"Cahana sığmaz" tammetrajlı filmin qısa xülasəsi - - Orxan Fikrət Oğlu yazır

"Cahana sığmaz" tammetrajlı filmin qısa xülasəsi - Orxan Fikrət Oğlu yazır

Artkaspi.az saytı Orxan Fikrətoğlunun "Cahana sığmaz" tammetrajlı filmin qısa xülasəsi" adlı yazısını təqdim edir:



Çəkiləcək film ortaçağ dövründə yaşamış böyük Azərbaycan şairi Seyid İmadəddin Nəsiminin parlaq kəşflərlə zəngin şərəfli həyatını, o dövrün siyasi və mədəni coğrafiyasında baş vermiş bir çox tarixi təbəddulatları özündə əks etdirəcək. Məqsəd İmadəddin Nəsimi obrazı ilə milli dövlətçilik şüurunun Azərbaycanda tarixi ənənə olduğunu dünyaya çatdırmaqdır. Filmdə İmadəddin Nəsimi obrazı dövlətçilik şüurunun kökündə dayanan, bölgədə dağınıq şəkildə yaşamış cümlə türkmən bəylərbəyliklərini bir siyasi sərhəd içində biləşdirib Misir və indiki Suriya torpaqlarından başlayıb Şirvanşah dövlətinə qədər uzanan ərazidə vahid dövlət qurmağa çalışan bir fikir adamı kimi təsvir olunacaq.
Nəsimi filmdə ilhamlı şair olmaqla bərabər, həm də irfan alimi, hürufi xəlifəsi və xalqının bir dövlət içində yaşamasını istəyən fikir adamıdır. Onun filmdə Misir Sultanı tərəfindən həyata keçiriləcək edamı dini görüşlərindən çox milli dövlət qurmaq istəyi ilə bağlı olacaq.

Təkə Türkmən tayfalarının, Səlcuqlu, Osmanlı və digər etnik türk birləşmələrinin köçəri və oturaq həyatlarını bir fon kimi əks elətdirəcək etnosiyasi coğrafiya filmin ilk kadrlarında digər etnik türk olan Əmir Teymurun bu ərazilərə yürüşü ilə daha neqativ dinamik tərz alacaq. Bu fakt ortaçağ dövründə milli birliyin olmamasına bir tutarlı işarədir. Nəsiminin təbəsi olduğu Şirvanşahlar dövləti də dediklərimizin sübutudur. Həmin dövrdə mövcud olan oturaq ənənəyə sahib Şirvanşah sarayının əxlaqi dəyərləri, mədəni və kulturoloji səviyyəsi, irfan və üləma əhlinin məişəti, siyasi özgürüsü və nəhayət, yerli türklərin yaratdığı əxlaqi mühit filmin əsas görüntü fəzasını ilk kadrlardan beləcə qarışıq bir ruhsallıqla təqdim edəcək.
Film ortaçağ dövrlərində üç fərqli tarixi məkanda – Şirvanşah dövlətinin mədəni və coğrafi ərazisində, Əmir Teymurun Türk torpaqlarına yürüşündən sonra formalaşmış dağınıq bəylərbəyliklərin etnoruhani coğrafi sərhədində, Misir və indiki Suriya coğrafiyasında yaşayan türkmən tayfalarının tarixi gerçəklikləri arealında baş vermiş bəlli hadisələri ardıcıl reallıqda tamaşaçıya çatdıracaq.
Bu gün üç fərqli ölkənin üç fərqli reallığını yaşayan eyni dilli əhalinin ümumi coğrafiyası əslində eyni düşüncənin və eyni istəklərin daşıyıcıları olan Nəsimi şüuru daşıyıcılarının ortaq vətənidir. Bu mesaj da filmdə sonuncu sətiraltı mesaj deyil.
Film İmadəddin Nəsimi obrazının və onun altereqosunun fikir haləsində bir neçə dəfə mühitə adekvat olaraq dəyişməsinin və öz növbəsində mühiti də öz iradəsi ilə dəyişdirməsi reallığında baş verən hadisələri və bu hadisələrdən doğan görüntüləri ardıcıl sıralama ilə sərgiləyəcək.
Nəsimi obrazı filmdə bir neçə dərin hissi təbəddülat keçirəcək. Biz də onunla birgə bu dramatik halları yaşayacağıq. Durğun və "idellik” uşaqlıq dövrü. Çılğın və döyüşkən cavanlıq dövrü. Nəhayət, bir çox çətinliklərdən keçib siyasi şüuru bərkimiş aqil Nəsimi halı gözümüz önündə bir–bir sıralanmaqla əvəzlənəcək.
Nəsimi obrazı film boyu keçdiyi çətin yollarda bütün sevdiklərini qurban verəcək. Sevdiyi qadın Nüşabəni, anasını, atasını, qardaşı Şah Xəndanı, vətənini və onun üçün dəyərli olan bir çox insanı. Bununla belə, o, son nəfəsinə qədər, hətta edam olunduğu zaman belə fikrindən,amalından dönməyəcək. Möhkəm iradə sahibi kimi təqdim olunacaq. Və öz əqidəsindən,inamından üz çevirməyəcək.
Filmin ilkin kadrlarından İmadəddin Nəsiminin get gedə artan qəhrəman özəlliyi, "dramatik xətdə” baş verəcək müxtəlif kaleydoskopik hadisələrin yalnız onun obrazı ətrafında açılması, ortaçağ dövrünün spesfik özəlliklərinin yaratdığı mistik ovqat, dini-irfan qadağalarının və yaşanan reallıqların yalnız Nəsiminin baxış bucağından açılması da ssenaridə xüsusi olaraq vurğulanacaq.
Filmin ilk kadrları Nəsiminin uşaqlıq illəri və qədim Şamaxı şəhəri ilə bağlı olacaq. Bu şəhərin o zamankı iqtisadi və siyasi əhəmiyyəti, Avropada və Şərqdə tutduğu siyasi mövqeyi, insanlarının məişəti və mədəni dəyərləri filmin ilk idellik kadrlarında ona görə sevgi ilə vurğulanacaq ki, tamaşaçı Nəsimi obrazı timsalında qədim Azərbaycanın çoxşaxəli mədəniyyətə sahib olduğunu da görsün. Bu özəl fon detallı olaraq ssenaridə işlənəcək.
Nəsiminin uşaqlıq illəri, ailəsinin əxlaqı və davranış özəlliyi, intelekt səviyyəsi, ilkin mədrəsə təhsili alması, ustadının kim olması, mürşidinin kimlyi, o dövrün mürəkkəb ortodoks islam və sufi təriqətləri arasında yaşanan fəlsəfi fikir hacalığı da filmin başlanğıc hissənin vizual leytmotivi olacaqdır.
Filmdə ilk dramatik döngə Nəsiminin gənclik illərində "Qələndəriyyə” sufi təriqətinə qəbul olunması görüntüsü ilə təsvir olunacaq. Onun bu təriqətin bütün incəliklərinə qardaşı Şah Xəndan ilə birlikdə Şamaxıda zəncirlilik vasitəsi ilə sahib olması, dünyanı və Allahı artıq tamam başqa gözlə qavraması və anlaması bu epizodda daha qabarıq olaraq ön plana çıxarılacaq. Nəsiminin qələndərlilik dönəmi filmdə daha çox öz fərdi halında yaşayan, şerini ancaq Allahın dərkinə həsr edən və daha çox impulsiv və səhv qərarlar verən bir gəncin dövrü kimi təsvir olunacaq.
Qələnədərlilik zəminində onun və doğma qardaşı olan Şah Xəndanın eyni fikirlərə sahib olması da xüsusi olaraq tamaşaçı diqqətinə çatdırılacaq ki, sonrakı fikir ayrılığının ağrısı şüurlara daha dərin işləsin.
Və bir gün öncəgörən Fəzlullah Nəimi Təbrizdə "Vəsiyyətnamə” əsərini yazdığı zaman Nəsimini ulduzlarla kəşf edəcək. Və onun bir neçə il sonra hansı ucalığa çatacağını öncədən görəcək.Və biləcək ki, Nəsimi gələcək Hürufi şeyxidir. Və Mənsur Həllacın yer üzündə yeni təcallasıdır. Allahın bu torpaqlara yeni lütfüdür.
Elə həmin gün Nəimi Təbrizdən çıxıb Nəsiminin arxasınca Şamaxıya gələcək. Və onlar "Acıdərə” məzarlığında Şıx Həsən Bəsrəinin məzarı başında görüşəçəklər. Qələndəriyyə təriqətinin gənc müridi Nəsimi və Hürifi Şeyxi Fəzlullah Nəimi. Onlar elə ordaca ilk görüşləri zaman bir-birini anlayıb tanıyacaqlar. Bu görüş Nəsimi üçün bir təsadüf olsa da, Nəimi üçün təsadüf olmayacaq. O, öncəgörən olduğundan Nəsiminin gələcəkdə kim olacağını, lap yaxın gələcəkdə onun insanlıq üçün nələr edəcəyini bildiyindən onunla bu görüşü qəsdən təşkil etməsi də filmdə üzə çıxacaq.

Bu görüş Nəsiminin bütün ömrünü dəyişəcək. Onun siyasi şüuruna, dini və mədəni əxlaqına, dünyadərkinə tamam yeni keyfiyyətdə təsir edəcək. Bu görüşdən sonra o Şirvanı, Şamaxını və ən asası da özündən çox istədiyi qardaşı Şah Xəndanı tərk edib Zülqədər bəylərbəyliyinə ölümünə doğru səfər edəcək. Son görüşləri zamanı onun qardaşı Şah Xəndanla fəlsəfi mübahisəsi olacaq. Bu kadrlardan tamaşaçılar Hürufilik ilə qələndərliliyin təməl fərqini də anlayacaqlar. Abid və zahid olan Şah Xəndan çılğın və üsyankar Nəsimini Şamaxıdan heç yerə buraxmaq istəməyəcək. Onun yanlış yolda olduğunu vurğulayacaq. Ona "zəri savadı olmayan cahilə vermə” deyəcək. Nəsimi isə zərrənin tama qovuşmaq ayinini həyata keçirmək üçün dünyaya çıxmasının vacib olmasını vurğalayacaq. Və bu yolda öləcəyini bildiyini də dilinə gətirəcək. Və öldüyünü bilsə də, əqidəsinin gücünə bu "ölüm səfərinə” çıxacaq. Artıq bu kadrlarda Nəsiminin keyfiyətcə dəyişməsini tamaşaçılar daha aydın şəkildə görəcəklər. Və anlayacaqlar ki o "messiyadır”. Seçilmişdir. Dünyaya göndərilmişdir.
Nəsimi tez bir zaman kəsiyində Zülqədər bəylərbəyliyində, Türk çölündə döyüşkən hürufilik təriqətinin mənəvi rəhbərinə çevriləcək. Buna qədər isə o film boyu müxtəlif dramaturji hadisələr burulğanından çıxacaq, bir çox tarixi reallıqların fonunda daha da bərkiyib təkmilləşəcək. Nəimini itirəcək. Bəylərbəyliklərlə bir çox sazişlər bağlayıb bölgədə tamam fərqli bir siyasi mühit formalaşdıracaq.
Nəhayət, Nəsimi bütün kiçik türk bəylərbəyliklərini başına toplayıb indiki Misir ərazisində böyük türk birliyini əhatə edən ideoloji dövlət qurmaq fikrinə düşəcək. Bunu anlamış Misir sultanı onu həbs edib o dövrün məşhur irfan alimlərinin əliylə mühakimə etdikdən sonra edam etdirəcək. Nəsiminin ölümündən sonra isə onun başına toplaşmış bəylərbəyliklərin bəyləri onun amalına xəyanət edərək yenidən Misir sultanının bayrağı altında birləşəcəklər.
Film boyu İmadəddin Nəsiminin bir vizual obraz olaraq gözümüz önündə keyfiyyətcə dəyişməsi reallığı, onun çılğın və dalaşqan gənc obrazından yetişkən vətənpərvər obrazına, siyasi düşüncə sahibinə və müxtəlif fikirli tayfaları başına toplaya bilmiş lider obrazına çevrildiyini vurğulamaq üçün " alternativ faktor” kimi qardaşı Şah Xəndan ilə fikir ayrılığını əks elətdirən mübahisələrini, Fəzlullah Nəimi ilə fikir birliyini əks etdirən fəlsəfi görüşlərini, Şirvanşah və Səlcuqlu sultanları ilə etdiyi dini mübahisələrini və nəhayət sevgilisi Nüşabə ilə apardığı sevgi dolu dialoqlarını, şeirlərini və fəlsəfi yanaşmalarını da yetərincə kinomataqrafik dəlillərlə və vizual görüntülərlə yükləmək lazım olacaq.
Filmin lirik psixoloji hissəsi İmadəddin Nəsiminin Şirvan mahalının kiçik dağ kəndindən olan Nüşabə adlı azad fikirli bir bəy qızı ilə sevgi münasibətləri olacaq. Çox azad fikirli, dini doqmalardan uzaq, üzü döyüşçü niqabı ilə örtülü olan Nüşabə bir gün Nəsiminin təkkəsinə gələcək. Nüşabənin fikri qadını döyüşçü bilməyən, onun ictimai mühitdə rolunu qəbul etməyən Nəsimini tənbeh etməkdir. Onlar görüşdükləri zaman əvvəlcə sözlə, sonra isə qılıncla bir-biri ilə bəhsə girəcəklər. Sonra aralarında ilahi eşq yaşanacaq. Və sonda onlar kəbin-talaqla evlənəcəklər. Lakin bunlar Nəsiminin Nəimi ilə görüşünə qədər olduğundan Nəsimi Nüşabəni bir oğlu və bir qızı ilə birlikdə Şamaxıda qardaşı Şah Xəndanın himayəsində qoyub Zülqədər bəylərbəyliyinə dünyanı " xilas etməyə” gedəcək.
Şirvanşahların Səfəvilərlə apardığı növbəti savaşların birində isə Nüşabə öldürüləcək. Nəsimiyə bu ölüm çox pis təsir edəcək. Bundan möhkəm sarsılmış Nəsimi Nüşabəyə yüzlərlə şeir ithaf edəcək. Onu şerlərində vəsf edəcək.
Lakin Nəsimi bir müddətdən sonra Qars valisinin qızı ilə atası birlik sazişi imzalasın deyə yenidən ailə həyatı quracaq. Yeni qurduğu bu ailə həyatı daha çox onun bəylərbəylikləri öz başına toplamaq cəhdinə xidmət edəcək. Və Nəsimi nəhayət film boyu müxtəlif vasitələr ilə nail olmaq istədiyi birlik arzusuna çatacaq. O, başına topladığı türk bəyləri ilə eyni irfan və eyni əxlaq mühitü yarada biləcək. Milli siyasi düşüncə modelini islam içində bir siyasi fikir axını kimi formalaşdıracaq. Milli dövlət anlayışını gündəmə gətirəcək.
Nəsiminin edamından sonra böyük İstanbul fəthinin təməli qoyulacaq. Və bu təməldə Nəsiminin də rolu vurğulanacaq. Onun Fateh Mehmetin lələsi Ağ Şəmsəddin ilə zamansız görüşləri də filmdə öz əksini tapacaq. Hurifilərin İstanbul fəthində iştirakı bir tarixi faktdır. Və filmdə bu tarixi dəlil göstəriləcək.
Səfəvi Şahı İsmayılı taxta çıxarmış real qüvvələr arasında Nəsimi davamçıları olan hürufilərin olduğu da filmdə yer alacaq.
Beləliklə, Nəsimi ideyasından doğmuş iki müstəqil türk dövlətinin yaranması gözümüz önündə reallaşacaq. Nəiminin öncəgörənliklə dediyi "Zaman içrə Nəsimi əməyi” də elə bu fikir idi. İdeal milli dövlət qurmaq bacarığı. Nəsiminin uğrunda can verdiyi ideya həmin bu milli ideya idi. Onun fikirləri iki dövləti yaratdı. Filmin sonunda Nəsimi davamçıları tərəfindən bir növ xilaskar peyğəmbər rəmziliyinə qədər qaldırılacaq.
Film boyu etnik adətlərimiz, inanc və qədim qayım dini bağlantılarmız, ağac, daş və digər türk metodolojusundan gələn ibtidai kultlara biət etməyimiz, irfan məqamları, sufi ayinləri etnomədəniyyətimizin vizual görüntüləri də olduğu kimi sərgilənəcək. Dini və toy adətlərimiz ritual ayinlər, novuz bayramı qutlamaları, əkin mədəniyyətinə aid holavarlar, qədim yuğlama və digər özəlliklər Nəsimi süzgəcindən vurğulanacaq.
2. Filmin qısa vizual xülasəsi.
Şamaxı. Nəsiminin irfan ayinləri fonunda möcüzəvi doğuluşu. Onun doğulacağına səlcuqlu münəccimlərinin öncədən xəbərdarlığı.
Nəsiminin uşaqlığı və Şamaxıda aldığı ilk mədrəsə təhsili.
Şamaxı. Teymur istilası.
Nəsiminin çılğın cavanlığı. Müharibədə iştirakı. İlk sevgisi. Və formalaşan ortodoks dini görüşləri.
Nəsiminin şeir istedadının parlaması. Şamaxı şeir mühiti. Şirvanşah saray şairlərinin şeir məclisləri. Şamaxı məişəti. Və folklor.
Nəsiminin Nüşabə ilə görüşü.
Nəsiminin aşiq dövrü. Şeiriyyatının təkmilləşməsi.
Nəsiminin Nüşabə ilə evlənməsi.
Nəsiminin "qələndəriyyə” dövrü.
Nəiminin Nəsimini ulduzlarla kəşf etməsi.Onun liderliyinin aşkar olunması.
Nəimi ilə Nəsiminin görüşü.
Nəsiminin özünü anlaması. Və nə etməli olduğunu bilməsi.
Nəsimi ilə qardaşı Şah Xəndanın son görüşü. Məşhur ayrılma anı. Ya üsyan et , ya zahid ol.
Nəsiminin döyüşkən hürufi olması. Onun dini və siyasi fikirlərinin dəyişməsi.
Nəsiminin Şamaxını tərk etməsi.
Nəsiminin Zülqədər bəylərbəyliyində məskunlaşması. Hürufiliyin təbliğatı. Yeni mühit və yeni öhdəliklər.
Nəsiminin yaratdlğı fərqli mühit.Milli siyasi şüurun yaranması.
Nəiminin qətli.
Şirvanşahların daxili siyasi vəziyyəti. Nəsiminin bu reallığı dəyişmək cəhdi. Şirvanşahların Nəsimiyə etirazı. Onlar ortodoksal İslam dəyərləri ilə yaşamağı üstün tuturlar. Nəsimi Şamaxıdan birdəfəlik çıxır.
Misir ərazilərində yaşayan bəylərbəyliklərin vahid rəhbərlik altında, nəhayət ki, birləşməsi. Milli dövlət uğrunda mübarizəyə hazırlıq. Və bunun dərki. Nəsimi artıq hürufi lideridir. O, dövlət qurmaq fikrindədir. Nəsiminin dini fəlsəfi lirikası siyasiləşir. O, artıq milli mücahiddir.
Çuğulluq faktı. Nəsiminin istəklərinin Misir sultanına çatdırılması. Nəsiminin Misir sultanı tərəfindən həbs edilməsi.
Nəsiminin dini ehkamçılar tərəfindən məhkəməsi.
Nəsiminin edam olunması.
Nəsimi ideyasının davamı kimi iki milli türk dövlətinin qurulması.Osmanlı və Səfəri dövlətlərinin qurulamasında hürufiliyin və Nəsiminin ölümündən sonra belə irfani iştirakı.
Hürufiliyin davamçıları dünayaya səpələnirlər. Onlar Nəsimini şeirlərdə və yaddaşlarda diri saxlayırlar. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !