Qələmsiz yazılanlar - - Rəşad Məciddən sms-esselər

Qələmsiz yazılanlar - Rəşad Məciddən sms-esselər

Fərqli ovqatların əksi

 

Özüm də bilmirəm, bu yazılar nədir və onları necə adlandırım? Qələmsiz yazıldıqları həqiqətdir. Bir yaxın adama, bəlkə, gələcək kitabımın redaktoruna göndərilib. Amma hansı niyyətlə? Bəlkə, bir romanın eskizləri, parçalarıdır bunlar? Bəlkə, bir az bioqrafik, özümlə bağlı düşüncələrdir? Hər bir insanın düşüncələrini kiminləsə bölüşmək ehtiyacı olur. Ömrü boyu özünə qapanıb yaşayan adamın da haçansa bir gün içindəkiləri kiməsə açıb danışmaq zərurəti yaranır. Bölüşdüyün, danışdığın adam yaxın bildiyin, güvəndiyin kəs olanda isə daha çox açılırsan. Özündən, həyatından, yaşadıqlarından, udub-uduzduqlarından, gücündən, zəifliyindən - neçə illərdən bəri qəlbinin bir küncündə gizlədib saxladığın hər nə var - açıb danışmaq istəyirsən. Bəzən, hətta doğma adamdan giley-güzar da ola bilər. Təbii ki, özündən gileyləndiyin məqamlar da, özündən özünə yazdıqların da var. Amma hər nədirsə, hamısı öz yaşantıların - özünün yaşadıqlarındır, parça-parça olmuş, hissə-hissə bölünmüş həyatın əksi, nişanələridir.

Ona görə də "Qələmsiz yazılanlar"ın ikinci hissəsi kimi "Sms-esselər" adlandırdığım həmin bu qeydləri də çap etdirməyi düşündüm. Ayrı-ayrı vaxtlarda, fərqli şəraitlərdə yazıb göndərdiyim və çoxusunu özümdə saxlamadığım bu mətinləri yığıb toplamaq elə də asan başa gəlmədi. Göndərdiyim doğma adamdan - redaktordan xahiş etdim, yardımçı oldu. Amma içərisində yazıb özümdə saxladığım, gizlətdiklərim də var idi. Onları da bura əlavə elədim. Və beləcə, qaçaraq, yüz yerə parçalanmış, əlli yerə bölünmüş həyatımın fərqli ovqatlarının əksi, mənzərəsi olan bu yazılar ortaya çıxdı.

 

UÇMAQ

 

İnsanın xoşbəxtlikdən sərməst olduğu anları yalnız uçmaqla müqayisə etmək mümkündür. Uçmaq - ruhun göylərdə cövlan eləməsi, bədənin ən yüngül, ən rahat halıdır. Tolstoyun "Anna Karenina"sındakı məşhur bir fikri kiçik interpretasiya ilə yada salaq: Bütün xoşbəxtlər bir-birinə bənzəyir, bədbəxtlər isə hərəsi bir cür bədbəxtdir.

Deməli, dahi Tolstoy da xoşbəxtliyi yalnız bir tonda, bir rəngdə, bir sifətdə görə bilib. Dünyanın ən xoşbəxt sevgisini yaşayanlar - yaşayıb hisslərini sözə çevirmək istəyənlər, yəqin, təsvirin çərçivəsinin məhdudluğundan gileyləniblər. Sıxıntının, darıxmağın min cür üzü varsa, xoşbəxtliyin rəngi birdir. İşıqdır - adamın çöhrəsinə çökən ilahi nurdur. İşıq, nur göylərdədir. Xoşbəxtlər isə o nurun sayəsində göylərə qalxanlar, ilahi rahatlığa yaxınlaşanlardır.

"Xoşbəxtlikdən uçmaq" ifadəsi var. Görünür, bu halın ən sərrast izahı elə uçmaqdır.

Narkotika, narkoz,.. təmasın ən üstün məqamı. Və hər birində uçmaqla bağlılıq var. Birincidə ildırım sürətiylə pətəkdən-pətəyə girən ruh. İkincidə bir az daha az sürətlə uçmaq. Uçurdu - narkotikdən halları dəyişənlərə də deyirlər. Əlbəttə, ucmağın ən təbiisi, ən gözəli və ən dadlısı - üçüncüdür.

Titrəmək, əsmək - uçuşqabağı həyəcanın əlamətidir. İnsanlar paraşütlə uçmağı niyə arzulayırlar?! Yəqin ki, qısa müddətdə də olsa, o xoşbəxt anı yaşamaq üçün.

Bəlkə də, buna görə xoşbəxt sevgilərin, xoşbəxt anların təsviri məhdud və coxçalarlı deyil.

Həm də uçanda qələm tutmaq olmur, axı!

 

ENMƏK

 

Xoşbəxtlik - göylərə qalxmaq, ruhun qanadlanması, nura boyanmaqdırsa, həsrət, ağrı, acı, qüssə - dərinə enməkdir. Dərinə endikcə heyrətdən buza dönürsən.

Göylərdə, səmada süzmək - kainatın eyni rəngindən və sonsuzluğundan qanadlanmaqdırsa, dərində əsrlərin yaddaşı hopan maddi nə desən var. Yəqin ona görədir ki, qüssə, qəm içində insan dərinə enir və dərinə endikcə də indiyəcən bilmədiyi sirlərdən agah olur.

Düşünənə, hansısa suala cavab axtarana "dərinə get" deyirlər.

"Göyə qalx" çağırışında sual yoxdur.

"Göyə qalx" cavabdır.

Dərində batmaq, boğulmaq mümkündür.

Dərində batıb qalmaq mümkündür.

Göylərdən yerə mütləq düşməlisən, amma dərində səni nələrin gözlədiyi, sonunun necə olacağı bəlli deyil. Dərdin məkanı dərinlərdədir. Göylər müvəqqətidir. Əbədi məskənimiz də torpağın dərinliyindədir və yazdıqca tükənməz, düşündükcə bitməz suallarla doludur. Ona görə dərddən çox yazırlar.

Xoşbəxtliyin rəngi bir olduğu kimi, ömrü də azdır. Sıxıntının ömrü isə çox uzundur. Bəlkə, həm də buna görədir xoşbəxtliyin təsvirinin daha az olması. Uzun ömürlü sıxıntılardan çox bəhs edilməsi də elə buna görədir yəqin!

Dərinə enməyi tək də bacarmaq olur!

Dərdi, sıxıntını, həsrəti təklikdə çəkirsən.

Xoşbəxtliyi isə tək yaşamaq olmur!

Enmək həm də batmaq, boğulmaqdır. Əl uzadan olmasa, elə orada da qalasısan. Orada - dərinlərdə!..

Amma yenidən qalxmaq üçün enmək ən gözəlidir.

Enmək və yazmaq!

Sonadək yazmaq!

Yenidən uçanadək!..

 

YADDAŞ VƏ QORXU

 

Yaddaş və qorxu. Bir çox gizli bağlarla bir-birini silkələməsəydi, insan duyğularının və fiziologiyasının harmonik vəhdəti baxımından xüsusi önəm daşıyan bu iki elementin birini o birindən ayırmaq, yəqin, elə də çətin olmazdı. Amma dediyimiz kimi, əgər silkələməsəydi...

Yaddaşsız adamın qorxması mümkün deyil. Qorxu hissi olmayan adamların isə, yəqin, yaddaş problemi var. Həm fəlsəfi kateqoriya, həm də tibbi əlamət kimi bunun dərinliyinə varmaq böyük araşdırma tələb edən uzun prosesdir. Onda biz, bəlkə, mövzunun bir az daha poetik, bədii çalarlarına diqqət yetirməyə çalışaq? Görək, gücümüz haracan çatar, nə qədər dərinə gedə bilərik?

Bizim millətin, bizim xalqın yaddaşsız, unutqan olması barədə tez-tez danışılır. Bəs, bu unutqanlıq nədir - fərddən millətə keçib, yoxsa millətdən fərdə? Yaddaşda genlərin rolunu elm artıq sübuta yetirib. Valideynlərin, sələflərin qanı ilə bir sıra keyfiyyətlərin irsən ötürülməsinin də elmi izahı var. Elə isə gəlin, millətin genlərindəki unutqanlıq və onun nəsildən-nəsilə ötürülməsi məsələsinin dərinliyinə varmağa cəhd edək.

Görəsən, gen daşıyıcısına çevrilmiş bu unutqanlıq hissi kənar təsirlərin vasitəsiylə sonradan - əsrlər boyu formalaşıb, yoxsa lap əvvəldən mövcud olub? Hələ bu zaman kifayət qədər düşündürücü bir sual da yaranır: Umumiyyətlə, unutqanlıq yaxşı, ya pis əlamətdir? Amma gəlin geniş mükaliməyə açıq olan bu mövzuya toxunmadan keçək kənar təsirlərin genetik yaddaşa təsiri məsələsinə.

Əgər xalq uzun illər boyu basqı, təhlükə və təhdid altında yaşayıbsa, əsrlər uzunu ona öz keçmişini xatırlamaq yasaq edilibsə (belə yasaqlar, təbii ki, dəhşətli qorxu əsasında baş verə bilərdi), bu həyat tərzinin tədricən genetik yaddaşa çevrilməsi ehtimalı da real görünür. Bu mənada xalq olaraq bizim genetik yaddaşsızlığımızda xarici təsirlərin, qorxu amilinin rolunu mümkün variantlardan biri kimi qəbul etmək mümkündür.

Bəs, fərd olaraq yaddaşsızlığa hansı amillər təsir göstərə bilər? Məlum məsələdir, nəyisə unutmaq üçün onu yaddan çıxarmalı, xatırlamamalısan. Əgər sən həmin "nəsə"ni içdən sevirsənsə, onda o, ya zor gücünə unutdurulmalıdır, ya da qorxuyla. Əlbəttə, insan orqanizminin, bədənin qocalması, yaxud marağın itməsi nəticəsində də yaddaşdan nəyinsə "könüllü" silinməsi mümkündür. Amma söhbət lazımlı və sevimli "nəsə"lərdən gedirsə, onda onların unudulmasına təsir göstərən amillər sırasında qorxunun da olduğunu mütləq etiraf etməliyik.

Mən bu gün bir az qorxdum. Zorən yaddaşsızlaşmağa meylləndirildiyimi hiss etdim. Və qorxdum.

Sonra köhnə yazılarımın arasında eşələnəndə mənə elə gəldi ki, bəziləri əvvəl qoyduğum yerdə deyil. Deyəsən, kimsə məni yaddaşsızlaşdırmağa çalışır. Yenə qorxdum. Bu, yəqin, genetik kodlarda yaşayan, olan, ya da olacaq təhlükədən yana yaşanan bir duyğu idi. Bu duyğuya türkcə sözlükdə "QORXU" deyilir.

 

YAZMAQDAN QORXMAQ

 

Yazmaqdan qorxduğum vaxtlar çox olub. Bunun səbəbləri haqda yazmışam da. İndi də bir az qorxu var içimdə - ola bilsin, bu, keçirdiyim hissləri, düşündüklərimi sözə çevirə bilməmək qorxusudur! Bu günəcən yaşadıqlarımda təsvirə, sözə gəlməz elə məqamlar var ki, onları ifadə edə bilməyəcəyimdən ehtiyatlanıram. Bəlkə də, ona görədir ki, neçə gündür beynimdə dolaşan, hətta telefonun yaddaşındakı qeydlərimi yazıya çevirməyə çətinlik çəkirəm.

Yazmaq ehtiyacı özün haqqında düşünmək cəhdidir, məncə. Mən necə adamam? Necə olub ki, belə olmuşam? Bu, təkcə valideynlikdirmi? Sakit, qapalı, amma həm də içində vulkan gəzdirən, bəzən coşqun, bəzən qəddar, amansız, daşqəlbli, bəzən də kövrək, ipək, yumşaq - hamısının bir yerdə cəmləşdiyi insan! Bu, necə yaranıb? Maddiyyatla mənəviyyatın təzadlı qütbləri - isti ilə soyuq kimi! Bax, bu təzadların, ən fərqli qütblərin içərisində olmaq, bəlkə, dünyanı daha çox bildiyim şəkildə dərk etməyimə gətirib çıxarıb?!

Ta uşaqlıqdan fərqli mühitlər, fərqli adamlar! Gül toplayıb satmaq, turşsuyu şüşələrə yığıb satmaq, balıq, göyərçin saxlamaq, "quşbazlıq etmək", davakar uşaqlarlarla oturub-durmaq, həm də ən ağıllıları heyrətə salıb ən yaxşı kitabları almaq, daha nələr, nələr. Sonrakı illərdə də yenə bunun davamı: sevgi yaşamaq, onun dadını bilmək, ətrafında olan səndən böyüklərin də, səndən güclülərin də əlinin heç vaxt yetməyəcəyi ruhi məqama, fiziki zövqə-şövqə çatmaq, həm ən üstün sevgi yaşamaq, həm də sevgiyə ironiya edib qarşına çıxan qızlara mənasız varlıqlar kimi baxmaq! Ən gənc yaşlarında hakimiyyətin gücünü, dadını hiss etmək, siyasətin mərkəzində olmaq, sonra quyunun dibinə düşmək və hər şeyə nifrət etmək! Heç nədən kasadlıq, korluq çəkməmək, evlərin, maşınların hazırına və çoxluğuna alışmaq, sonra heç nəyi olmamaq, metroda gəzmək, kirayədə qalmaq, iranlı sürücülərlə, TIR maşınlarla neçə ölkə sərhədini keçə-keçə 3000 kilometr məsafəni qət etmək, ən təhlükəli dövrlərdə həyatın ən aşağısını, dibini görmək və ən yüksək səviyyələrdə, nüfuzlu heyətlərlə Avropa Şurasında, Ağ Evdə və daha haralarda səfərlərdə olmaq! İndi yaza-yaza bir daha əmin oluram ki, belə adam olmağımın səbəbkarı, bu cür formalaşmağımın baiskarı məhz o təzadlardır, ən yaxşını və ən pisi görməkdir! Əslində, bunların hamısı ayrıca roman, əsər mövzusudur.

Əgər yazmaqdan qorxmasaydım... 

 

525.az

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )