Bir tanışlıq və bir kitab haqqında - - Azər Həsrət yazır..

Bir tanışlıq və bir kitab haqqında - Azər Həsrət yazır..

Tez-tez gənclərin arasında oluram. Gənclərlə tanışlıq, onlarla müzakirə və mübahisə, fikir mübadiləsi həmişə mənim üçün xoş olur. O baxımdan yeni bir gənclə tanış olanda sanki yeni dünya kəşf edirəm.

 

Haqqında söz açacağım əsərin müəllifi də elə gənclərdəndir. Rəşad Mahmudoğlu imzası bəlkə də geniş oxucu auditoriyasına çox söz demir. Lakin bir gün bu adın da məşhurlar arasında olacağına şübhəm yoxdur.

Onunla avtobus dayanacağında, təsadüfən tanış olmuşduq. Daha doğrusu, mən avtobus gözləyirdim, o gənc də mənə yaxınlaşdı. Ədəblə salam verdi, özünü təqdim etdi. Məni TV kanallarından izlədiyini, siyasi şərhlərimi bəyəndiyini dedi. Və əlavə etdi: “Müəllim, sizin kimi adama gərək dövlət maşın ayıra, nə əcəb avtobus gözləyirsiniz?”

 

Açığı, bir gəncin ilk tanışlıqdan belə cəsarətli və açıq olması mənə xoş gəldi. Lakin bir balaca duruxdum. Çünki hər cür sual gözləyən birisiyəm, lakin belə bir sualı təxmin etmirdim düzü. Bir anlıq dayandım, gəncin üzünə baxdım, sadəcə maşınımın təmirdə olduğunu dedim. Həm də əlavə etdim ki, maşın olsa belə gedəcəyim yerə ictimai nəqliyyat gedirsə, ona üstünlük verirəm.

 

…Bu söhbətin baş verdiyi anda Beynəlxalq Mətbuat Mərkəzindən “İki Sahil” TV-yə gedirdim. 29 saylı avtobus hər iki tərəfə hərəkət edir və olduqca əlverişlidir…

Beləcə Rəşad Mahmudoğluyla tanış olduq. Sonra sosial media üzərindən dostlaşdıq və bir-birimizi daha yaxından izləməyə başladıq.

 

Günlərin birində Rəşad mənimlə görüşmək istəyini bildirdi. Dəvət elədim, gəldi və yeni nəşr olunmuş kitabını hədiyyə etdi. Açığı, hələ tam da yaxşı tanımadığım bu gəncin nə və necə yazacağını bilmək istəyirdim, kitab da yerinə düşdü.

 

Rəşad Mahmudoğlunun əlimdəki kitabı “Yanlış ünvan” adlanır. Ön sözünü İlqar Fəhminin yazdığı kiçik həcmli povest, mənim kimi təcrübəli bir oxucunu da cəlb edə bilər. Bunu, kitabı oxuduqca anladım.

 


“Yanlış ünvan”ı oxudum

 

Əsər saf, təmiz qəlbli bir kənd gəncinin evlənmək üçün qız seçimindən bəhs edir. Həm də seçimlə bərabər ailələr arasındakı münasibətlər, daha yaxşı ailə ilə qohum olmaq kimi stereotiplər bu əsərdə də qabarıq şəkildə nəzərə çarpır. Əsərin qəhrəmanı Güman adlı gəncdir. O, normal, ədəbi-əxlaqı yerində, əsl həyat yoldaşı olacaq qız axtarır. Onunla bərabər ata-anası da qız axtarışındadır. Güman həm də yanıla biləcəyindən qorxur. Elə “qorxan gözə çöp düşər” deyimi də bu gənc üçünmüş.

Günlərin birində Güman Sarışın adlı bir ingilis dili müəllimi ilə rastlaşır. Daha doğrusu, ailələr bu tanışlığı təşkil edir. Lakin bir müddət sonra Güman Sarışının özünü şübhəli aparmasını fərq edir. Öz həyəcanını dilə gətirsə də gec olur. Nişan, toy, hər şey qayda-qanun çərçivəsində baş tutursa da gənclərin münasibətləri sonadək davam edə bilmir. Ailə qurmaq məsələsində suyu də üfürə-üfürə içən Güman artıq yanıldığını – əsl gerçəyi anlayanda gec idi. Sarışın onun aradığı, ona layiq qız deyilmiş…

Bir müddət sonra ayrılan Güman yeni bir ailə həyatı qurur, öz istədiyini tapır və xoşbəxt olur. Povestdə paralel şəkildə Sarışının qardaşı Bədəlin də elə öz ailəsinə – bacısına uyğun evlənib-boşanma əhvalatları yer alır. Müəllif bu paraleli təqdim etməklə ailə qurarkən uyğun tərəf müqabil seçməyin vacibliyinə diqqət çəkməyə çalışır. O, bu istəyinə nail olur.

 

Əsərdə təsvir edilən personajlar və münasibətlər sistemi müəllifin saflığından qaynaqlanır məncə. O, bu əsərilə, əslində bəlkə də öz obrazını yaradıb. Yaxud da xəyallarındakı obrazı – Gümanı əvvəl getdiyi yanlış yoldan ayırıb gec də olsa doğru yola yönləndirir.

 

Bir az da kitabın dili haqqında. Oxunaqlıdır, sadədir. Lakin bir balaca redaktəyə ehtiyacı var. Düzdür, günümüzdə hətta ən məşhur yazarların belə əsərlərində bəzən imla və üslub xətalarına rast gəlmək olur. Ancaq istərdik ki, kimliyindən və təcrübəsindən asılı olmayaraq hər kəs yazılarında-əsərlərində Azərbaycan dilini ən doğru şəkildə ifadə etsin. Şübhəsiz ki, bunu Rəşad Mahmudoğlu da bacarar.

Sözardı: Rəşad bəy kitabın təqdimatını da keçirdi. Məni dəvət etmişdi. Gündəliyimə də qeyd etmişdim ki, qatılım. Lakin hər zamankı qarışıq və məşğul gündəmim bir çox dəvətlərdə olduğu kimi bu dəvəti də gerçəkləşdirməyimə mane oldu. Üzüldüm buna. Əmin idim ki, Rəşad məni dəvətlilər arasında görsə çox sevinərdi. Neynək? Bir sonrakı kitabda görüşərik, gənc dost.