GƏNC MUSİQİÇİLƏRİN RESPUBLİKA FESTİVALINA START VERİLDİ - (+FOTOLAR)

GƏNC MUSİQİÇİLƏRİN RESPUBLİKA FESTİVALINA START VERİLDİ (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 14 may 2019-cu il tarixində Soltan Hacıbəyovun 100, İsmayıl Hacıbəyovun 70 İlliyinə həsr olunmuş (fortepiano və vokal nominasiyaları üzrə) gənc musiqiçilərin Respublika Festivalının açılışı oldu.

Festivalda Azərbaycanın 16 şəhər və rayonlarından 160-a yaxın musiqiçi iştirak edəcək. Tədbirin özəlliyi ondan ibarətdir ki, iştirakçılar klassik əsərlərlə yanaşı hər iki bəstəkarın əsərlərini ifa etməlidirlər.
İştirakçıların çıxışlarını BMA-nın rektoru, SSRİ-nin və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinə BMA-nın professorları – Nərminə Quliyeva, Tərlan Seyidov, Nəzakət Rimazi, Xuraman Qasımova, Elnarə Məmmədova, Ülviyyə Hacıbəyova və məktəb-studiyanın müəllimləri – Sevda Məmmədova, Ayşə Əliyeva, Nərgiz Mansurova daxildir.
Festivalı giriş sözü ilə Fərhad Bədəlbəyli açdı. O, Hacıbəyovlar sülaləsinin, Soltan Hacıbəyov və oğlu İsmayıl Hacıbəyovun yaradıcılıqlarının Azərbaycan musiqi sənətinin inkişafında böyük rolundan danışdı, Müasiri olan İsmayıl Hacıbəyovla bağlı xatirələrini bölüşdü və bəstəkarın əsəslərini ifa etdiyini qeyd etdi. Daha sonra Azıərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək bəstəkarların yaradıcılığından, məktəb-studiyanın geniş fəaliyyətindən danışdı. Öz növbəsində professor Ülviyyə Hacıbəyova festivalın təşkilatçıları – professor Tərlan Seyidov və onun kollektivinə dərin minnətdarlığını bildirdi.

Tədbirdə iştirak edən Züleyxa Qarayeva-Bağırova, Xuraman Qasımova, Alla Bayramova və digər görkəmli incəsənət xadimləri bu iki bəstəkarın əsərlərindən ibarət konserti böyük maraqla izlədilər. Konsertdə tanınmış musiqiçilər iştirak etdi – Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, Nəzakət Rimazi, Elnarə Kəbirlinskaya, Fəridə Məmmədova, Səbinə Əsədova, Töhfə Babayeva, Səidə Tağızadə, Soltan Məmmədova, Aleksey Miltıx, Vaxtanq İmanov, Ceyla Seyidova, Səbinə İbrahimova.

Festival bir həftə davam edəcək. 20 may tarixində diplomların təqdimatı, laureatların yekun konserti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının Uşaq musiqi teatrının ifasında Soltan Hacıbəyovun “İsgəndər və çoban” uşaq operasının (Nizaminin əsəri əsasında) premyerası ilə festival sona çatacaq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )