“Quzu kimi uşaq böyütmək yanaşmasından uzaq olmaq lazımdır” - (+FOTOLAR)

“Quzu kimi uşaq böyütmək yanaşmasından uzaq olmaq lazımdır” (+FOTOLAR)

Qoşqar Məhərrəmov: “Valideynin edəcəyi ən böyük xəta məktəb və müəllim haqqında uşağın yanında pis danışmaq ola bilər”

 

Valideynin uşaqla danışıq formasının belə, onun təhsilinə ciddi təsiri var. Bir çox valideynlər övladlarının sakit olmasına çalışır, bu da təhsil cəhətdən heç də qəbuledilən yanaşma deyilmiş. Əslində, uşaqların təhsililiylə bağlı doğru bildiyimiz yanlışlar elə də az deyil. Bununla bağlı suallarımızı Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçi-müəllimi, təhsilin idarə olunması üzrə mütəxəssis, pedaqoq Qoşqar Məhərrəmova ünvanladıq. Qeyd edək ki, Q.Məhərrəmov hazırda Xəzər Universiteti və Bakı Ali Neft Məktəbində magistr qruplarında müəllim kimi çalışır.

 

- Şagirdləri məktəbdən öncə bağçaya gedən və gedə bilməyənlər deyə qruplaşdıra bilərik. Gedə bilməyənlər təbii ki bizdə daha çoxdur. Bu iki qrupun sonrakı təhsili arasındakı fərq nədən ibarət olur?


- Bütün dünyada məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirməyə çalışırlar, çünki bunun əhəmiyyəti təsdiqini tapıb. Məktəbəqədər təhsili olan uşağın sinfə uyğunlaşması, dərsi qavrama bacarığı daha yaxşı olur. Ancaq bu, ibtidai təhsildə müəllimlər üçün bir meyar olmamalı, "uşaq məktəbəqədər təhsil almadığı üçün zəif nəticə göstərir”, yaxud "sinifdəki uşaqların 50-60 faizi bağçaya getdiyi üçün onlarla işləyə bilirik, sizinki getməyib deyə, işləyə bilmirik” deməməlidir. Məktəbəqədər təhsillə bağlı təşviqedici işlər görülsə də, bu, bizdə məcburi deyil. Ona görə, uşaq bağçaya getmədiyi halda valideynin üzərinə yük düşür.

- Uşağını bağçaya apara bilməyən valideynlər övladlarının geridə qalmaması üçün nələr edə bilərlər?


- Uşaq anadan olandan sonra valideynin övladına verə biləcəyi ən dəyərli əvəzolunmaz hədiyyə ona ayıracağı vaxtdır. Valideyn övladı ilə zaman keçirirsə, onlarla oynayırsa, danlamırsa, onları demotivasiya edən sözlərdən istifadə etmirsə, bu, uşağın təhsilinə böyük təsir göstərir. Bir də evdə mütaliə edilməsinin uşaqlara müsbət təsiri çoxdur. Evdə nə qədər çox söz danışılırsa, bu, uşağın beyninin inkişafına təsir edir. Təhsilli ailədə doğulan uşaq bir-sıfır öndədir. Çünki onun ətrafında daha çox kəlmə istifadə olunur və beyin inkişafı daha sürətli gedir. Ancaq bu, o demək deyil ki, kənddən gələn, 300 söz danışılan evdə böyüyən uşaq təhsildə tamamilə iddiasız vəziyyətdədir. Məktəbdə hansısa amillər ona təsir edər, daha çox inkişaf gedər və o təhsilli ailənin uşağını keçə bilər. Amma ümumi tədqiqatlar onu göstərir ki, evdə mütaliənin olması, danışılan kəlmənin müxtəlifliyi, ata-ananın uşağa münasibəti onların təhsilinə birbaşa təsir edir. Ona görə biz ibtidai sinifdə zəif nəticə göstərən uşağa zəkası zəif deyə bilmərik.


- Yəni zəkası zəif uşaq yoxdur?


- Bəli, zəif uşaq yoxdur. Eynşteyn deyib ki, hər uşaq dahidir, yetər ki, ona bacara bildiyi istiqamətdə iş verəsən. Sokratın, Platonun dövründə yanaşma belə olub ki, filan uşaqdan yaxşı əsgər olar, o birindən dövlət lideri və s. Hətta "bu uşaqlardan heç nə olmaz deyib” kənara atdıqları da olub. Ancaq iki əsrdir ki, alimlər deyir ki, əsla uşağı ələyib kənara ata bilmərik. Sadəcə, doğru istiqamətlənmə olmalıdır.

 

- Bizdə əsas problemlərdən biri də məhz düzgün istiqamətləndirmənin olmamasıdır.


- Ən səhv yanaşma budur ki, valideynlər elə bilirlər ki, insan hər sahədə uğurlu ola bilər. Məhəmmədhüseyn Şəhriyarın şeirində belə deyilir:
Volterin əlindən qələmini al,
Ona kamança ver, de, bir hava çal.
Kim bilir, bəlkə də alar, çalardı,
Fəqət bəşəriyyət onsuz qalardı.
Volter bəlkə də kamança çalardı, amma orda tam rentabelli ola bilməzdi. Ona görə uşağın fərqli istiqamətdə özünü sınamasına şərait yaradılmalıdır ki, özünü tapsın.


- Müəllim və valideynlərin uşaqlarla ünsiyyəti də həssas məsələdir. Burda nələrə diqqət etməlidirlər?


- Uşağın qol-qanadını qırmaq olmaz. "Uşaqsan, uşaq yerində otur”, "uşaq az danışar”, "qız uşağı belə etməz”, "oğlan uşağı belə danışar”, "qonaq yanında səsini çıxarma”, "böyük danışanda kiçik susar”, "görmürsən, başım qarışıqdır” və s. sözlər uşaqların yaradıcılıq, müstəqil düşüncə, fikir bildirmə hisslərini öldürür. Uşaq quzu kimi olur. Məktəbdə də onu sevirlər, evdə də. "Maşallah, quzu kimi uşaqdır” deyirlər. O quzular böyüyür və nəticə də məlumdur. Ona görə quzu kimi uşaq böyütmək yanaşmasından uzaq olmaq lazımdır.

 

- Yəni uşağın sakit olması təhsildə aktivliyinə mane olur?


- Uşağın çox sakit olması bəyənilən hal deyil. Uşağın naturası onu sakit olmağa sövq etmir. Qol-qanadı qırılmamış uşaqdırsa, sakit olmamalı, davamlı suallar verməlidir.


- Düzdür, ayrı-seçkilik etməyən peşəkar müəllimlər də var, amma bəzən uşaqlar "müəllim filan şagirdi daha çox istəyir” deyirlər.


- Ümumiyyətlə, müəllim şagirdi sevməlidir. Sevgi pedaqogikası üzərində qurulan təhsil müsbət nəticələr verir. İbtidai sinif müəllimi sahəsinin peşəkarı deyilsə, bu, ayrı-seçkiliyi edir. Düşünün ki, bir pediatrın yanına uşaq aparmısınız, deyir ki, uşağın səsi başıma düşür, onu sakitləşdirin. Siz bir də o həkimə getməzsiniz. İynə vurarkən uşağın həkim yanında ağlamasından təbii nə var? Həkimliyin üçdə biri ünsiyyətdirsə, müəllimlikdə bu, əlli əlliyədir. Müəllim ədaləti, sevgini, vaxtı, hətta baxışını belə düzgün paylamalı olduğu halda uşaqları "gözümün işığı” və "dəcəllər”ə ayırırsa, nəticə yaxşı olmur. Bütün müəllimlər belə deyil, amma ünsiyyətdə bu səhvi edənlər də olur.


- Valideyn-müəllim münasibəti də uşağın təhsilində önəmlidir. Bu münasibət necə qurulmalıdır?


- Dünya təcrübəsindən danışım. Müəllim ən azı ayda bir dəfə məktəbdə valideynlə görüşməlidir. İki həftədən bir telefonda danışa bilər. Semestrdə bir dəfə isə hətta müəllim-valideyn informal mühitdə bir yerdə olmalıdırlar. Hansısa gəzinti, teatr, piknik və s. lər nəzərdə tuturam. Əgər mümkündürsə, ildə bir dəfə müəllim şagirdin evinə gedib onun ev mühiti ilə tanış olmalı, uşağın dərs oxumaq üçün evində necə bir şəraiti olması ilə maraqlanmalıdır. Müəllim valideynə ancaq şikayət üçün yox, "Necəsiniz? Sizə təşəkkür etmək üçün zəng vurmuşam. Övladınız bu gün dərsinə çox yaxşı hazırlaşmışdı” demək üçün də zəng etməlidir. Valideynlər müəllimin zənginə cavab verməyə çəkinir. "Görəsən övladım nə edib” deyə düşünür. Valideyn iclasları da həmçinin. Valideynlər valideyn iclasına getməyə çəkinirlər ki, müəllimlər övladları ilə bağlı neqativ nə isə deyəcək, o da digər valideynlərin yanında utanacaq. Məktəbdə elə abı-hava olmalıdır ki, valideyn iclasında hər kəs özünü rahat hiss etsin. Ümumi mövzunu hamının içində danışmalı, uşaqların fərdi problemləri ilə bağlı isə valideynlərlə ayrılıqda söhbət aparmalıdır.

 

- Özünüz müəllim kimi çalışırsınız. Yəqin müəllimlərlə bağlı dediyiniz o nüansları auditoriyada tətbiq edirsiniz. Nəticə necə olur?


- Müəllim auditoriyaya daxil olarkən sinfi idarə etmə bacarıqlarını tətbiq etməlidir, ancaq düşünməməlidir ki, sinifdəki bütün şagirdlər səssiz-səmirsiz oturmalıdır. Müəllim dirijor kimi sinifdə səsi idarə etməlidir. Müəllimin o səsi idarə etmək üçün öz alətləri var: əli, uşağa yaxınlaşmağı, gözü ilə baxmağı, arada barmağını (yumruğunu yox) stola vurmağı və s. Yenə də sinifdə bəyənilməyən davranışlar ola bilər, ancaq bu, minimal səviyyəyə enəcək. Onsuz da heç yerdə heç bir humanist yanaşma yüz faizli nəticə vəd etmir. Problemləri azaldır, müsbət halları çoxaldır. Mənfi halları idarə etmək uşaqlar böyüdükcə çətinləşir, buna görə də yuxarı siniflərə doğru getdikcə, müəllimin müəyyən mənada səlahiyyətləri artmalıdır. Şagird "müəllimi barmağımda oynada bilərəm” düşüncəsində olmamalıdır. Aşağı siniflərdə şagirdlər müəllimdən çəkinir, onun güclü olduğunu düşünür, ona görə onları idarə etmək o qədər çətin olmur. 9-cu sinifdən sonra həddi buluğa çatır, özünü böyük hiss edir. Düşünür ki sinifdə istədiyimi edə bilərəm. Bu halla üzləşən müəllimlər deyirlər ki, intizam şurasına göndərirəm, direktora müraciət edirəm, "idarə elə” deyirlər. Müəllim deyir ki, bütün idarəetmə üsullarından istifadə etməyinə, ən humanist müəllim olmağına rəğmən, uşaq yanlış davranır. Bu zaman direktor işə müdaxilə etməlidir. Fiziki cəza yox, hansısa sanksiya tətbiq olunmalıdır. Bunun mənfi nəticəsini şagird hiss etməsə, onda müəllimin digər şagirdlərin gözündə statusu qalmayacaq.


- Məncə, burada valideynlərin müəllimə yanaşması da önəmlidir.


- Müəllimin uşağın nəzərindəki statusu valideynin onun yanında nə danışmasından da asılıdır. Valideynin edəcəyi ən böyük xəta məktəb və müəllim haqqında uşağın yanında pis danışmaq ola bilər. Bir müəllim bunu yaşayıb. Evdən çıxıb məktəbə gedərkən yolda uşaqla valideyn arasında keçə söhbəti eşidir. Uşaq deyir ki, ana, müəllim deyib ki filan şeyi gətir. Valideyn də "müəllim qələt edir” deyib. Bu situasiyada müəllim mövqeyi şagird nəzərində sıfıra enir. "Dərsi oxumasam, tapşırığı yerinə yetirməsəm də olar” deyə düşünə bilir. Məktəblə bağlı neqativ nə isə eşidəndə uşağın yanında heç nə deməyib, müəllimlə əlaqə saxlamalı, onunla görüşüb, danışıb bu davranışın yanlış olduğunu demək daha doğru olar.

 

- Bizim təhsildə əskik olanlardan biri də şagirdlərin motivasiyalı olmamasıdır. Çox vaxt uşağı oxumağa valideyn məcbur edir. Bu motivasiyanı kim yaratmalıdır? Yaxud necə yaradılmalıdır?


- Təhsilin onların həyatını dəyişəcək gücə malik olduğu düşünən cəmiyyətlər daha irəli gedir. Onlar təhsilə daha çox dəyər verirlər. Şagird müəllimə "ay müəllim, sizin qədər məvacib alacamsa, oxumasam, daha yaxşıdır” deyirsə, "gedib atamın mağazasını işlədərəm” kimi yanaşma sərigələyirsə, burda motivasiya olmadığını göstərir. Müəllimin, yaxud təhsilin dəyərli hala gələ bilməyi şagirdlərin motivasiyası deməkdir. Təhsil dəyərli hala gələndə şagirdlər daha həvəsli olacaqlar. Bir ziyalımız deyir ki, ən ağıllı insanlar bir cəmiyyətdə ən varlı olursa, onda hamı ağıllı, savadlı olmağa çalışacaq. Varlı olmağın daha qısa yolları varsa, təhsilin motivasiyası düşəcək. Bu motivasiyanın olması üçün hüquqi, sosial, təhsil islahatı düzgün aparılmalıdır. Burda kütləvi informasiya vasitələrinin üzərinə də böyük rol düşür. Xəbər yazarkən peşənin mövqeyinə xələl gətirməməyə diqqət etməlidirlər. Obyektiv olmaq lazımdır, amma müəllim statusuna zərər vermək də düz deyil.

 

- Təhsillə bağlı dəyişiklik olanda bu, cəmiyyətdə bəzən yaxşı qarşılanmır. "Bir şeyə öyrəşməmiş başqası tətbiq olunur” deyilir. Ümumiyyətlə, təhsil sektorunda dəyişiklik hansı zaman intervalında tətbiq olunmalıdır?


- Dövr dəyişir, zaman başqalaşır və tələblər də fərqli olur. Müəssisələr də bu dəyişim prosesi ilə ayaqlaşmalıdır. Yenilənmə olmayanda arxaikləşəcək, müəssisənin fəaliyyəti köhnəlmiş olacaq. Biz isə yenilənməni müqavimətlə qarşılayırıq. "Kurikulum pisdir” deyirik, amma bəlkə həqiqətən bu, yaxşıdır? 5 ildən bir dərsliklər yenilənir. 5-10 ildən bir təhsil sektorunda da dəyişikliklər gedə bilər. Amma fundamental dəyişikliklər çox da müsbət qarşılamırlar. Düşünün ki, əlifba 5-10 ildə bir dəyişilsə, fəsadları necə olar? Təhsil sisteminin də dəyişilməsi çox ciddi məsələdir və hər hansı bir dəyişiklik pilot layihələrlə nəticəsinə baxılıb edilməlidir. Kurikulumun dəyişimi olmadan əvvəl bəlkə də 3-5 il pilot layihə kimi yoxlanmalıydı, sonra ümumiləşdirilməliydi.

 

- Kurikulumla təhsilə başlayanlar məzun oldular, ali məktəblərə qəbul imtahanı verdilər. Son günlər imtahan verənlər arasında 700 bal toplayanların olmaması müzakirə mövzusudur. Bununla bağlı fikirləriniz maraqlıdır.


- Abituriyent 700 bal yığırsa, təhsil sistemi yaxşı, yığmırsa, pisdir demək düzgün deyil. Bu arqument əsassızdır. Kurikulum ilk məzunlarını verdi və uşaqlar bu sistemdə bu sual tipləri ilə yeni qarşılaşdılar. Alışılmış test üsulu deyil, əzbərçiliyə söykənən sual tipləri azalıb, idraki bacarıq tələb edən sualları çox etməyə çalışıblar. Beynəlxalq qiymətləndirmə tiplərində verilən suallar qoyuldu, açıq tipli suallar çoxaldı. Bu zaman əzbərçi şagirdlər üçün yüksək nəticə yığmaq çətindir. 700 bal yığmasın, əsas olan odur ki, 11-ci sinfi bitirən gənc məktəbdə tədris olunanları nə dərəcədə dərk edib? Öyrəndiklərini təhlil, tənqid edə bilirmi? Uşaqlarda analiz-sintez qabiliyyətini formalaşdırmalıyıq. Çaldıran döyüşünün nə vaxt olması əzbərə söykənən sualdır. Niyə oldu, necə oldu? Olmaya bilərdimi? Bu kimi sualların qoyulması daha yaxşıdır. Yaxud biologiyada soruşulurdu ki, çay xərçənginin neçə bığcığı var? Bunlar dünyada qəbul olunmayan sual tipidir və illərdir bizdə qalmışdı. İndi isə deyirlər ki, çay xərçəngi ilə filan canlının fərqli və ortaq xüsusiyyətləri nələrdir? Bu öyərnmə dərinliyini, öyrənilmiş materialın qalıcılığını artırır. Sistemin dəyişilməsində niyyət budur. Bu yaxşı niyyəti tətbiq edərkən müəyyən problemlər çıxdı, bunun da qurbanı müəyyən mənada şagirdlər oldu. Amma bir az zəif bal toplamaq abituriyentlərin motivasiyasını aşağı salmamalıdır. Əslində, nəticə universitetə girmək yox, öyrənmək olmalıdır. Çünki insan öyrənməyi bilirsə, dərrakəsi inkişaf edibsə, özünü inkişaf etdirib bir yerlərə gələcək. Orta məktəbdə verilməli olan ən önəmli bacarıq öyrənməyi öyrənməkdir. Ən önəmli dəyər də mərhəmətdir, ədalətdir, sevgidir.

 

Aygün Asimqızı 
kaspi.az

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )