Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb -

Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında qadın hüquqlarının qorunması ilə bağlı problemlər iki məruzədə təqdim olunub və müştərək keçirilən bu müzakirələrdə 60-dan çox deputat iştirak edib.

AZƏRTAC xəbər verir ki, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq Ermənistanın işğalçılıq siyasəti nəticəsində hüquqları pozulmuş və pozulmaqda davam edən yüz minlərlə Azərbaycan qadınının qayğılarından söz açıb. O, Avropa ölkələrində bu və ya digər şəkildə hüquqları pozulan qadınlarla bağlı aparılmış araşdırmaları xatırladaraq bu qəbil statistikaların azərbaycanlı məcburi köçkün və qaçqın qadınların üzləşdikləri haqsızlıqlar fonunda çox sönük göründüyünü bildirib.

O, şəxsi həyatda və cəmiyyətdə fərqli mənzərə ilə qarşılaşıldığını bildirərək, qayğıların çoxunun adətən qadınların zərif çiyinləri üzərinə düşdüyünü deyib. Qadınlar bir növ ailənin və cəmiyyətin əsas sütunlarıdır. Onları lazımınca qoruya bilməsək, ailə sarsılar, cəmiyyətin tarazlığı pozular.

Azərbaycanlı deputat bu sahədə Avropa İttifaqının Əsas Hüquqlar üzrə Agentliyinin 28 üzv dövlətdə apardığı müşahidələrin statistik götəricilərindən, 42 min qadınla aparılmış sorğudan, Avropada 15 yaşından etibarən hər 3 qadından birinin müxtəlif gender bərabərsizliyi fəsadlarına, cürbəcür təzyiqlərə məruz qalmasından söz açıb. ATƏT-in 2018-ci ildə 15 min qadın arasında 8 ölkədə apardığı araşdırma onların 70 faizinin oxşar problemlərlə üzləşdiyini göstərir. Təbii ki, bunlar narahatedici, düşündürücü rəqəmlərdir.

“Azərbaycanın artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalı nəticəsində yaranmış nəhəng qaçqın və məcburi köçkünlər ordusu var. Rəsmi statistikaya görə 1990-cı illərin əvvəllərində onların sayı 1 milyona yaxın idisə, indi 1 milyon 200 mini ötüb. Həmin kontingentin isə 60 faizə yaxınını qadınlar təşkil edir. Müxtəlif yaşlarda olan uşaq, gənc, orta yaşlı, yaşlı qadınlar. Avropa İttifaqına üzv olan, yaxud qaçqınsız, məcburi köçkünsüz ölkələrdəki qadınlarla onları eyni müstəviyə qoyaraq müqayisə aparmaq mümkün deyil. Yəni gözümüzü yumub vicdanımızı susduraraq müqayisələr də apara bilərik. Lakin nəyə şahid olacağıq? Başqa ölkələrdə gender bərabərsizliyi ilə bağlı araşdırmalar zamanı qadınlara qarşı çeşidli təzyiqlərlə əlaqədar hansısa böyük, ya kiçik faizlərdən söhbət gedə bilərsə, Azərbaycanın timsalında bu təbəqənin məruz qaldıqlarını xüsusi hesablamağa lüzum yoxdur. Yüz minlərlə qadının hamısı 1988-ci ildən başlayaraq hər gün, hər saniyə əzab içərisində, bir-birindən şiddətli təzyiqlər altındadır. Biz bütün digər qadınlar haqqında bəhs edərkən, onları xüsusi bir kateqoriya kimi qeyd etməliyik. Bu isə, öz növbəsində, diskriminasiyanın başqa bir təzahürü olacaq, ya da faciələrinin əsas səbəbkarı olan məcburi köçkün və qaçqın damğasının bu qadınların üzərindən götürülməsinə müvəffəq olmalıyıq”,-deyə R. Hüseynov bildirib.

Azərbaycanlı deputat vurğulayıb ki, əvvəlcə münaqişələr həll olunmalıdır. Belə olan halda Azərbaycanın 100 minlərlə qaçqın və məcburi köçkün həyatı yaşayan qadınının, eləcə də eyni dərdə düçar olmuş başqa ölkələrdəki qadınların həyat səviyyəsi yaxşılaşar.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq 

 

                                                                               ***

 

Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Daimi Komitə və Büronun hesabat məruzəsi dinlənilib. Məruzələr ətrafında müzakirələrə qoşulan Ermənistan nümayəndə heyətinin üzvləri onlara xas riyakarlıqla Azərbaycan və Türkiyə əleyhinə yalan və iftiralarla dolu çıxışlar ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu saxtakarlıqları və böhtanları ifşa edib və belə məzmunlu çıxışların növbəti dəfə işğalçı Ermənistanın və onu təmsil edən deputatların əsl sifətini göstərdiyini, Avropa Şurasının bu cür arzuolunmaz və məyusedici davranışların yeri olmadığını diqqətə çatdırıb.

Deputat qurumun çox məsul və həlledici bir tarixi mərhələni yaşadığını vurğulayaraq bildirib ki, 70 il əvvəl bu təşkilat yarananda Avropa, dünya mühüm bir sərhədin astanasında idi. İkinci Dünya müharibəsindən sonra büsbütün başqa bir Avropa və dünya formalaşmışdı, “soyuq müharibə” epoxası başlanırdı. Avropa Şurasının bioqrafıyası təsdiq edir ki, o, məhz “soyuq müharibə” dövrünün uğurlu təşkilatı olub. Çünki bu qurumun demokratiya, insan hüquqları sahəsində əldə etdiyi başlıca uğurlar elə həmin dövrlərə təsadüf edir. Elə ki, “soyuq müharibə” epoxası bitməyə, artıq real qanlı qarşıdurmalar ortaya çıxmağa başladı, Avropa Şurası daha əvvəlki effektdə fəaliyyət göstərə bilmədi. Hərbi münaqişə və işğalların qarşısını almaqda, milyonlarla qaçqın və köçkünün problemlərini həll etməkdə Avropa Şurası əməli kömək göstərə bilmədi və bacarmadı.

Bütün bunların səbəbinin Avropa Şurasının yanaşmalarında müşahidə olunan qüsurlardan irəli gəldiyini qeyd edən Rafael Hüseynov konkret faktlar üzərində dayanaraq deyib: “İcra olunmayan, kağız üzərində qalan gücsüz qətnamələr, baş alıb gedən ikili standartlar, sözlə əməlin düz gəlməməsi, idarə olunan qruplaşmalar, ayrı-ayrı üzv ölkələrə fərqli münasibətlər, təşkilatın nizamnaməsinin mütəmadi pozulmasına biganə münasibət, islahatların dekorativ səciyyəsi və çox-çox oxşar səbəblər... Avropa Şurasının bu qüsurlardan xilas olması üçün məxsusi bir antivirus proqramına ehtiyacı var. Yoxsa ki, ən ümdə məsələlərin həllində hamımızın ortaq sərvəti olan bu maşın – Avropa Şurası xəta verir, yaddaşı donur, həddən artıq yüklənmiş görünür. Ona görə də mənim fikrimcə Avropa Şurası sərhədin bu tayından o tayına, varlığının 70 yaşdan sonrakı hissəsinə, sadəcə, kosmetik islahatlarla yox, kardinal dəyişikliklərlə getməlidir. Yeni dövr onu göstərir ki, sözün gücü ilə işləmək daha keçmir, əvvəlki effekti vermir. Ona görə də sözün hərəkətə çevrilə, işləyə bilməsindən ötrü onu irəlilədən real güc olmalıdır”.

47 üzv ölkəni əhatə edən Avropa Şurasının qərar və qətnamələrinin icrasına bilavasitə xidmət edə biləcək konkret təsir mexanizmini yaratmalı olduğunu deyən Rafael Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin idarəçilik sistemində də dəyişikliklərin zamanın çağırışı olduğunu bildirib.

“Təcrübə aşkar şəkildə nümayiş etdirir ki, qərarların, qətnamələrin icrasına bilavasitə təsir göstərən işlək mexanizm olmadan, Nazirlər Komitəsinin yalnız məşvərət, tövsiyə xarakterli orqan kimi qalmaqla nəyəsə nail olması mümkün deyil. Hər bir üzv ölkə bilməlidir ki, məqamı çatanda təşkilatın yalnız siyasi deyil, çox ciddi iqtisadi və digər sanksiyalarına da məruz qala bilər. Elə bir təsir mexanizmi formalaşdırılmalıdır ki, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq subyektiv mülahizələrə tabe edilməsin, bütün zəruri hallarda dəqiq işləyən mexanizm olsun. BMT Təhlükəsizlik Şurasının lazım bildiyi anda hansısa ölkə ilə bağlı konkret və qəti addımlar atdığını da görmüşük, bir neçə kəskin qətnaməsi olsa da, işğalçı ölkəyə qarşı tam hərəkətsizlik nümayiş etdirməsinə də şahidik”, - deyə R.Hüseynov bildirib.

Avropa Şurasının sabahına nikbin baxmağa çağıran Rafael Hüseynov qeyd edib ki, bəzən Avropa Şurasını artıq ömrünü başa vurmuş təşkilat kimi dəyərləndirmək kimi pessimist mülahizələrlə də qarşılaşmaq doğru deyil. Ömrünün növbəti on ilinə Avropa Şurası əsaslı şəkildə dəyişilmiş, dövrün tələblərinə uyğun olan qurum şəklində qədəm qoyarsa, belə narahat düşüncələrə də yer qalmaz.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !