BU QIZ... - - Tofiq Nurəli yazır..

BU QIZ... - Tofiq Nurəli yazır..

 https://www.facebook.com/groups/604248139738662/ 

 

BU QIZ

 

Mən ki, onu görən kimi tanıdım
Qırx il sonra həmən yaşda qayıdıb.
Gözlərimə baxıb keçdi təlaşla
Ürəyimdə bir vulkanı oyadıb.

 

Bir az getdi, bir az durdu yerində
Bu qız çaşdı, mən də çaşdım, nə deyim.
Elə bil ki, nəbzi vurdu yerin də,
Birdən- birə dünya qaçdı, nə deyim...

 

Bu qız məni nə tanıyır, nə görüb..,
Özü bilmir bu həyəcan nə sirdi...
Mən ki onu görən kimi tanıdım,
Mən o qızın anasını sevirdim.

 

Anlamır ki, ürəyində dolaşan
Bu təlaşlar anasıdır, oyanıb...
Anlamır ki, bu ağsaqqal kişinin
Gözlərində anasını taniyib.

 

Allah, mənə bir ağıl ver bu yaşda,
İlk məhəbbət hansı yaşda haramdı?..
Bu qız mənə gözlərini zilləyib-
Bu qız mənim sevgilimdi?
Balamdı?

 

                                                                                  ***

 

YARPAQLARIM AĞRIYIR


Yarpaqlarım ağrıyır –
Doktor mənə bir əlac...
Söylədi axşamçağı seyrə daldığım ağac.
Mən özüm yorğunam, bəlkə də xəstə,
İndi necə deyim mən bu ağaca...


Onu da ağrılar içində atıb
Necə cıxıb gedim burdan astaca?!
Ağır bir daş kimi çökdüm torpağa..,
Bu dərdli ağaca, xəstə yarpağa
Nə deyim? sualı məni incidir.


Gördüm ağır-ağır qıvrılır torpaq-
Doktor, başdan-başa içim sancıdır.
Başıma tüklərim sancıldı biz-biz
Göylərə boylandım, buluddu hər yan..,
Damcılar töküldü çılğın, səbrsiz...


Buludun göz yaşı dönmüşdü selə -
Doktor, boğuluram, bir əlac eylə...
Mənim dörd yanımla ağrılar qaçır,
Verdim bu döyüşə ömrü mən nahaq...
Nə böyük dərd imiş ağrını görmək,
Nə böyük dərd imiş həkim doğulmaq!

 

                                                                              ***

 

MƏNİM YAŞIDLARIM

 

Mənim yaşıdlarım tez qocaldılar
Elə mənqarışıq, özümqarışıq.
Dostlara baxmağa utanır adam
Saçlar bəyazlaşıb, alın qırışıq.

 

Bilmirəm nə idi sıxan-sındıran
Biz hansı fitnənin felinə düşdük?
Necə qoruyaydq bir-birimizi –
Zamanın toqquşan yerinə düşdük.

 

Bizim taleyimiz eyni yazılıb,
Alın yazımızın diqtəsindəydik.
Bizim günahımız deyildi axı –
Vulkanın püskürən nöqtəsindəydik.

 

Bizi şax olmağa öyrətmişdilər,
Anlaya bilmədik hara əyilək;
Bizimki deyildi köhnə zəmanə,
Təzə dövrana da gəzrək deyilik.

 

Səmtsiz bir boşluğa düşdük qəfildən,
Zamanın seçdiyi qurbanlıq bizik.
Durub öz-özümə deyirəm hərdən
Bizi unutdurdu bu çəkisizlik.

 

Bizdən əvvəlkilər qaldı yerində,
Bizdən sonrakılar qısıb səsini
Bizim çiynimizin üstə salamat
Keçdilər fəlakət məsafəsini...

 

Mənim yaşıdlarım tez qocaldılar
Alın yazımızın felinə düşdük?!
Zəmanə qurbanlıq yetirdi bizi
Zamanın toqquşan yerinə düşdük.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !