“Qartal yuvası” filminin təqdimatı keçirildi - +FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

“Qartal yuvası” filminin təqdimatı keçirildi +FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

https://www.facebook.com/groups/232461030668048/

 

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçirilib.

AZpress.AZ xəbər verir ki, ekran əsəri “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Salnaməfilm” tərəfindən Çingiz Həsənovun rejissorluğu ilə çəkilib.

Təqdimat mərasimində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ötən əsrin 90-cı illərin əvvəllərində erməni qəsbkarlarının xalqımız başına gətirdiyi müsibətlərdən söhbət açıb.

“Həmin dövrdə xalqımızın qarşısında duran əsas məsələ müstəqilliyimizi qoruyub saxlamaq idi. Müstəqilliyi əldə etmək asandır, amma onu qoruyub saxlamaq çətindir. Müstəqilliyimizin, torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda həlak olan hər bir şəhid bizim üçün əzizidir. Bu ölkədə yaşamağımızın ən vacib səbəblərindən biri də məhz bizim şəhidlərimizidir. Şəhidlərimiz, Seymur Məmmədov kimi qəhrəmanlarımız olmasaydı, bu gün bilmək olmazdı Azərbaycan hansı vəziyyətdə olardı. Hər birimizin də borcudur ki, şəhidlərimizi qəlbimizdə yaşadaq, onları uca tutaq”, - deyə nazir müavini qeyd edib.

Ekran əsərinin rejissoru Çingiz Həsənov film haqqında öz fikirlərini bölüşüb. Bildirib ki, Milli qəhrəmanlar haqqında film çəkmək, onun keçdiyi şərəfli yolu axtarıb tapmaq və ondan nəyisə yaratmaq çox çətindir: “Seymur şəhiddir, iz qoyub gedib, elə bir zirvəyə qalxdı ki, o zirvədən bütün dünyaya baxdı. Seymur Məmmədov bir qartaldır. Yəni hər bir insan o zirvəyə qalxa bilmir”.

Bildirilib ki, Seymur Məmmədov 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açıb. 1978-1988-ci illərdə burada 2 nömrəli məktəbdə təhsil alıb. 1988-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Almaniya və Ukraynada keçib. Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılıb. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərib. 1992-ci il aprelin 1-i Seymurun son döyüşü olub. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni döyüşçüsü olan 15 dayaq nöqtəsi məhv edilib. Həmin döyüşdə snayperlə vurulan Seymur 21 yaşında qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Sonda Milli Qəhrəmanın anası Xurşud Babayev çıxış edərək tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib.

Sonra ekran əsəri nümayiş olunub.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )