26 may Elmira Axundovanın doğum günüdür -

26 may Elmira Axundovanın doğum günüdür

Təbrik edirik!
26 may Elmira Axundovanın doğum günüdür

 

Sevgisiz yaşamaq olmaz

 

Cənab prezident İlham Əliyev sağ olsun, yüksək dəyər verərək məni “Xalq yazıçısı” adına layiq gördü. 15 ildir bu ad heç kimə verilməmişdi. Əlbəttə, bunun məsuliyyətini hiss edirəm. Bu mənim üçün böyük şöhrətdir.


Elmira Axundova

 


Sevimli Elmira xanım!

Sizin haqqınızda yazını ötən ilin may ayından yazmaq istəyirdim. “Xalq yazıçısı” adını aldığınız günlərdə. Sizi telefonla təbrik etdim, görüşüb söhbətləşməyi isə sonraya saxladıq. Bir neçə ay sonra “Həmkarlarımla üz-üzə” və “Elmira, kakoy mı ee znaem...” adlı kitablarınızı avtoqrafla mənə bağışladınız. Düşündüm, görüşüb söhbətləşsəydik, mən də həmkarlarımın suallarına bənzər suallar verəcəkdim. Verəcəyim sualların cavablarını demək olar ki, ürəyim istəyən kimi cavablandırmısınız. Xalq yazıçısı Anarın fikirləri ürəyimdən xəbər verir: “Elmira Axundovanın kitablarının məziyyətlərindən biri də müəllifin tarixilik hissidir. O, heç yerdə tarixi hadisələri, tarixdə öz yeri olan şəxsiyyətləri günün konyukturu mövqeyindən çıxdaş eləmir. Tarix saxtakarlığı sevmir. Hər kəsin tarixdə öz yeri var”.
Anarın dediyi kimi, yaradıcılığınızın ilk anlarından bu günə kimi mövqeyinizə sadiq qalmısınız.
Elmira xanım!
Jurnalistikaya təsadüfən gəldiyinizi deyirsiniz. Azərbaycan Televiziyasının “Xəbərlər” redaksiyasında Bakı və Moskva üçün xəbərlər hazırlamısınız. Lakin senzura Sizi cana gətirəndə bu işdən uzaqlaşıb Yazıçılar İttifaqında işə başlamısınız. Ədəbiyyatımızın məşhur simaları - İmran Qasımov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, İsmayıl Şıxlı, özünüzə mənəvi ata saydığınız Mirzə İbrahimovla 10 ilə yaxın işləmisiniz. “Cəlil Məmmədquluzadə və rus ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib alim olmağınız da həmin dövrə düşür. 1988-ci ildə milli azadlıq hərəkatı başlayanda ilk qələmə sarılanlardan olub fikirlərinizi yazdınız. Qarabağ hadisələri Sizi publisistikaya yönəltdi. Cəsarətli yazılarınız diqqətdən yayınmadı. Nəcəf Nəcəfovu müdafiə etməyiniz, Ə.Vəzirovun əleyhinə məqaləniz Sizi tanıtdı. Sabir Rüstəmxanlının baş redaktor olduğu ilk demokratik qəzet “Azərbaycan”ın redaksiya heyətinin üzvü oldunuz. Cəsarətli yazılarınızı Yazıçılar Birliyinin sədri Anar izlədi. O zaman SSRİ-də ən çox oxunan “Literaturnaya qazeta”nın Azərbaycan üzrə müxbirliyinə Sizi məsləhət gördü. Onda heç kim orda işləmək istəmirdi. Çünki qəzetin Ermənistan üzrə müxbiri bədnam Zori Balayan idi. Amma Siz işləyəcəyinizə qəti qərar verdiniz. Bir il sınaq müddəti olaraq maaş da admadan. Həmin dövrdə Sizin cəsarətli missiyanızı həyata keçirən ikinci bir jurnalist təsəvvür edə bilmirəm. İllər sonra şair-dramaturq, eləcə də ictimai-siyasi xadim Hidayət ordakı cəsarət və vətəndaşlıq mövqeyinizi belə qiymətləndirəcək: “...İntervünün həcmi çox böyük idi. İriformatlı “LQ”nın bütöv bir səhifəsinə sığmamışdı. Bütün material erməni ziyalılarının ekstremist, təcavüzkar meyllərini ifşa edirdi. Bu parçada adları çəkilən və çəkilməyən tanınmış erməni yazıçıları, alimləri ilk dəfəydi Moskva mətbuatında, xüsusilə Silva Kaputikyana və digərlərinə erməni “dostları” deyən “LQ” bu dəfə onlara tamam başqa mövqedən yanaşırdı.
O dövrdə çox ciddi əks-səda doğuran o intervünün dərc olunmasında Sənin redaksiyadakı nüfuzunun, Azərbaycanı layiqincə təmsil etməyinin xüsusi təsiri və rolu oldu... Sənin xidmətlərin danılmazdır”.
Düşünürəm, o dövrdə, o mühitdə Sizin sözlə savaşınız elə bir ordunun döyüşünə bərabər idi.
“LQ”-da çalışdığınız illər ömür bioqrafiyanızın ən unudulmaz və yaddaqalan səhifələridir. Bu mənada məhz həmin illərdə - 1990-cı ildə qəzetin əməkdaşı olaraq siyasət nəhəngi Heydər Əliyevlə Naxçıvanda görüşdünüz. O görüşü müsahibələrinizdə belə xatırlayırsınız: “O illərdə Heydər Əliyevdən yazmaq asan deyildi. Müsahibəni Moskvada dərc etdirə bilməsəm də, “Azərbaycan” qəzeti dərcinə razılıq verdi. Bizim Heydər Əliyevlə əməkdaşlığımız sonradan dostluğa çevrildi. Fəxrlə deyə bilərəm ki, Heydər Əliyev mənim haqqımda ən yüksək tribunalarda müsbət fikirlər söyləyib. Onunla bir çox səfərlərdə olmuşam. Bu səfərlər haqqında yazdığım kitab onun çox xoşuna gəldi və məni “Şöhrət” ordeninə layiq gördü. Bizə çox sərbəstlik verirdi. Tənqidi məqalələr və reportajlar verəndə bizdən inciməzdi. Bilirdi ki, müstəqil jurnalistin hüquqlarına toxunmaq olmaz. Jurnalistlərin suallarından çəkinməzdi.
Elmira xanım!
“Azadlıq” radiosunda da az gərginlik yaşamamısınız. Ermənilər dəfələrlə Sizə qarşı hücum kompaniyası təşkil ediblər. Konqresə yazıblar ki, Elmira Axundova tarazlığı saxlamır və azərbaycanpərəst qüvvələrə işləyir.
Qəribədir, görən kimə işləməliydiniz?!
Nəhayət, 10 il fəaliyyət göstərdiyiniz “Azadlıq” radiosundan ayrıldınız. Və dediyiniz kimi jurnalistikadan getdiniz.
Getdinizmi?
Bir qələm adamı olaraq jurnalistikadan birdəfəlik getmək Sizin üçün mümkünsüzdü.
Daha ciddi janrlarda yaradıcılığınızı davam etdirdiniz. Köşə yazılarınızı, ədəbi portret və resenziyalarınızı Azərbaycan və Rusiyanın müxtəlif mətbu orqanlarında bu gün də çap etdirirsiniz.
Elmira xanım!
Kitablarınızdan danışmağa qüdrətim çatmaz. Onu deyə bilərəm ki, kitab yaradıcılığında çox ilklərə imza atmısınız. Akademik İsa Həbibbəyli qeyd edir ki, Elmira Axundovanın fəaliyyətində siyasi publisistika mühüm yer tutur. Elmira Axundova xüsusi fədakarlıq göstərərək böyük bir institutun görə biləcəyi işi təkbaşına gerçəkləşdirmişdir. Fikrimizcə, “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildlik əsərini janr etibarilə ya sənədli bioqrafik roman, ya da müəllifin özünün yazdığı kimi “bioqrafik roman-tədqiqat” adlandırmaq daha doğru olar”.
“Heydər Əliyev. Şəxsiyyət və zaman”a qədər Heydər Əliyevlə görüşləriniz, səfərləriniz barədə “Həqiqət anları” kitabınız rəğbətlə qarşılanmışdı. “İlham Əliyev Prezidentin portreti dəyişikliklər fonunda” kitabınız da yaradıcılığınızda xüsusi yer tutur. “Mənim üçün hakimiyyət ilk növbədə Azərbaycan vətəndaşları üçün xeyirxahlıq etməyə bir imkandır” deyən prezidentin bu fikrini əsas götürərək qəhrəmanın obrazını uşaqlıq və gənclik yaşlarından göstərirsiniz.
Hamımız yaxşı bilirik ki, sənədli roman yazmaq bədii əsər yazmaqdan qat-qat çətindir. Sənədlər əsasında siyasi dedektiv janrda yazdığınız “Naşirin ölümü”, “Gecə yarısı qətl”, “Şüşə saray” kitablarınız bestsellerə çevrilib. Anar Məmmədxanov haqqında kitabınız da əl-əl gəzir.
Yenə də bədii-sənədli roman üzərində işlədiyinizi deyirsiniz. Kitab “Zərifə və Heydər Əliyevlər: bir sevginin tarixçəsi” adlanır. Hamı Zərifə xanımı böyük alim və həkim kimi, Heydər Əliyevi böyük ictimai-siyasi xadim kimi tanıyır. Oxucu üçün onların insani keyfiyyətləri, insani hissləri daha maraqlıdır. Ölümə qalib gələn bir sevgi tarixçəsini intizarla gözləyirik.
Yazırsınız ki, əsl jurnalistikanın vəzifəsi kütlə dalınca getmək yox, kütləni öz arxasınca aparmaqdır. Slavyan Universitetində 7 il dərs dediyiniz müddətdə bu barədə iki kitab da yazmısınız. Bu fikirlər “Dostlarımın gözəl cizgiləri” kitabınızda da öz əksini tapıb. Əflatun Amaşov kitabın müqqədiməsində qeyd edir ki, bu kitab hörmətli Elmira xanımın bütövlükdə Azərbaycan cəmiyyətinə ərməğanıdır.
Elmira xanım!
Kitablardakı diqqət çəkən məqamlardan biri müsahibələrdə seçicilərinizin problemləri ilə bağlı cavablarınızdır. Ata yurdunuz Masallıdan deputat seçilmisiniz. Seçiciləri ilə tez-tez görüşən ən fəal deputatlardansınız. Atanızın həmkəndliləri - Mollaoba kəndinin sakinləri atanız Hüseyn kişini (çoxları onu Fərman kimi tanıyırdılar – S.Ə.), milliyyətcə ukraynalı olan ananız Anna xanımı xoş xatirələrlə anırlar. Şeyx həzrətləri Hacı Allahşükür Paşazadənin atanızla ata-oğul münasibətləri də mühasibələrdə xüsusi yer alır. Moskvada doğulub, Bakıda yaşasanız da, səmimi xasiyyətinizlə cənubda doğulub boya-başa çatanlardan daha çox cənublusunuz.
Kitabda gedən şəkillər də Sizin Masallıya bağlı insan olduğunuzu əks etdirir. İnsanlara yarınmaq həyatınızın əsas qayəsidir. “Parlamentin üzvü dərdə yanan, vicdanlı, intellektual insan olmalıdır”, deyirsiniz.
Nə xoş ki, məhz Sizin humanist fikriniz Milli Məclisdə qanun kimi qəbul edilib.
İnsanda humanistliklə peşəkarlıq birləşəndə daha çox fayda verir.
Elmira xanım!
Müsahibələrinizdə deyirsiniz ki, publisistika mənə daha doğmadır. Söyləyirsiniz ki, mən Heydər Əliyevin vaxtında işləmişdim. Müstəqil jurnalistikanın əsaslarını qoyanlardan idim. “İzvestisiya”da, “Literaturnaya qazeta”da, “Obşaya qazeta”da, Amerikanın “Novoye russkoye slovo”sunda, “Svoboda” radiosunda imzam tanınırdı. Heydər Əliyev AzərTAC informasiya agentliyinin rəhbərliyini Sizə təklif edəndə də müstəqil jurnalistikaya üstünlük vermisiniz. Düşünürəm, səhv etməmisiniz.
Gözəl Elmira xanım!
65 illik yubiley yaşınıza adamın heç inanmağı gəlmir. Elə qəşəng və cavansınız, Sizə bu yaşın yalnız yarısını vermək olar. Amma yaradıcılığınıza gələndə ömürdən uzun yollar keçmisiniz. Bu işgüzar və zəhmətkeşliklə elmin, mədəniyyətin, siyasətin, iqtisadiyyatın, idmanın... hansı sahəsinə getsəydiniz, öncüllərdən olacaqdınız. Nə yaxşı ki, ömrünüzü sözə bağlamısınız, bir növ sözə bağışlamısınız. Deməli, söz adamı olaraq biz eyni kökdənik, qohumuq. Yaradıcılıq və işgüzarlıq baxımından isə o qədər də yaxın deyilik. Ara-sıra zəngləşmələrimiz və tədbirlərdə görüşlərimiz istisna olmaqla.
Çox sevimli Elmira xanım!
“Çox sevimli” ona görə deyirəm ki, bu kitablardan haqqınızda çox şey əxz elədim və bir insan, yaradıcı şəxs olaraq Sizi sevdim. Özünüz də etiraf edirsiniz ki, sevgisiz yaşamaq olmaz. Mən də Sizi sevdim.
Sizə sevgi dolu ömür və tükənməz enerjili yaradıcılıq arzusuyla:

 

 

 

 

 

 

 

 

 

 

 

Sevda Əlibəyli

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )