Botanika İnstitutunda ixtiraçı alim Mayis Qasımovun 80 illik yubileyi qeyd olunub - (+FOTOLAR)

Botanika İnstitutunda ixtiraçı alim Mayis Qasımovun 80 illik yubileyi qeyd olunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA Botanika İnstitutunda görkəmli botanik, ixtiraçı alim, “Lenin mükafatı” laureatı, b.ü.e.d. Mayis Ələkbər oğlu Qasımovun 80 illik yubileyi qeyd olunub.

Tədbiri İnstitutun direktoru, akademik Validə Əlizadə açaraq M.Qasımovun həyat və fəaliyyətindən, botanika elmində xidmətlərindən danışıb. Bildirib ki, alim uzun illər ərzində elmi-tədqiqatlar aparmış və topladığı herbari materiallarını araşdıraraq Azərbaycanın boyaq bitkiləri, onların qida və xalçaçılıq sənayesində istifadə olunması üzrə uğurlu nəticələr əldə etmişdir.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova M.Qasımovun apardığı elmi araşdırmaların nəticələrinin botanika elminin və ölkəmizdə boyaqçılıq sənətinin inkişafına böyük töhfələr verdiyini vurğulayıb. Qeyd edib ki, alim işlədiyi müddətdə elmi fəaliyyətlə yanaşı İnstitutun ictimai həyatında da fəal iştirak etmişdir. O, institutun Elmi Şurasının üzvü, namizədlik və doktorluq dissertasiyalarının opponenti, bir çox əsərlərin rəyçisi və elmi redaktoru olmuşdur.

İnstitutun elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Eldar Novruzov M.Qasımovun elmi-pedaqoji fəaliyyətinə dair məruzə edib. Bildirib ki, 1973-cü ildə o, “Azərbaycanın boyaq bitkiləri və onların xalçaçılıq sənayesində istifadə olunması” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əldə etdiyi elmi nəticələrin nəzəri və praktiki əhəmiyyətinə görə 1974-cü ildə Respublika “Lenin Komsomolu” mükafatına layiq görülmüşdür. 1974-cü ildə təbii boyaqların xalçaçılıq sənayesində tətbiqinə görə Azərbaycan “İxtiralar va səmərələşdiricilər Komitəsi”nin fəxri fərmanı ilə təltif olunmuşdur. 1987-ci ildə Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əldə etdiyi elmi-praktiki nəticələrin nümayişinə I dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. Elə həmin ildə “SSRI-nin ixtiraçı alimi” adı verilmiş va döş nişanı ilə təltif edilmişdir.

İnstitutda işlədiyi müddət ərzində onun tərəfindən 230 elmi əsər, 8 monoqrafiya, 2 kitab, 1 metodik vəsait çap olunmuş, 20-yə yaxın patent alınmış, 70-dən artıq səmərələşdirici təklif işlənib-hazırlanmış və istehsalatda tətbiqinə nail olunmuşdur. 600-dən artıq elmi-populyar əsəri yazılıb dərc edilmişdir. 2017-ci ildə yüksək maraq kəsb edən “Boyaqçılıq” adlı sonuncu kitabı çapdan çıxmışdır.

Tədbirdə z.ü.f.d. Adil Əliyev, k.ü.e.d. Siracəddin Sərkərov və digərləri alimlə bağlı xatirələrini bölüşüblər.
Alimin həyat yoldaşı, Botanika İnstitutunun elmi işçisi, b.ü.f.d. Tüzalə Qasımova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda M.Qasımova həsr olunan video-çarx nümayiş etdirilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )