Mingəçevir şəhərində "Azərbaycan ailəsi" mövzusunda konfrans keçirilib - (+FOTOLAR)

Mingəçevir şəhərində "Azərbaycan ailəsi" mövzusunda konfrans keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, iyunun 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevirdə “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tərlan Əliyeva, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev tədbirin məqsədi haqqında məlumat verərək bildirib ki, ailə dövlətin, cəmiyyətin əsasını təşkil edir. Milli-mənəvi dəyərlərin, mədəni irsin, xalqın genetik yaddaşının yaşadılması da ailədən başlanır.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış "Ailə dəyərləri" filmi nümayiş olunub.

Konfransda çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, ailələrin sağlam və xoşbəxt yaşamaları üçün onun üzvləri arasında səmimiyyət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir. Cəmiyyət bu yad meyillərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməlidir.
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva vurğulayıb ki, ailə mədəniyyəti və ailə dəyərləri bir-birini şərtləndirir, bir-birindən qaynaqlanır. Ailə dəyərləri sağlam ailə mühitinin yaradılması və onun qorunub saxlanması üçün lazımlı, əhəmiyyətli hesab edilən məfhumlar toplusu, ailə mədəniyyəti isə ailə üzvlərinin bir-birinə hörmət etməsi, qarşılıqlı etimad göstərməsi, bir-birinin qayğısına qalmağı bacarmaq, səhvini bağışlamaq, ailə dəyərlərinə riayət etmək ilə bağlı məsuliyyət daşımaqdan ibarətdir. Ailə dəyərləri milli-mənəvi dəyərlərdən qaynaqlanır və nəsildən-nəslə ötürülür.

Konfransın yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )