Londonda “korrupsioner ovu” davam edir -

Londonda “korrupsioner ovu” davam edir

Zamirə Hacıyevanın məhkəməsi yaxınlaşır; bahalı əmlaklar müsadirə, özü isə 2 illik həbs oluna bilər
Dünya mətbuatı yenə Londonda “korrupsioner ovu”ndan yazır. Artıq Zamirə Hacıyeva tək deyil, onun kimi əmlakları, var-dövlətinin mənbəyi haqda hesabat vermək öhdəliyi üzərinə qoyulan daha bir şəxs var. Bu haqda bbc.com məlumat yayıb. Dünyanın dörd bir tərəfindən axışıb Londona gələn korrupsionerlərə və digər cinayətkarlara qarşı kampaniya davam edir.

Naməlum mənşəli var-dövləti olan rusları və digər keçmiş sovet respublikalarından gələnləri “ovlamağa” davam edəcəklərini bildirən müstəntiqlər ikinci “qurbanı” sorğuya çəkiblər. Ali Məhkəmənin sanksiyasına əsasən onlar dəyəri 100 milyon dollardan çox olan elit yaşayış obyektlərinə həbs qoyublar. Həmin mülklərin sahibi Londonun dəbdəbəli rayonlarında yerləşən bu ev və mənzillərin qanuni pullarla alındığını sübut edə bilməsə, onları itirəcək. Antikorrupsiya kampaniyasının ilk qurbanı öz vətənində oğurluğa görə məhkum edilmiş azərbaycanlı bankir Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva olub. Ötən payız ona debüt orderi - “əsaslandırılmamış var-dövlət” sahibinə pullarının qanuni yolla qazanıldığını sübut etmək məsuliyyəti yaradan sənəd verilib. İkinci qurbanın adı açıqlanmır, amma onun tanınmış siyasi fiqur olduğu, üstəlik, ağır cinayətdə iştirakıyla bağlı şübhələr olduğu bilinir. Həmin şəxsin milliyyəti də məlum deyil, amma Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Ağentliyi (NCA) birinci orderdən sonra bəyan etmişdi ki, növbəti 6-8 işin fiqurantları Afrika, Cənubi Asiya, Rusiya və keçmiş SSRİ respublikalarının vətəndaşları olacaq. NCA bildirib ki, həbs edilən hər 3 obyekt ofşor şirkətlərin mülkiyyəti olaraq göstərilib və 80 milyon funta satın alınıb. Obyektlərin cari qiyməti açıqlanmır, amma hazırda daha baha olacaqları təxmin edilir. Birinci işdə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərinin xanımı Zamirə Hacıyeva adının açıqlanmamasıyla bağlı məhkəməyə müraciət etmiş, amma rədd cavabı almışdı. Hacıyeva özünü günahsız hesab edir və iddia edir ki, pullarını qanuni yolla qazanıb. Tabloidlər onun bahalı univermaqda milyonlar xərcləməsi; şəxsi təyyarə, Londonun dəbdəbəli rayonlarında evlər və möhtəşəm bir əyalətdə qolf sahəsi olan malikanə alması barədə palaz-palaz məqalələr yazırlar.

 

Zamirə Hacıyeva Londonda məhkəməyə çəkiləndən çox maraqlı bir sual aktuallaşıb - Londonda onun adına olan və üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilərsə, kimə qalacaq? Axı bu pullar Azərbaycan xalqından, dövlətindən oğurlanıb...

 

Londonda elit əmlaklar naməlum mənşəli kapitalı yerləşdirmək üçün ən populyar obyektlərdir. Hacıyevlər də Azərbaycandan çıxarılan pulları məhz əmlaka yatırıblar.

Yeni kampaniyanın hədəfi mütəşəkkil cinayətkarlıq və oğurluq pulları Böyük Britaniyada “yuyan” - ilk növbədə əmlak alan əcnəbi korrupsionerlərdir. İctimai fəallar və hiddətli vətəndaşlar çoxdandır ki, hakimiyyəti kapitalın mənşəyinə göz yummaqda və Londonu “camaşırxanaya” çevirməkdə günahlandırırlar. Ötən il bu məsələ, nəhayət, parlamentdə də müzakirəyə çıxarıldı və hökumət hərəkətə keçdi. Həm Hacıyeva, həm də yeni “qurban” xərclədikləri pulların qanuni mənşəyini sübut etsələr, iş bağlanacaq və əmlaka qoyulan həbs götürüləcək. Bunu etməsələr, NCA məhkəmədən mülklərin müsadirə edilməsini xahiş edəcək, sonra da onları satacaq. Əldə olunan vəsait Böyük Britaniyanın mülkiyyətinə keçəcək. Bu pulların əmlakı müsadirə olunanların vətəninə qaytarılıb-qaytarılmayacağı başqa söhbətin mövzusudur. Britaniya hökuməti deyir ki, bu, həmin ölkələrin hakimiyyətləri ilə danışıqlarda müəyyən ediləcək.

“Şübhəli var-dövlət” sahiblərinin özləri ilə bağlı heç bir tədbir görülməyəcək, çünki naməlum qazancla alınmış mülklərin müsadirəsi prosesində onlar günahkar elan edilmirlər. Bu, sorğu çərçivəsində aparılan mülki prosesdir, daha ciddi sübutlar tələb edən cinayət araşdırması deyil.

Amma hakimiyyət order verilən şəxsin göstərişlərin icrası zamanı kələk gəldiyini düşünsə, cərimə və 2 illik həbs cəzası nəzərdə tutan cinayət işinin başlanmasına da qərar verə bilər...

 

Londonda Zamirə Hacıyeva ilə bağlı araşdırmaların nəticəsindən asılı olmayaraq onun Azərbaycanda həbs təhlükəsi qalacaq. Mümkündür ki, Hacıyeva Londonda mülkləri müsadirə edilməklə canını qurtara biləcək. Azərbaycanın hüquq-mühafizə orqanları hələ 2016-cı ilin yayında Zamirə Hacıyevanın mənimsəmədə ittiham olunduğunu bəyan edib. Məhkəmənin hökmünə görə, Zamirə Hacıyeva və digərləri mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşmanın Beynəlxalq Bankın talanmasında iştirak etdiyi iddia olunur. Hacıyevaya qarşı cinayət işi başlansa da, həbsi mümkün olmayıb. Çünki o, ölkəni hələ 2014-cü ilin noyabrında tərk edib. Məhkəmə habelə C. Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb. Zamirə Hacıyeva isə 4 ildən çoxdur ki, Böyük Britaniyada yaşayır. Bu ölkənin Daxili İşlər Nazirliyi ona Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib. 2 il öncə ailənin vəkili Aqil Layıcov bankirin xanımının yaxalanıb gətirilməsi məqsədilə Londona xüsusi əməliyyat qrupu göndərildiyini demişdi. Sonradan Cahangir Hacıyev də bu məsələyə kinayəli reaksiya verərək həmin uğursuz əməliyyata münasibət bildirmişdi...

Z.Hacıyevanın mülk almaq üçün saxtakarlıqla mənimsənilən pullardan istifadə etdiyi barədə Britaniyanın Ali Məhkəməsi təsdiq qərarı çıxararsa, o zaman ondan alınacaq pul və mülklər Azərbaycana qaytarıla bilərmi?

Z.Hacıyeva mənbəni açıqlaya bilsə, Londondakı mal-mülkün biznesdən qazanıldığını təsdiqləyən məlumatları ortaya çıxarsa, bu halda həmin əmlaklar Hacıyevlərin sərəncamında qalacaq. Üzərindən həbs götürüləcək. Bu cür gedişat Hacıyevlərin barəsində Azərbaycanda başladılan cinayət təqibinin əsaslılığını da şübhə altına almaq gücündədir.

Amma gedişat onu deməyə əsas verir ki, Zamirə Hacıyeva belə məlumatlara malik deyil, əks təqdirdə məsələ aylarla davam etməzdi.

Əslində, Azərbaycanda Cahangir Hacıyeva qarşı başlanmış cinayət işində Zamirə Hacıyeva də təqsirli bilinir. Amma o istintaqdan gizləndiyi üçün tutulması bugünədək mümkün olmayıb. Ona qarşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə maddələri üzrə ittihamlar irəli sürülüb. Bu maddəyə görə 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Həbs qəti imkan tədbiri haqda qərarda deyilir ki, Zamirə Hacıyeva əri Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankının rəhbəri olduğu dövrdə bankın “Mərkəz” filialının ayrı-ayrı vaxtlarda müdirləri olan Anar Sultanov və Yusif Ələkbərovdan, filialın müdir müavini, daha sonra müdiri olmuş İlham Abdullayev, “Nəqliyyat” filialının müdiri Kənan Orucovdan, “Nərimanov” filialının müdiri Məmməd Cahangirovdan, eləcə də onun yaxın dostu Azad Cavadovdan və digərləri ilə mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşmanın Beynəlxalq Bankın “talanmasında” iştirak etdiyi iddia olunur. Bankdan mənimsənilən pullarla Zamirə Hacıyeva və ailə üzvlərinin təyyarə biletləri, zinət əşyaları alındığı, təhsil haqlarının ödənildiyi, Avropanın dəbdəbəli istirahət mərkəzlərində istirahət etdikləri, gözəllik salonlarında, restoranlarda xərcləndiyi iddia edilib.

 

 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )