başa düşürsüz?
Oğlan şərfi boynuna doladı.
-Eybi yox, gələn dəfə “vergi”ylə məşğul olarıq,- çamadanı götürdü.
-Niyə gələn dəfəyə saxlayırsız? İstəyirsiz, mən özüm o şeirləri təqdim edim? Jurnala apararam. Məndə bir nüsxə də var.
-Nəyə lazımdı axı? Zəhmət çəkməyin...- oğlan çalışırdı ki, qadının gözlərinə baxmasın. İstəmirdi ki, o işıqlı, sevimli baxışları, bir də ona hardasa artıq əziz olan çöhrəni görsün. Sözləri yana deyirdi.
-Siz məktəbdə o oğlanı çox da tənbeh etməyin...Nədir o... xəritəni cıran oğlanı deyirəm. Təsadüfən olub da...
Və dərindən nəfəs aldı, bir anlıq bilmədi - əlini qadına uzatsa, ayıb olmaz ki...
Jenya dəhlizdə maraqdan alışan Miskinin yanından ötüb ağır qapını oğlanın dalınca bağladı, otağa qayıtdı. İndi bu otaqda hər şey başqa cür görünürdü. Sanki divarlar da yerindən dəbərmişdi, hava təmizlənmişdi. Otaqdakı hər əşya, hər bir xırda şey daha yaxşı və aydın görünürdü, elə bil onlar dil açıb danışırdılar. Jenya əllərini royalın üstünə qoydu. Royalın qara hamar lakında öz əksini gördü - bəlkə də ömründə ilk dəfə çala bilmədiyinə heyfsləndi. İndi onun qulağına hər yandan musiqi səsləri dəyirdi.
Vasya Şulqin gecənin şaxtasında küçəylə addımlayırdı. İşıq dirəklərindəki lampaların hamısı yanırdı, elə bil bayram idi; Vasya da özünü yüngül hiss edir, rahat və azad nəfəs alırdı. O, kədərlə düşünürdü ki, iki saatdan sonra artıq göydə olacaq, uçacaq. Sonuncu dəfə Moskvaya göydən seyr edəcək, təyyarənin qanadları altından şəhəri görəcək, Moskvanı sayrışan işıqları sönməyən xırda tonqal kimi görəcək. Sonra da bütün gecəni qara üfüqlər müşaiyət edəcək, ta qar üstündə qırmızı şəfəqlər görünənə qədər.

Vasya gözqamaşdıran vitrinləri və blokları bir-bir ötüb keçirdi. Qəlbində işıq və rahatlıq vardı. Şeir misraları da bir-bir beynində düzülürdü, doğulurdu, addımlarına uyğun olaraq qafiyələr öz-özünə gəlirdi; çox keçmədi ki, belə bir şeir alındı:”Gözəl dumanlı şəhər yatıb. Gecə buludlar arasında gurultu qopdu, sanki bir kibrit çöpü yanırdı...” Bəlkə dayanıb bu sətirləri yazsın. Adətən misralar elə tez-tez doğulurdu ki, onları çox vaxt qeydə almırdı, indi də belə, yazmaq da lazım gəlmirdi. “Lakin şəhər yuxudan oyanmadı, çox dərin yuxuya getmişdi şəhər. Təyyarə yüngülcə döndü, şəhər də onun qanadları altında itdi...”
Vasya Şulqin kimsəsiz küçələrlə tələsmədən mərkləzə doğru addımlayırdı, Rusiyanın mərkəzinə doğru gedirdi - Xilaskar Məbədinə, Qızıl Meydana üz tutmuşdu. Hələ gündüz bu barədə düşünmüşdü. İstəyirdi ki, oraya birinci dəfə elə gecə getsin. Sakitlik olanda, hər xışılıtı, ayaq səsi eşidiləndə, qüllələrin, qızılı günbəzlərin üstünə işıq seli düşəndə getsin.
Ayaqları altındakı buz parçaları xırcıldayırdı, damların üstündəki tünd səmada Ay üzürdü - tanış, aydın mənzərəydi. ”Smolensk meydanı üzərində, heç də hamının görə bilmədiyi Ay kəndsayağı üzürdü”. Ətrafdakı bal rəngli pəncərələrdən işıq gəlirdi. Orda yaşayanların hər birinin öz qayğısı, öz taleyi vardı. İndi isə bilirdi ki, o pəncərəlar arasında bir pəncərə də var – orda Vasyanı tanıyır və xatırlayırlar. İndi ora getmək də olar və orda da Altaydakı kimi ləzzətlə hələ çay da içmək olar.

 

Tərcümə etdi: Kamran Nəzirli

15 may 2019-cu il

 

 


FOTOLARDA: 1. Rusiyanın xalq yazıçısı İrina Rakşa; 2. Böyük yazıçı V. Şukşinin evində - İrina Rakşa və Şukşinin anası Mariya Sergeyevna ilə birlikdə Vasili Şukşinin məktublarını oxuyurlar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )